"Mən bülbüli-şeyda, bu gülüstan çəmənimdir..." - Arif Buzovnalının şeirləri Vüsalə Musalının təqdimatında

Arif Buzovnalı şeirində vətən

 

Yurdun satan alçaqlara, xainlərə lənət!

Dünyada Vətənsizlərə Allah da qənimdir!

Arif Buzovnalı

Müasir Azərbaycan ədəbiyyatında klassik şeir ənənəsini - vəzn, janr və formalarını yaşadan şairlərdən biri də ustad şair, qəzəlxan Arif Buzovnalıdır. Arif Buzovnalı 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2016-cı ildə təsis edilmiş Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, 2017-ci ildən "Poeziya klubu"nun sədridir. Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsində fəaliyyət göstərən poeziya klubunda Arif Buzovnalının rəhbərliyi ilə klassik janr və formalarda şeir yazan bir ədəbi nəsil yetişməkdədir.

Şair, çağdaş Azərbaycan ədəbiyyatında sevgini, eşqi, sosial, dini, irfani mövzuları klassik vəzn və janrlar vasitəsilə şeirləşdirmiş, Azərbaycan şeirinə ilk dəfə sərbəst əruzu gətirmiş, Xəzər Təzkirəsini tərtib etmiş, çox sayda tələbə yetişdirərək ustad şair məqamına yüksəlmişdir.

Şairin indiyə qədər "Ömrün ötən anları" (1999), "Mərifətdən həqiqətə" (2005), "Səhərimə nə qalıb ki" (2007), "Xəzərim" (2009), "Sarı güllər" (2010), "Seçilmiş əsərlər" (2014), "Vadi" (2022), "Qəzəllər" (2023) kitabı işıq üzü görmüş və müxtəlif almanaxlarda əsərləri yer alıb.

Arif Buzovnalının şeirlərində vətən sevgisinin, Cənubi Azərbaycan həsrətini, Qarabağ dərdini, zəfər yanğısını, sosial həyatın və problemlərin klassik vəzn, janr və formalarda ifadə edildiyinə şahid oluruq.

Şair I Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yazılmış və atəşkəsə qədər (1 may 1994-cü il) Əzizbəyov adına Könüllülər batalyonunda döyüşmüşdür. Arif Buzovnalının şeirləri içərisində vətən mövzusu əhəmiyyətli yer tutmaqdadır və  Qarabağ müharibəsində iştirak şairin şeirlərində də özünə yer eləmişdir.

Şairin 2020-ci ildə qazanılmış zəfərə qədər Qarabağ mövzusunda yazdığı şeirlər həsrət, xəcalət, peşmanlıq və ümid motivləri üzərində işlənmişdir. O, "Qarabağdan yeni il məktubu" adlı şeirində düşmən tapdağı altında inləyən Qarabağın fəryadını bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək oxuculara çatdırmışdır.

Bu şeirlərin böyük bir qismində Birinci Qarabağ müharibəsində itirilmiş torpaqların həsrəti duyulur. Arif Buzovnalı "Ey şah, qında tutma ədalət qılıncını" qəzəlində də kafirlərin Azərbaycana iştahlandığını, sülh ilə bu problemin həll olunmayacağını, hərbi müdaxilə ilə çözüləcəyini, bunun üçün cəsarət qılıncını qaldırmaq vaxtının çatdığını, düşmənin bu xalqı güclü görmədiyi təqdirdə, ədavətə son qoymayacağını illər əvvəl dilə gətirmişdir.

Azərbaycan ikiyə bölündükdən sonra şair və yazıçılarımız Cənubi Azərbaycan mövzusunda irili-xırdalı əsərlər yazaraq, bu məsələni həmişə gündəmdə saxlayıblar. Təbrizi "şəhərlər şahı, Şərqin rəşadət rəmzi" olaraq görən şairin şeirlərindən cənub mövzusuna nə qədər həssas yanaşdığını, otuz milyon həmvətənimizi unutmadığını görürük.

