Ölüm ayrılıq deyil... - Fuad Biləsuvarlı Şahmar Əkbərzadə haqqında yazır

Şahmar Əkbərzadənin "Xarıbülbül nəğmələr" kitabını birnəfəsə, həm də çox böyük maraqla oxudum. Şairin nəfis tərtibatlı bu toplusunda toplanmış şeirlər öz mövzu rəngarəngliyi ilə seçilir. Bu şeirlərdə sevgi-məhəbbət də var, vətən həsrəti də var, həyat fəlsəfəsi də var. Həmişə öz çılğınlığı ilə diqqət çəkən Şahmar Əkbərzadə, hətta dünya futbolunun ilk ulduzlarından biri olan məşhur braziliyalı futbolçu Peleyə də şeir həsr edib.

 

Aldatmaq insanı gözdən salsa da,

Çatdırdı Peleni şöhrətə-şana.

Həsəd aparırdı ağıllı başlar

Ağlı topuğunda olan oğlana.

 

Şahmar Əkbərzadənin bu kitabda toplanmış şeirlərini oxuduqdan sonra onun digər nəşr olunmuş kitablarını əldə etməyə çalışdım. Çox təəssüf. Açıq etiraf edirəm ki, dəydiyim bir sıra kitab satış mərkəzlərində də tapılmadı. Nə yaxşı ki, kitabxanalarda Şahmar müəllimin kitablarına rast gəldim.

Bəlkə də çılğınlığından irəli gəlir və ya təbinin güclülüyündən Şahmar müəllim gördüyü ən adi bir şeydən belə təsirlənir və həmin anları poetik şəkildə oxucularına təqdim edir:

 

Qan eləyir oğrun baxan baxışın,

Qoy eləsin, belə xoşbəxt qəza yox.

Məni oda-közə yaxan baxışın

İldırımdır, ildırıma cəza yox.

 

Bir vaxtlar qapımızı demək olar ki, hər gün döyən, müjdələr gətirən, hər evin istəkli qonağına çevrilən poçtalyonlar haqqında çox şeirlər yazılıb. Böyük şairimiz Süleyman Rüstəm də, Əli Kərim də poçtalyona şeir həsr ediblər. Ancaq Şahmar Əkbərzadənin "Poçtalyon İmran" şeiri də çox təsirlidir. Sanki hamımız, bütün oxucular poçtalyon İmranı tanıyır. Axı, hansı kənddə, hansı obada poçtalyon olmayıb?!

Səhərlər obaşdan əl açıb yenə

Poçtu gətirməyə yollanardı o.

Davadan bəd xəbər gəlməsin deyə,

Gözəgörünməzə yalvarardı o.

 

Amma nə edəsən ki, mənfur müharibənin öz qanunları var. Müharibə varsa, ölüm də var. Bu, qaçılmazdır. Müharibə dövrünün bütün poçtalyonları kimi sadə peşə sahibi İmran kişi də belə xoşagəlməz, ürəkdağlayan hallarla rastlaşır.

 

Ölüm xəbərini nə təhər verim,

Ay Allah, ay Allah, ölüm mənimdi, deyir -

İmran kişi...

 

Çox təsirli misralardır. İnsanı düşündürür, o anları yaşadır. Kədər sahiblərinin dərdinə uzaqdan-uzağa da olsa, şərik olmaq, təsəlli vermək istəyirsən. Əsl poeziyanın gücü də elə bundadır.

Müharibə illərinin poçtalyonu İmran kişi də belə nəcib hisslər keçirir.

Şahmar Əkbərzadə xeyirxah hisslərə köklənmiş bu şeiri təsirli bir sonluqla bitirir.

 

Goru nurla dolsun İmran əminin,

Beləcə özünə ölüm dilərdi.

Cəbhədən dönməyən hər bir kimsəni

Doğmaca balası, oğlu bilərdi.

 

Və yaxud Şahmar müəllimin başqa bir şeirinə nəzər salaq: "İşıqçəkən". Bu şeirin qəhrəmanı adi bir elektrik montyorudur. Evlərə işıq çəkir, dünyanı nura qərq edir. Gəncdir, hələ heç ailə də qurmayıb. Özünün ürək parasını hələ tapa bilməyib. Bəlkə də başı özünün xeyirxah peşəsinə o qədər qarışıb ki, hələ özü haqqında düşünməyə vaxt tapmayıb.

