Qarşımda səmimi və təvazökar insan, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin sevgiylə qələmə aldığı bir neçə kitabı var. Əzəl başdan onu deyim ki, görüşlərimizdə bir qayda olaraq yeni, müasir ədəbiyyat haqqında mülahizələrimizi bölüşür, heç kimə və heç nəyə güzəşt etmədən, müzakirə predmeti olan əsərlə bağlı həqiqi fikrimizi ortaya qoyuruq. Şəfəq sözün həqiqi mənasında, haqlı və doğru mövqeyi, sözün çəkisini bilməsi, təəssübünü çəkməsi ilə əsl ədəbiyyat adamıdır.Yazılarında da söz köhlənini yeri gəldi-gəlmədi, sağa-sola səyirtməyi xoşlamır, israfçı da deyil, əksinə, sözə qısqanclıqla yanaşır...
İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii yazılarla başlayıb. Başqa sözlə, ədəbi mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə yazdığı hekayələr və povestlərindən, publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı çıxışlarını hər zaman izləmişəm. Onun jurnalistika sahəsində qələmə aldığı resenziya, rəy və çoxçeşidli publisistik məqalələrində də bədii təsvir elementləri açıq-aydın nəzərə çarpır. Kitablarından birinə yazdığı "Ömür zaman işığında" Ön sözündə belə deyir: "Uşaqlıq çağlarından göy üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını, cığırını tutub üzü yoxuşlara yol almışam. Bir də baxmışam ki, hər şeydən uca, dəyərli olan sözlə sirdaşam..." Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu yaradıcılığa sövq edib. Və bir gözəl cəhəti də odur ki, Şəfəqin şəxsiyyət olaraq əqidəsi bütövdür, o, Sözlə bağladığı əhdi-peymanına sadiqdir...
Şəfəq uşaqlıq çağlarından həyatı müşahidə etməyi sevib. Gördüyü, dərk etdiyi nə varsa, yaddaşına hopub. Sonra yaşadıqlarını ədəbiyyata gətirməyə ehtiyac hiss edib. Hələ orta məktəb illərində yazdığı şeirləri, miniatür və kiçik məqalələri rayonda çıxan "Yüksəliş" qəzetində dərc olunub. İmzası geniş oxucu auditoriyasına "Ulduz" jurnalından, "Ədəbiyyat və İncəsənət qəzeti"ndən tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri olan "Qonşular" hekayəsi və "Müəllifin ilk kitabı" seriyasından "Gecə yağışı" hekayələr toplusu ilə gəlib. Hər birinin mövzusu həyatdan alınmış bədii nəsri ədəbi mühitdə maraqla qarşılanmışdır. "Gecə yağışı" kitabındakı hekayələrində müəllif özünün qeyd etdiyi kimi, insana qayğı, övlad-valideyn və doğmalar arasında yaranan yad münasibətlərdən söhbət açır.
Bədii nəsrinin oxucular arasında uğurla qarşılanmasından ruhlanan yazıçı bir-birinin ardınca yeni və maraqlı əsərləri ilə yoluna rəvan olur. "Gecə yağışı"ndan sonra kiçikyaşlı uşaqlar üçün yazdığı "Beyləqanın güllü yazı" kitabını ərsəyə gətirir. Kitabda müəllifin bir povesti, hekayə və nağılları yer alıb. Bu əsərlərdə uşaqların mənəvi dünyası, hiss və düşüncələri, dostluq, yoldaşlıq münasibətləri ön plana çəkilir. Bununla yanaşı, balaca qəhrəmanların qəlbində çiçəkləyən vətən, yurd sevgisi də özünəməxsus ştrixlərlə təqdim olunur. Müəllifin güclü intuisiyası, müşahidə qabiliyyəti, bədii təsvir vastələrindən yerli-yerində və öz rəngində istifadə maneraları heyrətamizdir. Diqqət edək: "...Üstü şiferli evlərin alnından qəribə buz fiqurları sallanır. Elə bil saray keşikçiləri ayaq üstə yuxuya gediblər..."
Bundan sonra Şəfəq oxucuların görüşünə çoxçeşidli mövzularda qələmə aldığı publisistik əsərləri ilə gəlir. "Ciddi söhbət", "Könüllərə şəfəq payı" kitablarında müəllifin müxtəlif vaxtlarda dövri mətbuatda dərc etdirdiyi publisistik məqalələri, xatirə-esseləri yer almışdır. Şəfəq Nasir ədəbi yaradıcılığın müxtəlif növlərində qələm çalır. Onun uzun illər tədqiq etdiyi İrəvan ziyalılarından olan babasının həyatı, ədəbi mühiti və yaradıcılıq yolundan bəhs edən "Məmmədəli Nasir" monoqrafiyası ədəbiyyatşünaslıq elminə yeni bir ədəbi şəxsiyyəti tanıtması ilə təqdirəlayiqdir.
Şəfəq Nasirin irihəcmli bədii əsərlərini daxil etdiyi "Bir ömrün üç bucağı" kitabında üç povesti yer alıb. Bu əsərlərdə insan taleləri bədii ştrixlərlə, həm də məharətlə işlənilib. Yazıçının təxəyyülünün, mənəvi aləminin həyat gerçəkliklərinə özəlliklə və həqiqət prizmasından yanaşması olduqca maraqlıdır.
