Nizami CƏFƏROV
Sovetlər Birliyi dağıldıqdan sonra çoxəsrlik müstəqillik ideallarını həyata keçirməyə başlayan türk xalqları qarşısında xüsusilə öz dillərinin, ədəbiyyatlarının və mədəniyyətlərinin obyektiv elmi əsaslarla, daha dərindən öyrənmək üçün hər cür şərait yarandı ki, bunun ən diqqətəlayiq göstəricilərindən biri, fikrimizcə, türkologiyaya yeni araşdırıcılar nəslinin indiyə qədər görünməmiş bir sürət və miqyasda axını oldu. Gənc türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva həmin nəslin ən səviyyəli, intellektual və məhsuldar nümayəndələrindən olub bu günə qədər üç monoqrafiya, yüzdən çox elmi məqalə nəşr etdirmişdir.
Aynel Məşədiyevanın ilk monoqrafiyası "Türk dillərində ahəng qanununun formal təsviri" adlanır. Və bu əsər onun 2004-cü ildə uğurla müdafiə etdiyi namizədlik dissertasiyasıdır. Mütəxəssislərin yüksək qiymətləndirdikləri həmin araşdırmadan sonra Aynel fonetikadan morfologiyaya keçib türk dillərində feilin təriflənməyən formalarına iki ciddi monoqrafiya həsr etdi ki, onlardan birincisi "Türk dillərində feilin feili bağlama formaları sistemi" (Bakı, 2016), ikincisi isə "Türk dillərində feili sifətlərin qrammatik statusu və semantikası"dır. (Bakı, 2017)
Hər iki monoqrafiyanın elmi redaktoru görkəmli türkoloq, akademik Tofiq Hacıyevdir.
Əlbəttə, belə düşünülə bilər ki, türk dillərində feilin təsriflənməyən formaları barədə xeyli tədqiqat işləri mövcuddursa, bu monoqrafiyaların elmi yeniliyi nədən ibarətdir?
Fikrimizcə, Aynel Məşədiyevanın, ümumiyyətlə, türkoloji axtarışları ən azı üç mühüm cəhətinə görə əvvəlki tədqiqatlardan bu və ya digər dərəcədə fərqlənir:
a) müxtəlif türk dillərinə, onların bir sıra dialektlərinə aid müvafiq materialın bütün zənginliyi, uyğun və fərqli cəhətləri ilə üzvi bir şəkildə əhatə edilməsi, yəni elə bir əhatəlilik ki, araşdırıcını "məcbur" edir ki, əvvəlcədən müəyyənləşmiş populyar (və bir sıra hallarda populist) prinsiplərə və ya təxminlərə deyil, zahirən pərakəndə görünən, mahiyyət etibarilə isə mükəmməl sistem təşkil edən çoxlu sayda dil faktı üzərində peşəkar müşahidələrdən irəli gələn obyektiv qənaətlərə əsaslansın;
b) dilçilik elminin tədqiqat metodlarına kifayət qədər dərindən bələdlik və xüsusilə tarixi- müqayisəli metodun müasir yaradıcı düşüncə səviyyəsində tətbiqi texnologiyalarından effektli istifadə məharəti;
c) mövzu ilə bağlı, demək olar ki, bütün əsas ədəbiyyatın (nəzərə alaq ki, bu ədəbiyyatı nəinki dərindən öyrənmək, hətta onunla sadəcə tanış olmaq üçün bir sıra dilləri bilmək lazım gəlir) tədqiqata cəlb olunması və başlıcası, həmin ədəbiyyatdakı müxtəlif mülahizələrə analitik yanaşılması.
Bu cəhətlər Aynelin təkcə monoqrafiyalarını, müxtəlif dillərdə (və ölkələrdə) yayınlanmış çoxsaylı məqalələrini deyil, ümumən tədqiqatçı təfəkkürünü xarakterizə etdiyinə görə, əlbəttə, bütövlükdə əlamətdar hadisə olub gənc tədqiqatçının axtarışları timsalında milli türkoloji düşüncənin perspektivlərini təsəvvür etmək baxımından da az maraq doğurmur.
"Türk dillərində feili sifətlərin qrammatik statusu və semantikası" monoqrafiyası biri digərilə metodoloji baxımdan sıx bağlı olan üç mövzu-problemi əhatə edir ki, onlardan birincisi feili sifətlərin qrammatik statusunun müəyyənləşdirilməsi, ikincisi həmin dil hadisəsinin struktur-semantik xüsusiyyətlərinin aşkarlanması, üçüncüsü isə qeyri-standart feili sifət formalarının çeşidlənməsidir… İnamla demək olar ki, müəllif hər cür mövzu-problemi nəinki bütün detalları ilə araşdırmağı bacarmış, həm də gəldiyi nəticələri sistemli bir şəkildə ümumiləşdirə bilmişdir.
