Uşaqlıqdan kəlbəcərlilərə qarşı qəlbimdə kövrək bir istək və dərin bir doğmalıq var. Yadıma gəlir ki, o vaxtlar Şəmkir ətrafında vaqon evlərdə yaşayırdılar. Hər Novruz bayramında nənəm sovqatlar düzəldərdi, gedərdik bu kəlbəcərli ailələrin ziyarətinə.
İlahi, necə sevinirdilər bizi görəndə, qapılarını kimsə açanda, onları kimsə yad edəndə?!
Ürəklərinin işığından boylanan sevinc dolu, kövrək baxışları, təbəssümləri, əl-ayağa düşməkləri, həyəcanları hələ bugünkü kimi yadımdadır.
...Bir gün Novruz bayramı ərəfəsində nənəmdən soruşdum ki, qaçqınlargilə nə vaxt gedəcəyik?
Sualımı eşidən dayım çox qəzəbli şəkildə mənə təpindi: "Qaçqın nədir?! O, nə sözdür?! Utanmırsan?!"
Üç-dörd yaşımda aldığım bu tənbeh mənə, bəlkə də həyatın ən böyük dərsini keçmişdi.
...Əkin sahəmizin yanında da kiçik bir vaqonda kəlbəcərlilər yaşayırdılar.
Vaqon kənardan kiçik görünsə də, içinə girəndə əməlli-başlı ev təsiri bağışlayırdı.
Yəqin, bu, Allahın və ya taleyin kəlbəcərlilər qarşısında kiçicik bir mərhəmət jesti idi.
Ağlım kəsəndən həmişə yanmışam ki, Kəlbəcər kimi yerdən didərgin düş, gəl, bu aran torpağında vaqon evlərin umuduna qal - çox çətin məsələdir.
...Hə, əkin sahəmizin yanında da bir kəlbəcərli ailə yaşayırdı.
Hər dəfə ora gedəndə, uşaq ağlımla qaçırdım onların yanına.
Onları görmək istəyirdim, müşahidə etmək, tanımaq, üzlərinə, Kəlbəcər balı kimi şirin təbəssümlərinə doya-doya baxmaq istəyirdim.
Həmin ailənin xanımı Nigar xalanın üzü yadımda qalmasa da, onu ömrüm boyu gördüyüm ən nurani və ən mehriban insan kimi xatırlayıram.
Bir dəfə ondan soruşmuşdum ki, siz niyə burda qalırsınız?
Bəlkə də sinəsi ev sarıdan, yurd sarıdan dağ-dağ olan Nigar xala heç təmkinini pozmadan qayıtdı ki, evimizə getsək, sən bizi tapa bilməzsən, sən bizə gələsən deyə burda qalırıq.
İndi fikirləşirəm ki, ilahi, həmin o çətin vaxtlarda, vaqon evdə, o qayğıların içində Nigar xala hardan o gücü tapdı ki, xain düşmənə qarğış tökmək yerinə, mənə belə ürəkaçan sözlər söylədi?!
...Bu xatirələr yadıma düşəndə içimi o qədər xoş, isti hisslər bürüyür ki, az qalıram, necə olur-olsun, tapım onları, üzlərindəki ilahi nur məni həmin ən saf illərimə və yaşantılarıma qaytarsın.
...Daha sonralar da müxtəlif zamanlarda çoxlu kəlbəcərlilərlə rastlaşdım, dostlaşdım.
Şair dostlarım Elməddin Nicat, Vüsal Hicran, Elşən Əzim, Adil Cəmil, Əlövsət Ağalarov kimi dəyərli qələm adamlarının timsalında Kəlbəcəri özümə bir köynək daha yaxın bildim.
Bu əziz dostlarımın yaradıcılığı bir yana, gözlərindən, bənizlərindən, səslərindən belə həmişə dərin bir yurd nisgili, qayıtmaq eşqi duymuşam.
Elməddin Nicata bir şeir də həsr etmişdim:
Nə söyləyim, məlhəm olsun yarana?! -
Ah çəkirsən ağır-ağır, şairim.
Neçə ildi zülmdəsən, gözündən
Tərtər axır, Tutqun axır, şairim.
Get, Şen elə ana yurdun Zəyliyi,
Bir cüt at al, mənə saxla daylağı,
Orda olsun Ayxan bəyin "bəy"liyi,
Məni də o toya çağır, şairim.
Hər sözündən tamam ruhum səyridi,
Hər sətirin o dağların seyridi.
Bu baxış, bu gülüş tamam ayrıdı,
Üzündən Kəlbəcər yağır, şairim.
Elə bu yerdə Aşıq Ələsgərin kəlbəcərlilərə həsr etdiyi qoşmanın iki misrası yadıma düşdü:
"Qardaş" deyib, dindirirlər adamı,
Hörmətləri, mərfətləri yaxşıdı.
...Bu ilahi qüdrətdən pay almış dağlarda necə şairlər yetişib, bu dağlarda nə şeirlər yazılıb, bu dağların şanına nə qoşmalar qoşulub!
Aşıq Şəmşirin bülbül nəfəsli, şehli, dumanlı, çiskinli şeirlərini oxuyuram, şair Ənvər Rzanın kəklikotu qoxulu şeirlərini oxuyuram, Məmməd Aslanın, Bəhmən Vətənoğlunun nisgilli, gözüyaşlı şeirlərini oxuyuram, Şücaətin ümiddən, işıqlı sabahdan mayalı şeirlərini oxuyuram, oxuduqca, elə bil, ruhum sinə döyür, Kəlbəcərin başına dolanıram, qandonduran bu taleyə üsyan edirəm, ancaq bugünkü azad Kəlbəcərə baxıb, toxtayıram, möhtəşəm gələcəyin təntənəsinə həyəcanlanıram.
...İndi Kəlbəcər azaddır, indi Kəlbəcər gülür, kəlbəcərlilər yurdlarına qayıdırlar, yurd yerində ocaq çatılır.
İndi ulu ruhlar şaddır!
Gözünüz aydın, ay zülmkeş, ay didərgin kəlbəcərlilər!
Bu çətin illərə güc gələn, əyilməyən, mərd kəlbəcərlilər!
Kəlbəcərdə görüşək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!