Tale və nəsihət kitabı - Telman Cəfərov (Vəlixanlı) Arif Əbdüloğlunun “Bütövləşən Vətənim” kitabı haqqında yazır

Hər bir xalqın böyüklüyü və bütövlüyünü onun yaddaşı müəyyən edir. Bu yaddaşı yaşadan, ilk növbədə, şifahi və yazılı ədəbiyyatdır, tarixşünaslıq materiallarıdır. Bizi həmişə qınayıblar ki, türk xalqları olaraq qədimliyimizi, ululuğumuzu başqa xalqların tarixi və ədəbi mənbələri hesabına sübut etməyə çalışmışıq. Bunun üçün o qədər dəridən-qabıqdan çıxmışıq ki, son üç onillikdə, hətta özgə mənbələrin türk tarixi, sivilizasiyası, tarixi-mədəni konteksti və arealı barədə təmənnasız araşdırmalarına, obyektiv qiymətinə şübhə ilə yanaşıb dodaq büzmüşük. Hər yerdə öz izlərimizi görməyə çalışmaqda özümüzü qınamışıq. Amma dərk etməmişik ki, sənin təbiətinə, tarixinə, mövcudluğuna aid olan məfhumları, kodları səndən başqa kimsə adekvat şəkildə aça bilməz. Bəli, alman, İsveç, rus, ingilis, Amerikan və s. tədqiqatçılar türkün izini Altayda, Pamirdə, Balkanlarda, daş kitabələrdə, qəbirüstü abidələrdə, xronika və salnamələrdə axtarır və tapır; biz də çox vaxt bunu məmnunluq və heyranlıqla dəyərləndiririk. Dəyərləndirməliyik də. Lakin dərk etmirik ki, onlar öz tarixi-mədəni varlığını ümumbəşəri konteksdə axtarır, hər addımda türkün izləri ilə qarşılaşdıqları üçün öz qənaətlərində səlis, bütöv və obyektiv olub, tarixi geniş müstəvidə görməyin vacibliyini anlayırlar...

Bu səpkidə Oljas Süleymenov yazanda onu publisist adlandırırıq. Onun dünyaca məşhur "Az və Ya" və "Yazının dili" kimi kitabları hələ də Azərbaycan gəncliyi üçün naməlum olaraq qalır; tərcümə etsək belə, onlarca dissertasiyalar yazıb arxivlərə göndərsək də, bu mənbələr universitetlərin tədris resursları fonduna, tədris proqramlarına salınmayınca, vəziyyət beləcə statik qalacaq. Hətta rus tarixini, rus dövlətçiliyini, onun gələcəyini, bütöv Avrasiyanı türk xalqları və dövlətlərisiz təsəvvür etməyən qeyri-türk Lev Qumilyov belə bizdə ciddi elmi istinad kimi həzm olunmur. Yəni özünüaşağılama sindromu qanımıza, canımıza çöküb. Ruslar öz geriliyini, qabalığını, davamlı avropalaşmaq cəhdini vaxtilə onları xaç yürüşlərinin cəngindən xilas etmiş və onlara öz imperiyalarını yaratmaq fürsəti vermiş tatarların istilasında axtarırlar. Uzun onilliklər boyu dünyanın "yarısı"nı öz ideoloji təpkisi altında saxlayan rus (sovet) imperiyası bütöv türk tarixini Böyük (Vəhşi) Çöl tarixi kimi təqdim etməklə, Türküstan tarixi-mədəni arealını sivilizasiyalar tarixi üçün boz sahə kimi təqdim edir və buraya təhsil və mədəniyyətin gətirilməsini öz adlarına çıxırdılar. Sovetlər dönəmində akademik Dmitri Lixaçov Türküstan arealının rusla heç bir tarixi əlaqəsinin olmadığını təsdiqləyəndə türk tarixinin biliciləri qırıla-qırıla qalırdılar. Etiraz səsini qaldıranların kitab və məqalələri yığışdırılırdı... Bu elmi müstəvidə ilkin olaraq ruslar tərəfindən irəli sürülən dünya sivilizasiyaları tarixi, Avropanın inkişaf xəritəsi (Nikolay Danilevski) sonradan almanlar (Osvald Şpenqler), ingilislər (Arnold Toynbi) və s. tərəfindən genişləndirildi və şərh olundu. Bu konsepsiyada türklər "sivilizasiyaların dağıdıcısı" statusunda təqdim olundular. Belə bir münasibətə əks-reaksiya vermək əvəzinə, biz özümüz özümüzü təftiş edə-edə qalmışıq: hətta toponimlərimiz, onomastika vahidlərimiz barədə fərziyyələrə, tarixi yaddaşa, daha çox "qan" yaddaşına söykənən faktlara bəzən qeyri-ciddi yanaşırıq...

