Mən hələ beş-altı il əvvəl qərara gəlmək istəyirdim ki, gəncliyimdən tanıdığım, bir təsadüf nəticəsində görüşüb söhbətləşdiyim yazıçı Çingiz Ələkbərzadə haqqında nəsə yazım: hər halda irihəcmli bir əsər. Təbii ki, gündəlik qayğılar buna imkan vermədi. Ora-bura qaçırıq bir parça çörək üçün, vurnuxuruq. Xüsusilə, alimlər, elm adamları, pedaqoqlar və müəllimlər! Amma funksionerlər hey bəlağətli vədlər söyləyirlər...
İstedadlı ədib Çingiz Ələkbərzadə öz yaşıdları arasında ən görkəmlisi idi və yaradıcılığının ilk illərində məşhurlaşmış "Çalpaqlı" romanını qələmə almışdır. Əsərin adını o, Əli Bayramlı (Şirvan) rayonunda işləyərkən belə bir ərazi adı vardı, - ondan götürmüşdü. Çingiz Ələkbərzadə o illərdə - 60-cı illərdə Əli Bayramlıda çıxan "İşıq" qəzetində çalışırdı və mən də Salyanın Kərimbəyli kəndinə təyinat almışdım, yəni orta məktəbinə. "İşıq" qəzetinə müntəzəm irihəcmli məqalələr yazırdım. Baş redaktor, xeyirxah, müqtədir şəxsiyyət Möhsün Xəlilovdu. Redaksiyaya "İlk və son mahnı" adlı hekayə yollamışdım. Yolumu bir gün oraya saldım. Və gənc, zabitəli Çingiz müəllimə məni təqdim etdilər. Baxdım və oxşatdım: "Təzəcə nömrəsi çıxmış "Ulduz" jurnalında Həzi Aslanova həsr olunmuş "Ay bəri bax" hekayəsini oxumuşdum, orada onun portreti verilmişdi.
Yanılmamışdım.
- Oxumuşam, - dedi. - Bəzi qüsurları var, əl gəzdirmişəm. Növbəti nömrədə çıxar.
Xeyli söhbətdən sonra mənim də tanıdığım bir nəfər otağa gəldi. Çingiz müəllimlə daha isti görüşdü və saatına baxdı:
- Vaxtdır. - Astadan dilləndi. - Kürün qırağında gəzək. Nə qədər iş olar! Yaşamaq da lazımdır, möhtərəm yazıçımız!
Və Kürün səsinə başı qarışmışdı. Balıqları da üzü Xəzərə aparırdı aldada-aldada. Bircə balıqçılarla bacarmırdı.
Biz üzü çaya uzanmış yeməkxanada əyləşdik...
Mən bu görüşümüzdən sonra hər dəfə redaksiyaya gələndə əvvəlcə Möhsün Xəlilovla əhval tuturdum, sonra əməkdaşlarla. Çingiz müəllimlə söhbətimiz xeyli çəkirdi, çünki ədəbiyyatdan danışırdıq, yəni əsərlər barədə fikir mübadiləsi aparırdıq. O illərdə Əli Bayramlıda ziyalı mühiti zəngindi, şəhər genişlənməmişdi, ikiyə bölünməmişdi. Hamı bir-birini tanıyırdı. Çingiz müəllimin ətrafında qələm sahiblərindən - Tofiq Hüseyn(ov), İsrafil İbadov, Musa Yaqub, Əfrayıl Cəfərli vardı və sağlam mübahisələr, sağlam məclislər olurdu. Elə oldu, İsrafil İbadovla mən Bakıya gəldik (İsrafillə bir məktəbdə işləyirdik), o, "Gənclik" nəşriyyatında işə düzəlmişdi, mən aspiranturaya qəbul olunmuşdum. Arabir görüşürdük.
Mən bu epizodları xatırladım. Çingiz müəllimlə yaxın dost, sirdaş olmasam da, onun yaradıcılığını izləyirdim. Bu gün elmi məqalələrimdə yeri gələndə, adını çəkir, romanlarını fərqləndirirəm. Təəssüfüm ondadır ki, daha isti münasibətlər bağlaya bilərdim, maraqlı ədəbi söhbətlərini yaddaşıma köçürərdim. Hansısa kitabının avtoqrafını bağışlayardı. Çox şeyi itiririk, sonra peşmanlığını çəkirik. Və qayıtmayacaq Zamana heyifsilənirəm.
