Vətən sevgisi - "Vətən" Cəmiyyəti - Abid TAHİRLİ

"Vətən" Cəmiyyətinin yaranmasının 30 illiyi münasibətilə

 

Əvvəli burada

"Vətən" Cəmiyyəti  fəaliyyət göstərdiyi dövrün tarixinə, ictimai- siyasi proseslərə, milli- azadlıq hərəkatının daha geniş vüsət almasına, erməni seperatizminin və erməni vəhşiliyinin ifşasına, demokratik dəyərlərin, xüsusən söz azadlığının, yeni dövr müstəqil mətbuatın formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, mühacirlərlə səmərəli münasibətlərin qurulmasına  misilsiz töhfələr vermişdir. Ayrı-ayrı məqalə, müsahibə, məruzə və çıxışlardan gətirilən sitatlar fikrimizi  bir daha təsdiqləyir.

Xalq yazıçısı Elçin:- Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə "Vətən" Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. ...Biz sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xan Xoyski, Yusif bəy Nəsibbəyli və b. kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Kəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet KQB-sinin hər cürə təxribatlarından qoruduq.

1990-cı ilin 20 Yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi "Vətən" Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətənlərimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik.

"Vətən" Cəmiyyəti dünya informasiya vasitələrinin diqqətini Azərbaycana cəlb etmək, bizdəki xalq hərəkatının mahiyyəti haqda dünya ictimai dairələrinə obyektiv məlumat vermək baxımından çox işlər gördü.

Diplomat, prof. Vilayət Quliyev: -1987-ci ildə "Vətən" Cəmiyyətinin qurulması, ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınan görkəmli ziyalı və ictimai xadim, xalq yazıçısı Elçinin bu quruma rəhbər təyin edilməsi tarixi zərurətdən doğmuşdu. Mirzə Cəlil təbiri  ilə desək, "Vətən" Cəmiyyətini təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. Çünki artıq elə bir dövr gəlmişdir ki, Azərbaycan dünyaya açılmalı idi. Bir tərəfdən vətənimiz, onun tarixi, mədəniyyəti, uğur və problemləri ilə bağlı   həqiqətləri yaymaq, o biri tərəfdən isə dünyanın onlarla ölkəsinə səpələnmiş on minlərlə soydaşımızın diqqətini Ana Vətənə çəkmək lazım idi. Normal fəaliyyət göstərən Xarici İşlər Nazirliyimizin, xaricdə diplomatik təmsilçiliklərimizin və formalaşmış diaspora hərəkatının olmadığı bir dövrdə bu çətin vəzifələrin icrası tezliklə xalq arasında böyük populyarlıq qazanan "Vətən" Cəmiyyətinin üzərinə düşdü. Və Cəmiyyət bu işlərin öhdəsindən uğurla gəldi. 1990-cı ilin Qara yanvarında səsimiz dünyaya buradan yayıldı. Kiçik formatlı "Odlar yurdu" qəzeti xalqı öz gerçək tarixi və gizlədilmiş həqiqətlərlə tanış etmək baxımından qeyri-adi iş gördü. "Vətən" Cəmiyyəti sayəsində onlarla soydaşımız uzun illərin həsrət və intizarından sonra vətənə qovuşdular.

Vətən intəhasızdır. Vətənə xidməti amalına çevirən  bu Cəmiyyət tariximizin mühüm və məsul dövründə milli-mədəni həyatımıza misilsiz töhfələr vermişdir.

Azərbaycanşünas alim, prof.dr. Əli Yavuz Akpinar: -Vətən Cəmiyyəti məncə zamanında çox önəmli bir rol oynadı. Sovet dönemində sizlərin de çox yaxşı bildiyi kimi Azərbaycan da digər ölkələr kimi "dəmir pərdə" ardında qalmış, dünya ilə əlaqəsi kəsilmişdi. Her şey Moskva kanalıyla idarə olunurdu. Vətən Cəmiyyəti, düşünürəm, yenə bəlli ölçüdə KQB-nin nəzarəti altında idi. Belə olmasına rəğmən bu cəmiyyət Azərbaycanı xaricə açdı, onun Sovet yönətimi altında da olsa, öz mədəniyyətini mühafiza etdiyini dünyaya göstərdi.

Digər ölkələrlə əlaqələr ne idi bilmirəm, amma Türkiyə, İran və Almaniya kimi ölkələrdəki Azərbaycan türklərilə əlaqə qurmada, onlara çağdaş Azərbaycanı tanıtmada bu cəmiyyət böyük rol oynadı. Özəlliklə bildirməliyəm ki, Vətən Cəmiyyəti siyasi şərtlər etibarı ilə daha yumşaq bir zamanda qurulmuşdu və başında onan Elçin Əfəndiyəv bəy, çox daha fəal xidmət göstərə bilir, hətta xaricdəki Azərbaycan siyasi mühacirlərini belə axtarıb tapır, onlarla və ya onların ailələrilə əlaqələr qurur, onların bir qismini Azərbaycana dəvət edir və ya onlarda olan bəzi kitab və ya sənədlərin Bakıya gətirilməsini təmin edirdi. O illərdə belə cəsarət istəyən işləri etmək heç asan deyildi. Bunda şübhəsiz möhtərəm Elçin bəyin vətənsevərliyi, ziyalı cəsarəti və məsuliyyəti böyük rol oynamışdır və mən onun bu cəsarətinə, şüurlu davranışına heyran olduğumu bir daha açıqca ifadə etmək istəyirəm.