Hər bir xalqın əsl tarixi öz yeni səhifəsini o vaxt yaşayır ki, onun taleyində əsaslı bir dönüş olsun, o öz gücünü, iradəsini, müdrikliyini dərk eləsin. Xalqımız uzun illərin acısından, 100 il bundan əvvəl Bakının və digər bölgələrimizin erməni qırğınlarından sonrakı savaşda qalibiyyətimizdən və Şərqdə ilk Demokratik cümhuriyyət yaratma qüdrətimizdən sonra 2020-ci ildə yenidən tarixinin növbəti şanlı səhifəsini yazdı. Bu düşüncə və qeydlərimizin səbəbi olan "Bütövləşən Vətənim" kimi kitabların ərsəyə gəlməsi sadəcə, bir ədəbiyyat hadisəsi deyil. Onu təkcə ədəbi əsər kimi dəyərləndirmək düzgün olmazdı. Kitabın 85 yaşlı müəllifi, el ağsaqqalı, mili koloritimizi, varlığımızı, mentalitetimizi, xarakterimizi yaşadan Bakıətrafı kəndlərdən biri - Maştağa sakini Arif Əbdüloğlunun "Bütövləşən Vətənim" şeir və poemalar toplusu (Bakı: "Mütərcim", 2024, 208 s.) ilə tanışlıq məndə söylədiyim fikirlərlə assosiasiyalar yaratdı. Qarabağa qayıdışımız, onun dirçəldilməsi ilə bağlı ilk liro-epik nümunə Sabir Rüstəmxanlının "Qarabağa qayıdış" poeması idi. Keçən il bu poemadan iki fəsli rus dilinə tərcümə edib təlim rus dilində aparılan siniflər üçün "Ədəbiyyat" dərsliyinə daxil etdik. Bu il hazırlanmaqda olan beşincilər üçün dərsliyə isə Zahid Xəlilin "Dəmir Yumruq dastanı"nı yerləşdirdik. Yenə bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri, tanınmış ədəbiyyatşünas-alim Abuzər Turanın "Zəfər nəğməsi" ilə tanış oldum.

