Zəngi çalan kimdir?.. - Loğman Rəşidzadədən Ağacəfər Həsənlinin 70 yaşına gecikmiş təbrik yazısı

Ağacəfər Həsənlinin 70 yaşı tamam oldu. İllər insan həyatında, onun ömür yolunda, sosial davranışlarında, ovqatında, xarakterində, şüurunda və altşüurunda öz silinməz izlərini qoyub keçir. Adamın saçlarından tutmuş, üz-gözünə, boy-buxununa, qamətinə, daxili və xarici görünüşünə qədər hər şeyə əl gəzdirir. Bu baxımdan illər amansız yaddaşdır. Ötən illər Ağacəfər Həsənlidə də çox şeydə öz izlərini qoyub. Saçından-saqqalından tutmuş, sir-sifətinə qədər, oturuşundan-duruşundan yer-yerişinəcən, hər şey illərin sığalına tuş gəlib. Dəyişib, bir az kövrək, bir az sərt ömür illərin o tayından boylanır. Ağacəfərdə çox şey dəyişib, bircə lirik ovqat, sözə münasibət, poetik ruhdan başqa. Əksinə, ömürdən keçən günlər, sanki bunları bir az da cilalamış, itiləmiş, yeniləmiş, təzə avaz və ovqatla üzə çıxarmışdır.

Dünya söz üzərində binə tutub. Gözümüzü açandan sözlə yaşamışıq, ətraf aləmi sözlə dərk etmişik, sözün qüdrətinə sığınıb döyüşmüş, mübarizə aparmış, yaşam uğrunda mücadilələrimizdə sözə güvənmişik. Bir anlıq ətrafımıza boylanaq: hər şey, yer-göy, dağlar-qayalar, çaylar-dənizlər, rənglər, səslər, duyğular, hamısı sözdür. Dünya söz cildində görünür, söz biçimində təcəlla edir. Söz, ovqatdır, nəfəsdir, duyğudur, hissdir. Söz, dünya bədənində diri, canlı ruhdur. Ağacəfərin də çox sevdiyi lirikamızın ağsaqqalı M.Füzuli demiş, "söz candır". Biz dünyanı sözlə canımız kimi hiss edirik, ruhumuz qədər duyuruq, aləmi, bəşəri, cahanı duyğularımızın, əqlimizin süzgəcindən keçirərək dərk edirik.

Söz, bəşəriyyətin ən böyük kəşfidir. Bütün kəşflər sözdən sonra gəlir. Nəyisə kəşf etməyin özü də sözdən başlayır. Kəşf olunan nəsnəyə də ilk növbədə, ad qoymaq, onu söz sırasına qoşmaq, sözləndirmək lazımdır. Belədə, hər bir kəşfin ilkin açarı kimi də söz çıxış edir.

İlk söz, birinci kəlmə, bəlkə də heyrətdən yaranmışdır. Yoxsa, bu qədər şirin, cazibədar, sehrli ola bilməzdi. Yəqin ki, dünyada ilk söz ilk insan oğlunun qəfil qışqırdığı kimi heyrətin ifadəsi şəklində meydana gəlmişdir. Yoxsa bu, sonralar poeziya dilinə, lirik hisslərin ifadəsinə çevrilə bilməzdi. Eləcə, şairlik də heyrətdən doğan hissdir. Odur ki, söz, yeganə nəsnədir ki, qurama deyil, yaradıcıdır. Ağacəfər sözlə yaxşı işləməyi bacaran şairdir. O, sözlə çox məhrəm, çox munis rəftar edir, sözlə oynayır, sözdən söz cücərdir, sözdən söz çıxarır, ən nəhayət, sözdən söz yaradır. Ağacəfər sözün üstündə zərgər dəqiqliyi ilə işləyir, onun canını sıxıb şəhd-şəkərini çıxarır, min bir məna çalarına nüfuz edir, Azərbaycan dili içərisində yeni bir Azərbaycan dili yaradır.

 

Süst odunçunun qolu nə vaxt düşüb yanına,

Çalağan şikar tapıb... yuxusunda çala qan.

