Y.V.Höte yazırdı ki, "Tərcümə sadəcə, orijinalın əvəzinə xidmət etməli deyil, tamamilə onun yerində olmalıdır". Azərbaycan ədəbiyyatında bədii tərcümə məsələləri orta əsrlərdən üzü bəri daim klassiklərin və qüdrətli söz ustalarının diqqət mərkəzində saxlanılmışdır. Elə son yüz ildə professionallıqla fəaliyyət göstərmiş, özünü bu sahəyə həsr etmiş bir çox mütərcimin adını çəkə bilərik. Eyni zamanda tərcümə yaradıcılığında qələm çalmış böyük Azərbaycan sənətkarlarının və alimlərinin, akademiklərin, xalq şairi və yazıçılarının adları da uzun bir siyahı təşkil edir: Ə.Vahid, C.Cabbarlı, M.A.Dadaşzadə, S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, M.Rəfili, C.Xəndan, Ə.Məmmədxanlı, M.İbrahimov, M.Rzaquluzadə, B.Qasımzadə, Ə.Kürçaylı, N.Xəzri, B.Vahabzadə, H.Arif, C.Novruz, T.Bayram, X.Rza, Anar, Ə.Əylisli, Elçin, İ.Qasımzadə... Onlar həmişə tərcümə işinə hobbi kimi yox, əsas yaradıcılıq istiqamətlərindən biri kimi baxmışlar. Məhz belə nəhəng qələm sahiblərinin sayəsində ədəbiyyatımız xeyli sayda, yüksək keyfiyyətli tərcümə əsərlərilə zənginləşmiş, həmin əsasda milli tərcüməşünaslıq təşəkkül tapıb inkişaf etmişdir. Bizim orijinaldan, xüsusilə, əsas Qərb dillərindən biri olan ingilis dilindən birbaşa tərcümə ilə, həmçinin tərcümə tənqidi və nəzəriyyəsi ilə peşəkarcasına məşğul olan görkəmli mütəxəssislərimiz də az olmayıb: R.Qayıbova, İ.Rəhimov, Ənvər Rza, Z.Ağayev, S.Mustafa, V.Ərəbov... və elə indi də vardır. Q.Paşayev, Q.Bayramov, Ş.Xəlilli, A.Abbasov, Ş.Nağıyeva, L.Əliyeva, K.Nəzirov... Bədii tərcümə yaradıcılığı hər bir milli ədəbiyyatın və ədəbiyyatşünaslığın vacib sahələrindən biridir. Müxtəlif ədəbi növ və janrları əhatə edən 2023-cü ilin bədii tərcümə ədəbiyyatımız ayrı-ayrı mətbuat orqanlarında çap olunmuş və kitablar şəklində nəşr edilmişdir. Keçən ilin tərcümələri rus ədəbiyyatının və əsasən, rus dili vasitəsilə yerinə yetirilmiş Qərb və qismən Şərq bədii söz sənətinin nümunələridir; bir sıra ədəbi əsərlər isə orijinaldan Azərbaycan dilinə çevrilmişdir. Biz tərcümə məsələlərindən danışarkən, təkcə xarici ölkə ədəbiyyatı nümunələrini deyil, həm də bilavasitə xarici ədəbiyyatla və əcnəbi müəlliflərlə əlaqədar olan tənqidi, elmi-nəzəri məqalələrin, ayrı-ayrı müsahibələrin də ana dilimizdə çapını nəzərdə tuturuq.