Bəllidir ki, insan ömrünün ən unudulmaz, sevimli çağları saf, təmiz uşaqlıq, ilk gənclik dövrüdür. Sonralar necə bir həyat yaşamağından asılı olmayaraq, fikri, xəyalı onu elə hey həmin çağlara çəkir. Yaddaşından silinməyən, heç vəchlə qayıda bilməyəcəyi, əlinin yetmədiyi, ününün çatmadığı o illərə aparır...
"Bir ömrün üç bucağı"nda da müəllif oxucuya məhz uşaqlıq illərinin munis çağlarının xatirələrindən danışır. Əsərin qəhrəmanı olan Səma özünün nağılabənzər həyatı ilə, sanki gözümüzün önündə böyüyür. Ehtiyac və qorxularını, önündəki maneələri ağlının və həyat eşqinin gücü ilə aşaraq həyat yoluna davam edir. Müəllim valideynlərinin ailə qanunlarına söykənərək onlar kimi əqidəli, qürurlu olub, halallıqla yaşamağı öyrənir.
Bu yerdə gözlərimiz qarşısında öz çətin, ağır həyatlarından təlaş keçirən, həyəcanlanan insanlar canlanır. Çoxumuz uşaqlıqda aldığımız qəlb yarasının ağrısını həyatımız boyu hiss edirik. Qəhrəmanımız olan balaca qızcığazın da yaddaşında nənəsinin onunla soyuq və sərt davranışları qövr edir. Nənəsi əllərinin sığalı ilə deyil, silləsiylə hafizəsində qalır...
Əsər müxtəlif insan taleləri, qonşu və qohumluq münasibətləri, həssas məqamlarla da zəngindir. Əsərdə müxtəlif xalqların nümayəndələri ilə birgəyaşayış, dostluq və qonşuluq münasibətlərinə də yer verilmişdir. Yazıçı, bir bölgənin timsalında Azərbaycan xalqının tolerant yaşam prinsiplərinə uyğun, bir ailə kimi mehriban münasibətlərini açıb göstərir. Axı tolerantlıq xalqımızın xarakterik xüsusiyyəti və mədəniyyətinin göstəricisidir...
"Ruhlar ocağa dönər" povestində hadisələr Birinci Qarabağ müharibəsi dövründən bəhs edir. Mənfur ermənilər tərəfindən torpaqlarımız işğala məruz qalır, dədə-baba torpaqlarında yaşayan insanlar yurd-yuvalarından didərgin düşərək məcburi köçkünə çevrilir. Hakimiyyətdə gedən oyunlar, kürsü davası və bu davada xalqın güdaza verilməsindən sarsılan yazıçı hadisələri gerçəklik prizmasından açır. Ömrünün çoxunu yaşamış, bir də doğma yurd-yuvasına dönmək ümidi olmayan insanlar üçün isə bu, ikiqat faciədir. Məmməd müəllimin ailəsinin, el-obasının, kəndinin fonunda bir xalqın faciəsinin təsviri povestin başlıca amilidir.
Əsərdə həm də qarşılıqlı sevgi, inam, etibar olmadan bir damın altında yaşamağın çətinliyi, bəlkə də mümkünsüzlüyü də özünün bədii həllini tapır.
"Ötən günlərin nağılı" povesti iki dövrü əhatə edir. Qarabağda baş verən hadisələr ötən əsrin sonlarını, həm də sovet hakimiyyətinin qurulduğu zamanı əks etdirir. Müəllif ədəbi qəhrəmanların mənəvi aləmini incə ştrixlərlə açaraq, onların müsbət və mənfi tərəflərini məharətlə təqdim edir.
Hər gün gördüyümüz, bəzən görüb də fərqinə varmadığımız gözəlliklər Şəfəqin qələmində bambaşqa çalar alır. O zaman təbiət daha əlvan, insanlar daha munis, daha saf və mükəmməl görünür. Oxucu da özünü bu mükəmməlliyin əhatəsində rahat və məmnun hiss edir. İnanır ki, yazıçının təsvir etdiyi bu möhtəşəm dünyada xoşbəxt olmamaq mümkün deyil...
Şəfəq Nasirin yaradıcılığı elmi, ədəbi araşdırmalarla da zəngindir. Onun Qərbi Azərbaycan mətbuatı tarixinin araşdırılmasında da zəhməti böyükdür. Belə ki, tədqiqatçı alim İrəvanda ilk anadilli mətbuatımız olan "Lək-Lək" satirik jurnalını və "Bürhani-Həqiqət"i transliterasiya edərək nəşrini həyata keçirmişdir.
Görkəmli Amerika yazıçısı Henri Miller yazıçılığı metafizik macəra adlandırırdı. O deyirdi ki, yazıçı varlığın üst və alt qatlarını birləşdirən cığıra qədəm qoyur və nəticədə özü də bir cığıra çevrilir. Şəfəq bu gün də böyük həvəs və məsuliyyətlə yazıb yaradır. Bildiyimə görə, indi üç müxtəlif mövzuda olan kitabları üzərində yaradıcı işlərini davam etdirir. Hələ nə qədər toxunmadığı, qələmə almağa macal tapmadığı əsərlər onu gözləyir.
Geridə keçilmiş zamandırsa, irəlidə yaşanacaq illərdi. Bundan sonra neçə bahar, yaz göyərəcək, dünya yenidən doğulacaq, söz isə hər vaxt diri qalacaq. Arı çiçəyə, yazıçı sözə uçur. Gələcək uçuşların və yubiley yaşın mübarək olsun, Şəfəq Nasir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!