Dünya şöhrətli yazıçı Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva) (Paris): -... 70 il əvvəl tərk etdiyim ana Vətənim Azərbaycanı bir anlığa da olsun unutmamışam. Həmişə onun mehriban qucağını, gözəl təbiətini, mərd insanlarını xatırlamışam. Əsərlərimdə bu duyğuları ifadə etməyə çalışmışam.... "Odlar yurdu"nda, "Azərbaycan"da, "Gənclik" jurnallarında haqqımda çıxan yazılardan, əsərlərimin çapından, eləcə də  son günlərdə Elçinin mənim haqqında dərc etdirdiyi  essedən sonra  Bakıdan, respublikanın digər yerlərindən, ümumiyyətlə, Sovet ittifaqından ünvanıma saysız-hesabsız məktublar gəlir. Ədəbiyyatşünas və tənqidçi alimlər, müəllim və tələbələr, fəhlə və kəndlilər, qohumlarım mənə məktub yazırlar.

ABŞ konqresmeni Cim  Mudi:- Hadisələr ( Xalq hərəkatı nəzərdə tutulur- T.A.) başlayanda  məndə Bakıya gəlmək fikri yaranmışdı. Lakin o vaxt Bakı, Azərbaycan, ümumiyyətlə, Zaqafqaziya  xaricilər üçün, hətta jurnalistlər üçün bağlı və təhlükəli rayon idi. Bir neçə ay bundan əvvəl "Vətən" Cəmiyyətinin sədri cənab Elçindən dəvət aldıq. Bu, bizi çox sevindirdi.... Dəvətdən məmnuniyyətlə istifadə etdik. Dəvət və qonaqpərvərlik üçün  "Vətən" Cəmiyyətinə, şəxsən Elçinə təşəkkürümü özümə borc bilirəm. Mən Azərbaycana səfərimdən çox məmnun oldum. Gəlib hər şeyi öz gözlərimlə gördüm, ilk mənbələrdən məlumat aldım. Vətənə qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının konqresində çıxış edəcəyəm, mətbuat konfransları keçirəcəyəm, əsl həqiqətin ABŞ ictimaiyyətinə çatdırılmasına çalışacağam.

Mahir qarmonçalan Rəhman Əsədullahi (Almaniya): - Qan qardaşlarım, əziz sirdaşlarım, ay Vətənimin şərəfli qızları, oğulları! Özünüz bilirsiniz ki, tarix boyu biz azərbaycanlılara nə qədər zülmlər olub. Hətta öz dilimizdə danışmağa, yazmağa imkan verilməyib ki, kökümüzdən xəbərimiz olsun. ...  "Vətən" Cəmiyyəti yarananda qürbətdəki həmvətənlərimiz kimi mən də çox bəxtiyar oldum. Gəlib Cəmiyyətin işçilərini, fəaliyyətlərini görmək məni feyziyab elədi. Sağ olsunlar!

Avropanın məşhur rəssamlarından İbrahim Əhrari (Almaniya): -"Vətən" Cəmiyyəti bizlərin gözünə nur, dizinə qüvvət, beyninə qida verdi.

İstedadlı və tanınmış rəssam Əyyub İmdadian ( Paris):- ... körpə şirin yuxudan ayrılmaq istəmədiyi kimi, mənə də Bakıdan getmək çətindir. "Vətən" Cəmiyyəti xaricdə yaşayan azərbaycanlı rəssamların sərgisini təşkil etməyi planlaşdırmışdır. Təsəllim odur ki, yenə Azərbaycana gələcək, yenə görüşəcəyik. 

Tanınmış naşir, redaktor, publisist Həmid Turan (Türkiyə):- "Vətən" Cəmiyyətinin yaranmasını Azərbaycandan uzaqda yaşayan böyük sevinclə qarşıladılar. Biz inanırıq ki.  "Vətən" Cəmiyyəti öz fəaliyyəti ilə qəlbimizdəki həsrətə, nisgil oduna su səpəcək.

Adlı-sanlı fotoqraf Rza Diqqəti (Paris):-  Heç yuxuma da girməzdi ki, nə vaxtsa Bakıya, Azərbaycana gəlib Vətənin bir parçasını öz gözümlə görəcəyəm,  can bir, qan bir qardaşlarımla görüşəcəyəm. Buna görə  "Vətən" Cəmiyyətinə, bizim bura gəlişimizi təşkil edən qardaşlarımıza öz minnətdarlığımı bildirirəm.