İndi Qarabağ mövzusunda əsərlərin sayı yüzlərlədir. Bu da təbiidir. Birinci və İkinci Qarabağ savaşlarında, Vətən müharibəsində nə qədər qəhrəman, nə qədər şəhid, nə qədər faciəvi və şanlı tale yaşanıbsa, hər biri diqqətəlayiqdir. Axı qəhrəmanlığa imza atan igidlər təsadüfi isimlər deyillər. Otuz il ərzində çox igidlər, çox ailələr, çox talelər itirdik. Bu faciələr fonunda Əlif Hacıyev, Allahverdi Bağırov, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov kimi onlarla şəhidin qəhrəmanlığını ürəkdolusu vəsf etməkdən çəkindik. Çünki torpaqlarımız hələ də işğal altında idi. "Bütövləşən Vətənim" toplusunda tam başqa bir əhval-ruhiyyə var: müəllifin həyat təcrübəsi, dünyagörüşü, yaddaşı, milli qürur hissi son tarixi qələbəmizin fonunda maraqlı həyat tarixçələrini, insan talelərini, ilk növbədə, bədnam qonşularımızın nankorluğu, quduzluğu ucbatından yaşanan çətinlikləri yüksək emosionallıqla yanaşı, inam və əminliklə yaşanan real hadisələr kimi təqdim edir.  Bakıətrafı kəndlərin mədəni-musiqi mühiti, məişəti, toy və yas mərasimləri, söz dünyası, dinə münasibəti, insanların təbiəti, çalışqanlığı, ellilik və bütövlük bu yerlərin özəlliyini sübut edir. "Şuşa zirvəsi" poeması, sanki Maştağanın çətin və şərəfli tarixini əks etdirən "Qeyrət qalası" poeması ilə tamamlanır. Birinci poemanın ilk misraları

 

Şuşa bizim qeyrətimiz,

Şuşa bizim sərvətimiz.

Şuşa qaynar qanımızda,

Şuşa candır canımızda.

Şuşasız olarmı Vətən?!

Şuşa mənəm, odur, sənsən!

ikinci poemanın ilk hissəsinin

Otuz iki kəndin böyük qardaşı,

Bakının arxası, mərd silahdaşı

Burda buxovlanıb düşmənin başı,

Bir daha yadına sal, a Maştağam!

Yollar ayrıcında qala Maştağam!

 

Son misraları Vətənə, torpağa sevgi və bağlılığı təcəssüm etdirən, bütöv Vətən obrazı yaradan, birnəfəsə yazılan poetik mətnlərdən götürülmüş şeir parçalarıdır. Onların kökündə, mayasında isə böyük ustadlarımız Şəhriyar və Bəxtiyar Vahabzadənin ürək yanğısı ilə istinad olunan sətirləri durur:

 

Bir soruşun, bu qarğımış fələkdən,

Nə istəyir bu qurduğu kələkdən?!

Deynə keçirt ulduzları ələkdən,

Qoy tökülsün, bu yer üzü dağılsın,

Bu şeytanlıq qurğusu bir yıxılsın!

 

"Heydərbabaya salam"

 

Hanı bu ellərin mərd oğulları,

Açın bərələri, açın yolları.

Bəs hanı bu əsrin öz Koroğlusu,

Qılınc Koroğlusu, söz Koroğlusu?

 

"Gülüstan"

 

Arif müəllimin şeir və poemaları "Hər qaranlıq gecənin işıqlı bir sabahı var" həqiqəti və məntiqinin təcəssümüdür.

Bu kitabda "Qeyrət qalası" adı altında təqdim olunan poemanın süjet xətti 100 ildən bir az əvvəl xalqımızın yaşadığı və sinə gərdiyi qanlı tarixi hadisələrə həssas bir münasibəti əxz etdirir. Silahlanmış, təşkilatlanmış, hərbi təlim görmüş daşnak dəstələrinin, lənətəgəlmiş komissar Şaumyanın başkəsənlərinin törətdiyi fitnələrin qarşısını alan kənd qoçuları - Nəcəfqulu və Əziz, Kərbəlayi Əliheydər, Qulamhüseyn Bəhlul oğlu, Maştağa qarnizonunun döyüşçüləri, kəndin mühafizəsinə dəstək verən türk sərkərdələri Tofiq paşa ilə Mürsəl paşa, burada adları çəkilən digər qəhrəmanların real şəxslər olması oxucuda şübhə doğurmur. Nə yaxşı ki, Arif Əbdüloğlu kimi bu tarixi hafizələrdə yaşadan və canlandıran yaradıcı insanlar var. O qoçulara, kərbəlayilərə, hacılara, xilaskar türk paşalarına nə qədər iftiralar yapışdırılsa da, xalq əsl qəhrəmanlarını, xilaskarlarını unutmayıb.