"Azərbaycan" ədəbi-bədii jurnalının "Yeni tərcümələr" rubrikasında aşağıdakı əsərləri görürük: M.V.Lyosa - "Əlbəyaxa döyüş". (Tərcümə edəni: A.Yaşar). №1; X.Kortasar - "Parisli xanıma məktub". (Hekayə. A.Yaşar). №2; F.İskəndər - "Keçilər və Şekspir" (Hekayə. S.Hüseynli). №3; İ.Brodski - "Şair və nəsr" (Hekayə. A.Yaşar). №3; A.Soljenitsın - (Esselər. S.Hüseynli). №5; V.Sorokin - "Mən ədəbiyyatda təknüsxəli, təkrarsız istehsalın tərəfdarıyam" (A.Yaşar). №5; A.Erno - "Atamın yeri" (Roman. A.Yaşar). №11; M.Tven - "Çarın monoloqu" (Esse. K.Nəzirli). №11; U.S.Moem - "Yağış" (Roman. A.Abbasov). №12; V.Krupin - (Hekayələr. S.Hüseynli). №12; Q.Gültəkin - "Şeirlər" (A.Əhmədgil). №12. "Ulduz" aylıq ədəbiyyat dərgisinin "Tərcümə saatı" rubrikalarda silsiləvi başlıqlar altında: yanvar sayı - ingilis yazıçısı Ç.Dikkensin "İşarətçi" mistik hekayəsi (A.Yaşar), J.Jovliyevin (Özbəkistan) "Buxara, Buxara, Buxara..." əsəri (T.Vahid); fevral-mart - Q.Q.Markesin "Qarda sənin qan ləkən" (ispancadan çevirdi: M.Məmmədli); may - tatar nasiri, ssenaristi Gözəl Yaxınaya məxsus "Soyağac" hekayəsi (S.Hüseynli); iyun - türk ədibi Ö.Seyfəddinin "Üç nəsihət" hekayəsi (A.Yaşar); iyul-avqust - tatar yazıçısı R.Batullanın "Canından can ver" (M.Mirzəli); oktyabr - fantast yazıçı E.Lukyanenkonun hekayəsi (S.Hüseynli); noyabr-dekabr - B.Okucavanın orijinalları ilə birlikdə poetik tərcümələri (H.Hüseynova) və s. çap edilmişdir. "Ədəbiyyat qəzeti" də ilboyu xarici ölkə yazıçılarının həm orijinaldan, həm də rus dili vasitəsilə yerinə yetirilmiş ədəbi nümunələrinin tərcümələrini müntəzəm olaraq çap etmişdir. Kitab kimi nəşr olunmuş tərcümələrdən: F.Kafka. "Məhkəmə" romanı ("Der Prozes"). Təkrar nəşr, 2023 (alman dilindən tərcümə edən mərhum V.Hacıyev); Dövlət Tərcümə Mərkəzi: A.Morua. "Seçilmiş əsərləri" (fransızcadan çevirəni mərhum H.Qoca, M.Qarayev, N.Əbdülrəhmanlı); AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Dillər Universiteti "Fransız poeziyasından yarpaqlar" (M.Sofiyeva və tələbələr)... Artıq bir neçə ildir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ADU ilə təcrübəçi tələbə mübadiləsi aparmaqdadır. Hər il ADU-dan göndərilən tələbələrin böyük əksəriyyəti prof. G.Abdullabəyovanın müdiri olduğu "Dünya ədəbiyyatı və komparativistika" şöbəsinə təhkim olunur. Gülər xanım "Fransız poeziyasından yarpaqlar" kitabının "Uğurlu layihə" Ön sözündə yazır: "AMEA-nın prezidenti, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbi əlaqələrin genişlənməsi istiqamətində hər zaman müsbət mənalı yeniliklərə qucaq açıb, ev sahibliyi edib" (s.7). O, sözünə davam edərək göstərir ki,"İnstitutun nəşrlərindən "Plyus bədii yaradıcılıq" dərgisinin də xüsusi tərcümə bölməsi mövcuddur və burada elm adamlarının elmi-nəzəri axtarışları ilə paralel, bədii tərcümə fəaliyyətləri əks olunur. İnstitutun əməkdaşları C.Yusifli, R.Nəbioğlu, Y.Qasımbəyli, T.Bədəlova, C.Məmmədova, X.Zairova, M.Sofiyeva və digərlərinin tərcümələri müxtəlif saylarda təqdim