Yaşamaq, yəni... - Cahanxanım Seyidzadə - Cahan SEYİDZADƏ

Cahan SEYİDZADƏ

 Abel Korzeniovskinin "Death" kompozisiyasının sədaları altında…
"Beynimdəki təhlükəsizlik siqnalizasiyasını kim söndürə bilər, bilmirəm, amma bu bir az da davam etsə, Tanrının təcili çıxış qapısından getməli olacam. Çıxış? Əslində, qaçış... Məncə, insan ona görə alidir ki, Tanrı ona hər zaman seçim haqqı verib. Sevmədiyin insanla yaşama, sevmədiyin işi görmə, sevmədiyin dünyada qalma... Əgər istəyirsənsə, davam et və bu məzhəkəni sona qədər izlə, amma istəmirsənsə, istənilən vaxt tamaşanı tərk edə bilərsən. Heç kəs səni qalmağa məcbur edə bilməz..."
09.01.2017

Yaxşı bir məsəl var: Söz vaxtına çəkər. Bu fikirləri tam da ötən ilin yanvarında yazmışdım. Eşidəndə ki, bir insan daha Tanrının təcili hadisələr üçün nəzərdə tutulmuş "çıxış qapısı"ndan "qaçıb" bu sətirləri xatırladım. Açdım, oxudum... Və düşündüm:

Bəli, nə vaxtsa mən də bunu etmək - qaçmaq, qurtulmaq, bütün bu mənasızlıqlardan uzaqlaşmaq istəyirdim. Gecə-gündüz intihar barədə düşünürdüm. Həm də dayanmadan, fasiləsiz və amansızcasına...Yaxınlarıma məktublar yazır, sonra "cırıb tullayırdım poçt qutusuna". Sevdiyim musiqiləri "son dəfə" dinləyirdim, valideynlərimə zəng edib səslərinə qulaq asırdım. Bu və bunun kimi bir çox şey... Yəni, intihar halını da, duyğusunu da, həyatdan vazkeçmə arzusunun  necə yaranmasını da az da olsa duyuram, anlayıram, bilirəm. Məhz buna görə bu yazını yazmağa qərar verdim və istəyirəm ki, məndən daha çox düşüncəmi, duyğularımı dəyişməyə kömək edən insanlar danışsın...

Nədənsə yalnış olaraq, intihar olaylarını ən çox ədəbiyyat və ədəbiyyat adamlarıyla bağlayırlar.  Hardasa haqq da vermək olar, ədəbiyyat aləmində dünyanı öz iradəsiylə tərk edənlər çox olub... Lakin mən bu fikirlə tam razılaşmıram. Məncə, əslində, peşəsindən asılı olmayaraq, içində "düşüncə" rüşeymi olan hər kəs ömründə bircə dəfə də olsa intihar barədə düşünür... Mütləq düşünür...

***

Məşhur iranlı kinorejissor Abbas Kiyarüstəminin "Albalı tamı" filminin qəhrəmanı deyir ki, insanların intihar etməyə tam haqqı çatır: "İntihar etmək günahdır. Amma insan xoşbəxt olmayanda ətrafındakı insanları incidir. Kimisə incitmək də günahdır. Buna görə də intihar etmək olar".

Bu qəhrəman intihar etməkdə ona kömək edəcək bir insan axtarır. Nəhayət, bir kişiylə razılaşır və qərarlaşdırırlar ki, həmin kişi  sübh tezdən qəhrəmanın intihar üçün qazdığı çuxurun yanına gələcək və onu səsləyəcək. Əgər ölməyibsə, ona çuxurdan çıxmağa kömək edəcək, yox əgər ölübsə, onda üzərini torpaqla örtəcək. Belə də razılaşırlar. Lakin intihar etmək istəyən adam geri qayıdır və o kişiyə yenidən bərk-bərk tapşırır: "Sabah dediyim yerə gələndə və məni çağıranda sizə səs verməsəm, mənim üzərimə bir daş atın, yox-yox, iki daş atın. Ola bilsin ki, mən yuxuya getmiş olaram və sizi eşitmərəm". Yəni, insan ömründə bircə dəfə də olsa intihar barədə düşünə bilər. Lakin o, "yaşamaq" barəsində  daim düşünür...