 

"Hekayət"

Sözlərin assosiasiyası, ifadələrin variativliyi, dilin imkanları daxilində poetik yükün ləngəri bütün nümunə boyunca dəyişik, rəngarəng tskillərlə izlənir.

Ağacəfər Həsənlinin poetik səriştəsi təbiət şeirlərində daha parlaq görünür. Onun təbiətlə həsb-halı daha təbii, doğma və rəngarəngdir. Xüsusən, payız mövzusu. Payız Ağacəfərin poetik palitrasında öz islaq qədəmləri, qızılı yarpaqları, "oğru" dumanları ilə mənalı şəkillənir. Payız haqqında silsilə düşüncələr, söz qoşmaları, variativ gəzişmələr fəslin fəlsəfəsini açıb göstərməyə imkan verir. Bu şeirlərdə təbiət quru, sxematik, görüntü xatirinə şeirləşdirilmir. Təbiət dinamik, canlı və hərəkətdədir. Bu şeirlərdə təbiətlə sosial həyat assosiativlik təşkil edir. Təbiət insaniləşir, məcazlar, təşbeh və bənzətmələr əşyalaşır, reallıq təbiətdən süzülən obrazlılıqla süslənir, gözlənilməz məntiqi çalarlar, poetik dönümlər şeirlərin baş qəhrəmanına çevrilir. Məsələn,

 

Havalar yavaş-yavaş soyumağa başlayıb,

yarpaqlar asta-asta erkən sayıqlamağa.

Vızıltılı arılar uyumağa başlayıb -

fəslin başı qarışıb günlərini saymağa.

 

"Payıza bələnmiş arx"

 

Ağacəfər Həsənlinin şeirlərində, sanki süjet yoxdur. Bu poetik nümunələr bitmiş bir fikri, hadisəni, müəyyən mövzunu əhatə eləmir. Əslində süjet misraların daxili ritmində, sözlərin assosiativ ahəngində, ifadələrin səslənmə tembrindədir. Bir sözlə, bu, yeni, poetik süjetdir, hadisələrin lirik təqdimatıdır. Hər misra bir əhvalat, hər deyim bir duyğu, hər variasiya bir ovqat daxilində süjetə assosiasiya edir:

 

Bir nəmişli bahar çağı

Lerikdə gün əkilmişdi,

Duman döşdə kəsməkdəydi

buruq-buruq alçaq yolu.

Sərt güneyin tünd işığı

tamam qeybə çəkilmişdi,

Qızarmışdı qulağının

dibinəcən alça kolu.

 

"Mənzərə"

 

Şairin şeirlərində bu təbiət mənzələri təbiətin özü qədər zəngin, sehrli, cazibədar və rəngarəngdir. Bu şeirlərdə insan, sanki zahirən duyulmur, onun hərəkəti, hiss və həyəcanı, duyğu və düşüncələri, işi, əməli görünmür. Bu şeirlər, nəhəng bir təbiət obrazı təsiri bağışlayır. İnsan, onun duyğu və düşüncələri bu təbii ritmin içindən boylanır, insana xas arzu, kam, istək, insana yaraşan ruhi təlatümlər bu təbii peyzajlar arasından sayrışır. Çünki bu əsərlərin baş qəhrəmanı şairin özüdür, onun aydın görünən poetik obrazıdır.

Bu mənada, Ağacəfərin şeirlərini böyük rus rəssamı Levitanın əsərlərilə müqayisə etmək olar. Levitanın tablolarının heç birində insan fiquruna rast gəlmək olmur. Bu tablolar təpədən-dırnağa təbiətdir, baş alıb gedir. Hər yer, otlar, meşələr, Günəş, səma, cazibədar çiçəklər, yaşıl talalar... Amma diqqətlə baxsaq, şüuraltı duyğularla yanaşsaq, bu incə, lirik təbiət lövhələrinin arxasında nəhəng insan siluetini görməmək, hiss etməmək olmaz. İnsan, sanki təbiətin ona qovuşuq bir elementi, vacib obrazı kimi təsəvvürlərdə canlanır. Hiss olunan, duyulan, təhtəlşüur dərk olunan insan obrazı təbiəti daha da gücləndirir, təravətləndirir, ona dinamizm verir, onun güvənc yeri, istinad nöqtəsi təəssüratı bağışlayır. Ağacəfərin şeirlərini də bu hiss və duyğularla oxumaq lazımdır. Bütün bu obrazlı düşüncələrin, bütün bu poetik lövhələrin, insanlaşdırılmış təbiətin alt şüur qatında insan görünür, daha doğrusu, şairin öz silinməz, sözlə, təbiətlə əbədi harmoniya təşkil edən surəti yer alır.