olunmuşdur"(s.8). Tələbələrin fəaliyyətinə elmi işçi M.Sofiyeva rəhbərlik edir. Mərcan xanımın təşəbbüsü və təşkilatçılığı ilə IV kurs tələbələrinin ərsəyə gətirdikləri tərcümə kitabında Ş.Bodler (M.Sofiyeva), S.Malarme (R.Yusifova), P.Verlen (A.Nəcəfova), P.Valeri (L.Hacıyeva), J.Prever (H.Mərdanlı) və G.Apolliner (N.Səlimova) yaradıcılığından nümunələr verilmişdir. Seçilmiş şeirlərin tərcümələrində rəhbərlə birlikdə tələbələr də orijinaldakı məzmun və formanı, hətta bəzən qafiyə sistemini qoruyub saxlamağa nail olmuşlar. Gənclərin yaradıcılığına diqqət baxımından ADU tərcümə fakültəsinin IV kurs tələbəsi B.Qasımzadənin ingilis dilindən "Lidia Deyvisdən qısa hekayələr"ini ("Əd", 04.11.23, s.26) və BDU-dan Alsu adlı II kurs tələbəsinin ABŞ yazıçısı B.Uolkerin "Dişi canavar" əsərini orijinaldan tərcümə ("Ulduz", sentyabr, s.12-14) etdiklərini vurğulamalıyıq. 2023-cü ilin xarici ədəbiyyat mütərcimləri öz püxtə qələmləri ilə tərcümədə səriştə göstərmiş, məhsuldar işləyərək Azərbaycan oxucusunu müxtəlif ölkə yazıçılarının əsərləri ilə tanış etmişlər. A.P.Çexovun "Qara rahib" hekayəsini dilimizə çevirən görkəmli nasir, Dövlət Tərcümə Mərkəzinin rəhbəri A.Məsud mükəmməl tərcümə əsəri yaratmışdır; sanki böyük rus yazıçısı bu hekayəsini bizim dildə qələmə almışdır ("Əd",№52, 2022; 07.01.23; 04.02.23). Türkdilli xalqların ədəbiyyatından bədii tərcümələrin əsasən, orijinaldan yerinə yetirildiyini müsbət hadisə kimi qeyd etmək lazımdır. Özbək ədibi X.Sultanın "Atabəyin dəfni" hekayəsi (R.Əskər, "Əd",15.04.23,s.29), Çuvaş xalq şairi P.Xuzayqanın "Biz vardıq, bir varıq, biz olacağıq" şeiri (İ.İlyaslı, "Əd", 29.05.23, s.29) məhz belə nümunələrdəndir. N.Tağısoyun Qazaxıstan ədəbiyyatından etdiyi tərcümə də - I Türkoloji Qurultayın iştirakçısı (1926), şair, alim, mütərcim, ictimai-siyasi xadim Ə.Baytursunlunun "Mən Qazaxam" poeması orijinaldan olmaqla rəvan dillə çevrilmişdir ("Əd", 28.01.23, s.17). Ədəbi əlaqələr üzrə tanınmış mütəxəssis, tərcüməşünas və mütərcim Ş.Xəlillinin B.Britaniya və Amerika uşaq şeirindən seçmələri - on iki şairin on yeddi şeiri ana dilimizdə yüksək poetik ifadəsini tapmışdır ("Əd", 22.05.23, s.8). Ana dilimizə tərcümədə rus poeziyasının Gümüş dövrü oxucularımıza təqdim edilmişdir: O.Mandelştam, M.Voloşin, A.Axmatova, D.Xarms, M.Svetayeva, S.Yesenin - 6 şeirin tərcüməsi (M.Qarayev, "Əd", 30.09.23, s.38-39), A.Yaşarın təqdimatında R.Kiplinqin "Miss Yolun mehtəri" məqaləsi ("Əd",13.05.23, s. 27, 32) və klassik rus poeziyasından tərcümələr: İ.Krılov, F.Tyutçev, M.Lermontov, A.Fet - cəmi 11 şeir ("Əd", 30.09.23, s.46), habelə H.Piriyevin rus dilindən, o cümlədən, U.Ekonun "Üç nağıl" kitabından etdiyi tərcümələr səlist dili ilə oxucunu razı salır. Hər üç mütərcimin səviyyəli fəaliyyəti müasir ədəbi-bədii tələblərə, tərcümə prinsiplərinə əsasən cavab verir. K.Nəzirlinin C.Qolsuorsi, M.Tven, M.Pyuzo, rus və polyak ədəbiyyatından, həmçinin S.Hüseynlinin rus dili vasitəsi ilə etdiyi tərcümələri də xüsusilə qeyd etmək lazımdır.
