Onu sevməmək olmaz - Rəhim Əliyev Nizaməddin Şəmsizadə haqqında yazır

Mən onu 1970-ci illərin ortalarından tanıyıram. Onda "Ədəbiyyat qəzeti"nin tənqid şöbəsində işləyirdim. Ədəbiyyat İnstitutunda təzəcə işləməyə başlayan cavan alimlərin hamısı yazılarını qəzetə gətirirdilər və tanış olurduq. Qəzetdən qabaq, 7-8 ay İnstitutda işləmişdim. Orada təzə çalışmağa başlamış Şirindil Alışanlı ilə dost idik. Sonrakı gənclərin çoxu aspiranturaya qəbul olmuşdular.

1980-ci illərin əvvəllərində Ədəbiyyat İnstitutuna çoxlu aspirant yeri verdilər. Bu, akademik Məmməd Cəfər humanitar elmlər uzrə akademik katib vəzifəsinə keçəndən sonra, onun iradəsi ilə oldı. Onların çoxu eyni kənddən olsa da, gənclərin kütləvi elmə gəlişi akademiyanın sakit dəhlizlərini canlandırdı.

Bu gənclərin içində ən cavan və istedadlısı Nizaməddin Şəmsizadə idi. O, istedadlı olmaqdan başqa, sifətində və içində uşaq səmimiyyəti daşıyan, gözəl bir oğlan idi. O dağlar oğlu idi, doğma kəndi İspik aran Şirvanın axırı, Dağıstanın kandarı idi. Uşaq kimi hər şeyə inanmaq, sarışın bənizi Dağıstandan, kitaba və yazıya, sözə məhəbbət isə qədim Şirvan köklərindən idi. Onun iri gözləri inam və istəklə dolu idi. Elə bu xüsusiyyətlərinə görə müəllimlərimiz ona övladı kimi bağlanır və himayə edirdilər. Xüsusilə, Kamal Talıbzadə həmişə, ömrünün sonunacan Nizaməddini sevir və onun gələcəyinə ümidlər bəsləyir, onu himayə edirdi. 1978-ci ildə onun Ədəbiyyat İnstitutuna işə qəbul edilməsində mühüm rol oynamışdı Kamal müəllim. 1986-cı ildə Nizaməddinin qalmaqallı doktorluq dissertasiyası kitab şəklində çap olunanda, Kamal Talıbzadə onun elmi redaktoru və "Tənqidçinin ilk kitabı" adlı Ön sözün müəllifi idi. "Ədəbi mübahisələr" adlı bu kitab cavan alimin ən yaxşı əsəri idi. Sonra da gənc alimi rəhbərlik etdiyi "Tənqid tarixi və nəzəriyyəsi" şöbəsinə işə dəvət etmişdi. İki səhifəlik Ön sözdə Kamal Talıbzadə öz tələbəsini istedadlı bir tənqid tarixçisi kimi təqdim edirdi, göstərirdi ki, o sovet marksist tənqidin, proletkult dövrünün qiymətli bəhrəsi, indi isə abidəsi olan bu tənqidin əsl sistemli tarixini ortaya qoyub.

Sonralar Nizaməddin öz müəlliminə borclu qalmadı, K.Talıbzadənin 75 illik yubileyi münasibətilə onun haqqında "Türk təfəkkürü məsrasında" (1998) adlı monoqrafiya yazıb çap etdirdi. Bu əsərində göstərdi ki, K.Talıbzadə də bizdə marksist tənqidin müdrik tədqiqatçısıdır, lakin bununla yanaşı, bu tənqidin içində milli bir xətti həmişə görür və onun aparıcı mənasını göstərə bilirdi. Onda ədəbi faktların tarixi mənalarını duymaq və ümumiləşdirmək qabiliyyəti var idi.

