Qürur duymağa dəyər - Çingiz ABDULLAYEV

Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin yubileyinə həsr olunmuş tədbirdə, mən AYB-nin üzvləri olan yazıçıların və şairlərin həyatının qəhrəmanlıq və faciələrlə dolu səhifələri haqqında bəhs etdim. O zamanlar Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım Ələkbərli siyasi repressiya dövründə güllələnmişdi. Məmmədkazım  Ələkbərlidən sonra İttifaqa rəhbərlik edən Seyfulla Şamilov beş il müddətinə həbs edilmişdi. Həbsdən çıxdıqdan sonra isə yenidən nəzarət altına alınmışdı. Daha sonra beş illik əmək düşərgəsinə sürgün edilmişdi. Süleyman Rəhimov Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etdiyi zaman onu da həbs etmişdilər. Səməd Vurğunun həbs olunması da, planlaşdırılırdı. Bu hadisələrdən bir neçə il sonra İttifaqın sədri olan Xalq yazıçısı Mirzə İbrahimovu milliyyətçilikdə ittiham edərək üç dəfə işdən azad etmişdilər. Mirzə İbrahimov Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil olunmasını tələb edirdi. Məhz bu səbəbdən, həmin ərəfələrdə SSRİ Nazirlər Sovetinin sədri N.S.Xruşşov, Mirzə İbrahimova - "Siz faşistsiz" - deyirdi. Yazıçıların başlarına gətirilən hadisələr Azərbaycan Yazıçılar İttifaqının digər bir vaxt sədri olan Mehdi Hüseyndən də yan keçməmişdi. O, öz kabinetində infarkt keçirərək vəfat edib. Rəsul Rzaya və İmran Qasımova qarşı edilən hərəkətlər də hamıya məlumdur. İsmayıl Şıxlı, həmçinin iki dəfə ərizə yazıb vəzifədən getməyə məcbur olmuşdu.

Son 37 il ərzində Anara qarşı edilən ədalətsiz tənqidlərin, habelə təhqirlərin, xoşagəlməz hərəkətlərin də sayı-hesabı yoxdur. Azərbaycan Yazıçılar Birliyində çalışdığım 36 il ərzində üstümə atılmayan şər-böhtan, iftira qalmayıb.

Gəlin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və Hüseyn Cavidin həyatlarını da yada salaq. Bu siyahını sonsuza qədər davam etdirmək mümkündür. Yazıçıların və şairlərin həyatı faciələrlə və qəhrəmanlıqlarla doludur. Yazıçıya, şairə qalib gəlmək mümkün deyil. Hətta onu qılıncla öldürsələr belə, qələmini qıra bilməzlər. Ədəbiyyatımızın tarixi buna açıq-aşkar sübutdur. İmadəddin Nəsiminin dərisini diri-diri soyublar. Molla Pənah Vaqif edam olunub. Müşfiqi güllələyiblər. Haradadı bunlara qarşı zorakılıq tətbiq edən cəlladlar? O cəlladların adını heç kim bilmir. Xalq onları sadəcə, bir cəllad kimi lənətləyir. Ancaq Nəsiminin, Vaqifin, Müşfiqin əsərləri sevilə-sevilə oxunur, adları sayğı ilə anılır.

90-cı illərdə Qarabağ müharibəsində 11 yazıçımızın övladları şəhid oldu. Bir neçə cavan qələm yoldaşlarımız bu müharibədə canından keçdi. Ümumiyyətlə, 90-cı illərdə Azərbaycan Yazıçılar Birliyi maddi və mənəvi çətinliklərlə üzləşmişdi. Ancaq bu hadisələr, sınaqlar yazıçıları ruhdan salmadı. Biz qalib gəldik. Biz Birliyimizi qoruya bildik, jurnallarımızı və qəzetlərimizi saxlaya bildik.

Ümummilli Liderimiz Heydər Əliyevin və ölkəmizin başçısı İlham Əliyevin qələm əhlinə etdiyi dəstək danılmazdı. Ümummilli Liderimizi minnətdarlıqla anırıq. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarına isə dərin təşəkkürümüzü bildirir, ona uzun ömür, cansağlığı arzu edirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!