İşğal altındakı torpaqlarımızı müzəffər Azərbaycan ordusu 2020-ci ildə azad edərək qələbə qazanmış və beləcə, şairin arzuları gerçək olmuşdur. Arif Buzovnalının vətənlə bağlı yaradıcılığı artıq nisgilli notlar üzərində deyil, zəfər, qələbə mövzuları üzərində köklənmişdir. "Zəngəzurdan məktub" şeiri qələbə sevincinin misralara düzüldüyü şeirlərdəndir.

Vüsalə MUSALI

 

 

Arif BUZOVNALI

 

Həqq aşiqi ol kəsdi yanar canı Vətənçün,

Bülbül necə ki nalə edər sərvü çəmənçün.

 

Bağban gülə gün vermədi, gül bülbülə, əfsus,

Məhv oldu gülü, bülbülü, qəm qaldı çəmənçün.

 

Qafil, həzər et, dəhrdə sərf eyləmə ömrün,

Hər mahrüxü sərvqədü simbədənçün.

 

Can vermə vəfasız kəsə ki, qədrini bilməz,

Min can ola qurban elə bir qədirbilənçün.

 

Dünyada özündən sora dünyanı edən tərk,

Bir yaxşı əməl qoymalı dünyaya gələnçün.

 

Cismü canı, Arif, Vətənə, xalqa fəda et,

Ölmək - yaşamaqdır Vətən uğrunda ölənçün.

 

***

Mən bülbüli-şeyda, bu gülüstan çəmənimdir,

Hər gül mənim öz nərgizim, öz yasəmənimdir.

 

Ölsəm də, bu gülşəndən ayırmaz məni tale,

Ruhum bu çiçəklərdədi, torpaq bədənimdir.

 

Bu şövq ilə sultanıyam eşq adlı diyarın,

Canan mənə "can" söyləsə, dünya da mənimdir.

 

Qalmış bu Vətən torpağı mən varisə miras,

Həm ləli-Bədəxşan, həmi dürri-Ədənimdir.

 

Qurban elədim hər nə varım vardı, Vətənçün,

Bircə ürəyim qaldı, o da dərd çəkənimdir.

 

Yurdun satan alçaqlara, xainlərə lənət!

Dünyada Vətənsizlərə Allah da qənimdir!

 

Arif, yeri var fəxr ilə hər yerdə deyim mən:

Odlar diyarı - Azərbaycan Vətənimdir!!!

 

***

Küsdümü səndən, görən, azadə çağlar, ey Vətən,

Dad edib ağlar səni sönmüş ocağlar, ey Vətən!

 

Torpağındır məlhəmi hicrində ağlar gözlərin,

Ağlama, çünki səninçün hamı ağlar, ey Vətən!

 

Çəkdiyi zülmü edib göz yaşı hər gündüz-gecə,

İsladır köksün əsir düşmüş bulağlar, ey Vətən!

 

Oldu viran vəhşi əllərdə çəmənlər, bağçalar,

Bayquşa mənzildi bülbülsüz budağlar, ey Vətən!

 

Düzlərində gördüyüm al lalələrdir bir zaman,

İndi bu sinəmdəki həsrətli dağlar, ey Vətən!

 

Ölsə də, düşmanə təslim etməyib öz yurdunu,

Qanlı torpağın şəhid canlar qucağlar, ey Vətən!

 

Mən sənin uğrunda canından keçən bir əsgərəm,

Varlığın yalnız məni dünyaya bağlar, ey Vətən!

 

Arifəm, ey kaş görüm azad səni, xürrəm səni,

Var ola "Amin!" deyən dillər, dodağlar, ey Vətən!

 

Yaşa, Azərbaycan!

 

Ey müqəddəs Vətənim, ey gözümün nuru mənim,

Ey mənim ruhumun ustadı, cəfakeş Vətənim.

Ey bu dünyada məhəbbət sözünün timsalı,

Ey məhəbbət becərən alilərin amalı.

Ey Xəzərtək sözü eşq ilə coşanlar Vətəni,

Kür kimi, ey həvəsi, hissi daşanlar Vətəni.

Ey şəhid qanları ilə suvarılmış yurdum,

Xain əllərdə qalıb bağrı yarılmış yurdum.

Bu rəzalətlərə qalib gələcəksən, bilirəm,

Qurtulub faciələrdən güləcəksən, bilirəm.

Bir nida yüksələcək göylərə yerdən o zaman:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!