Gənc türkoloqun tədqiqatçı-metodoloq ustalığı özünü "Türk dillərində feilin feili bağlama forma-sistemi"ndə də göstərir. Burada əvvəl türkologiyada feili bağlamaların öyrənilməsi problemi araşdırılmış, sonra müasir türk dillərindəki qrammatik təzahür xüsusiyyətləri tədqiq edilmiş, daha sonra isə feili bağlama da daxil olmaqla ümumən feilin təsriflənməyən formalarının bir sıra spesifik şəkilçilərinin müfəssəl tarixi-müqayisəli təhlili aparılmışdır.
Hər iki monoqrafiyada Aynel Məşədiyevanın əsaslandığı araşdırma metod-texnologiyasını təxminən aşağıdakı şəkildə təsəvvür etmək olar:
- ilk növbədə, türkologiyada feilin təsriflənməyən formaları barədəki təsəvvürlərin komplektləşdirilməsi;
- ikincisi, həmin dil hadisələrinin ayrı- ayrı müasir türk dillərindəki qrammatik- semantik statusunun müəyyənləşdirilməsi;
- üçüncüsü, türk dili (və dilləri) tarixinin verdiyi material əsasında fonomorfoloji müqayisələrin aparılması.
Və bu təhlil üsulu müəllifə imkan verir ki, türk dillərində feilin təsriflənməyən formalarının həm məzmun, həm də forma planında kifayət qədər mükəmməl funksional sxemini və ya tarixi-müqayisəli "xəritə"sini tərtib etsin. Belə bir sxem və ya "xəritə", görünür, praformaların daha dəqiq bərpasına da yardım edərdi.
"Türk dillərində feili sifətlərin qrammatik statusu və semantikası" monoqrafiyasına yazdığı ön sözdə professor Sevil Mehdiyeva göstərir ki, "tədqiqatın predmetinə gözəl bələd olan A.Ə.Məşədiyeva özündən əvvəlki türkoloqların baxışlarına tənqidi yanaşaraq, müasir türk dillərində feili sifət formalarının mənşəyinə dair öz hipotezlərini təqdim edir".
Və belə bir qənaətə gəlir ki, monoqrafiya "türk dillərində feili sifətin müqayisəli- tarixi aspektdə hərtərəfli tədqiqi sahəsində birinci əsərdir".
Ümumiyyətlə, Aynelin türkoloji axtarışları ilə tanışlıq deməyə əsas verir ki, onun monoqrafiyalarının adlarında "sistem", "status" və "semantika" söz-terminləri təsadüfən işlənməmişdir. Müəllif ənənəvi tədqiqat üsulları ilə gəlinmiş nəticələrə yenidən nəzər yetirməklə yanaşı, həm təsviri, həm də tarixi-müqayisəli metod daxilində feilin təsriflənməyən formalarının qrammatik semantikasını modelləşdirməyə, dil sistemi tərkibində dəyər statusunu dəqiq sxemləşdirməyə çalışmış, başlıcası isə, diaxroniyada sinxronluğu, sinxroniyada isə diaxronluğu aydın konturları ilə aşkarlamağa nail olmuşdur.
Professor Məsud Mahmudov "Türk dillərində feilin feili bağlama formaları sistemi" monoqrafiyasına ön sözdə yazır:
"A.Ə.Məşədiyevanın monoqrafiyasının aktuallığı ondan ibarətdir ki, feili bağlama şəkilçilərinin sinxron- diaxron təsviri onların inkişaf tarixinə işıq salır. Türk dilləri feili bağlamalarının sinxron- diaxron planda öyrənilməsi müasir türk dillərində feilin şəxssiz formalarının müqayisəli və tarixi aspektlərdə sistemli tədqiqini stimullaşdırır".
M.Mahmudov onu da əlavə edir ki, araşdırmanın nəticələri "müqayisəli-tarixi tədqiqatın ümumi nəzəriyyəsinin hazırlanmasında istifadə oluna bilər".
Doğrudur, bu, gənc türkoloqun əsərlərinə verilən həddindən artıq yüksək qiymət təsiri bağışlaya bilər, ancaq Aynelin axtarışları məzmun-mündərəcə etibarilə həm indidən belə bir qiymətə layiqdir, həm də onun miqyaslı (və monoqrafik) yaradıcılıq debütləri deməyə imkan verir ki, gənc tədqiqatçı Azərbaycan türkologiya elmini bundan sonra daha dəyərli əsərlərlə zənginləşdirəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!