Zəngəzur
Dayım Əli Məmmədovun
unudulmaz xatirəsinə
1. Harda xəstələnsəm...
Bir asta yeri dağ cığırlarla -
Qar uçar,
daş qaçar,
qaya sürüşər...
Aranda dayanıb uca dağlara
Boylanmaq istəsən,
papağın düşər.
Dəli çağlayanlar hayqırar, çaxar,
Durnalar
karvanı olar göylərin.
Gözəllik
çaylara qoşular, axar,
Dağlar fikirlidir,
dərələr - dərin...
Bu ulu diyarın hər çəhlimini
Çəkmişəm ömrümün varaqlarına.
Harda xəstələnsəm, a dostlar, məni
Çatdırın Zəngəzur yaylaqlarına.
Görüb qartalların öz yuvasını
Çinara dönərəm,
dağ olaram mən.
Udub zirvələrin saf havasını,
Davasız-dərmansız sağalaram mən.
2. Təbiət tərifləyib
Bura durnagözlü bir diyardır ki -
Tale gözəlliyi yerə səribdir.
İydəli, söyüdlü ilk bahardır ki,
Ana təbiətdən təriflənibdir...
Mığrı gecələri qəndiltək yanar -
Ulduzlarmı yerə tökülüb, nədir?
Xəllərgə çayının nəğməsi ki, var,
Təbiət dilində min hekayədir...
Qafanın qəribə səfası vardır;
Arxası söykənmiş uca dağlara,
Dağ yolu - alnının qırışlarıdır,
Sinəsi oxşayır ilkin bahara.
Zəngəzur - bir sevən nəğməli ürək:
Təzadlı,
zirvəli,
bağlı-bərəli.
Bir əli yapışıb Arazdan bərk-bərk,
Buludlarda itib o biri əli.
Qəcəldən arana baş alan yellər
Dəli Koroğlunun telli sazımı?
Dibsiz dərələrin bəs nə gileylər? -
Dərələr
ömrünün etirazımı?
Üçtəpə
təpədən-dırnağa çiçək,
Qayalar anadan haça olubdur.
Sinəsindən ötmüş qoç igidlərtək
Zəngəzurun başı uca olubdur.
3. Babamın yaşıdı,
mənim yaşıdım
Çoban çarığının bağı açılıb,
Cığırlar
dağların yaşı olubdur.
Ələngəz
babamla qoşa qocalıb,
Qırx dörddə mənimlə bir doğulubdur!
Hicran harayı var hər gur bulaqda,
Neçə nər qəhrəman burdan su içib.
İndi mən gəzdiyim bu düzdən, dağdan,
İldırım vüqarlı igidlər keçib.
Qan-qada görübdür burda babalar;
Yüz kəndin torpağı - daşı itibdir.
Lökdə bir meşənin məzarlığı var -
Kötük - başdaşların yaşı itibdir.
Qaşlar çatılıbdır burda bir vaxtlar,
Nifrətlər, qəzəblər aşıb-daşıbdır.
Zəngin sərvətiylə öyünən diyar
Bir vaxt lütləriylə məşhurlaşıbdır.
Quraqlıq çox erkən qovub baharı,
Çörəksiz yetimin bənizi solub.
"Kasıb" Zəngəzurun qızılı-varı
"Səyyah" ingilisin cibinə dolub.
Zəngəzur lütləri gəzib hər yanı,
Dolaşıb kədərli, diyarbadiyar.
Bəzən də tökülən günahsız qanı
Tarixdə qalıbdır acı yadigar.
4. Payızla qış arasında
Ələngəzdən Zəngəzura baxıram -
Dağların başında duman görünür.
Ürəyimi yandırıram, yaxıram,
Yalçın qaya,
sürü,
çoban görünür...
Duman kəmər kimi qurşanıb dağa.
Gecə...
kəmər qaşı - göydə min ulduz!
Bir az istiləşib qaynar bulaq da,
Təpələr - kədərli,
qayalar - yalqız.
Bu yerin payızı, yoxsa qışıdır? -
Qışın özünə yurd axtarışıdır? -
Çoban daş başında...
tonqal alışır,
Payız qışa
qış payıza qarışır...
5. Zəngəzurdur!
Bu el çeşmə məskəni,
Lilparlıdır suları.
Vəcdə gəlir insanın
İstəyi, arzuları.
Burda hər qarış torpaq
Gözəlliyin quludur,
Hər daş, hər iz, hər bulaq
Müqəddəsdir, uludur.
Tale tərifləyibdir,
Hər cizgisi yerində -
nər artıq şey, nə qüsur,
Bir söz: - gözəllik yurdu
Zəngəzurdur,
Zəngəzur!
Bağlarına dayan, bax!
Dağlarına boylan, bax!
Dərəsinə, düzünə,
Qayasına hər an: bax!
Arxlarına pıçılda
Ürəyində nəyin var?
De, köksünü sıxmasın
Kədər, həyəcan, qubar.
De, dinləyər dərdini,
Əlac eləyər sənə.
De, boşaldar qəlbini
Göylərin qübbəsinə.
Burda her şey minnətsiz,
Dünya büllurdan - büllur.
Bir söz, dolaşdığın yer
Zəngəzurdur,
Zəngəzur!
Harda qarşına çıxsa
Təmənnasız yaxşılıq,
Harda üzünə gülsə
Mehribanlıq, xoş qılıq,
Sevgin qanad açaraq
Zirvələrdə dolansa,
Harda yaran sağalsa,
Harda ömrün uzansa,
Harda qəlbinə dolsa
İnam, əzəmət, qürur -
O yerin əzəl adı,
İndiki gözəl adı
Zəngəzurdur,
Zəngəzur!
1965, iyun-dekabr
1975, fevral
Zəngəzurludur!
Çəhlimlər dırmaşar, cığırlar qalxar,
Üfüqlər sabahın işıq yoludur.
İldırımlar dinər, şimşəklər çaxar -
Ən məğrur nəğmələr zəngəzurludur.
Taleyin torpağa bəxşişidir bu -
Paklığı, qeyrətin, əzmin qoludur.
Minnətsiz yaxşılıq, şirin hiss, duyğu,
Sədaqət, etibar zəngəzurludur.
Hər parça göy səma, hər zərrə torpaq
Ulu gözəlliklə yenə doludur.
Hər coşqun dağ çayı, hər şəffaf bulaq
Çox dərə, çox zirvə zəngəzurludur.
Burda min illərdir yaşayır ellər -
Tarixin alınmaz şöhrət yoludur.
Ən zərif nəğmələr, ən şirin dillər,
Ən təmiz məhəbbət zəngəzurludur.
Ozan mahnısında dillənir hünər, -
Şeir də, sözü də zəngəzurludur,
Tale bəxşişidir, vallah, deyirlər:
Allahın özü də zəngəzurludur...
İrəvan, 1980
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!