Böyük Azərbaycan naminə Əziz Əliyev - Adıgözəl Məmmədovun kitabından hissələr

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan "Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabı işıq üzü görüb. Müəllifin icazəsi ilə "Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabından müəyyən hissələri oxucularla bölüşürük.

Keçən əsrin 40-cı illəri elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə, siyasi cəhətdən yetkin azərbaycanlı gənclərə daha çox üstünlük verilirdi. Məhz o illərdə də, Böyük Azərbaycan layihəsinin əsası qoyulurdu və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrup İrana gedir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci Ordunun Hərbi Şurasının üzvü seçilir. Əlbəttə, bu təyinatda Azərbaycan rəhbəri M.C.Bağırovun rolu danılmazdır.

Sentyabrın ikinci yarısından etibarən, "Əziz Əliyev qrupu"nun Təbrizdə fəaliyyətə başlaması qərara alınır. Alt qrupların rəhbərləri də təsdiq edilir: təbliğat üzrə Süleyman Rəhimov, inzibati-təsərrüfat üzrə Mehbalı Əmiraslanov, xüsusi əməliyyat üzrə Ağasəlim Atakişiyev, sanitar-tibb üzrə Mustafa Quliyev, Mirzə İbrahimov (o, Azərbaycan dilində nəşr olunması nəzərdə tutulan "Ordu" qəzetinin redaktoru təyin edilir).

2-3 ay ərzində "Əziz Əliyevin qrupu"nun sayının 2-2,5 min nəfərə çatdırılması üçün Moskvadan razılıq alınır. Dövlət Müdafiə Komitəsinin qərarı və Zaqafqaziya Cəbhəsinin komandanı, general-leytenant D.Kozlovun 16 sentyabr 1941-ci il tarixli əmri ilə polkovnik-komissar Əziz Əliyev 47-ci Ordunun Hərbi Şurasının üzvü təyin edilir. Sərəncamda deyilirdi (ARPİİİSSA, F. 1, siy. 89, iş. 10, səh. 32): "Ezam edilmiş bütün yoldaşlar Azərbaycan K(b)P MK katibi və hərbi şuranın üzvü Əziz Əliyevin göstərişlərini rəhbər tutmalıdırlar. Müvəkkillər və hərbi-siyasi hakimiyyət "Əziz Əliyev qrupu"nun işlərinə qarışa, ona əmr verə bilməz. Eyni zamanda hərbçilər onun  işlərinə qarışa və hərbi xarakterli göstərişlər verə bilməzlər. 47-ci Ordunun Hərbi Şurası Azərbaycan SSR-in planlaşdırdığı tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi şəraiti yaratmağı öhdəsinə götürür".

İki həftə M.C.Bağırov Cənubi Azərbaycana ezam olunmuş qrupun üzvləri ilə hər gün görüşlər keçirir və onları təlimatlandırır. Arxivdə saxlanılan sənədlər də bunu bir daha təsdiq edir.

Bu görüşlərin birində M.C.Bağırov deyirdi (ARPİİİSSA, f. 1. siy. 162, iş. 28, səh. 1-19): "Biz birinci dəstədə 500 nəfəri göndəririk. Amma "ay yarımdan sonra kiçik birliklər göndərməklə bu rəqəmi 3000-ə çatdıracağıq... Bilirsiniz ki, bizim Qızıl Ordumuz qısa müddətdə Şimali İranın böyük ərazisini tutdu. Bu ərazilər əsasən, Cənubi Azərbaycan torpaqlarıdır. Tarixən bunlar Azərbaycan torpaqlarıdır. İranın ən böyük şəhərləri - Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Salmas, Xoy, Ənzəli və başqaları bizim əcdadlarımızın vətəni olub. Əgər həqiqəti bilmək istəyirsinizsə, Tehran da qədim Azərbaycan şəhəridir. Bunu da əlavə etmək istərdim ki, Qızıl Ordu orada olduğu halda, biz yüzlərlə insanın gözümüzün qabağında aclıqdan ölməsinə razı ola bilmərik. Əgər içimizdə bir damla belə Azərbaycan qanı qalıbsa, o zaman biz bir zamanlar zorla parçalanmış xalqın birləşməsinə nail olmalıyıq... Bunun üçün gücümüz və bacarığımız var... Güney Azərbaycanın zəhmətkeş xalqına kömək etməliyik, nə qədər çətin olsa da. Vəzifə, vicdan, namus, sədaqət bizi buna çağırır... Ona görə də biz liderimiz, yoldaş Stalinə məktubla müraciət edərək, Güney Azərbaycan zəhmətkeşlərinə yardım etməsini xahiş etdik... Bu işə cəmi 4-5 gün əvvəl  başlamışıq. Məni Moskvaya çağırıb, nə istədiyimi soruşdular. Cavab verdim ki, Güney Azərbaycandakı qardaşlarımıza kömək etmək istəyirik, buna icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bunu etməyə icazə verdilər. Güney Azərbaycana yardım elə aparılmalıdır ki, nə şah hökuməti, nə də ingilislər bizi İranın daxili işlərinə qarışmaqda ittiham etməsinlər. Sizin vəzifəniz çox məsuliyyətli və şərəflidir. Bu işin öhdəsindən gəlsəniz, parçalanmış xalqın, Azərbaycan xalqının əzəli və əbədi arzusunu həyata keçirmiş olacaqsınız. "Türkmənçay" ilə bölünmüş xalqımız birləşməlidir! Bölünmüş ürəkləri, sevgiləri, hissləri birləşdirəcəksiniz! Bu, şərəf məsələsidir!"

