İmzasını çoxdan cəsarətlə təsdiqləmiş (həm şeirdə, həm publisistikada, həm də digər essevari mətnlərdə) Sərvaz Hüseynoğlu yeni kitabını "Yaşıl xatirədir ömrün hər günü" adlandırıb. Məncə, hər bir mətləb elə addan, sərlövhədən başlanır. Həqiqətən, azca dərinə varanda, görürsən ard-arda düzülən günlər yaşıl xatirələr oylağıdır: yaşanmış, əbədiyyətin qu nəğməsini oxumuş silinməz, unudulmaz anlar, dəqiqələr, məqamlar, saatlar... Qələm dostum ustalıqla şair Fəxrəddin Teyyubun işıqlı portretini canlandırır, bu halal, vicdanlı söz adamının yaradıcılığı kontekstində poeziyasını təhlil edir, yaratdığı təbiət mənzərələrini və təsvirlərini diqqət mərkəzində saxlayır. Böyük mənada, "Yaşıl xatirədir ömrün hər günü" (kitabın adı) uca Tanrıya ünvanlanmış sevgi məktubudur.
Eyni zamanda bu on bir hecalı misra Fəxrəddin Teyyuba xitabən söylənmiş duadır.
Eləcə də, bütün Fəxrəddinsevərlərə, oxuculara zamanında ünvanlanmış pıçıltıdır.
Vaxtilə Azərbaycan radiosunda "Bulaq" verilişi vardı, ona qulaq asdıqca, dağ yamaclarımızdan, ormanlarımızdan, qayalıqlarımızdan pıqqıldayıb axan çeşmələrin, göz yaşı kimi duru kəhrizlərin şırıltısını yada salırdı. Efirdən damcı-damcı söz qaynayır, pərvəriş tapırdı, oba-oba, elat-elat yayılırdı. Təşnə qəlbləri sərinlədir, ovqatımızı göyün yeddinci qatına qaldırırdı. Sərvaz Hüseynoğlunun bu kitabındakı fikir və düşüncələri də sərrastdır, bulaq suyu qədər saf və axıcıdır. Müəllifin yazı dili akademizmdən, ritorikadan, pafosdan, əllaməçilikdən, tapdalogiyadan uzaqdır, folklor dilidir, təmiz danışıq dilidir.
Sərvaz kitabı üçün beləcə yeni, qəribə yazı, qeyri-adi üslub seçməkdə yanılmayıb. Onun "qəhrəmanı" ilk öncə müasiridir, poeziyamızda artıq özünəməxsus dəst-xəttini müəyyənləşdirən tanınmış şairdir. Kitabda verilən ayrı-ayrı yüyrək dialoqlardan bəlli olur ki, o, Fəxrəddin Teyyubun yazı tərzinə yaxşı bələddir. O cümlədən, şair də haqqında kitab bağlayan Sərvaz Hüseynoğlunu dərindən tanıyır. Bu ümumi tanışlıq hər iki tərəf üçün əsasdır və mövzunun, həmçinin bədii-texniki baxımdan işlənməsində rol oynayır, mühüm əhəmiyyət kəsb edir.
Təbii ki, əgər Fəxrəddin Teyyubun zərif, səmimi, hissiyyatlı poeziyası olmasaydı, bu kitabın da mövcudluğuna şübhə yaranardı. Yeri gəlmişkən, 40-45 il əvvəl "Ulduz" dərgisində bu şairin ilk qələm təcrübələrinə rast gəlməsəydi, heç bu sətirlərin müəllifi də (yəni, mən) onu sevməz, canla-başla təqdirinə tər tökməzdi. Çünki yaxşı poeziya nümunəsi elə şeydir ki, dərhal hafizəndə, yaddaşında iz buraxır, bəzən bircə beyt və ya poetik ifadə, misra səni əsir-yesirinə çevirir, yuxuna haram qatır. O zaman jurnala təqdim edilən milis serjantının (indiki polis polkovniki) poeziyası həqiqətən, məni təəccübləndirdi. Həsəd apardım o duyğulu sevgi notlarına. Ürəyimdə gileyləndim: "Milis hara, belə gözəl şeir yazmaq hara?" Budur, həqiqətən, "yeraltı çaylar dənizə axırmış", Fəxrəddin "yeni mündirində" təzədən özünə-sözünə qayıdıb, Azərbaycan şeirinin nəhrinə qayıdıb.