Nizam ilk addımlarından bütün qapıları asanlıqla açırdı, mətbuatda asan çap olunurdu. Hələ tələbə olanda prof. Abbas Zamanov "Ədəbiyyat və incəsənət" qəzetində onun haqqında "Biz inanırıq ki..." adlı məqalə çap etdirmişdi və bu yazı istedadlı tələbənin gələcəyinə ümidlərlə dolu idi. Amma ilk addımlardan bu ümidlər Nizama qarşı qısqanclıq və qibtə də yaradırdı. Adamlar bərabərlik şüarından danışanda mən həmişə deyirəm ki, bu, mümkün deyil, çünki adamlar anadangəlmə bərabər deyillər, biri gözəl, o biri kifir, eybəcər, hətta başdan və bədəncə qüsurlu doğula bilirlər. Amma həyat belədir, təbiət bəzən adamlara yaraşıq və qabiliyyət vermir, amma iddia verir, bəlkə də bu, kortəbii seçmənin mədəniyyətdə qalığıdır. Paxıllar siyasətdə belə qabağa çıxa bilirlər, amma qələmdə və elmdə bu, mümkün olmur. Nizamın rəqibləri də çalışdılar, amma istedadlı alimin uçuşunu dayandıra bilmədilər, o daha əzmkar və mübariz oldu, tədqiqatlar aparmaqla yeni-yeni kitablarını elmi ictimaiyyətə təqdim etdi.

Nizaməddin Ədəbiyyat İnstitutuna Universitet skamyasından 1978-ci ildə gəldi, dörd il sonra, 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etdi. Onda gənc ədibin 28 yaşı vardı. Mövzusu Əli Nazimin ədəbi göruşləri olsa da, mahiyyətcə o, Azərbaycan ədəbiyyatşünaslığında yeni sahə və predmet yaratdı: 1920-1930-cu illərdə marksist tənqidin təşəkkülü! Əslində Nizaməddin Şəmsizadə Azərbaycan tənqid tarixinin ikinci dövrünün ilk elmi konsepsiyasını yaratdı. Birinci dövrün elmi konsepsiyasını Kamal Talıbzadə yaratmışdı, onun adı belə idi: "XX əsr Azərbaycan ədəbi tənqidi"! Nizaməddinin elmi rəhbəri Yaşar Qarayev olsa da, elmdə o məhz Kamal Talıbzadənin ardıcılı idi.

Dörd il sonra, 1986-cı ildə Nizaməddin Şəmsizadə doktorluq dissertasiyasını o vaxt İnstitutun direktoru, akademik Məmməd Cəfərə təqdim etdi. Adı belə idi: "Azərbaycan sovet ədəbiyyatşünaslığının təşəkkülü". İnstitutun ağsaqqalları məsələdən xəbər tutub çaşdılar. Onların bir hissəsi bu ədəbiyyatşünaslığı yaradanlar idi, məsələn, Məmməd Cəfər, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib, Kamal Talıbzadə. Onlar dura-dura, bir uşaq onların da iştirak etdiyi tarixi işin elmi konsepsiyasını yaratmışdı! Kamal Talıbzadədən başqa hamı Nizaməddini üzdə təbrik etsə də, arxada gənc alimi qeyri-təvazökarlıqda qınadılar.

İnstitutun direktoru Məmməd Cəfər Nizaməddinin elmi işini müzakirə etməyi iki şöbəyə - "Sovet ədəbiyyatı" və "Nəzəriyyə" şöbələrinə tapşırdı, hətta işi oxumaq üçün 9 adamın adını öz əli ilə yazdı, müzakirə 1986-cı ilin 6 iyununa təyin olundu. Amma müsəlman patronalizminə aid hadisə baş verdi. Kamal Talıbzadədən başqa heç kim müzakirəyə gəlmədi, o sırada Yaşar, Qasım Qasımzadə, Arif Səfiyev, Hüseyn İsrafilov, Şamil Salmanov və c. başqalarını demərəm, Yaşar müəllimin və onun Məmməd Cəfərlə münasibətlərini yaxşı bilirəm. Yaşar Qarayev çox əziz saydığı Məmməd Cəfərə ideal adam kimi pərəstiş edirdi. Zənnimcə, iclasa gəlməmək qərarını onunla mütləq razılaşdırardı.