Beləliklə, Böyük Azərbaycan layihəsinin əməli icrasına start verilir.

M.C.Bağırov nəzarəti ələ keçirmək üçün "Əziz Əliyev qrupu"nu tez bir zamanda Təbrizə daxil etməyə çalışırdı. M.C.Bağırov Mərkəzi Komitənin aparatında keçirilən iclasda deyirdi (ARPİİİSSA, f. 1, siy. 162, iş. 30, səh. 6): "Naxçıvanda olarkən 3-4 saat Təbrizdə oldum... Təbrizin bir neçə yerində 7-8 oğlan və qızla görüşüb onlarla söhbət etmək istədim. Lakin dayanmış avtomobili görən kimi qaçmağa başladılar. Mən onlara Azərbaycan dilində  "Bura gəlin", - dedim. Azərbaycan dilində bu sözü eşidib yanıma qayıtdılar... Güney Azərbaycan torpağı bizim əsl Vətənimizdir. Respublikamızın sərhədində yaşayan vətəndaşlarımız qohumlarından ayrı düşüblər... İran hökuməti ölkəni bölgələrə bölərək Azərbaycanı çox kiçildib (xəritədə göstərir). Bu, yalandır. Tehran da Azərbaycan torpaqlarına daxildir".

M.C.Bağırov Cənubi Azərbaycana ezam olunmuş qruplarla görüşlərdə Əziz Əliyevin göstərişlərinə ciddi əməl olunmasını tələb edirdi. Əziz Əliyevin başçılığı altındakı qrup Cənubi Azərbaycana ezam olunandan sonra  çox ciddi vəzifələr yerinə yetirməyə başladı.

 

Əziz Əliyevin Təbrizdə ilk vəzifəsi Cənubi Azərbaycana göndərilən işçilərli müxtəlif şəhərlərdə yerləşən hərbi hissələrə göndərmək olur. Ezam olunmuş işçilərin birinci dəstəsindən Makuya 16, Urmiyaya 22, Zəncana 15, Pəhləviyə 27, Xoya 16, Ərdəbilə 15, Noşəhrə 15 nəfər göndərilir. Birbaşa təyinat almayanların çoxu Təbrizdə qalır. İlkin tədbirlər başa çatdıqdan sonra sentyabrın 22-də Əziz Əliyev Tehrana gedir. Tehrandakı səfir A.Smirnova görülən işlər haqqında məlumat verir.

SSRİ-nin İrandakı səfiri Andrey Smirnov 1941-ci il üçün illik hesabat məruzəsində İran hökumətinin müttəfiqlərə münasibətindən belə yazırdı: "Qızıl Ordunun işğal etdiyi ərazilərdə demokratik qüvvələrin sərbəst buraxılması ehtimalından qorxaraq, İranın hakim dairələri daha çox ingilislərə yaxınlaşır".