"Yaşıl xatirədir ömrün hər günü"ndən heyranedici sətirlər: "Fəxrəddin Teyyubla hər bir söz adamı, hər bir oxucu arasında pünhan düşüncə, romantik duyğu bağlılığı var. Adam onun şeirlərini, haradasa, özünün-özünə, özünün onu əhatə edən aləmə olan münasibətinin ifadəsi, şəkli kimi qəbul edir, o, şeirlərin dili ilə özününkülərə, özünün olana müraciət etmək istəyir.
Hələ qalxacaqsan neçə yoxuşu,
İçimdə ölçüşən, məhək daşısan.
Elə bil mənimlə mehriban qonşu,
Elə bil mənimlə yol yoldaşısan.
Qoymadım göz dikəm özgə əllərə,
Suyum içimdədi, dənim içimdə.
Coşub-çağlayırsan gündə min kərə,
Sahilsiz ümmansan mənim içimdə...
Bir neçə kəlmə də Fəxrəddinin ithaf şeirləri barədə. Əvvəla, Sərvaz məşhur Füzulişünas tədqiqatçı, Gəncədə pedaqoji təhsil alarkən müəllimi olmuş Sabir Əliyevdən, tənqidçi Vaqif Yusiflidən tutmuş, Xalq yazıçısı İsa Muğannayacan, görkəmli professorlar - Qəzənfər Paşayevdən, Nizami Cəfərovdan, Nizaməddin Şəmsizadədən, Məti Osmanoğludan, Rüstəm Kamaldan misallar gətirir, istinad eləyir. İkincisi, şeirin müxtəlif söz sərraflarına ünvanladığı şeirlər təkcə ithaf, həsr xarakteri daşımır. Bu poetik nümunələr Fəxrəddin Teyyub poeziyasının al-əlvan gülləridir, həmişəyaşıl çəmənzarının solmaz rəngləridir. Fəxrəddinin Musa Yaquba şövqlə yazdığı təbiət nəğmələri bir çalardadır, Məmməd Araza, Nəriman Həsənzadəyə, Məmməd İsmayıla, Fikrət Qocaya, Seyran Səxavətə, Adil Cəmilə, Tofiq Nurəliyə, Yusif Nəğməkara, Barat Vüsala, Balayar Sadiqə, Qəşəm Nəcəfzadəyə bağışladığı etüdlər bambaşqa çalarlardadır. Bu rəngarənglik, sanki müəllifin şeirlərinin xüsusiyyətidir, fərqləndirici cəhətidir. Ona görə ithaf təsiri bağışlamır, bütöv, bitkin lövhə təsiri bağışlayır.
Fəxrəddin Teyyubun şeirləri tale şeirləridir. Elə təbiət hadisəsi yoxdur ki, müəllif özündən keçirməsin, yazıya almasın. Sərvaz səriştəylə, peşəkarlıqla bu şeirlərin estetik-bədii mahiyyətini açır, mistik əhval-ruhiyyələrin, ovqatların qıfılını sındırır, mifik, harmonik lövhələrin mənasını dəyərləndirir. Xətaidən, Füzulidən, Nəsimidən çeşid-çeşid misallar gətirən kitab müəllifi təkcə zəngin biliyini nümayiş etdirmir, həm də klassik obrazların işığında çağdaş ənənəvi poeziyamızın ünlü isminin kəlamını, sözünü xırdalayır, bənzərsiz metaforalarını diqqətə çatdırır. Belə obrazlar isə onlarladır. Məsələn,
Dünyadan mən elə rahat köçərəm
Bilsəm, kimsə gedir izimə tərəf.
"Tərəf"
Və ya
Səni qoyub getdim səndən xəbərsiz
Həsrətin, hicranın dərəsində mən.
"Gəlmişəm üstünə günahlarımla"
Bu obrazı da Fəxrəddin, sanki ulu babası Məhəmməd Füzulinin söz boğçasından əxz edib: "Bəli, şeir mükəmməl "Meyvələrin söhbəti"ni zaman etibarı ilə xatırladır ("Söhbətül-əsmar"ı). Lakin təsir yalnız zahiridir. Füzuli alleqorik şəkildə meyvələrin bir-biriylə bəhsini nəzərə çatdırır. Fəxrəddin Teyyub isə özü ağacları danışdırır, tərifini verir, vurğunluqla onları nəyəsə, kiməsə bənzədir:
...Alma ağacı da məni unudub,
Barından yarınıb, gəlhagəlidi.
Yarpaq duvağını üzünə tutub,
Xurma elə bil ki, sarı gəlindi.