Qocaları haqlı saya bilmərəm cavan alimə qarşı. Azərbaycan sovet ədəbiyyatşünaslığının iki üzü vardı: biri ağ, o biri qara. Ağ üzü tarixi və ədəbi prosesləri marksistcəsinə anlamaq üsulunu mənimsəməsi idi, bu, Azərbaycan milli şüurunun, həqiqi mənada, yeni bir inkişaf mərhələsi idi. Nizaməddin bunu anlamış və yazmışdı. İkinci üzü qara idi, bizdə bolşevik tənqidçiliyi bir partiya qurumu, kollektiv bir fəaliyyət kimi formalaşması idi. Bu qurum Moskva MK-sındakı kurator - AK(b)P birinci katibi - qəzet-jurnal redaktoru üçlüyü idi. Moskvadan direktiv gəlir, AK(b)P bürosu onu müzakirə edir, qəzet redaktoru bu müzakirədə dəvət edilmiş şəxs və ya büro üzvü kimi iştirak edirdi. Əgər büroda ədəbi Cığırdaşlara qarşı mübarizə məsələsi müzakirə olunubsa, səhər redaktor işə gəlib bu barədə, məsələn, Əli Nazimə, Mehdi Hüseynə və s. məqalə tapşırırdı. Tapşırıq alanlar mütləq, az-çox rusca bilənlər idi. Onlar həmin mövzuda Moskva mətbuatında çıxmış müvafiq məqaləni tapıb onu təbdil edir, üstünə Azərbaycan faktları əlavə edir və yazı "Kommunist", ya da "Ədəbiyyat qəzeti"ndə çıxırdı. Sovet vaxtı belə yazılara "təşkil" deyirdilər, bu, partiya işi və quruculuğu sayılırdı. Məqalənin müəllifi şərti olurdu və 0, 25, 50, 70 və s. faiz yazının müəllifi ola bilirdi. Çox vaxt qonorarı da müəllif kimi adı göstərilən şəxs deyil, redaksiyada onu hazırlayan alırdı.          

Azərbaycanda marksist tənqid belə təşəkkül etmişdi, elə maarifçi marksist publisistika da. Bu, Azərbaycan ədəbiyyatşünaslığının qara üzü idi, çünki tam mənada, fərdi yaradıcılıq məhsulu deyildi, bunun dərəcəsi tənqidçi imzasının qabiliyyətindən asılı idi. Qoca banilər bunları bilirdilər. Fəqət, onların bani olmaq titulu rəsmiləşdiyindən bu məsələlərin təftiş edilməsinə, Nizaməddin Şəmsizadə kimi cavan alim tərəfindən yenidən qiymətləndirilməsi cəhdinə razı deyildilər.

Birinci ona görə ki, qocaların əksəriyyəti 1937-də qətl edilənlərin işində şahid və siyasi ekspert olmuşdular. Üstəlik, güllələnənlərin arxivlərindən qanunsuz istifadə etmişdilər. Həm də marksist tənqid onların özünün monopoliyası idi, ikincisi isə, belə təftiş üçün yuxarıdan direktiv yox idi. Qocalar bundan qorxurdular, rejim yekə bir cəza və qorxutma aparatı idi, günahsızı da cəzalandırırdı. Nizaməddin isə direktiv problemindən xəbərdar olsa da, onu vacib və aktual bilmirdi. Alayı, yeni bir dövrün adamı idi. Konfliktin kökü belə idi. Onu ört-basdır etmək üçün Nizaməddini Moskvaya ezamiyyətə yolladılar. Məmməd Cəfər və Yaşar antistalinist idilər və bununla fəxr edirdilər. Gəncləşdirməyə tərəfdar idilər, amma görünür, hər nəslin öz qırmızı cızığı var. 1988-ci ildən yenidənqurma və xalq hərəkatı dövlət və fərdi senzuraları ləğv etdi. Nizaməddin də 1986-cı ildə təqdim etdiyi doktorluq dissertasiyasını heç nəyi dəyişmədən, olduğu kimi müdafiə etdi - 1990-cı ildə.