***

Ayfər Tunç bir hekayəsində deyir ki: "Ruh daim başına qara işıqdan halqa taxıb göyə ucalmaq istəyir. Vücud isə dünyalıdır: Yeyir, içir, yaşayır". İnsanı daim getməyə, göylərə ucalmağa vadar edən ruhdur. Təəccüblü deyil, "hər şey özünə qayıtdığı kimi",  ruh da gəldiyi məkana dönmək istəyir. Həmin an insan anlayır ki, onun sahib olduğu ruhla mövcud məkan bir-birini tamamlamır. Və beləcə o, bədəni aldadır. Özü yüksəklərə ucalır, vücudu isə torpağın altına göndərir. Hələ bu azmış kimi nə vaxtsa yenidən başqa bir vücudda dünyaya qayıdır. Növbəti dəfə onu "aldatmağa"...

***

Kimse duymadan ölmeliyim

Ağzımın kenarında bir parça

                                   kan bulunmalı.

Beni tanımayanlar

"Mutlak birini seviyordu" demeliler.

Tanıyanlarsa, "Zavallı, demeli,

Çok sefalet çekti…"

Fakat hakik? sebep bunlardan

                                 hiçbiri olmamalı.

                                           Orhan Veli 

İntihar halı və ya səbəbi barədə, adətən, elə eynilə bu şeirdəki kimi çoxlu mülahizələr olur. Kimiləri bunu maddi sıxıntıyla, kimiləri sevgiylə, kimiləri də digər mənəvi, ruhi məsələlərlə əlaqələndirirlər. İranın sevilən yazıçısı Mustafa Məstur söhbətimiz zamanı insanların intihar halı barədə maraqlı fikirlər səsləndirmişdi: "Biz bilmirik ki, insanlar niyə özlərini öldürürlər. İnsanların özünü öldürməsinə səbəb kimi çoxlu mülahizələr səslənir: Eşqdə bəxti gətirməmək, kasıb olmaq. Lakin bu, əsaslı sübut deyil. Çünki çoxları məhəbbətdə uğur qazana bilmirlər, eləcə də çoxları ağır həyat şəraitində yaşayırlar. Buna görə də biz heç vaxt həqiqi səbəbi başa düşə bilmərik. Daniyal Nazinin ("Mən sərçə deyiləm" romanının qəhrəmanı -S.C.) kitabın əvvəlində bir sözü var: "Oyunun qaydalarını dəyişə bilmirsənsə, ağzını yum və oyuna davam et". Daniyal özü bu sözə əməl etmir və oyunun qaydalarını dəyişmək istəyir. Onu narahat edən sualların cavabını tapmaq istəyir. O suallara ki, onların əslində, heç cavabı yoxdur. Buna görə də özünü öldürür. Üzdə olan səbəb budur."

Demək ki, cavabı olmayan suallar və ya "anlaşılmaz ümidsizlik...".

***

Konfutsi deyir ki, insan həm də özü  özünün yaradıcısıdır. Əgər o, yalnız başqasının yaratdığıdırsa, demək ki, günahsızdır.  Biz çox vaxt Tanrının yazdığı yazıdan gileylənib, şikayət edirik. Başımıza gələn pis olaylarda taleyi, alın yazısını günahkar çıxarırıq. İranlı şair Gərus Əbdülməlikiyanın şeirindən bir hissədə bu giley açıq-aşkar hiss olunur:

Ümumiyyətlə,

Bu filmi geri fırlat,

Vitrindəki xəz palto

Uzaq səhralarda qaçan

Bəbirə çevrilənə qədər,

əsalarımız piyada

meşələrə dönənə qədər,

quşlar isə yenə torpağa,

torpağa...