A.P.Çexov Levitanla yaxın dost olmuşdur. Onlar bir-birinin sənətini sevmiş və qəlbən qəbul etmişlər. Levitanın təbiət təsvirləri, emosional peyzajları şərəfinə A.Çexov dilə "levitanlı" sözünü gətirmiş, bütün gözəl şeyləri, təbiət lövhələrini, səmimi insan münasibətlərini, poetik hiss və duyğuları, xoş ovqat yaradan əşyaları "levitanlı" adlandırmışdır. Ağacəfərin şeir dili, poetik peyzajları da "levitanlı"dır - şirindir, canayaxındır, qəlbəyatandır.

Vətən, torpaq, yurd yeri bütün şeirlərin baş qəhrəmanıdır. Vətən idealından maya tutmayan hər hansı bir şeirə rast gələ bilməzsən. Vətən sevgisi istənilən poetik nümunə əlifbasının baş hərfidir. Ağacəfərin şeirləri də vətən sevgisindən, Azərbaycan məhəbbətindən mayalanmışdır. Vətən sevgisi, onun poetik obrazı da Ağacəfər poeziyasında fərqli çalardadır. Bir çoxları kimi onun şeirlərində vətən sözü ismin bütün hallarında işlənmir. Bəlkə, vətən məfhumu, vətən sözü heç beş-on yerdə işlənə, ya işlənməyə. Ağacəfər vətən sevgisini deklorativ müstəviyə gətirmir, şüara çevirmir, qışqırtıyla bəyan etmir. O, bu sevgini yaşayır, dağ-dağ, meşə-meşə, ağac-ağac, yarpaq-yarpaq. O, bu məhəbbəti qəlbində bəsləyir, misralarının alt qatına, mahiyyətinə, mayasına, qanına hopdurur. O, vətəni şüarlarla vəsf etmir, detallarla, görüntülərlə hiss və duyğularımıza hopdurur, bu sevgini cilalayır, qəlbimizdə onun obrazını yaradır, sevgi dolu ünvanını formalaşdırır.

 

Dəli gərmic şah budağın şil-küt eyləyib,

Cırarmudun ətəyinə büküb abrını.

İşıldayan çay daşını yaqut eyləyib,

Gün bəsləyib qurd gətirmiş zirvə qarını...

 

"Vətənin Zuvand etüdü"

 

Vətən, onun aləmində bir simvoldur, metaforadır, sözün poetik tutumunda bir obrazdır. Vətən, onunçün bir qaya qaşıdır, bir dağ yamacıdır, şeh damlalı bir bulaqdır, bir əlçim buluddur, göylərin göz yaşı kimi çağlayan yağışdır, saçlarını göydə açıb yerdə hörən Günəşdir. Bu metaforalardan hörülmüş təbiət, Azərbaycan torpağının ab-havası hər bir şairin şeirlərində bir cür, fərqli şəkildə təcəlla edir. Kimisində vətən torpağına bağlılıq, onun yurd yeri kimi cazibəsində bərq vurur, kimisində torpağın ətri kimi üzə çıxır, kimisində bərəkət, nur ünvanı kimi vəsf olunur və s. Qeyd etdiyimiz kimi, Ağacəfərin şeirlərində Vətən daşıyla, torpağıyla, dağıyla, meşəsiylə nəhəng bir simvoldur, poetik bir rəmzdir. Heç bir poetik nümunədə, heç bir şairin dilində vətənə Ağacəfər yanaşması, vətəni Ağacəfər kimi simvollaşdırmaq, onu torpaqla, yarpaqla, bulaqla, yerlə-göylə assosiativ şəkildə təqdim etmək yoxdur. Vətən, Ağacəfərçün təbiət libasında, təbiət donundadır. Bu  onun fərdi yanaşması, şəxsi şair qənaətidir.