Nizaməddinin doktorluq işi bizim ədəbiyyatşünaslığın yeni mərhələsini və səhifəsini açdı. Bu, sovet dönəminə yekun vurdu, həm də. Repressiya olunan ədiblərlə bağlı arxiv materiallarını üzə çıxardı. Onun sevdiyi azərbaycançılıq mövzusunun gərəkli komponentlərindən biri bu idi. Rus bolşevizmi 27 apreldə Azərbaycan Cümhuriyyətinin sərhədlərini keçən gündən çar dövrü bizdə yetişmiş burjua ziyalılığını planlı şəkildə qırmaqla məşğul idi. Bu istila ərəfəsində Moskvada və Həştərxanda dəqiq siyahılar tutub gətirmişdilər. Hələ çar zamanından Rusiya Məxfi polisi ilə əlaqəsi olmayanların hamısı öldürülməli idi. Onlar, məhz onlar 1918-in qanlı Martından başlayan bolşevik-Şaumyan qırğınlarından 1920-ci ilin sonlarına qədər təzə bayraqlı köhnə rus istilasına müqavimət göstərmişdilər. Ona görə bolşevik məntiqinə uyğun öldürülməli idilər. Azərbaycanda 1937-ci il repressiyalarının əsil siyasi mənası 80-ci illərdə dərk olundu: düşünən başları məhv edib bizi iradəsiz çoxluğa çevirmək. Nizaməddinin tədqiqatları da bu prosesdə öz rolunu oynadı, amma onların əsl elmi əhəmiyyəti müstəqillik vaxtı üzə çıxa bildi. Sovet vaxtı bu mümkün deyildi, çünki özümüzdə bolşevik-erməni senzorları, qalstuk və şlyapa geyinmək üçün anasını da satmağa hazır olanlar qədərindən çox yetişmişdi. Senzura ləğv olan kimi onlar region millətçilərinə çevrildilər. Heç olmasa, azad kitab çap etmək imkanı yarandı və Nizaməddinin azərbaycançılıq haqda kitabı çap oluna bildi. Bu, Azərbaycan sovet ədəbiyyatşünaslığının təşəkkülü haqda tədqiqatın nəzəri əsasları idi.

Sonrakı fəaliyyətini İncəsənət Universiteti ilə bağladı. Orada Azərbaycan ədəbiyyatını tədris edən kafedranın müdiri oldu - on beş il. Bu qəribə universitetdi, orada qapıçıdan başlayaraq, hamısı sənətkardı, o mənada ki, sənətin elmə ehtiyacı olmadığını sayırlar, Azərbaycan ədəbiyyatını da sənətkar kimi yetişmək üçün artıq yük hesab edirlər. Nizaməddin bunları görür və dözürdü. Rəhbərliklə mehriban olmağa, onlara qələmlə də kömək etməyə çalışırdı. Doğma Ədəbiyyat İnstitutuna da yolu bağlı idi, çünki onu boykot edənlər səlahiyyət sahibi idilər orada və ağsaqqal sözünü alim sözündən nüfuzlu tuturdular. Bu, marksist cildə salınmış feodalizm idi.