 

Bu təbiət salıb azadlığa meylin, həvəsin,

Çalışır sındıra dünyada rəzalət qəfəsin.

Yığılıb bir yerə ahlar qoparır zəlzələlər,

Yerin ahın göyə doğru aparır zəlzələlər.

Silkələndikcə yerin köksünə çökmüş dağlar,

Çevirib göz yaşını gur selə, çağlar, çağlar.

Ağ buludlar həyəcandan sarılar zirvələrə,

Küləyin nəfsi dayanmaz bu şirin cilvələrə.

Sovurar qumları coşqun Xəzərin sahilinə,

Bu təbiət dili birdən dönər insan dilinə,

Yayılar aləmə nitqindəki titrək həyəcan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!

 

Qana doymaz ayaq altındakı çat-çat torpaq,

Vay o gündən ki, üzü düşmənə olsun tapdaq.

Qara torpaq ki, nə canlar uyuyur altında,

Günbəgün isti bədənlər soyuyur altında.

Ey vətən oğlu, onun hər ovucu insandır,

Həmin insan sənin öz kimliyinə ünvandır.

O atandır, o babandır, ulu əcdadındır,

Qara torpaq sən özünsən, sənin övladındır.

Öp, qoru, tut gözün üstündə, müqəddəsdir o,

Vətən övladı adın almaq üçün bəsdir o.

Elə nemətdi ki, ruhundadı keçmiş-gələcək,

Səni də ağuşa aldıqda dilindən deyəcək,

Kainata açaraq ağzını yarğan-yarğan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!

 

Dədələrdən, babalardan bizə mirasdı Vətən,

Qoyma yurdunda sənin at çapa hər yoldan ötən.

Bu Vətən tarixini qanla yazıb yaddaşına,

İnsafından gəlib axır, nə gəlibsə başına.

Yoxsa, bir dövləti olmuş ki, dənizdən-dənizə,

O nəhəngdən kiçicik parça gəlib çatdı bizə.

Vətəni tariximizdən alıb ibrət qoruyaq,

Əbədi andımız olsun bizim üçrəng bayraq.

Hər kiçik zərrəsi yurdun dağımızdır, şəksiz,

Bu Vətən torpağı son torpağımızdır, şəksiz.

Ululardan bizə qiymətli əmanətdi, bilək,

Başı vermək onun uğrunda səadətdi, bilək.

Yazacaq torpağa qanilə gedən hər qurban:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!

İftixarla adına "ey Vətənim!" söylədiyim,

Şad günündə sevinib, qəmli günü göynədiyim,

Ey bu şair ürəyin sevgisi, sevdası Vətən,

Ey bütün varlığımın məqsədi, mənası Vətən,

Varsa ruhumda dəyanət, əzəmət səndəndir,

Məndə hər yaxşı əməl, yaxşı cəhət səndəndir.

Sənin eşqindi vücudumda yanır məşəltək,

Sənin eşqinlə keçir oddan, alovdan bu ürək.

Sənin eşqindi bu dünyada həyatım, nəfəsim,

Sənin eşqindi bu könlümdəki hissim, həvəsim.

Məndə eşqim qədər olsaydı əgər istedad,

Sən böyüklükdə sözü sözdən edərdim icad.

Elə bir nərə çəkərdim ki, eşitsin bu cahan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan!

 

Oyan

 

Oyan, ey qəmlərə aludə könül, yatma, oyan,

Bu şəfəqdən süzülən rəngə boyan,

Dön qığılcımlara, yan -

Azad ol.

 

Sevməsən torpağı, qoynunda məzar yoxdu sənə,

Onu peşkəş eləmə hər ötənə,

Bu atılmış Vətənə

Övlad ol.

 

Sözümün hikkəsi vicdanını bəlkə oyada,

Sənə miras olanı vermə yada,

Ya ucal ərşə, ya da

bərbad ol.

 

Ruhun ölmüş, o sükunət bədənin canlı qəbir,

Yatmısan, səndə nə səs var, nə səmir,

Bu coşan qəlbimə gir,

Fəryad ol.

 

Olma öz nəfsin üçün düşmən önündə baş əyən,

Gələcək nəslə qürur bəxş eləyən,

"Məni xatırla" deyən

Əcdad ol.

