Allahım vicdanımdır... - Şəmil SADİQ

Bu səfərin maraqsız və darıxdırıcı olacağını düşünürdüm. Çünki nadir hallarda tək istirahətə gedirəm.

Bir psixoloq dostum söhbətlərimizin birində demişdi ki, göründüyün kimi sosial deyilsən, əslində təbiətin melanxolikdir və təkliyi, tənhalığı sevirsən. Özün deyilsən, bu yaşadığın səndə quramadır. Açığı, xeyli gülmüşdüm. Amma bu söz qəlbimin dərinliyində özünə yer etmişdi. Sanki özümü sınaqdan keçirmək istəyirdim. Bir neçə gün yalnız qalandan sonra təkliyin dadını aldım. Deyəsən, dostum haqlı imiş; melanxolikliyin digər əlamətləri ilə qətiyyən razı olmasam da, təklik, tənhalıq fikri ilə razılaşa bilərəm. Ümumiyyətlə, məncə, belə bölgülər heç bir halda hamını ifadə etmir. İnsan özündə hərəsindən bir az tapmış olur. Ona görə də çox az hallarda kiminləsə tanış olmağa həvəs göstərirəm belə səfərlərimdə.

Minsk yaxınlığındakı gölün qırağında oturub uzaqları, yelkənli qayıqları, nə suda, nə də quruda özünə yer tapa bilən ördəkləri seyr edirdim. Düşünürdüm ki, bəzi insanlar da ördək kimi həyat sürürlər. Yəni nə balıq olub suya dala bilirlər, nə ceyran olub meşəyə, çöllüyə qaça. Yarım-yarımçıq həyat sürür, ölüb gedirlər... Elə "ördəkkimilər fəsiləsi" ifadəsini fikrimdən keçirib gülümsəmişdim ki, salam-kəlamsız bir sual eşitdim və mənə ünvanlandığını anladığım üçün heç nə soruşmadım, cavab verdim. Cavablar müzakirəyə çevrildi, beləcə, xeyli danışmalı olduq.

Dialoqumuz belə idi:

- Sən gəl, bizim dinimizə qatıl!

- Sizin din? O hansıdır elə?

- Vicdan!

- Tutaq ki, qatıldım, sizin kitabınız, məramnaməniz, nəsə bir şeyiniz var?

- Yox, bizim kitabımız elə vicdandır.

- İbadəti necə edirsiniz?

- Özümüzü, daxili səsimizi dinləmək ən vacib ibadətimizdir. Gündə bir dəfə böyük, yüzlərlə kiçik dinləmələr ola bilər. İçdən, ta dərindən özümüzü dinləyir, daxili səsimiz nə deyir, onu dərk edib arınırıq. Hər gün, hər an arınmaq mümkündür. İnsanın arınmağa böyük ehtiyacı var.

- Arınmaq dediyiniz, necə olur? Bəs özünüzü dinləyəndən sonra nə olur?

- Gəl bunu sizin dininizdəki tövbə ilə eyniləşdirək. Əslində təkcə tövbə deyil, amma oxşarlığı var. Xristianlar gedib bir keşişlə danışır, bağışlanmasını ondan istəyir, müsəlmanlar isə üzünü göyə - Allahına, peyğəmbərinə tutur. Etiraflar... Etdiyin, etdiyini düşündüyün pis və yaxşı əməllərin, hərəkətlərin, hətta düşüncələrin dilə gətirilib etiraf olunması. Amma bizim dinimizdə bu prosesdə kimsə yoxdur - özünsən, daxilindəki "mən"dir. Yəni etirafını özünə edib, öz "mən"inlə danışıb, özünü mühakimə edirsən. Hər şey insanın əlindədir, özünü bağışlayırsa, xətalarını bilirsə, özünü dərk edirsə, deməli, arınır. Bir növ, özünün fərqinə varır. Bir daha təkrar etməmək şərtilə günahlarını bilib, anlayıb, o xətaları ilə üzləşib özünü qəbul etməyi bacarmaq... Vicdanla düşünüb-daşınıb...

- Bəs Allahınız?

- Hə-ə, elə Allahımız da vicdandır. Vicdanın verdiyi qərarlar bizim göstəricimizdir, yol fənərimizdir! Müxtəlif dinlərdə, müxtəlif inanclarda Allah da müxtəlifdir. Əslində sən kimsən, necəsənsə, Allahın da odur, elədir. Dilimizdə, bir ifadə var ha-a: "Allahın olsun!" Bax, bu ifadə demək istəyir ki, vicdanın olsun. Bir düşün, necə ola bilər, kiminsə Allahı olmasın? Allah təkdirsə... Ki buna inansaq, deməli, hamının Allahı var. Amma el dilindəki bu ifadə o deməkdir ki, özünü dərk et, tanı, içinə bax, oradakı işığı gör. Görürsənsə, deməli, vicdanlı insansan. Hamıya görə Allah olmaz, olarsa, vicdanı ona sahiblik edir, deməkdir; bu da elə vicdan dinidir.