Amma Universitetə getməyi Nizaməddin üçün əslində xeyirli oldu. Nizaməddinin İnstitutdan getməyi onun ədəbi fəaliyyətinin güclənməsinə səbəb oldu. Arada olan intriqa da Nizamı fəal olmağa sövq edirdi. Bu intriqanın mahiyyəti sadə idi, Nizaməddin öz müəllimlərindən 15-20 il qabaq elmi dərəcə almaq istəyirdi. Ədəbiyyat İnstitutunda bu hələ olmamışdı, amma nə vaxtsa olası idi. Nəhayətdə, Nizamı cəmi dörd il yubada bildilər. İlk müzakirə elanı 1986-cı ildə asılan doktorluq işi 1990-cı ildə uğurla müdafiə edildi. Akademiya sistemində mütləq rəhbərliyin qoltuğunda hərəkət etməlisən. Nizaməddin isə lap gənc yaşlarından imtina etmişdi bu yoldan. O, hansısa dəstədə yox, müstəqil ziyalı kimi fəaliyyət göstərmək, öz qələminə güvənmək istəyirdi və bunu bacardı. O qalib gəldi opponentlərinə və bütün rəsmi titulları aldı. Akademiya haqda bir dostumuz deyərdi: "Burada ölkənin ən böyük intriqaları gedir, amma ortada heç nə yox idi". Amma heç nə nəticəsiz ötüşmür, Nizaməddin doktorluq müdafiəsinə qədər ağır daxili böhran yaşadı. O bəzən bu müdafiəni öz ağır kirənişin həyatının sonu kimi, buna nail olmaq kimi təsəvvür edirdi. Amma həyat özü belə deyildi, Corc Oruelin yazdığı kimi, SSRİ dövləti "həqiqət Nazirliyi" tərəfindən idarə olunurdu. Dağılma ərəfəsində həqiqət bir həyat faktı deyil, rəhbər məmurun iradəsi və qərarı idi, rus dövlətçiliyində bu indi də davam edir. Elmlər doktoru adı almaq Nizaməddinin böyük ailəsinin maddi problemlərini həll etmədi, onun bütün sonrakı həyatı da gündüzlər maddiyyat davasına, gecələr sağlamlığı sarsıdan elmi zəhmətə sərf edildi. Əslində bu, sovetlər rejimində elm yolu seçənlərin, içində mən olmaqla, hər birimizin taleyinin ayrılmaz macərası oldu. SSRİ-nin vəhşicəsinə dağılması riyakar ABŞ demokratiyasının boğazımıza keçirdiyi ciyə idi. Ölkəni iqtisadi cəhətdən viran edib bizi olmayan demokratiyanı "yeməyə" vadar etdilər, həyatın dibindən baş qaldıran ac-yalavac çirkaba azadlıq adı qoydular. Nizaməddin siyasətə həsr etdiyi itirilmış 5 il ömründən danışanda həm də bunu deyir. O bu işə bir oyun kimi qoşulur və məyus olur, çünki ədalətli siyasət axtarmaq yalançı bir qarabasma təsiri qoyur. Həm də müsəlman demokratiyası hər yerdə patrenalizmın bir şəklinə çevrilir. Bu dağ əxlaqına hörmətli oyunçuları həmişə tragik tələyə salır. Bir mərhələ bu yol normal görünür, amma şəxsən səni alçaldıb sıfırlayanda dözmək ağır olur.

Buna baxmayaraq heç şübhə yoxdur ki, Nizaməddin məhz Ədəbiyyat İnstitutunda yetişmiş ən parlaq alim və ziyalılardan biridi. O, universal alimdir: həm arxivdə çalışmağı, həm nəzəri tədqiqatlar aparmağı, həm tənqidçilik etməyi, həm divan ədəbiyyatı ilə məşğul olmağı, həm də siyasi təhlillər yazmağı bacarır. Bu, enerji və istedadın təzahürüdür. Amma sanıram ki, Nizamın ən yaxşı əsərləri proletkult epoxasına, onun nəzəriyyə və təcrübəsinə həsr etdikləridi. Niyə belə düşünürük? Ona görə ki, Azərbaycanın müasir ideoloji potensialında yaxşı nə varsa, hamısı ordandır. Şübhəsiz ki, Böyük Vətən müharibəsi başlamaqla proletkult epoxası bitdi. Amma onun bizim gələcəyimiz üçün mənası qalır. 1920-1930-cu illər epoxası bizim müasir sivilizasiyaya tərəf kollektiv yolumuzdur. Bu yolu itirməmək üçün biz həmişə oradan başlamalıyıq. Nizaməddin bu dövrün və Azərbaycan maarifçiliyinin ən yaxşı bilicisidi. Maarifçilərdən yazmaq üçün daha bir nadir keyfiyyət lazımdı: tarixi prosesi duyub təsəvvür qabiliyyəti. Bu nadir keyfiyyət Nizaməddində var.