 

Haqsızı, yolsuzu susdurmağa çatmırsa gücün,

Barı, haqqın dilinə vurma düyün,

Özün öz nəfsin üçün

Cəllad ol.

Arif, ustad sayılırsan şüəra içrə, vəli,

Həqqi icranın əməldir təməli,

Sözə çatdır əməli,

Ustad ol.

 

Zəngəzurdan məktub

 

Salam olsun sənə, ey sevgili Azərbaycan!

Salam olsun sənə, qalib əsgər!

Salam olsun sənə, mərd sərkərdə!

Halal olsun sənə, bu şanlı zəfər!

 

Bayrağın dağlara salmış kölgə,

Qucmuş öz ulduzunu ayparası.

Şuşa ki millətimin şah əsəri,

Şuşa ki tariximin şah qalası.

 

Burda çarpışdı qaranlıqla işıq,

Ölümə burda zəfər çaldı həyat.

Söylədik hər kəsə, düşmənqarışıq,

Şuşasız yoxdu Vətən, yoxdu nicat.

 

Yudu qeyrət qanı can torpağını,

Bitdi qoynunda vəfa abidəsi.

Şuşanın dağlarına saldı səda,

"Vətən azaddı!" səsi.

 

Yağı əllərdə bu illərdə nələr çəkmədi ki

Mən bilirəm.

Nə zaman Azərbaycan dedi ki,

"Mən gəlirəm",

Açdı illərdi ki, göz yaşı çəkilmiş gözünü,

Ağaran yollara həsrətlə dikilmiş gözünü.

 

Aldı yüzlərlə Vətən əsgərini ağuşa,

Ər qanıyla yarası tapdı şəfa.

Göstərib hər şəhid övladını car çəkdi Şuşa:

"Duysun aləm ki, budur əhdə vəfa!"

 

Gözün aydın, Şuşa, sən azadsan,

Ana yurdun qucağında sevilən övladsan.

Mənsə, səndən Vətənin ətrin alan Zəngəzuram,

Düz yüz il gözləri yollarda qalan Zəngəzuram.

 

O gün olsun, qara bəxtim Qarabağtək gülsün,

O gün olsun, mənim üçün Vətən açsın meydan.

O gün olsun ki, silib göz yaşımı

Məni öz qoynuna alsın anam Azərbaycan!

 

Azərbaycan!

 

Azərbaycan! Dünənimiz, bu günümüz, sabahımız,

Azərbaycan! Gümanımız, ümidimiz, pənahımız.

Ey yer üzrə səpələnmiş bir millətin ana yurdu,

Sənin adın səndən uzaq düşənlərə Vətən oldu.

Azərbaycan! Sən tarixin ölüm-dirim səddin aşdın,

Qarışınçün canın verən millətinlə hesablaşdın.

Özün yazdın taleyini öz əlinlə,

Hünərinlə, zəfərinlə, əməlinlə,

Sən yaşadın, namərdlərin qarşısında əyilmədin,

Odlar Yurdu, od-alovun dili ilə "varam" dedin.

Biz səndəyik, sən də bizim özümüzsən,

Özümüzü özümüzə tanıtdıran gözümüzsən.

Xalı kimi torpağında naxış-naxış

Min illərlə axan qanın izi qalmış,

Bir yan Bakı, bir yan Təbriz,

Bir ürəksən paralanmış.

Biz haqq deyib əzilmişik, soyulmuşuq,

Qorxmamışıq bircə qaşıq canımızdan.

Səndən ötrü biz keçmişik, keçəcəyik canımızdan,

Çünki sənin torpağında ölmək üçün doğulmuşuq.

Varlığıncün varımızı yox edərik,

Gözümüzü yad baxışa ox edərik.

Doğma diyar! Sən azadsan, xoşbəxtlərin xoşbəxtisən,

Sən əbədi Azərbaycan dövlətisən!

Durma, meydan səninkidir, Türk oğlu, Türk!

Tələs, bir az.

Dostlarını bağrına bas, düşmənlərin qanın tök!

And iç Vətən bayrağına!

And iç Vətən torpağına!

Sənə qarşı çıxanların qəddini bük!

Durma, meydan səninkidir, Türk oğlu, Türk!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!