Bunu da qeyd etmək yerinə düşər ki, Ağacəfər Həsənlinin təbiəti spesifik və özünəməxsusdur. Ştrix və cizgiləri, rəngi və ahəngi ilə fərqlənən bu ünvan Cənub təbiətidir. Cənub təbiəti Ağacəfər şeirinin mayasında bir özək misallıdır. Cənub özü də spesifik bir vətən kimi Ağacəfər poeziyasında vətən sifətində görünür, vətən diliylə danışır. Bu şeirlərdə detallar, poetik lövhələr, lirik ricətlər də cənubvaridir. Bu şeirlərin baş qəhrəmanı "dəmirağacın qızılı yarpaqları", "yağış döymüş dağ yamaclarının tənbəl duman sürüsü", "Zuvandın dağları, dərələri", "turşəng, əvəlik, gicitkan, yemişan budaqları" və sairdir.

 

Bu nisyə yaz yağmuru boz üzünü çevirir,

vahimədən xoflanan qayalar tir-tir əsir.

Mirvari yağış nuru, qaranlığı devirib,

qövsi-qüzeh lentini dərzi təbiət kəsir.

 

"Adsız şeir"

 

Belə parçalarda təbiətin səsi gəlir, nəfəsi duyulur. Şair bir bəstəkar həssaslığı ilə təbiətin səsini musiqi dilinə çevirir, lirik deyimlərə musiqi ahəngi gətirir, poetik təsvirlərlə musiqili lövhə yaradır. Bu poetik özəllik şairin yaradıcılığına fərdi keyfiyyətlər, özünəməxsus poetik ahəng qatır, lirik lövhələrə xüsusi orijinallıq verir. Bu şeirlərdə təbiətin səsi, həssas bir bəstəkar dəqiqliyi ilə orijinal poetik lövhələrdə canlandırılır. Bütün bunlar Ağacəfərin yeni özəl poetik yolu, lirik kəşfidir.

 

Çarığım yırtılıb,

çırağım sönüb.

Çomağım əlimdən düşüb,

Yamağım belimdən düşüb.

necə qurtarım zülmdən?

Qurşağım yox bağlamağa,

Bal dadır vaxtın zəqqunu,

qazan asdım buğlamağa.

 

"Təzad"

 

Poetik vüsət formalaşdırmağın, şeiriyyət yaratmağın min bir yolu, min bir üsulu var. Şair var, vizual nəsnələrdən yaradır bu şeiriyyəti, şair var, virtual variasiyalara güvənir. Şair var, baş verən hadisələrdən, olaylardan poetik yük tutur, şair də var ki, sözdən söz çıxarır, sözün min yerdən naxışını vurur, sözdən yaratdığı aləmlə poetik əhval-ruhiyyəni qat-qat vərəqləyir, söz ovqatını insan ruhunun təcəllasına çevirir. Bu mənada, Ağacəfər sözə çox məhrəm şairdir. Sözlə ünsiyyət onun üçün keçmişlə, gələcəklə, bütün olmuş və olacaqlarla təmasdır. Sözə söykənmək, dünyanı ram etmək vasitələrindən ən vacibidir:

 

Fırlanır aram-aram, demək istəyir, varam,

hərəkətin sürəti həyatının tərzidir.

Halal fəhlə işini seçib, dadmayıb haram,

bəmbəyaz libasında bərəkətin rəmzidir.