İngilislərin 1941-1942-ci illərdə İranda hərbi-strateji fəaliyyəti aşağıdakılardan ibarət idi (ARDA. f.28, siy. 4, s.v. 2, vər. 46 - 62):

1. Hərbi məqsədlər üçün Fars körfəzindən İranın içərilərinə doğru yolların və müdafiə istehkamlarının tikintisi (Zahidan-Məşhəd; Bender-Buşir-Tehran, Əhvaz-Təbriz);

2. Yeni ordu qrupunun yaradılması (12 diviziyaya qədər);

3. Kirmanşah, Kuramabad, Həftkel, Ram Hörmuz və Bəndər Diləmin işğalı.

İngilislər işğal etdiyi ərazilərin düşmən ünsürlərindən təmizlənməsi (ingilislərə etiraz edən yerli hakimiyyət orqanlarının həbsləri və dəyişdirilməsi) siyasətini həyata keçirirdi. Onlar dayanmadan antisovet zəminində şahı və hökuməti "şimal əyalətlərinin bolşevikləşdirilməsi" ilə qorxudurdular. Britaniyanın keçmişinə söykənən aqressiv siyasətindən müəyyən qorxunun varlığı, eləcə də SSRİ-dən mümkün "bolşevik təhlükəsi" ilə bağlı müəyyən narahatlığın olması İran hökumətinin Amerika Birləşmiş Ştatları ilə dostluq münasibətlərini inkişaf etdirmək xəttinin irəliləməsinə səbəb oldu".

Sovet İttifaqı Hərbi Baş Kəşfiyyat İdarəsinin 14 sentyabr 1942-ci il tarixli arayışından öyrənirik ki, (ARDA, f. 28, siy. 4, s. v. 2, vər. 46-62) Türkiyə də İranda baş verən bu proseslərə laqeyd deyildi. Kürd məsələsi ilə bağlı ingilislərlə türklər arasında müəyyən gərginlik yaşanırdı.Türklər Cənubi Azərbaycanda təbliğat işlərini xeyli gücləndirdilər. Azərbaycanın hər yerində intensiv kəşfiyyat işləri aparmağa başladılar. Azərbaycanda öz təsirlərini gücləndirmək üçün azərbaycanlılarla kürdlər arasında ziddiyyətlərlə bağlı bəyan edirdilər ki, Azərbaycan əhalisini kürdlərin soyğunçuluğundan yalnız Türkiyə xilas edə bilər.

Bu istiqamətdə M.C.Bağırovun Əziz Əliyevə təlimatları belə idi (ARPİİİSSA, f.1. siy. 89, iş. 10, səh. 9-11): "İndi bir çoxları Güney azərbaycanlılarına sahib çıxmağa başlayıblar, bunlardan da biri Osmanlı türkləridir. Yəqin ki, onlara belə bir əmr gəlib və onlar Güney azərbaycanlılara qohum olduqlarını təbliğ etməyə başlayıblar. Onlar indiyə qədər harada olublar? Onların yolunu kim kəsmişdi? İş o yerə çatıb ki, Tehranla Ankara arasında mübahisə başlayıb. Sanki 5 milyonluq Azərbaycan xalqı kimsəsiz qalıb. Məqsədlərimiz bizə aydındır, yolumuz aydındır... Biz sovet azərbaycanlıları deyə bilərik ki, artıq biz məqsədimizə nail olmuşuq... qədim dövlətçiliyə, minillik tarixə malik olan insanlar, azərbaycanlılardır".

Eyni zamanda sovet hərbi kəşfiyyatının  nümayəndəsi yazırdı (ARDA, f.28, siy. 4, s. v. 2, vər. 46-62): "Güman etmək olar, türklər müharibədən sonra Azərbaycanın Türkiyəyə birləşdirilməsi üçün zəmin hazırlayırlar. Lakin türklər, məsələn, Makinsk bölgəsində kürdlərə  daha çox diqqət yetirir. Cəlali qəbiləsinin başçılarından biri olan Ömər xanı güclü şəkildə dəstəkləyirlər. Şahpur bölgəsinin kürd liderlərindən biri Kotasda türklərlə sıx bağlıdır".

Əziz Əliyev M.C.Bağırova rəhbərlik etdiyi "Qrup"un işi və Cənubi Azərbaycanın vəziyyəti haqqında ilk geniş hesabat göndərir.

Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova Cənubi Azərbaycanda vəziyyət haqqında (ARPİİİSSA, f.1. siy. 89, iş. 4, səh. 33-45):

"Əhali sovetlərin İrana daxil olmasını sovetləşmənin elementi kimi qəbul edirdi. Amma biz siyasi işçilərimizə tapşırmışıq ki, hansısa şübhəli qüvvələrin törətdiyi bu təxribatı dayandırsınlar. Sovet ordusunun hissələrinin yerləşdiyi bütün şəhərlərdə və yaxın kəndlərdə əhali arasında geniş təbliğat işlərinə başladıq. Yayılan təbliğat vərəqələrinin əhaliyə güclü təsiri var. Bizə bir çox yerlərdə kəndlilər açıq şəkildə deyirdilər: "Əgər siz getmək istəsəniz belə, biz Qızıl Ordunun İran Azərbaycanını tərk etməsinə icazə verməyəcəyik". Artıq Azərbaycanın bütün bölgələrində əhali İranın dövlət orqanlarının törətdiyi qanunsuzluqlardan bizə şikayət etməyə başlayıblar. Biz onları hər cür qoruyuruq. Əhali tərəfindən hərarətlə qarşılanan "Vətən uğrunda" qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan dilində qəzetin nəşrinə böyük ehtiyac var.

Təbrizdə 15 il ərzində Azərbaycan dilində bir dənə də olsun elm, texnika, poeziya və ədəbiyyat sahəsində yazıçı və şairlərin yaradıcılığının inkişafı üçün şərait yaradılmayıb; hamısı şah rejimi tərəfindən təqib olunublar. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və başqaları kimi Təbriz şair və yazıçıları heç bir əsərini çap etdirə bilmirdilər. Məktəblərdə bir qayda olaraq, rəhbər vəzifələr farslarla zəbt edilibdir. Professor-müəllim heyətinin əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb, xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsini, farslara görə imtiyazların aradan qaldırılması tələblərini irəli sürür. Şəhərlər və kəndlər son dərəcə antisanitar vəziyyətdədir. Hazırda həkim qrupları rayonlar üzrə sanitar xəritələrin tərtib edilməsi üzərində işləyirlər. Oktyabrın 6-da professor Fəxrinin rəhbərliyi ilə Təbriz şəhərinin yerli həkimləri ilə  qarnizonun hərbi həkimləri arasında görüş keçirildi. Qadınlar arasında işləmək üçün mama və qadın həkimlərdən ibarət orta səviyyəli tibb kadrlarına təcili ehtiyac var. İqtisadi cəhətdən də bizə qarşı təxribatlar intensivləşmişdir. Təbriz vilayətinin valisi özü təxribatçıların himayədarıdır. Bir çox sənaye müəssisələrinin işləmədiyini, iri tacirlərin bir hissəsinin Tehrana və ingilislərin işğal etdiyi ərazilərə getdiyini bilən qubernator bizim tələblərimizə baxmayaraq, son vaxtlara qədər iqtisadi həyatı normallaşdırmaq üçün heç bir tədbir görmürdü və hər dəfə bundan çəkinirdi. Yalnız bu yaxınlarda onun əməlləri ilə bağlı məsələnin Tehrandakı səfirliyimiz vasitəsilə İran hökumətinin diqqətinə çatdırılacağı barədə ciddi xəbərdarlıq edildikdə, hiss olunur ki, İran hökuməti daha qətiyyətli tədbirlər görməyə başladı.

Yoldaş Bağırov!

Təbrizdə və digər şəhərlərdə Qızıl Ordu əsgərləri tərəfindən ayrı-ayrı məntəqələrdə  talanlar da baş veribdir, onlar gecələr silah axtarışı adı ilə ev-ev gəzib pul tələb edirlər. Belə faktlar çox olur və biz belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görürük. Digər tərəfdən, Ermənistan SSR Xalq Daxili İşlər Komissarının müavini Gözəlyan trofey avtomobili mənimsəyibdir və geri qaytarılması ilə bağlı təkrar tələblərimiz nəticəsiz qalıbdır".

 

47-ci Ordunun Hərbi Şurasının üzvü polkovnik-komissar Əziz Əliyev

24.10.1941-ci il.