Bəli, insanı yaşadan yaddaşdır: həm fiziki, həm psixi, həm də mənəvi cəhətdən.

Bu gün ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət proqramlarına uyğun Bakıətrafı kənd və qəsəbələrimiz abadlaşdırılır, yollar salınır, xidmət infrastrukturu, turizm marşrutları yaradılır, Xəzər sahilinin turistlər üçün cəlbediciliyinə çalışılır. Bunlar olunursa, sabah turistlərin, xarici qonaqların da sayı artacaq. Deməli, bu marşrutlarda, bu ünvanlarda tarix və etnoqrafiyamızı, milli dəyərlərimizi göstərmək imkanlarımız olacaq. Bakıətrafı kənd və qəsəbələrimizdə qəhrəmanlara heykəllər, xatirə kompleksləri ucaltmaq, etnoqrafik materialların, hələ də rast gəlinən eksponatların toplandığı muzeylərin təşkili barədə düşünəcəyik. El ağsaqqalı, kitabın müəllifi Arif Əbdüloğlunun "Qeyrət qalası" poemasının əsas ideya və missiyası bu düşüncəyə çağırışdadır.

Xoşbəxtliyimiz ondadır ki, əsrlərin tufanı, çək-çeviri, siyasi və diplomatik oyunları bütöv Vətən, bütövləşməli Vətən ideyasını başımızdan çıxara bilməyib. Zaman-zaman bu xalqın düşünən beyinləri, danışan dilləri, müdrik liderləri və başbilənləri xalqı və milləti bu ideya ilə yaşamağa səsləyiblər...

Kitab Turan dünyasına məhəbbətdən, Türkün birliyinə inamdan yoğrulmuş çələngi xatırladır. Bu, müdrik həyat təcrübəsindən hasil olan məhəbbət və inamdır - Turan dünyasının önündə gedən Türkiyəyə məhəbbət və inam:

 

Arxa durub sən qardaşa

Yüz illiklər birgə, qoşa,

Daim yüksəl, xoşbəxt yaşa,

Dünyamıza dürr Türkiyə!

 

Ömrünün müdriklik dövrünü yaşayan müəllif insanları ev dustağına çevirmiş, sərhədləri insanların üzünə qapamış Şeytan əməli - Koronavirus bəlasının törətdiyi eybəcərlikləri yada salır. "Möcüzələr səhrası"nda təsvir etdiyi ölkənin timsalında Azərbaycanda, Qarabağımızda, digər regionlarımızda, elə Bakıətrafı kəndlərdə gedən quruculuq, abadlıq, yaşıllaşma və dirçəlişin nəticələrini təsəvvür edir. Molla Nəsrəddinsayağı kəlamlarında isə doğru düşüncəyə, dirçəlişə, dürüstlüyə mane olan ünsürləri tənbeh etməyə çalışır:

"Ağanın malı gedir, nökərin canı çıxır.

- Çıxar da, axı bu malın qazanılmasında nökərin əziyyəti az olmayıb.

Ağlını yığ başına.

- Vallah, qalmayıb, o qədər ona-buna ağıl vermişəm ki, indi yığa bilmirəm.

Bu sözümü qulağında sırğa et.

- Kişi də sırğa taxar?

Bu işə qohum-qardaş, qonşu nə deyər?

- Qonşu özümüzünküdür, mən qohumlardan qorxuram.

Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

- Bəs camaat?"

Bu deyimləri, maraqlı faktlar və müşahidələrlə dolu digər şeirləri, poemaları, bəndləri bir-bir vərəqləməyə, orada təsvir edilən insan taleləri, hadisələr, duyğularla yaşamaq və bu həqiqətlərin tarix və tale yolumuz üçün əhəmiyyətini anlayıb, gələcək nəsillərə çatdırmağın, anlatmağın yolları barədə düşünməyə dəyər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!