Görkəmli  qırğız yazıçısı Çingiz Aytmatov (Qırğızıstan):-  "Vətən" Cəmiyyətinin xaricdəki həmvətənlərlə mədəni əlaqələr yaratmaqda rolu böyükdür. Tarixi şərait üzündən eyni qandan, eyni candan olan adamlar ayrı düşüb. Gərək onlar heç vaxt bir-birilərini gözdən itirməsinlər. Bu insanlar arasında onları birləşdirən daimi ünsiyyət körpüsü olmalıdır. "Vətən" Cəmiyyəti məhz bu körpü rolunu bacarıqla yerinə yetirməlidir. "Odlar yurdu" qəzetinin oxucularına, uzaq yerlərdə yaşayan türkdilli qardaş ellərə xoşbəxtlik arzulayıram

Tanınmış  yazıçı, ədəbiyyatşünas, professor Əzizə Cəfərzadə:- "Vətən" Cəmiyyəti qürbət xəstəliyinə tutulmuş həmvətənlərimizə yardım əli uzatmaq üçün yaranmışdır.

Xalq şairi Sabir Rüstəmxanlı:- Dünyanın hansı ölkəsində olmuşamsa, "Odlar yurdu"nun necə yayıldığının, necə oxunduğunun şahidi olmuşam.... Biz bu gün tam dərk etməsək də, "Odlar yurdu" böyük tarixi yük daşıyır, onun əməkdaşları xoşbəxtdirlər ki, bu böyük əqidəyə xidmət edirlər..

Prof. Tehran Əlişanoğlu:- Elçinin 1987-ci ildən Vətən Cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur.

Böyük Millət Məclisinin sabiq millət vəkili Səbri Aras (Türkiyə):- "Odlar yurdu"  ən çox sevdiyim, ən çox oxuduğum qəzetlərdəndir."Odlar yurdu"nu təkcə oxumuram, həm də onun qızğın təbliğatçısıyam. Hər dəfə parlament poçtumdan bu qəzeti alır, oxuyur, sonra dostlarıma verirəm. Qəzetin əməkdaşlarına, ümumiyyətlə, "Vətən" Cəmiyyətinin fəallarına daha böyük uğurlar arzulayıram.

"Amerikanın səsi" radiosunun əməkdaşı Bulud Mehmandarlı (ABŞ):- Mən "Vətən" Cəmiyyətinin qonağıyam. Bakıya gəlməkdə iki əsas məqsədim var: birincisi, təbii ki, Azərbaycanı görmək, qardaşlarımızla daha yaxından tanış olmaq, buradakı vəziyyəti öyrənmək, ikincisi isə peşəmlə bağlı müəyyən niyyətlərimi həyata keçirməkdir.

Yazıçı- publisist, ədəbiyyatşünas alim Məhəmmədəli Fərzanə (Təbriz):-Ömrümün 60 ilini Bakını görmək arzusu ilə yaşamışam. Şükürlər olsun ki, gec də olsa, arzuma çatdım.

Yeri gəlmişkən xüsusi vurğulanmalıdır ki, "Vətən" Cəmiyyətinin, onun orqanı "Odlar yurdu" qəzetinin vasitəsi ilə illərlə bir-birinə həsrət qalmış onlarca  qardaş-bacı, qohumlar bir-birinə qovuşmuşlar.

"Vətən" Cəmiyyəti Sovet İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsi səviyyəsində razılıqla təsis olunsa da,  çar hökumətinin icazəsindən sonra nəşrə başlayan "Əkinçi", "Molla Nəsrəddin" kimi Azərbaycanın tarixində əbədi iz buraxdı və ölkəmizin müstəqilliyin bərpa edilməsi  ərəfəsində   mühüm rol oynadı. Bu qənatə gəlmək üçün  "Vətən" Cəmiyyətinin fəaliyyəti aşağıdakı aspektlərdə və istiqamətlərdə təhlil olunmalı və dəyərləndirilməlidir. "Vətən" Cəmiyyəti və:

-xaricdəki həmvətənlər problemi (məskunlaşdığı ölkələr, fəaliyyət dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili, siyasi baxışları, həyat və təfəkkür tərzləri, həmvətənlərlə əlaqə vasitələri, onların mətbu və digər nəşrlərlə təmin edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət mərkəzləri, ocaq və əncümənləri, ana dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri, və s. v. i.a.);

-Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlər;

-milli azadlıq hərəkatında onun yeri, rolu;

-20 Yanvar faciəsi haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması; 

-ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi;

-"Odlar yurdu" qəzeti;

-mühacirətşünalıq məsələləri;

-milli-mənəvi dəyərlər, adət, ənənələr və onların təbliği;

-Azərbaycan dili və tarixinin, ədəbiyyatı və mədəni irsinin xaricdəki həmvətənlər arasında təbliği, tanıdılması problemi;

-müxtəlif tarixi hadisələr zamanı itkin düşən həmvətənlərin axtarışı, onların Ana Vətəndəki qohumları ilə görüşü və s.

Bütün sadalanan bu məsələlər kompleks şəkildə araşdırıldığı və obyektiv dəyərləndirildiyi zaman "Vətən" Cəmiyyətinin Azərbaycanın müstəqilliyi uğrunda  mübarizədə şərəfli yeri və tarixi  rolu bariz şəkildə üzə çıxacaqdır.

30.XI.2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!