Çingiz Ələkbərzadə ötən əsrin 60-cı illərində nəsrimizə intellektual yazıçı kimi gəldi və ədəbi dünyagörüşünü təsdiqlədi. Əlbəttə, bunun bəzi səbəbləri olur və sosial mühit qabaqcadan bu keyfiyyəti hazırlayır. Bir şərtlə, istedad, savad və iddia olsun. "Üçlük" birləşəndə bədii zövq, üslub mövzunu tapır və samballı əsər yaranır. Çingizdə bu bədii və mənəvi atributlar əzəldən vardı, amma fərqi o idi ki, gözünü açanda yazı masası, qalaqlanmış vərəqlər, tamamlanmış əlyazmalar, qalın kitablar. Atası - görkəmli ədib Əbülhəsən Ələkbərzadə, bir tərəfdən valideyni, digər yandan yazıçı. Çingizin ağlı kəsəndə, orta məktəbdə oxuyanda ədəbiyyat dərsliklərində Əbülhəsənin hekayə və povestlərindən parçaları oxuyurdu. Maraqlı müşahidə hesab edirəm ki, belə hal, xoşbəxtlik Yusif Səmədoğluna, Anara və Elçinə qismət olmuşdur və onlar ədəbiyyatımızın seçilən yazıçılarıdır. Deməli, ailə mühitinin rolunu danmağa dəyməz, gen yaddaşı aksiomdur...
Çingiz təsadüfi deyil ki, Əbülhəsənin Azərbaycan Sovet nəsrində ilk romanı - "Dünya qopur"u erkən qələmli illərində görmüşdü və oxumuşdu, yaddaşına köçürmüşdü. Nəhayət, püxtələşmiş vaxtı "Dünyanın qopduğu yerdə" romanını qələmə aldı. Yazıçının qızı, istedadlı müğənni və musiqiçi Sevda Ələkbərzadə bir müsahibəsində demişdir: "Dünyanın qopduğu yerdə" romanı babamın (Əbülhəsənin - A.E.) "Dünya qopur" əsərinin davamı kimi yazılıb. Atam həmişə gördüklərini yazıb".
Əbülhəsən güzəştsiz və təvazökar insan idi. "Azərbaycan" jurnalının baş redaktoru işləmişdir. Lakin "bu mənim oğlumun əsəridir" sözlərini deməmişdir. Bir dəfə mərhum şair İsrafil İbadov Çingizdən soruşdu, dedi ki, çap məsələsində sənin işin pis olmaz.
Çingiz gülümsədi və cavab verdi ki, kişidən (atasını nəzərdə tuturdu) əsər keçirmək mümkün məsələ deyil. Səmimi etirafdır, bir də atasına nə ehtiyac? Püxtələşmiş əsər yerdə qalmır. O illərdə ədəbi orqanlarda işləyənlər nisbətən yaşlı ədəbiyyatçılardı. Tələbkardı. Çingiz Ələkbərzadənin yaradıcılığını qiymətləndirirdilər. Xüsusilə, "Azərbaycan" jurnalı Çingizin romanlarını müntəzəm çap edirdi...
"Dünyanın qopduğu yer"i bu dərgidə oxumuşdum.