Şahmar müəllim öz şirin təhkiyəsi ilə bu anları gözəl və təsirli təsvir edir:

 

Öz könül şamını yandıra bilmir,

Baxma, evlərə nur paylamağından.

Görən, hansı gözəl işıq çəkəcək,

Bu işıq oğlunun qəlb otağına?!

 

"Xarıbülbül nəğmələri" kitabının bu bölməsində Şahmar müəllimin yaxın dostlarına, elm, incəsənət xadimlərinə, yaxından tanıdığı sənət adamlarına ithafla yazılmış şeirləri toplanıb. Bu təsirli ithaflar kimlərə həsr olunmayıb?! Bəxtiyar Vahabzadəyə, ölməz Bülbülə, Üzeyir bəyə, böyük alim Xudu Məmmədova, Səməd Vurğuna, maestro Niyaziyə, bəstəkar Süleyman Ələsgərova, dostu Zeynal Məmmədova, tarixi romanlar ustası Fərman Kərimzadəyə...

Bu siyahı çox genişdir. Və ithaf olunmuş bu şeirlərin hər birində ürəklərə təsir edən səmimi hisslər var. Bu şəxslərin, görkəmli adamların, xadimlərin çoxları ilə Şahmar Əkbərzadəni sıx dostluq telləri bağlayır.

Şahmar müəllim dostluqda çox sədaqətli, etibarlı, əvəzsiz bir ziyalı olub. Bunu "Xarıbülbül nəğmələri" kitabının naşiri və Ön sözün müəllifi, tanınmış naşir Əlövsət Ağalarov da Ön sözdə qeyd edir: "Əsl dost okeanların dibindəki mirvari kimidir, az tapılır, ildırımlar kimi qaranlıq çökəndə ilk onlar görünürlər. Şahmar Əkbərzadə də əsl dost idi..."

Məhəbbət mövzusu da Şahmar müəllimin əbədi mövzularındandır. Bu qəbildən olan şeirlərində çox kövrək hisslər var. Şahmar müəllim bu şeirində saf məhəbbəti tərənnüm edir:

 

Səndən zülümlər görsəm,

Zülümdən gözəl nə var?!

Dizin üstə can versəm,

Ölümdən gözəl nə var?!

 

Şahmar Əkbərzadə nə qədər ürəkdən, poeziyaya sonsuz məhəbbətlə yazıb-yaratsa da, ürəyində ağır nisgil gəzdirirdi; Qarabağ nisgili, Ağdam nisgili... Uşaqlıq illəri bu torpaqlarda keçmiş Şahmar müəllimi işğal altında olan yurd həsrəti üzürdü. Və bu həsrət nisgil dolu misralara çevirilirdi. "Laçın dağlarına məktub" şeirində yazır:

Behiştdən gözəlmiş cəhənnəm dərə,

Cənnət deyəydilər gərək o yerə.

Nərdivan dağıyla qalxdım göylərə,

Dünyaya sığmadı vüqarım mənim.

 

Şahmar müəllim torpaqlarımızın işğal altında olmasına heç cür dözə bilmirdi. Bu ağrı-acını yazdığı şeirlərlə, kövrək misralarla ovundururdu.

 

Daha danışmağa sözmü qalıbdır?

Gərək söz tutmasın dodaqlarımız.

Ulu Xan qızının baş örpəyindən

Götürsün payını papaqlarımız.

 

Bir şeirində isə ürək həsrətini belə təqdim edirdi:

 

Həsrət qoxlayıram çiçək yerinə.

 

Min-min təəssüf ki, Şahmar Əkbərzadə torpaqlarımızın 30 illik işğalına son qoyulan günü görmədi. Vaxtsız əcəl onu bizdən tez ayırdı. Yəqin ki, bu gün biz Zəfər qələbəsinə sevindiyimiz kimi, onun da ruhu şaddır. Onun ruhu və bizim könlümüz indi çox rahatdı. Ona görə ki, Şahmar müəllimin canından çox sevdiyi əzəli və əbədi dədə-baba torpaqları azaddı. Həm də sevindirici hallardan biri də odur ki, Ağdamda küçələrin biri Şahmar Əkbərzadənin adını daşıyır. Ölüm bu istedadlı ziyalını bizdən cismən ayırdı, ona olan əbədi sevgi isə həmişə ürəyimizdədir. Şair demişkən, "sevgi varsa, ölüm ayrılıq deyil..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!