Mənim şair dostum Qabilin gözəl bir şeiri var: "Adsız bulaqlar". Əzbər olaraq yadımda deyil, amma ümumi məzmunu belə idi ki, bizim dağlarımızda, meşələrimizdə o qədər adını eşitmədiyimiz və adı bilinməyən bulaqlar var ki, məşhur bulaqlardan qat-qat gözəl, bol sulu, müalicəvi əhəmiyyətli suları olan bulaqlar... Qabil o şeiri gözəl yazmışdı, o mənada ki, üzdə olmaq, hamının tanıdığı məşhur bir simaya çevrilmək hələ hər şey demək deyil. Dünya böyükdür, insanlıq böyükdür, millət də böyükdür. Millətin içərisində o qədər dəyərli insanlar var ki: eldə, obada, kəndlərimizdə, rayonlarımızda... Onların çoxunun adını bilmirik. Çoxu cəmiyyət arasında o qədər də məşhur deyil. Amma ruh etibarı ilə, düşüncə etibarı ilə, gördüyü işlər, bağlı olduğu ideallar ilə, üzdə olanlardan ən azı aşağı deyil, bəlkə də onlardan üstündür.
Bu girişdən sonra əsas fikrimin, məqsədimin üstünə gəlirəm: mən Etibar Əbilovu uşaq vaxtlarından tanıyıram. Onu da, Azəri də, ümumiyyətlə bu ailəni bizim böyük ziyalımız İmamverdi Əbilovun sayəsində tanımışıq. Bu işıqlı insanın evinə gələn hər kəs, həm də onun övladlarını tanıyırdı. Bəli, Etibar İmamverdi müəllimin oğludur. Onun yolunu, izini davam etdirən bir ziyalıdır... Amma Etibarla tanış olandan sonra görürsən ki, o özü tamam ayrı bir dünyadır, ayrı bir aləmdir. Çox yüksək oxu mədəniyyəti, yüksək məlumatı, yüksək biliyi olan bir adamdır. Dünya ədəbiyyatının, dünya mədəniyyətinin ən ciddi örnəklərini, ən ciddi nümunələrini dərindən öyrənmiş, bilən və hər şey haqqında çox orijinal düşüncəsi olan, sözün əsl mənasında, bir aydındır, işıqdır, işıq paylayandır. Ona görə də tam əminliklə deyirəm ki, İmamverdi müəllimin ocağı öz sağlığında olduğu kimi bu gün də gur yanır. Bir yandan, Azər Turan - bizim "Ədəbiyyat qəzeti"ni çox yüksək səviyyədə çap edən və İmamverdi müəllimin ruhunu, onun tutduğu yolu davam etdirən bir qardaşımız, o biri yandan da Etibar... Etibar Neftçalada yaşayır, amma Azərbaycan ədəbiyyatının bütün axarları, axınları, mədəniyyətimizdə baş verən bütün hadisələr onun içindən, onun düşüncəsindən, onun təfəkküründən keçir... Etibarla söhbət edirsən və görürsən ki, dünyanın o biri başında mədəniyyət aləmində, ədəbiyyat aləmində baş verən hər hadisədən xəbərdardır və hər şey haqqında da özünəməxsus və həm də həqiqətə, bəlkə də ən yaxın olan dəyəri, qiyməti o verə bilir. Buna görə də, mən onun dünyanın böyük mədəniyyət xadimlərinə, söz sahiblərinə, böyük şairlərinə verdiyi dəyər, qiymət haqqında düşünəndə görürəm ki, Etibar Neftçalada, öz düşüncəsində bir sənət paytaxtı yaradıb. Neftçala onun simasında həm də Azərbaycan ziyalılığının bir baş kəndidir, mərkəzidir.
Etibarın bu yaxınlarda "Çingiz Aytmatov dünyası" adlı bir kitabı çap olunub. Mən o kitabı oxudum və gördüm ki, bir var, öz yazıçılarımız haqqında fikir deyəsən, bir də var ki, əsərləri 150 dilə tərcümə olunmuş, dünyanın ən böyük yazıçılarından biri olan, həm də türk dünyasının fəxri olan Çingiz Aytmatov haqqında bu dərəcədə sanballı bir əsər hasilə gətirəsən. Onun bütün yaradıcılığını dərindən dərk edərək, duyaraq, yaradıcılığının dünya ədəbiyyatındakı yerini müəyyənləşdirəsən, həm də Azərbaycanla yaxınlığını həssaslıqla incələyərək belə bir kitab yazmaq hər ziyalının işi deyil. Məncə, Bakıda oturan ədəbiyyatşünaslardan heç biri belə bir işə girişməyib. Demək, bu, Etibarın nə qədər geniş düçüncə sahibi, nə qədər geniş təfəkkür sahibi olduğunu göstərir.
Etibar Azərbaycanın böyük ziyalılarından, fikir adamlarından biridir.
O, ömrünün 65-ci baharını adlasa da, mənə görə yenə də ömrünün bahar yaşını yaşayır. Mən bu yaşdan onu elə görürəm. Arzu edirəm ki, onun kitablarının sayı çox olsun. Bizim bir yazıçı dostumuz var idi: Vidadi Məmmədov. Etibar yəqin ki, onu tanıyır. O danışığın gözəl ustası idi. Elə bir istedadın özündən sonra, təəssüf ki, iki hekayəsi qaldı... Mən istəyirəm ki, Etibar düşündüklərini, danışdıqlarını yazsın. Onun "Azərbaycan" jurnalında, "525-ci qəzet"də, "Ədalət" qəzetində, "Ədəbiyyat qəzeti" və digər mətbu orqanlarında gözəl tənqidi yazıları, düşüncələri, publisistik məqalələri çap olunub. Bədii yazıları da var. Hekayələri də çap olunub. Bu yazıların çapı çox olsun, kitablarının çapı çox olsun. O, Yazıçılar Birliyinin üzvüdür, bu öz yerində, amma onun atasının məşhur kitabxanasının Etibarın kitabları ilə zənginləşməsini arzulayıram. Azərin bir sıra qiymətli kitabları çap olunub. Mən hesab edirəm ki, bu iki qardaş atalarının ruhunu sevindirir. Atalarının ocağı, evi - İmamverdi müəllimin evi Azərbaycanın bir ziyalı ocağı idi. Bakıdan durub gəlirdilər onu ziyarət etməyə, onu görməyə, onunla söhbət etməyə. Bizim tanıdığımız bütün böyük, üzdə olan şairlərimizin, yazıçılarımızın onunla bağlı xatirələri var və o ocağı bu gün şənləndirən, orada atasının ruhunu daima sevindirən Etibardır və o bu işi davam etdirir.
Mən Etibara uğurlar, cansağlığı arzulayıram. İmamverdi müəllimin ocağı bu gün həm də Etibarın öz ocağıdır.
14 avqust 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!