"Mən Qranada düzənliyindəki kiçik bir Əndəlüs kəndində doğulmuşam. Atam - Federiko Qarsia Rodriges, anam - Visente Lorka Romerodur. Yeddi yaşımda məni Almeriyada monastır məktəbinə verdilər. İmtahanlardan sonra möhkəm xəstələndim, boğazım elə bərk ağrıyırdı ki, danışa bilmirdim. Güzgüdə şişkin sir-sifətimi gördüm, danışa bilmədiyimdən yazmağa məcbur oldum və beləcə ilk yumorlu şeirimi yazdım. Həmin şeirdə özümü şişman Mərakeş sultanı Mulya Hafidə oxşatmışdım. Sonra Qranadaya köçdük. İlk şeir kitabımı musiqi müəllimim don Antonio Sequraya - Verdidən dərs almış qoca bəstəkara ithaf etdim. Məndə qədim Əndəlüs nəğmələrinə ilk marağı məhz Antonio Sequra oyatmışdı..."
Siyasətdən uzaqda dayanmağa çalışan, yalnız sənət yanğısıyla yaşayan Lorka öz qısa ömrünün tərcümeyi-halına, adətən, belə başlayırdı.
Əfsuslar olsun ki, siyasət ondan gen dayanmamışdı və faşizm İspaniyaya ayaq açanda nasizm qurbanlarının müdafiəsi üçün ispan manifestinə imza atan ilk şair məhz Lorka oldu. 1935-ci ildə o, ikinci Antifaşist manifesti imzalamaqdan da çəkinmədi. 1936-cı ilin 14 fevral tarixli "Ziyalılar Xalq cəbhəsini dəstəkləyir" çağırışındakı birinci imza da Lorkaya məxsus idi.
Lorka ilk baxışda, göründüyü qədər də sadəlövh deyildi və bütün bu ötkəm hərəkətlərin nə ilə nəticələnəcəyini, hara aparıb çıxaracağını, hər halda, dərk edirdi. Bununla belə, səmimiyyətdən irəli gələn bir duyğuyla o, bircə dəfə də olsun ürəyinin istəyinə qarşı getmədi. Məşhur ispan ziyalıları arasında onun hamıdan öncə həbs olunması da təsadüfi deyildi, baxmayaraq ki, çoxları bunu adi yanlışlıq kimi düşünüb, şairin tezliklə azad olunacağına sadəlövh ümidlər bəsləyirdi. Amma dostlar yanılırdı: Lorka İspaniyada faşizmin ilk qurbanı oldu!
Lorkanın ardınca ispan ziyalılarını fəlakətə aparan yolun qapıları taybatay açıldı: görkəmli publisist Ruis Karnero vəhşicəsinə öldürüldü; Qranadanın alkaldı doktor Montesinos güllələndi; "La Barraka" teatr truppasının on cavan aktyoru qiyamda həlak oldu, bombalanan binada Lorkanın əlyazmaları ilə birgə teatrın bütün arxivi külə döndü; qiyam günləri qaçqınlara qoşulub Pireney dağlarını aşan ixtiyar yaşlı Antonio Maçado dünyaya iztirablar içində göz yumdu; gənc şair Migel Ernandes faşist həbsxanasında qətlə yetirildi; Rafael Alberti vətəndən didərgin düşdü; dünya şöhrətli bəstəkar Manuel de Falya və sonradan Nobel mükafatına layiq görülən şair Xuan Ramon Ximenes qürbətdə həlak oldu.
Lorkanın gec-tez həbs ediləcəyi labüd idi, ancaq, görəsən, məhz ilk qurban olacağını özü təsəvvür edirdimi? Hər halda, Salvador Dali dostunun qətl xəbərini eşidəndə acı-acı gülümsünüb belə demişdi: "Onun həyatı üçün bundan gözəl sonluq düşünüb tapmaq heç mümkün də deyildi..."
1936-cı ilin məşum avqustu...
Lorkanı məhz 1936-cı ilin avqustunda həbs etdilər. İkicə gündən sonra, gecə yarısı həbsxana maşını Qranadadan çıxıb kiçik bir Əndəlüs kəndinin yaxınlığında dayandı - maşında 38 yaşlı Lorka idi, tanımadığı qoca bir dustaq idi, bir də üç falanqaçı. Cəlladlar kənarda dayanıb səhərin açılmasını gözləyirdilər, kameranın darısqallığından sıxılıb yumağa dönmüş Lorka isə gecənin əsrarəngiz gözəlliyindən vəcdə gəlmişdi. Ağlına gəlməzdi ki, bir azdan güllələnəcək...
İşıqlaşanda təzədən maşına doluşdular, ancaq maşın kənddən azacıq aralanıb təkrar dayandı. Öncə qoca dustağı düşürüb apardılar. Lorka hələ də heç nədən şübhələnmirdi, ancaq güllə səsi eşidiləndə içindən soyuq bir gizilti keçdi.
Ölmək istəmirdi... əllərini maşından güclə qopartdılar; bu zaman ağladı da.
Dalbadal bir neçə güllə açıldı, amma o dikəlmək istəyirdi. Ölümünə heç cür inana bilmir, hər atəşdən sonra təkrar dikəlib qalxırdı. Axırda zalım falanqaçı ayağı ilə onun sinəsindən yerə basdı və düz sifətinə atəş açdı.
38 yaşlı şair beləcə ölümünə inanmadan köçdü dünyadan...
Öləndə -
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız...
Belə demişdi Lorka.
Ancaq Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər...
"Ən kədərli sevinc - şair olmaqdır!"
Bunu da Lorka demişdi. Və çox güman ki, 38 illik qısa ömründə Lorka şair olmaq sevincinin bütün kədərini yaşamağa, duymağa macal tapdı...
...Bir zamanlar bu dünyada bir gitara səslənirdi. O gitara lap elə bil dünən çalınırdı. Hərdən adama elə gəlir ki, o gitara heç zaman susmayıb; dünya yaranan gündən çalınır, həmişə də çalınacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!