Bir dilin vasitələrilə başqa bir dildə yazılmış bədii əsərin canlandırılmasında, yəni tərcümədə onun təkcə ideya-məzmunu deyil, həm də müəllif təhkiyəsinin və obrazların dili, özünəməxsusluğu, yerli kolorit, realilərin izahlı təqdimatı, frazeoloji birləşmələrin ekvivalentləri, düzəltmə və mürəkkəb sözlərin birbaşa mənası, cümlələrin sintaktik quruluşu, ritmi və bir çox digər bədii xüsusiyyətləri ifadə edilməlidir. Sözbəsöz və sətri tərcümə dəqiq bədii tərcümə hesab edilə bilməz; məzmun və forma elementlərini vəhdətdə ifadə etməyən, verə bilməyən tərcümə məqbul sayılmır. Bir dildəki şeirin müvafiq poetik tərcüməsi isə müstəqil bədii əsər səviyyəsində dura bilər. Bu mənada, fikrimizcə, yenə orijinaldan tərcüməyə üstünlük verilməsi məqsədəuyğundur, lakin bu gün dünya ədəbiyyatı nümunələrinin bir çoxu hələ də rus dili vasitəsilə ana dilimizə çevrilir. Şübhəsiz, milli tərcümənin tarixi və müasir praktikası göstərir ki, ikinci dilin vasitəsilə ana dilimizdə səsləndirilən ədəbi əsərlər heç də həmişə zəif və nöqsanlı olmur. Bununla belə, aydın məsələdir ki, xüsusilə xarici şeir nümunələrinin birbaşa orijinaldan Azərbaycan dilinə tərcümə edilməsi ədəbiyyatımızın daha da zənginləşməsinə layiqli töhfələr verir.
Bizdə dünya ədəbiyyatına dair müasir elmi-nəzəri tədqiqlər və tərcüməşünaslıq - ayrı-ayrı tərcümə əsərlərinin təhlili və araşdırılması praktik tərcümədən nisbətən geri qalır. Bununla belə, az da olsa, bəzi məqalələr var ki, xarici ölkə yazıçılarına, tərcümə əsərlərinə və mütərcimlərə dəyər vermək mənasında diqqəti cəlb edir. Məsələn, Qazaxıstan prezidenti K.J.Tokayevin atası - Qazax detektiv janrının banisi K.Tokayev tərəfindən qələmə alınmış "Gecə açılan atəş" kitabındakı povestləri N.Əbdülrəhmanlı orijinaldan tərcümə etmişdir. Bu baxımdan, akad. N.Cəfərovun "Qazax yazıçısı Azərbaycan dilində" məqaləsi oxucularımıza geniş ədəbi-elmi informasiya verir ("Əd", 21.10.23, s.10-12). Fransız və ingilis dillərindən yüksək keyfiyyətli tərcümələri ilə tanınan ("Əd", 15.04.23, s.30), habelə xarici ədəbiyyatla əlaqədar mütəmadi olaraq mətbuatda çıxış edən tənqidçi və mütərcim C.Yusiflinin yaradıcılığında elmi-nəzəri təhlillər geniş yer tutur. Onun "Bədii tərcümə problemləri", "Rilke və Eliot - XX əsr bir ovuc külün içində", "Röne Şar - məkanın sehri, yaxud Qurbaninin bənövşəsi", "Tatar çölü" və "Kvant mexanikası" (Dino Bussatinin romanı), "Unutduqlarımın adı" (U.Ekonun "Qızılgülün adı" romanı haqqında) və s. məqalələrini göstərə bilərik. AYB Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin rəhbəri S.Babullaoğlunun "Rumın ədəbiyyatı və M.Emineskunun şeirləri Azərbaycan dilində", M.Ağaoğlunun yapon yazıçısı Y.Mişima haqqında "Mişima möcüzəsi" adlı məqalələri analitik xarakterdədir. Və yaxud fəlsəfə doktoru A.Nəzərovanın "Bədii tərcümələr mədəni zənginlik kimi" sərlövhəli məqaləsindəki fikirlərini, ümumiyyətlə bütün istedadlı və zəhmətkeş mütərcimlərə şamil etmək olar: "Yazıçı A.Abbasovun tərcümələri ilə tanışlıqdan görünür ki, ingilis və rus dillərindən azərbaycancaya çevrilmiş bu əsərlər orijinala yaxınlıq və bədiilik baxımından təkmildir. Tərcümələr oxunaqlıdır, ona görə ki, Akif müəllim, ilk növbədə, Azərbaycan dilinin incəliklərinə, gözəlliklərinə məharətlə yiyələnmişdir, söz ehtiyatı zəngindir. Tərcümə edərkən, təkrarlara yol vermir, söz oynatmır" ("Əd", 28.01.23, s.16).Yeri gəlmişkən, A.Abbasovun tərcüməsində S.Moemin "Yağış" əsərini redaksiya gah roman, gah da povest kimi təqdim edir. Orijinalda isə əsərin daxil olduğu kitab belə adlanır: "Rain and other short stories" (M., Progress Publishers, 1977, s.25-83) - yəni "Yağış və digər qısa hekayələr".