Yox, lap dala qayıt.

Qoy Allah

Bir də yusun əllərini,

Güzgüyə baxsın,

Bəlkə,

O başqa bir qərar verəcək...

Amma məncə, yaşadığımız hər hadisədə azca da olsa bizim özümüzün  və ətrafımızdakı insanların da payı var. Tanrı suçsuzdur. Günahkar isə şübhəsiz ki, insandır. Konfutsi deyir ki, ömrün hər fəslinin meyvəsindən dadmadan sağlam böyümək olmaz. Məsələn, 15 yaşında oxumaq həvəsi olmalıdır insanda, 30 yaşında isə müstəqillik. Təəssüf ki, bəzi gənclərimiz hər yaşın meyvəsindən dada bilmirlər. Ona görə ki, onların dadmalı olduqları "təam"lar ya yaşlarından əvvəl, ya da sonra qarşılarına çıxır.  Əqli və mənəvi cəhətdən düzgün "qidalana" bilməyən insan isə təbii ki, düzgün qərar verməkdə də çətinlik çəkir.  Həyatda hər kəsin öz yolu olur. Təkcə insanların yox, elə çayın da, daşın da, quşun da. Məsələn, ağacın getdiyi yol onun boyudur. Buna görə də toxum nə qədər sağlam, torpaq nə qədər münbit, ona edilən qulluq nə qədər düzgün olsa, ağac bir o qədər hündürə boy atdığı kimi, torpağın dərininə də möhkəm kök salar və onu yerindən tərpətmək, sarsıtmaq asan-asan mümkün olmaz...

***

Mən istəmirəm ki, Azərbaycan gənci intiharla gündəmə gəlsin. Heç kim istəmir. Amma çoxları da yalnız təəssüflənməklə kifayətlənir, bu məsələnin səbəbini və ya qarşısının alınması hallarını araşdırmaq istəmir. Lakin bu, çox ciddiyyət tələb edən bir məsələdir. Paulo Koelyonun məşhur "Kimyagər" əsərində belə bir hissə var: "Bir adam nə vaxtsa hər şeyi atıb zümrüd toplamağa yollanmışdı. O, beş il çayın sahilində çalışdı və heç olmasa bircə dənə zümrüd tapmaq üçün 9 999 999 daş parçaladı. Və ümidsizliyə düşüb öz arzusundan imtina etdi, amma onun cəmisi bircə daşı qalmışdı - bunu da parçalasaydı, öz zümrüdünü tapacaqdı". Mən istəmirəm ki, gənclərimiz bütün daşların altına baxmadan, öz xəzinələrini həmin daşların altında tapmadan başdaşlarına çevrilsinlər. Bəlkə Məlik Cahan (və onun kimi digər gənclər) da ümidsizliyə qapılmasa, özündə güc toplayıb yoluna davam etsəydi (edə bilsəydi), öz "zümrüd"ünü tapacaqdı. Lakin bu barədə danışmaq üçün artıq gecdir. Amma əminəm ki, cəmiyyətimizdə belə gənclər yenə var. Odur ki, mən hər kəsi birliyə, həmin insanlara dəstək olmağa səsləyirəm. İstəyirəm ki, Azərbaycan gəncləri özlərinin nə qədər güclü olduqlarını anlasınlar, "Nobel"  alsınlar, elmi araşdırmalar aparsınlar, dünyanın yönünü dəyişən kəşflər etsinlər, Marsa, Aya getsinlər... Yalnız bütün bunlardan sonra, yəni bütün "daş"ların altına baxdıqdan sonra həyatın mənasızlığı gerçəyinə varıb (əgər) intihar etsinlər ki, onlara haqq verməyə səbəb tapım.  Qısacası, istəyirəm ki:

Gənclər ölməsinlər

"Şəkər də yeyə bilsinlər..."


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!