- Axı vicdan subyektiv olur...

- Bəli, hərənin vicdanı onun məbədidir, kitabıdır, Allahıdır! Amma bütün insanların genetikasında eyni şeyə kədərlənmək, eyni şeyə sevinmək kimi duyğu var. Bu da bizə ümumi məsələlərdə dəstək olur, xırda məsələləri isə cəmiyyətin vicdanı həll edir.

- Güldürmə, sən vicdanın! Belə də din olar? O zaman xaos yaranar, qan axar, qırğın düşər. Cəmiyyət vicdanı nə idi bəs?

- Heç nə olmaz, çünki özünə qulaq verməyən, özü olmayan, daxili "mən"inə varmayanları dinimizə qəbul etmirik! Bizim ümumi vicdan göstəricimiz cəmiyyət vicdanı adlanır. Yəni hər birimiz nə qədər vicdanlıyıqsa, topla, sonra orta nəticəni hesabla. Bu bütün cəmiyyətlərdə belədir. Bir xalqa ümumilikdə "vicdanlı", yaxud "vicdansız" demək olmaz. Amma ümumi şkala çıxarılsa, hökmən bir xalq digərindən ümumi vicdan anlayışına görə fərqlənəcək.

- Axı bu mümkün deyil, necə əmin olursunuz, kimsə ürəyinin səsinə qulaq verə, daxili "mən"ini dinləyə bilir, ya yox?

- Bizim bilməyimizə gərək yoxdur. Kim ki özü dərk edir, vicdanlı olur, rahat yaşayırsa, deməli, bizim dinimizin nümayəndəsidir.

- Yaxşı, bir sual da verim, mənim vicdanım, daxili səsim deyir ki, səni döyüm. Çünki adam döyəndə zövq alıram, rahatlaşıram.

- O sənin vicdanın, daxili səsin deyil, "mən"inə pərçimlədiyin ikinci "mən"dir. Diqqətlə dinləsən, lap dərinlərdən gələn bir səs deyir ki, bu yaxşı şey deyil. Özü də vicdan, adətən əməli törədəndən sonra insana səslənir. Lap doğruya qalanda, vicdanı güclü olanlarda o, qərarvermə anında prosesə qoşulur, zəif olanlarda isə iş işdən keçəndən sonra. Ən əsası da budur, iş işdən keçəndən sonra vicdanı duya bilirsənsə, deməli, yolun Ağdır! Və onu inkişaf etdirmək mümkündür. Bunun üçün SafAğ elminə bələd olmalısan! Vicdansız insan yoxdur, onu eşitmək istəməyənlər var.

- Bəs sizin aliminiz, üləmanız, müctəhidiniz, nə bilim, keşişiniz, rahibiniz yoxdur?

- Dedim axı, bizim hər şeyimiz vicdanımızdır! Özünü dinlə, sakit ol, içindəki Ağ səsi eşit, gör sənə nə deyir...

- Əslində yaxşı fikirdir, amma hamının buna əməl etdiyinə necə əmin ola bilərik?

- Sizin probleminiz elə buradan başlayır. Birinci özünü dinlə və vicdanlı ol, daxili səsinlə yaşa; hamı ilə nə işin var? Səni bu dünyaya hamının anası gətirməyib, hamının da dərdi sənə qalmayıb. Nə düşünürsən, necə istəyirsən, onu et, onu yaşa. Hər kəs hamını yox, özünü düzəltsə, dünya gözəlləşməzmi?

- Bunun ağıllısı, cahili var. Axı kimlərsə yol göstərməsə, nəyisə öyrətməsə, yaşamaq mümkün olmaz.

- Olar, olar. İnsan birinci özünü kamilləşdirməlidir. Kamil olduğunu dərk edən insansa başqalarının dərdini çəkməz. Bu dünyaya hamı çılpaq gəlir, əxlaqsız gəlir, amma vicdansız gəlmir. İnsanlarda əxlaqı, hətta bəzən duyğuları da cəmiyyət formalaşdırır. Hər cəmiyyətin də öz orta statistik savadı, əxlaqı, dünyagörüşü olur. Düşün ki, bizi formalaşdırıb idarə edən, istiqamətləndirən cəmiyyət olmasa, bu gün necə olardıq?! İnsan şüurundan istifadə edib digərlərini inandırır, yönləndirir. Amma özünü tapan insanlar bu tələlərə düşmür. Hansısa güclü, digərlərindən ağıllı, rəhbər insan başqalarına öz fikirləri ilə istiqamət verir. Çünki belə istəyir, ona belə sərf edir. Beləcə, döngü davam edir...