Əlbəttə, bütün tərcümələrin və hər bir tərcümənin əvvəldən-axıra qədər səviyyəsi eyni deyil. Tərcüməçilərin buraxdıqları leksik-morfoloji, sintaktik, üslubi səhv, xəta və nöqsanları isə, hər şeydən əvvəl, onların bəzən təcrübəsizliyi, bəzən də ədəbi dilimizin bilgisindəki çətinliklərilə bağlı olur. Canlı danışıq dilini dərindən bilməklə xarici ölkə yazıçılarının əsərlərini anadilli oxuculara adekvat səviyyədə çatdırmaq da mütəxəssislərdən məsuliyyət tələb edir. A.Yaşarın tərcümələrində "hacət", "mətah", "cəzbə", "məzur", "hüdüləmək" kimi arxaik və dialekt sözlərə, kirayə əvəzinə, "kiralaya", habelə "samizdat", "katastrofik tip", "butulka", "adülter" və s. bu kimi "tərcüməyə gəlməyən" və yersiz işlədilən leksik vahidlərə rast gəlirik ki, bunlar da tərcümənin dil və üslubuna ağırlıq gətirir; məsələn, məlumdur ki, "adülter" bir termin olaraq fransız klassisizminin nümayəndəsi J.Rasinin (1639-1699) teatrına aiddir. Bəzən onun tərcüməsində bizim üçün anlaşılmaz olan cümlələr də oxuyuruq: "Nə isə deməkdən ötrü ağzını açan həkim daha heçcə nə deyə bilmədi" ("Əd",16.09.23, s.13). A.S.Puşkinin "Qaraçılar" poemasından (M.Müşfiqin tərcüməsi, 1930) ənənəvi tanıdığımız Zemfira ismi J.İsmayılın rumın dilindən etdiyi tərcümədə "Zamfira" kimi verilmişdir ki, bunun da oxucu üçün bir mütərcim qeydi ilə izahatı göstərilməsi yaxşı olardı (V.Aleksandri. "Qızıl pulun macəraları". "Azərbaycan", №10, s.131-158). Onun tərcümələrində -"zambir" kimi ləhcə sözlərinə və yaxud: "...Necə ki, tərbiyə görmüş insanlar belə edirlər" (?) - tipli cümlələrə də rast gəlirik ki, bunlar da ədəbi dilimizə bir növ yaddır. A.Nəbinin A.Podan çevirdiyi "Morella" hekayəsində belə bir cümlə var: "Onun kəhanəti düz çıxmadı". Kəhanət nə deməkdir, gərək lüğətlərdə axtaraq: kəhanət gələcəkdə baş verəcək hadisələri bilmək və qeybdən xəbər vermək mənasında işlənən termindir. ABŞ dollarının üstündə yazılan "İn God We Trust" - "Ulduz" dərgisinin baş redaktoru, şair Q.Ağsəsin dilimizdə səsləndirdiyi kimi, "Biz Tanrının varlığına inanırıq" mənasını vermir; amerikalılar bütün dünyaya bəyan edirlər ki, "Biz Allaha təvəkkül edirik". "C.Coysun ən qəddar əsəri: "Uliss" materialında onu hazırlayan mütərcim M.Qarayev əsərin adını gah "Uliss", gah da "Odissey" kimi çevirmişdir ki, bu da bəzi oxucuları çaşdıra bilər, halbuki həmin sözlərin sinonim olduğu bəllidir.
