Tale kitabı - Mahir N.Qarayev

"Sevimli yazıçılarım yoxdur, sevdiyim kitablar var..."

Qabriel Qarsia Markes

 

Qarşıda bir kitab var...

Diqqət: qarşımda yox, məhz qarşıda!

Bu kitab bir parça gün işığıdır - üstünü örtdükcə üstdə qalacaq; həqiqət işığıdır bu kitab - nə yalanlara sınacaq, nə qaranlıqlara.

Bu kitabın hər hansı sözü həm əvvəlinci sözdür, həm axırıncı - kitabı son səhifədən oxuyanda ilk sözdən başlamış olursan, ilk səhifədən oxuyanda, əksinə. Çünki kitab cəmisi bircə sözdür. Və bu söz bir nöqtə qan şəklində, qan rəngindədir!

...Bir talelik qan heç zaman yazılmayacaq bir kitabın ağappaq səhifəsinə düşüb: son səhifədən varaqlayanda - bir talelik dərdin, ağrının, göz yaşının laxtalana-laxtalana, qapqara bir qan nöqtəsinə döndüyünü görürsən; ilk səhifədən varaqlayanda - bir nöqtə qanın sıza-sıza ağappaq varaqlara çıxdığını...

 

***

"Sabah da elə bu gündür, sabah bu günün başqa adıdır..."

Uilyam Folkner

 

13.

Bircə on üçüncü ay yoxdur. Əvəzində on üzüncü əsr olub, on üzüncü illər mövcuddur və on üzüncü günlər var. Adicə bir rəqəmdir 13. Qeyri-adiliyi təkcə orasındadır ki, bəzən bu rəqəmi "nəhs" sözüylə ifadə edirlər. Ancaq bunun kökündəki səbəbin, görünür, bir elə səbatlı olmamasındandır ki, bu rəqəmin bu sözlə ifadə edilməsi nə heyrət doğurur, nə dəhşət.

Bir də var - 37.

Otuz yeddinci əsr olmayıb. Otuz yeddinci ay və hər hansı ayın otuz yeddinci günü də yoxdur. Ancaq... 37-ci il var!

Əlbəttə, hər əsrin öz ayrıca otuz yeddinci ili olub və həmin otuz yeddinci illərdə də doğulublar, yaşayıblar, ölüblər. Bircə... XX əsrin 37-ci ilindən başqa!

XX əsrin 37-ci ilində doğulanlar olub, amma ölənlər olmayıb.

XX əsrin 37-ci ilində gedənlər olub və indi həmin ildə doğulanların qulaqlarında "gedənlər" sözü "ölənlər" sözündən daha qorxunc, daha dəhşətli səslənir. Çünki XX əsrin 37-ci ilində öz evinin içində, öz doğmalarının dövrəsində can verib ölmək toy-bayram imiş...

Beləcə, 37 rəqəmi öz adiliyindən çıxıb, bu rəqəmi dəhşətli "gedənlər" sözü əvəzləyib. Və bunun kökündəki səbəb çox səbatlıdır.

Bir də olub XIX əsrin otuz yeddinci ili.

XIX əsrin 37-ci ilində Puşkinə güllə atılıb və düşüncə nadanlığa qurban gedib. Əsrlərin hamısında Düşüncənin Nadanlığa qurban getməsinin "parlaq" nümunələri var. Ancaq XIX yüzilin otuz yeddisindən şığıyan güllə XX yüzilin otuz yeddisini lap tez haxladı - heç demə, arada bircə gülləlik məsafə varmış və o əsrin sinəsini Puşkinlə dəlib keçən qurşun bir əsrlik yolu bir göz qırpımında adlayıb bütün dəhşəti, bütün qəddarlığı ilə bu əsrin sinəsinə çaxılıbmış...

Bu gün də elə Dünənmiş!

...XX əsrin otuz yeddinci il xarabalığından üzü keçmişə baxanda, bir əsrlik dərdin, ağrının, göz yaşının laxtalana-laxtalana, qapqara bir qan nöqtəsinə dönüb Puşkinin yaralı köksünə dirəndiyini görürsən, XIX əsrin Puşkin yarasından üzü bəri baxanda - heç cür qurumaq bilməyən bir nöqtə qanın gündən-günə, aydan-aya, ildən-ilə sıza-sıza ürəkdən-ürəyə, ömürdən-ömürə, taledən-taleyə çıxdığını...

 

***

"Nağıllara inanmayın - bir vaxtlar onların hamısı həqiqət olub..."

Stanislav Yeji Lets

 

Qarşıda bir kitab var: müəllifi - Rafael Hüseynov, adı - "Vaxtdan uca", janrı - həqiqət.

Di gəl, həqiqət janrında yazılmış bu kitab dəhşətli bir nağılı xatırladır və adam inanmır, inanmır, heç cür inana bilmir ki, bu sayaq həqiqət olsun.

İnsan övladının bunca əzablara qatlaşması - nağıla bənzəyir. İnsan övladının insan övladını bunca əzablara qatlaşdırması da - nağıla bənzəyir.

İnsan övladının bunca dözümü, inamı, ümidi, bunca İnsanlığı - nağıla bənzəyir. İnsan övladının bunca qəddarlığı, amansızlığı, zalımlığı, bunca İnsansızlığı da - nağıla bənzəyir.

Öldürülən İnsan, öldürən İkiayaqlı!

Adam inanmır, inanmır, heç cür inana bilmir ki, yalnız ikiayaqlı doğulduğuna görə İnsan adını daşıyanlar bunca udsun və yalnız İnsan olduğuna görə ikiayaqlı doğulanlar bunca uduzub unudulsun.

Və bütün bunlar dəhşətli bi nağıla bənzəyir.

Nağıllara inanmayın!

 

***

"Bu kitabın əl-əl, ev-ev

gəzəcəyi şübhəsizdir..."

Anar

 

Qarşıda bir kitab var...

Tale kitabıdır bu kitab!

Nağıla bənzəyən dəhşətli həqiqətlər kitabıdır bu kitab!

Unudulanlar və unudulmazlar haqqındadır bu kitab!

Bir nöqtə qan haqqındadır bu kitab!

37 rəqəmi və gedənlər sözü haqqındadır bu kitab!

Nə əvvəli var bu kitabın, nə axırı...

Və hardan başlayıb, harda bitdiyi bilinməyən bu tale kitabı dünyanın əzəl günündən axır gününə uzanır; ilk bəşər övladının ürək döyüntüsündən qopub dünyanın sonuncu insanına doğru yol gedir...

 

"Elm" qəzeti, 24 iyun 1989-cu il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!