Nizaməddinin çoxsaylı monoqrafiyaları sırasında ikinci mühüm mövzu ədəbi tənqid və nəzəriyyədir. O gənc vaxtlarından müasir ədəbiyyat haqda həvəslə yazır. Hərdən dostlarını tərifləyir. Bu da var onda. Amma ümumilikdə Nizaməddin parlaq qələmi olan tənqidçidir. Çox vaxt dünya və rus klassikləri haqda da tənqidçi kimi yazır, şəxsi düşüncələrini ön plana çəkir. Məsələn, İ.Turgenevin 3 cildliyinə yazdığı monoqrafik vəznli Ön söz belədir. Mən Nizaməddinin tənqidi irsində onun İlyas Əfəndiyev və İsa Hüseynovun gənclik əsərləri haqda yazdıqlarını daha qiymətli sayıram. 60-cılar nəsri deyilən bu hadisənin əslində bu iki yazıçıdan gəldiyini qəbul edən təsəvvürə Nizam da çox yaxındır. Bu iki yazıçı 1930-1940-cı illərdə formalaşan nəsr dilini heç də bitkin saymırdılar, ona görə ki, hər yerdə hökmran olmağa başlayan tərcümə üslubu nəsr yazmağa yaramırdı. Nəsr yazmağa ən uyğun olan Mirzə Cəlil üslubundan isə imtina olunmuşdu. Siyasi-publisistik qəzet üslubu kütləvi tərcümə bazasında söz ehtiyatı cəhətdən çox irəli getmişdi. Ona görə həm bədii tərcümə ilə məşğul olanlar, həm də jurnalistlikdən yazıçılığa keçən müəlliflər qəzet dilindən bədii mətnlər yaratmaq üçün də istifadə edirdilər. Qəzet dilində Mirzə Cəlildə olmayan leksik zənginlik vardı. Lakin bu leksik zənginliyin mexaniki olaraq bədii nəsr dilinə gətirilməsi nəsr dilini bədii cəhətdən pis vəziyyətə salırdı. 60-cı illər nəsrinin əsas xətti bundan qaçmaq idi.

Amma ədəbi prosesdə ikinci meyil də vardı. 50-ci illərdə kütləvi şəkildə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsilə gedən gənclər rus və dünya ədəbiyyatını daha yaxşı öyrənir və onun təsirini bizim nəsrə gətirirdilər. Lakin bu, 60-cı illər nəsri deyildi, yeni yazıçılıq savadının, qərb təcrübəsinə proletkultdan fərqli bir səviyyədə "qayıtmaq" təşəbbüsü idi. Buna kitab ədəbiyyatı da deyirlər. Nəsr dilini tərcümə üslubundan çıxarmaq işi hələ davam edir, mübahisələr də var. Cənub ləhcəsində də nəsr dilinə çox böyuk maraq var.

Nizaməddinin araşdırdığı elmi məsələlərin sayı çoxdur, o qədər çoxdur ki, onları sadalasan, böyük bir kitab yaranar. Amma mən onun hürufiliyə və sufiliyə həsr etdiyi sonuncu kitabı haqda da demək istəyirəm. Bu kitabı həm də redaktor kimi oxumuşam. Nizaməddin sufilik və Füzulu ilə gəncliyindən maraqlanır. Yeni kitabı bir növ yekundur, müstəqillik dövrü Füzulisinə verilən parlaq qiymətdir. Füzuli sufiliyi Nizaməddin üçün əzizdir, çünki Füzuli də müsəlman ziyalısı idi, ona da hər şeyi öyrədib dedilər: "heç nədən yazmaq olmaz". O da susdu, elə susdu ki, səsi əsrlərin bu üzündən də eşidilir. Yəqin Nizaməddinin sükutu da belə olacaq.