Bizə belə gəlir ki, Azərbaycan dilindəki bədii tərcümədən danışarkən, təkcə rus və Qərb dillərindən deyil, həm də Şərq dillərindən edilmiş tərcümələr də diqqətdə saxlanılmalıdır. Keçən il Ə.Səlah (İraq), N.Məhfuz (Misir), İdris şah (Hindistan) kimi görkəmli yazıçılardan, hansı dildən çevrildiyi göstərilməsə də, əsərlər tərcümə edilmişdir. Sənətşünas A.Talıbzadənin "Quranın sirləri tükənməz" məqaləsində şərqşünas T.A.Şumovski və onun "Müqəddəs Quran. Poetik tərcümə" adlı kitabı ilə bağlı mülahizələri polemika yarada bilən materialdır. Müəllif yazır: "Fikrimcə, T.A.Şumovskinin Quran, surə, islam, din sözlərinin yeni yozum versiyasının işığında aktuallaşdırdığı məqamlar dünya çapında islamın imicini daha da pozitivləşdirmək (?) baxımından son dərəcə dəyərli ola bilər"(!) ("Əd",13.05.23, s.18-19). İlk misirli Nobel mükafatçısı N.Məhfuzun Stokholmda M.Səlmani tərəfindən yazıçının dilində oxunan "Nobel nitqi" maraqlıdır. Burada M.Atilayın tərcüməsində belə bir yer var: "Şairimiz Əbu-l-Əla əl-Maari haqlı olaraq demişdir"; aydındır ki, söhbət filosof şair, böyük Azərbaycan alimi X.Təbrizinin ustadı Ə.Məəridən gedir. Lakin tərcümə rus dilindən edildiyinə görə, mütərcim də mexaniki olaraq hərfbəhərf tərcüməyə yol vermişdir. Bu baxımdan prof. İ.Həmidovun "Xətib Təbrizi və Məərinin bədii surəti" adlı məqaləsi diqqətəlayiqdir ("Az", 23,№ 6-7, s.153-159). Bu məqalədə müəllif Misir yazıçısı və alimi Ə.Kordi tərəfindən yazılmış "Hazırcavab" romanı haqqında məlumat verərək göstərir ki, əsərin bir sıra bölmələri X.Təbriziyə həsr edilmişdir. Fikrimizcə, tarixi faktlara əsaslanan həmin əsərin gələcəkdə Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-elmi ictimaiyyətimiz üçün çox maraqlı ola bilər. Perspektivdə dünya xalqları ədəbiyyatından klassiklərin birbaşa orijinaldan tərcüməsinə xüsusi yer vermək zəruridir. Əlbəttə, artıq klassikləşmiş müasir xarici ölkə yazıçı, şair və dramaturqlarının dəyərli əsərlərini də unutmaq olmaz. Təəssüflər olsun ki, bir çox hallarda tərcümə olunan materialın hansı dildən çevrildiyi göstərilmir. Eyni zamanda bəzən xarici müəlliflər haqqında bioqrafik məlumatlar verilmir. Bu baxımdan, prof. Q.Paşayevin Amerika yazıçısı C.Steynbekin "Nobel nitqi"ni tərcümə etmiş M.Atilaya göstərdiyi irad çox yerindədir və elə bir sıra tərcüməçilərə də bilavasitə aiddir: "Hörmətli M.Atilay Nobel mükafatı təqdimatı mərasimində ABŞ yazıçısı C.Steynbekin söylədiyi tarixi nitqini oxuculara ərməğan etməklə bərabər, yazıçının Azərbaycan ədəbi mühitində və elmi aləmində tanındığından bəhs etsəydi, ədəbi-elmi ictimaiyyətə töhfə vermiş olardı"(Q.Paşayev. "Dahilik mərtəbəsindən vida nəğməsi" ("Əd", 10. 06. 2023, s.16). Tərcümə ədəbiyyatımızın problem və perspektivlərindən danışarkən, ilk növbədə, xarici dilləri mükəmməl bilən, bədii istedadlı gənclərin bu sahəyə, maddi və mənəvi cəhətdən həvəsləndirməklə cəlb edilməsi ön planda olmalıdır. Burada mühüm amillərdən biri əsərlərin orijinal mətndən öyrənilməsi və tərcüməsidir. İkinci dildən tərcümə zamanı artıq bir dəfə dəyişikliyə uğramış əsər növbəti tərcümədə xarakterini dəyişir, olsun ki, əsas forma və məzmunundan bir qədər də uzaqlaşır. Bu gün orijinaldan tərcümə üzrə mütəxəssislərin, habelə xarici dil bilən redaktorların yetişməsi aktual bir məsələ olaraq qalmaqdadır. Bununla belə, "ən yaxşı tərcüməçi ana dilini yaxşı bilən və ondan bir yaradıcı kimi istifadə etməyi bacaran tərcüməçidir" (akad. Məmməd Arif).
Beləliklə, heç də tamamilə əhatə edə bilmədiyimiz 2023-cü ilin bədii ədəbiyyat tərcüməsi əslində rəngarəng və əlvan xarakterdədir. Bir sözlə, müəyyən səhv, qüsur və nöqsanların olmasına baxmayaraq, mütərcimlərimiz məhsuldar işləmiş, ədəbiyyatımızı bu və ya digər dərəcədə zənginləşdirmişlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!