Mən yazacağım kitab barədə düşünürəm, fikrimdən çıxmır, bu, mənim yaradıcılıq psixologiyamdır. Bəzi tanışlarıma və onun tanışlarına zəng atdım, xatirələrini yazmağı rica etdim. Məqsədim odur ki, ədəbiyyatşünasların unutduğu - necə ki, real dünyada olmayanları xatırlamırlar - görkəmli yazıçı, özünəməxsus tematikası və üslubu olan Çingiz Ələkbərzadə haqqında bir monoqrafiya yadigar qoyum gələcək nəsillərə. Onsuz da məni tanıyanlar bilir ki, dünyasını dəyişən şairlər, yazıçılar haqqında monoqrafiyalar yazıram. S.Vurğun, Mir Cəlal, İsmayıl Şıxlı, M.Araz, M.Yaqub yaradıcılığının poetikasını araşdırmışam, irihəcmli əsərlərim işıq üzü görüb. Ə.Çingiz yazıçı kimi tədqiqə layiqdir, onun xarakterinə, nəsrinə, ətraf mühitinə varmağın vaxtı çatmışdır: Bir insan, ailə başçısı, dostların əhatəsində, nəsrinin realizm və romantik tərəfləri. Xüsusilə, iki sistemin arasında yaşayıb yazan yazıçının yaradıcılıq psixologiyası.
Çingiz Ələkbərzadə xaraktercə xeyirxah, azadlığı sevən, dostları ilə sıx ünsiyyət bağlayan insandı. O, realist idi və gördüklərini qələmə alırdı, əsasən, gecələr işləyirdi, musiqini sevirdi, yaxşı səsi vardı, arabir yorulanda oxuyurdu özü üçün. Görünür, qızı Sevdaya da musiqi istedadı irsən keçmişdir.
1936-cı il təvəllüdlü Çingiz Ələkbərzadə Azərbaycan ədəbiyyatında "məhbəs nəsri"nin yaradıcısı sayılır. İlk hekayəsi "Kökəlməyin sirri"dir, ilk kitabı isə "Yarpaqlar töküləndə" 1964-cü ildə nəşr olunmuşdur. Ç.Ələkbərzadə müxtəlif illərdə "İşıq" qəzetində (Şirvan), "Zəhmətkeş" qəzetində (İsmayıllı), Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində, "Kirpi" jurnalında çalışmışdır. 1977-ci ildə Mehdi Hüseynin "Abşeron" romanı əsasında çəkilmiş "Vulkana doğru" adlı üçseriyalı filmin müəllifidir.
Atası Əbülhəsənin vəfatından az sonra - "qırxı" çıxmamış onu şərləyib həbs etdilər. Sifariş "yuxarıdan" alınmışdı. İki il yarım həbsxana həyatını yaşadı, baxmayaraq ondan üzr istədilər, lakin xəstəlik öz işini görmüşdü. Şər atanlar deyirlərmiş ki, nə qədər atası Əbülhəsən sağdır, Çingizə toxuna bilmərik.
Qızı, əməkdar artist Sevda Ələkbərzadə xatırlayır ki, həbsdə çox dəyişmişdi, nahaq pis şeydir, oradan çıxanda tam başqa adamdı, bir az aqressivləşmişdi, bir az həyatdan küskünləşmişdi. Bəraət alsa da, iki il yarımı geri qaytarmaq olardımı? Düzdür, yazıçının "Dünyanın qopduğu yer" romanında onu şərləyənlərə işarə vardı...
Həbsxana həyatı Çingiz Ələkbərzadəyə yeni mövzu verdi, mən düşünürəm ki, türmə həyatı bu məsələdə "müsbət" rol oynamışdır. "Zindan" romanını yazdı. Belə ki, bu əsərdən sonra Qənimət Əlisaoğlunun "Lənət qapısı" (1993), Oqtay Əhmədovun "Cəhənnəm yolu" (1996), İsmayıl Qarayevin "Sxodka" (2000) romanları nəşr olundu. Məbhəs mövzusunun oxucular arasında cəlbedici olması səbəbindən Ə.Çingizin "Zindan" və "Qumarbaz" adlı kitabları vəfatından sonra çap olundu kütləvi tirajla.
Çingiz Ələkbərzadə ədəbiyyatımızda hələ də öz yerini almamışdır, əski sistemində baş alıb gedən ədalətsizlik, rüşvətxorluq, haqqın tapdanması və s. hallar onun romanlarının və povestlərinin təsvir predmeti olmuşdur. Onun mövzuları fərqliydi, zəngin müşahidələri və başına gələn hadisələr, müxtəlif tipli adamlarla ünsiyyəti, atasından keçən "cinsi enerji" (libido) "Zindan", "Qumarbaz", "Vulkan", "Çılpaqlı" romanlarında epik təsvirini tapmışdır. Və yaradıcılığında əsas konstruktiv və haqsız vətəndaşlıq hüququndan məhrum olanların mənəvi faciəsini göstərməkdir.