Nizaməddin öz müəllimləri haqda böyük məhəbbətlə danışır. Yaşarı dövrümüzün böyük mütəfəkkirlərindən biri adlandırır, onun haqqında şirin sözlər deyir. Əziz Mirəhmədova dəqiq qiymətlər verir, ona qarşı qisas kampaniyasında iştirakını da təəssüflə qeyd edir. A.S.Puşkini milliyyətcə həbəş adlandırır. Nəsimi tənhalığına heyranlığını bildirir. Ziyalı şəxsiyyəti onun bütün yazılarından qırmızı xətt kimi keçir. Çünki ziyalının əməli də sözü qədər vacibdi cəmiyyət üçün. Nizaməddinin də əməli sözdən yuxarı tutduğu hallar olub həyatında, bunu əks edən yazıları da vardır.

Nizaməddinin 2015-ci ildə "Mən kiməm" adlı qəribə bir kitabı çıxıb. Bu bioqrafiya ilə xatirə arasında olan bədii bir yazıdır. Burada Nizam özünü ən müxtəlif bucaqlardan təqdim edir. Ümumiyyətlə, onda özünü təhlil və təqdim etmək meyli güclüdür. O istəyir ki, dostları və həmkarları onu özü-özünü təsəvvür elədiyi kimi görsünlər. Bu qəribə istəyi anlamaq üçün Nizaməddinin öz məktəb illəri haqda yazdıqlarına bir az daha ciddi nəzər yetirəsən. Burada diqqəti cəlb edən nədir? Odur ki, Nizaməddin 60 yaşında bir professorun ala biləcəyi bütün titulları alandan sonra da, orta məktəbi bitirəndə qızıl medal məsələsi ilə bağlı çəkişmələrin davasını davam etdirir. Müəllif kitabda heç nə barədə medal məsələsindəki təfsilatla yazmır. Bunun fundamental bir səbəbi var, bu səbəb də fitri liderlik ehtirasıdır. O bir az Cabbarlının "Hamının arxasında behiştə getməkdənsə, hamının önündə cəhənnəmə getmək daha yaxşıdır" deyən qəhrəmanlarına oxşayır. Əslində Nizaməddinin bütün həyatı bir-birini əvəz edən qızıl medal intriqaları silsiləsidir. O həmişə özünün özü üçün düzəltdiyi hədəflərə sarı daimi mücadilədədir. Sanıram ki, "Mən kiməm" kitabında Nizaməddin özünün bu obrazını yaradıb və uğurla yaradıb. Əsərdə diqqəti çəkən ikinci məsələ dağıstanlı səmimiyyətidi. Onun mahiyyəti isə kənd liderinin qənbər kimi bərk əqidəsidi: məni öldürsələr də, mən düzünü deyəcəyəm. Nizaməddinin səmimiyyətində onun parlaq və düzünəqulu şəxsiyyətinə kölgə salan yerlər də var. Mən onları qeyd etmirəm, çünki o, öz şəxsiyyətini məhz dediyi kimi sevməyimizi diləyir.

Biz də onu elə belə sevirik. Nizaməddini sevməmək olmaz. Bu 70 illiyində Allah onun ürəyinə və qələminə çoxlu qüvvət versin, bir əsr ömür versin. O gənclik enerjisi ilə yazıb-yaradır, bir kitabını bizlər oxuyub qurtarmamış, təzəsini göndərir. Nizaməddin xoşbəxtdi, çünki bir vaxtlar dağətəyi İspik kəndində arıq, sarışın məktəblinin niyyət elədiyi elmi hünərləri reallaşdırmaqla məşğuldu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!