 

Bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətməyə məcbur oldu. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bu aktivliyin azaldılması səbəbi ilə Bakıya qayıdan Əziz Əliyev tezliklə Dağıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilir. Bu təyinatın səbəbləri  barədə o dövrdə Mərkəzi komitənin katibi olmuş Mirhəsən Seyidov belə qeyd edirdi ("Tam məxfi-Mirhəsən Seyidov, xatirələr" əlyazma): "Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun  ailəsi bizim kimi 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının türklərə qarşı törətdikləri qırğınlardan qaçaraq İrəvan şəhərini tərk etmişdilər. Ailəsi Naxçıvan vasitəsilə Bakıya köçmüşdü. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra həkim, sonra isə respublika Xalq Komissarları Sovetinin aparatında işləmişdi. 30-cu illərdə M.C.Bağırov Azərbaycan KP MK-nın birinci katibi olandan sonra Əziz Əliyev Tibb İnstitutunun direktoru, Xalq Səhiyyə komissarı, MİK Rəyasət Heyətinin katibi seçilmişdi. Sonra Bağırovun  təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katiblərindən biri seçildi. Böyük Vətən müharibəsi başlayan kimi Əziz Əliyev Azərbaycanın digər məsul işçiləri ilə birlikdə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərildi. Moskvada müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülmə məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar və ilk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Dağıstanın rəhbərləri M.C.Bağırovun onlara qarşı xoş münasibətini yaxşı bilirdilər. Buna görə də tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəldilər. Onlar Bağırovdan xahiş etdilər ki, Dağıstan xalqlarının başına gələ biləcək bu dəhşətli faciənin qarşısını alsın. Bağırov Stalinə zəng vuraraq Dağıstandan gələn ağsaqqallar barədə məlumat verir. Məsələnin mahiyyətini ətraflı danışmağa başlayır və dərhal anlayır ki, bu iş hələ Stalinə çatmayıb. O, tarixən formalaşmış xalqlarımız arasındakı münasibətlərdən danışdı. Bildirdi ki, dağıstanlı heyvandarlar ailələri ilə birlikdə onlara məxsus yüz minlərlə qoyunun qışladığı Azərbaycanda yaşayır və hər dördüncü neft ustası dağıstanlıdır. Dağ xalqları bizim qardaşlarımızdır. O, Stalindən dağıstanlıları öz yurdlarından köçürməməyi və onların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinə götürərək  xahiş etdi: "Mən onlara başımla cavabdehəm", - dedi. Stalin isə, "Mənə hələ bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli olacaqlarına  görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüzsə, yaxşı, qoy belə olsun, onların köçürülməsinə razılıq verməyəcəyəm, onda bu respublikanı öz himayənizə götürün, lazımdırsa, rəhbər heyəti etibarlı və yetişmiş kadrlarla əvəz edin, tam nizam-intizamı bərpa edin", - dedi.

Böyük etimada görə təşəkkür edən Bağırov tez bir zamanda özü üçün iş planı cızdı, yubanmaq olmazdı. O, Sov.İKP Mərkəzi Komitəsinə, Mərkəzi Komitənin katibi Şerbakova zəng etdi, Stalinlə baş verən söhbəti dedi, ilk növbədə, kadrlarla və digər təşkilati işlərin həyata keçirilməsi baxımından praktiki fəaliyyət göstərəcəyini bildirdi. Burada söhbət ondan gedirdi ki, Sov.İKP MK-nın aparatı bilsin ki, müvəqqəti olaraq müharibə gedən bir vaxtda bu muxtar respublikaya rəhbərlik faktiki olaraq Azərbaycan MK-ya həvalə edilib. Şerbakov, Bağırovun sözlərinə görə, hətta sevindi, çünki o vaxt Rusiya Federasiyasının özü ən çətin vəziyyətdə idi. Alman faşist qoşunları Rusiya ərazisinin Avropa hissəsinin yarıdan çoxunu işğal edib Volqaya çatmış, Stalinqradı bombalamağa başlamışdı.

M.C.Bağırov dərhal Dağıstan üçün nəzərdə tutulan planı həyata keçirməyə başladı. O, Əziz Əliyevə vəziyyəti izah etdi. Stalinlə onun namizədliyini razılaşdırdıqdan sonra Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Dağıstanda məşhur olan Əbdürrəhman Daniyalov isə Nazirlər Sovetinin  sədri vəzifəsinə təsdiq edildi. Əziz Əliyevlə birlikdə Sovet hüquq-mühafizə orqanlarından, MK aparatlarından, komsomoldan, həmkarlar ittifaqı işçilərindən böyük bir qrup Dağıstana müxtəlif vəzifələrin icrasına ezam olundu".

Beləliklə, Əziz Məmmədkərim oğlu Əliyevin çoxşaxəli həyatının təxminən, yeddi ili Dağıstanla bağlı olur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!