İnsan ehtiraslarının söndürülməsi idrakdan - düşüncədən kənarda qalır. Çingiz də Dostoyevskinin "Qumarbaz"ından heç də təsirlənməmişdi. Rus yazıçısının qəhrəmanı Polina surətidir, məğrur və cəsarətli, müstəqil və həyata vurğun qadındır, "o, hər cür həyat və ehtiras dəhşətləri törədə bilər". Çingizin "Qumarbaz"ında əsas şey oyundur, bu oyunçuları necə cəlb edir, ehtiras doğurur, məsələ heç də uduzmaqda deyil... Əsərdə əsas motivin - müasir cəmiyyətdə pulun hakimiyyətilə cəmiyyətin nadir xarakterli çox az adamın qəlbindəki duyğularını ardıcıl surətdə birləşdirir.
Belə bir deyim də var ki, yaxşı yazmaq üçün iztirab çəkmək lazımdır, həqiqətdir, lakin istedadlı və sağlam yazıçını "qələmi ucbatından" şərləmək, onu əbədi xəstəliyə düçar etmək ancaq təəssüf doğurur. Və son dərəcə fərqli bədii düşüncə tərzinə malik qələm sahibini türmə həyatını yaşamağa məhkum etmək sovet sisteminin ən alçaq qanunu idi: kimsə bu yolla vəzifəsini ya itirməsin, ya da karyeraya nail olsun!
Çingiz Ələkbərzadə qapalı və ehtiraslı təbiətə malik deyildi, yumoru sevən, ovqatını kökləyəndi, mübhəm və mürəkkəb ürək sahibi olmamışdır. Stresi yaxına buraxmamışdır, amma türmə həyatı ona "parkinson" xəstəliyini "bağışladı", hər şeyi unutdurdusa, kim olduğunu heç vaxt unutdura bilmədi! Həbsdən çıxanda artıq xəstəlik onda başlamışdı. - Qızı Sevda xanım xatırlayır. - Əvvəlcə biz başa düşmürdük, elə bilirdik stressdir, illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdır. Həkimə aparmaq mümkün deyildi, imtina edirdi.
Həyatda belə xəstəliyə yoluxan çox yazıçılar olmuşdur. Əbülhəsən, onun qardaşı da skleroz olmuşlar. Çingiz Ələkbərzadə son nəfəsinə qədər kişi xarakterini dəyişmədi, kimlərdənsə gileylənmədi, onu tərk edən yaxın dostlarından belə: "Onları qınamıram, qayğıları aman vermir", - deyirdi.
Çingiz şeir yazdığını heç vaxt dilinə gətirməmişdir, özünü heç vaxt "şair" adlandırmamışdır. "Türmə mənim ahımdır" kitabında xeyli şeirlərini vermişdir. Yaradıcılığından yorulmayan, nikbin yazıçı son illərdə "Mən kiməm?" adlı kitab yazmaq istəyirdi və işə başlamışdı, güman ki, avtobioqrafik bir kitab olacaqdı. Amansız ölüm (1999) bu arzunu tamamlamağa imkan vermədi.
Çingiz Ələkbərzadənin yazıçılıq istedadını şərtləndirən bir amil də əsərlərinin kompozisiyasını mərkəz - süjet ətrafında qurmaq bacarığıdır. İnsan iztirabı barədə əsas mövzusunun müstəsna təzahürüdür. Bu insanlar - obrazlar şəxsiyyətin mənəvi tərbiyəsinin tükənməz imkanları haqqındadır, insanın cəmiyyətdə layiqli yerini tuta bilməməsini açıb göstərməsidir. Bunu o, özünün başlıca vəzifəsi hesab edirdi. Bu, onun yüksək mənada, ədəbi formulasıydı, realizmiydi. Romanlarında insanın tükənməz daxili qüvvəsini açırdı, öz ədəbi kredosunun mahiyyətini bu cür təsirli təsvir edirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!