Digər bir təbiət şeirində "payız elçi düşüb yarpaqlarına, bir azdan torpağa gəlin köçəcək" etirafı, adi poetik etiraf deyil, müəllifin mətnə ciddi fəlsəfi yanaşmasıdır. Əlbəttə, Sərvaz Hüseynoğlunun da təhlil etdiyi kimi, ağac da, yarpaq da, "kimsəsiz quş yuvaları" da, durna köçü də, tütün yarpağı da payıza bələnmiş ömrün həzin notlarıdır. Əsas isə budur ki, şair inadla axtarışdadır: o, sağa-sola təngnəfəs boylanır, ayaqları yorulur, ancaq yenə ruhdan düşmür, dağa-daşa dırmaşır, öz sözünü, məhz öz sözünü tapsın. İstəyinə yetirmi? Bir şeirində inadkarcasına "Hələ ürəyimdə qönçədi vüsal" söyləyir:
Hələ ürəyimdə qönçədi vüsal,
Sevgin tumurcuqdu, pöhrələnməyib.
Bu dünya gözündə bir yuxu, xəyal,
Arzuna, dünyana qar ələnməyib.
Fəxrəddin Teyyub ən əvvəl xaraktercə bütöv, böyük insandır, görünür, buna görədir ki, biganəlikdən, laqeydlikdən sınmır, hətta ən "daşqəlbli" insanı da səmimiyyətlə şeir oxumağa çağırır. Bu çağırış - təəssübkeş şair, oxucu, vətəndaş çağırışıdr.
Özünün cığırı, yolu olanlar,
Bir ömür nəfsinin qulu olanlar,
Ay malı olanlar, pulu olanlar,
Nə olar, bir az da şeir oxuyun.
Sərvaz Hüseynoğlunun yönləndirdiyi kimi, əgər desəm, "filan kitabdakı filan şeir Fəxrəddinin ən yaxşı şeiridir" mübaliğə çıxar, çünki adını hallandırdığım müəllifin bir neçə "ən yaxşı şeiri" var və onlar həqiqətən, seçmə nümunələrdir, bu yazılara önəm vermək, birini digərindən fərqləndirmək mümkünsüzdür. Ancaq yenə... şairin "Bir süpürgəçi qadın" şeiri ürəyinin harayıdır, çünki qəlb yanğısı ilə nəzmə çəkilib. "Heç kim onun kimi o süpürgə tutan əllərin qayğısına qala bilməz, önündə əyilə bilməz, o qadının cadarlı əllərini onun kimi sayğıyla öpüb-oxşaya bilməz. Çünki o əllərdə halallıq, zəhmət, ana ətri var. O əllər dərin ehtirama layiqdir:
Mənə əlini ver, öpüm əlindən,
Hər kəsin arzusu-kamı ayrıdı.
Çəkdiyin zəhmətə baş əyirəm mən,
Sənin çörəyinin tamı ayrıdı.
Hamıya ürkək-ürkək baxan, "halallıq dərsi" keçən bu dəyanətli zəhmət fədaisi kövrəkliyin, zərifliyin simvoludur. Əlləri çoxdan qabar bağlayıb, üzündə isə razılıq əlaməti var. Qətiyyən bədbin deyil, özünü xoşbəxt sayır. O, xaladır, anadır, bibidir, bacıdır, nənədir, bir sözlə, sadə peşə adamıdır. Bir tikə çörək qazanmaq üçün zərif qaməti yüz dəfə əyilib-düzəlir. Fəxrəddin Teyyubun ümumiləşdirməsi isə idealdır:
Küçə süpürməkdən belin bükülür,
Örtürsən üzünü həyadan, bacım.
Hər səhər gözündən yuxu tökülür,
Günəşi yuxudan oyadan, bacım.
"Şeirdir qəlbimin döyüntüləri" söyləyən, bu vədini ehtiramla doğruldan Fəxrəddin Teyyubun yaradıcılığı bir yana... Axı, əsərləri çoxlu tədqiqatlara, təhlillərə layiqdir. Sərvaz Hüseynoğlunun haqqında yazdığı bu kitabı isə, "Tanrıya ünvanlanmış sevgi məktubu" adlandırardım.
Bizim ən yaxşı şeirlərimiz elə Tanrı pıçıltısı deyilmi? Tanrıya gedən məktublar uzaq məsafə, poçt tanımır, gec-tez Yaradana çatır. Lap bu kitabda yazılanlar kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!