 

"Dəyirman daşı"

 

Metaforalarda yaşayan məntiq, estetik təqdimatda mürgüləyən həyat həqiqəti, hamının gördüyü, tanıdığı, bildiyi reallıqda gizlənmiş altşüur hissi... Poeziyanın məqsədi bəs nədir? Ruhumuzu cilalamaq, duyğularımızı havalandırmaq, düşüncələrimizi qidalandırmaq. Bizim gördüyümüzü, tanıdığımızı yeni biçimdə, yeni təravətdə, yeni estetikada göstərmək, bizə tanıdığımız dünyayla yenidən tanış olmağa bələdçilik etmək. Bu mənada, Ağacəfərin şeirləri ruhumuzun bələdçisidir, dünyanı daha yaxından tanımağa, onun mayasına hopmuş nəsnələri görüb duymağa köklənmiş vasitədir. Yaşam tərzimizə yeni məna qatır, bizi həyatla, ətraf aləmlə, təbiətlə yenidən tanış edir, ona daha da doğmalaşdırır, munis bir təmas yaradır. Bu şeirləri oxuyandan sonra görürük ki, "Ulduzlar çıraqlanır, yarpaqlara yazılmış göyün külliyyatını oxuyur" ("Mənzil"), "Qışın buz nəfəsini hiss edən altun qayanın başındakı qıvrım mamır saçları pəjmürdə hala düşür" ("Son payız"), "Şeh qayadan dama-dama hərfləri öyrədir, söz yaranır, bu mənzərə, elə bütöv mətndi" ("Gərmic əsib..."), "Acıqlanır Türyançay, məcrasında qımışır, sirri açıqlayır, göy mərhələ-mərhələ, ilk bahar günlərində fəslin gözü qamaşır, çiçəklərin ağzından süd iyi gəlir hələ" ("Şirvan gədiklərində"), "Ağaclar bizi ayaqüstü qarşılayır, qayalar oturan yerdə, çoban qoyun otaran yerdə, it hürən yerdə" ("Quraqlıq") və s. Bütün bunlar bizə köhnə dünyanın yeni duyğularla təqdimatıdır.

Ağacəfərin ictimai motivli şeirləri də poetik tutumu ilə cəlb edir. "Zəng" kitabının ikinci bölümü adlanan "Müharibə və sülh" başlığı altında verilmiş şeirlər pafosu, qəhrəmanlıq ruhu, sevinc və fərəh dolu nidası ilə seçilir. Bu şeirlər qəhrəman oğullarımızın erməni işğalına qarşı apardığı mübarizənin poetik tərcümanıdır. Bu şeirlər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəhrəmanlıq dastanının poetik vəsfi, gördüyü cahanşümul işlərin etirafıdır. Bütün bunlar, 44 günlük Vətən müharibəsi, lokal antiterror əməliyyatı, Birinci Qarabağ döyüşləri Ağacəfərin poeziyasından qırmızı xətt kimi keçir.

Ağacəfərin poetik cəhətdən ən üstün şeirləri, cəsarətlə deyə bilərik ki, qoşma, gəraylı və başqa xalq şeiri ruhunda qələmə alınmış nümunələridir. Burada şeirin poetik tələbləri çox incəliklə qorunur, vəzn, bölgü, ritm ahəngi yüksək həssaslıqla gözlənilir. "Şum altına verilmirsə", "Cavan dağların üstünə", "Ağ-qara", "Özünə qayıdış" və başqa şeirlər bu qəbildəndir.

Bu nümunələr içərisində Konya şeirləri daha çox fərqlənir. Böyük ustalıqla qələmə alınmış bu poetik lövhələrdə Ağacəfərin fəlsəfi düşüncələri lirik ovqatı ilə birləşmiş şəkildə üzə çıxır. Müdrik düşüncələr poetik lövhələrdə, lirik duyğularda boy göstərir. "Konya dəftərindən", "Gəz dünyanı, gör Konyanı", "Ya Mövlanə, kömək et" şeirləri və başqaları şairin yaradıcılığında bir silsilə təşkil edir. "Ya Mövlanə, kömək et" şeiri həm fəlsəfi tutumu, həm də poetik intonasiyası ilə silsilənin içində daha çox diqqət çəkir:

 

Mən Bakıdan çıxanda vəd vermişdim özümə,

uyuduğun torpaqda tez görünüm gözünə.

Məzarının üstündə dilim baxmır sözümə -

ağlım kəsmir ki, bura inayətə gəlmişəm,

Ya Mövlanə, kömək ol, ziyarətə gəlmişəm!