- Düşündürücüdür. Hər dinin altında, yaxud üstündə nəsə siyasi, ideoloji maraq durur. Bəs sizin? Bunu tam açıq deyə bilərsən mənə?

- Bizim dinin daşıyıcıları xüsusi məkanlara toplaşmır, kimsə onlara cənnət vəd eləmir, hansısa fətvaya səsləmir. Bizim dinimizdən olanlar heç bir-birilərini tanımırlar da. Buna ehtiyac yoxdur. Sadəcə, daxili səsləri ilə hesablaşır, yanlışını anlayıb acısını çəkir, bir də səhv etməməyə çalışır. Kiməsə yaxşı olsun deyə yaxşılıq etmir, sadəcə, özü istəyir. Dinlərin yararlandığı fikirlər də bizim dinimizi ifadə edir, amma çoxu bunu anlamır. Deyirlər e-e, cəhənnəmə hərə öz odunu aparır. Səncə, bu nə deməkdir? Yəni sən əməllərinin qulusan, vicdanının əsirisən. Ya onu həmişə saf tutmalı, daim tənbehləməli, özünü idrak etməlisən, ya da vicdan əzabı səni o biri dünyada da tək buraxmayacaq.

- Ağlıma bir sual da gəldi. Bəs məncə, vicdanlı olan nəsə başqasına görə vicdanlı deyilsə? Və hər iki tərəf özlüyündə haqlıdırsa?

- Yenə müqayisə, yenə qarşılaşdırma? Axı dedim, hərə öz vicdanının səsini eşidir, amma onu dilə gətirmir. Sən özün ol, özünü dinlə, özünlə hesablaş! O biri tərəf də öz vicdanı ilə hesablaşır. Sən özünə hesab verirsən, lap dərinlərdəki səs səhv etdiyini deyirsə, onu dinləməlisən! Özün olmalısan, özün! Əks halda, dünyadakı missiyan tamamlanmayacaq. Əks halda, dünyaya gəlişin və gedişin hesablanmayacaq. Çünki yaradılışda sənə verilən "özün"ün həyatını, taleyini yaşayıb, düşüncələrini reallaşdırıb tamamlamayacaqsan. "Vicdan dinin hamısıdır" deyib birinci özün, daha sonra digərləri ilə üzləşməsən, olmayacaq; sən olmayacaqsan! Sənin missiyan tamamlanmasa, kainatın da missiyası bitməyəcək, çünki sən kainatın özüsən, vicdan da kainatın hərəkət qüvvəsi! Sən və ÖZÜN!

- Guya mənim missiyam var? Nədir ki mənim missiyam?

- Hamının var! Səninki missiyaların lap alisidir! Ali dəyərləri təbliğ edib yaymalısan! Bilirsən bunu! Bu bacarıq digər yaradılanlara da verilib, amma öyüdçü kimi yox. Sən dəyərlərin öyüdçüsüsən və bunu unutmamalısan. Səni mayak bilib, görüb ardınca gələnlərə də işıq tutmalısan. Sənin missiyan budur. Həmin o işığı, SafAğı. On minlərə, yüz minlərə, milyonlara çatdırmalısan. Dahilik nədir, müdriklik nədir, insanlıq nədir öyrətmək üçün! İndi nə deyirsən, özünsən? Özün olursan?

- Tutaq ki, daxili "mən"imi dinləməyi bacardım, onun istəyi ilə yaşamağı seçdim. Sonra nə edirəm?

- Bax görürsən, insanlığın ən böyük problemi bundadır. Nə edəcəksən? Həyatını yaşamalısan, ÖZ həyatını, özünü! Vicdanla! Vicdanla! Vicdanla!

Bu səslər qulaqlarımda hələ də cingildəyir. Bu sualları kim verirdi, kim cavablandırırdı, hələ də bilmirəm. Amma ona əminəm ki, tərəflərdən biri mən idim. Bəlkə də, daxili səsimlə mən idim danışan. Yoxsa, qeybdən gəlirdi?.. Bəlkə, sadəcə, bunu xəyal edirdim... Hələ də tam anlaya bilmirəm... Amma maraqlı müsahib idi. "Vicdan" kəlməsini elə ilahi, elə möcüzəli demişdi ki! Sanki səs dalğaları bütün bədənimi sarmışdı. Vicdanla, Vicdanla, Vicdanla...

Demək, mən vicdanlıyam.

Özümü və "mən"imi tapıramsa... Bu səsləri, sözləri eşidirəmsə... Özümlə danışa bilirəmsə... Özümü yaxşısı, pisi, yanlışı, doğrusu, müsbəti, mənfisi, gücü, zəifliyi ilə duya bilirəmsə... Üstəlik, vicdanım qarşısında bunların hesabatını verə bilirəmsə... Mən Vicdanlıyam!

 

London, Brunel Universiteti kampusu

08.08.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!