 

Ağacəfər Mövlanə aşiqidir, onun həyatını, yaradıcılığını yaxşı bilir. Bu bilgi sevgiyə çevrilmişdir. Haqqında danışdığımız gözəl şeir də eyni sevgidən yaranmışdır. Görünür, coşğun sevgilər, nə zamansa gözəl şeirlərə çevrilir.

"Zəng" kitabında şairin poemaları da yer almışdır. Poemalar klassik təsəvvürlə ənənəvi süjet xətti üzərində qurulmamışdır. Bu nümunələrdə də standart hadisələr, monoton olaylar süjet xəttində aparıcı rol oynamır. Ağacəfər yaradıcılığına xas poetik pafos, lirik obrazlılıq, simvol və rəmzlər burada da dominantlıq edir. Hər şey lirik düşüncələrdən poetik hiss və duyğulardan sayrışır.

Yuxarıda Ağacəfərin dili haqqında, çox zəngin poetik palitrası barədə geniş danışdıq. Bu baxımdan, onun söz boğçasının ən qiymətli butaları xalq ifadələri, folklor nümunələri, dildən çıxdaş edilmiş, unudulmuş, yaddan çıxmış, itib-batmaqda olan el deyimləri, bunlardan yaranmış frazeoloji birləşmələr, frazemlər, təşbehlər, qanadlı sözlər və poeziya üçün vacib başqa elementlər sayılan poetik ifadələrdir. Bu ifadələri o, zərrə-zərrə, söz-söz, cümlə-cümlə toplayır, sistemləşdirir, poetik biçimə salır, oxucunu şeirin sehrli aləminə aparmaq üçün poetik elementlərə çevirir. Odur ki, folklor, xalq deyimləri, el-oba ağzı Ağacəfər üçün ilkin bünövrə, yenilməz güvənc yeri, dayaq nöqtəsidir. Bu istinada söykənərək o, xalq dilində olan arxaik deyimlərə, koloritli ifadələrə, nəzərdən qaçan, dildən yayınan, itib-batmaqda olan sözlərə yeni can, yeni nəfəs verir. Bu, Ağacəfərin Azərbaycan ədəbiyyatı qarşısında böyük xidməti kimi dəyərləndirilməlidir.

Ağacəfər Həsənlinin son kitabı "Zəng" adlanır. "Zəng" sözü məndə başqa assosiasiya yaratdı, hisslərimi uzaqlara apardı. XVII əsr ingilis kilsə şairi Con Donnun bir sözü yadıma düşdü. O deyirdi: "Hər bir insanın ölümü məni də kiçildir, çünki mən də bəşəriyyətin bir hissəsiyəm. Ona görə kilsə zənglərinin kimin üçün çalındığını soruşma. O zəng, sənin üçün çalınır". Bu sözdə bəşəri bir həqiqət yatır, bu sözdən insani bir duyğu boylanır. Bu humanist fikir bütün insanların vəhdətinə, birliyinə söykənir. Dünyadan köçən hər bir insanla birlikdə bütün bəşəriyyət də dünyasını dəyişir. Kilsə zəngləri isə bunu car edir, aləmə yayır. Bu zəng, bəlkə də dünyadan köçənin ruhuna bir duadır, bu ruhu həmişə ayıq-sayıq olmağa, ayaqda durmağa, ölməyə qoymamağa bir çağırışdır?.. Şair əməyi, şair zəhməti də bu müqəddəs missiyanı yerinə yetirmirmi? Şair həyatı boyu şeirləri, poetik harayları ilə zəng çalır. İnsan mənəviyyatını oyaq saxlamaq, insanın daxili aləmini tənzimləmək, ən nəhayət, insanda insan oyatmaq üçün sözün qüdrətinə sığınıb həyəcan təbili çalır. Ağacəfər Həsənli də bütün şair ömründə bu müqəddəs missiyanı həyata keçirmiş, insanın hiss və duyğularının ayaqda olmasına, ruhi təcəllasına xidmət etmişdir. Bəli, şairlər insan ruhunun əbədiyaşarlığı üçün zəngçalanlardır. O cümlədən, Ağacəfər Həsənli!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!