Nizaməddin ŞƏMSİZADƏ
Bu il bizim ilimizdir. Bu il atam Şəmsəddinin 100, anam Hənifə xanımın 90, mənim 70 yaşım tamam olur. Onlar 20 ildir ki, həyatda yoxdur. Lakin mən hər il onların yaşlarını qeyd edirəm. Mənim üçün onlar hələ də diridir. Yaxşı övlad üçün ata-anası yalnız o özü öləndə ölür.
Bu il ölkəmiz üçün də uğurla başlayıb: Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm Böyük türk dövlətlərinə - Orta Asiyaya, həm Avropa dövlətlərinə və Rusiyaya intensiv səfərlər edib. Onun hədsiz uğurlu xarici diplomatiyası sayəsində bu il Avropa və Asiyanın, Amerika və Yaxın Şərqin maraqları ölkəmizdə birləşib, həm Türk dünyası, həm Şərq, həm də Qərb Azərbaycanda ortaq məxrəcə gəlib. Bu, dünya-bəşər tarixində indiki zamana qədər heç vaxt baş verməmiş müsbət qlobal prosesdir. KOB-un Azərbaycanda keçirilməsi, dünya ekoböhranının enerji ehtiyacının ödənilməsinin Azərbaycana həvalə və ümid edilməsi bunun əyani ifadəsidir. Bəli, Azərbaycanımız dünyanın diqqət mərkəzindədir. Bəşəriyyət bizə - böyük lider İlham Əliyevə gözünü dikib. O, böyük iftixar hissi ilə 17 fevral 2024-cü ildə İnaqurasiya mərasimində bəyan edib: "Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?"
Təbii ki, nüfuzumuz, şöhrətimiz artdıqca düşmənlərimiz də artıb. İndi Azərbaycanı istəməyən, ikibaşlı siyasət yeridən Avropa Şurası, YUNESKO, Qafqazda oyun oynamaq istəyən müstəmləkəçi Fransa, hətta özünü dünyanın ağası kimi göstərən Amerika tarixin pərdəsi arxasından miskin vəziyyətdə görünür...
Azərbaycana Tanrı elə bir təbiət bəxş edib ki, bir yanda neft və qaz, işğaldan azad olunmuş Qubadlıda, Zəngəzurda, Kəlbəcərdə qızıl və digər qiymətli metallar, günəş, hava və sudan yaşıl enerji alır, dost ölkələrin də ehtiyaclarını ödəyirik.
Bu il həm də dünyada baş verən regional müharibələrlə tarixdə qalacaq: Rusiya-Ukrayna müharibəsi İsrail və Fələstin müharibəsi və s. Bütün bunlarda isə İl günahkar deyil, bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək istəyən, özgə torpaqlarına sahib olmaq iddiası ilə yaşayan erməni xislətli insanlar günahkardır. İftixar doğuran haldır ki, Fransanın əsarətində olan Afrikanın müstəmləkə dövlətləri, Kaldoniya xalqı azadlığa Azərbaycanın üçrəngli bayrağı ilə gedir. Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması, Rusiya sülhməramlılarının ölkəmizdən çıxması da böyük tarixi hadisədir. Azərbaycan təkcə Yer kürəsində yox, həm də tarixdə öz yerini möhkəmlədir. Əlbəttə, daxildə bir çox problemlərimiz var, lakin biz əvvəlcə həm coğrafi, həm siyasi-ideoloji, həm də iqtisadi sərhədlərimizi möhkəmlətməliyik. Qalib ölkə - Azərbaycan, məğlub ölkəyə - Ermənistana əl uzatdı - sülh təklif elədi, ermənilərin revanşist liderlərinin xəyal qurub təxribatlar törətməsinə, tarixdə həmişə olduğu kimi, Avropa dövlətlərində və Amerikada qucaq axtarmasına baxmayaraq bu sülh baş tutacaq.
Ağıllı və uzaqgörən, tarixi gedişatını hamıdan yaxşı duyan, "nəyin nə vaxt olacağını" yaxşı bilən liderimizin "bu sülh bizə lazım deyil, ermənilərə lazımdır" deyimi bütün Qafqazda müsbət hadisədir.
Mən, 2006-cı ildə çap olunmuş, milli ideologiyaya dair "Azərbaycançılıq" kitabımda belə yazmışam: "Azərbaycan tarixin amansız zərbələrindən infarkt keçirmiş ürək kimi parça-parçadır. Onun əlacı millətin birliyindədir". İndi - 2024-cü ildə birliyimiz də var, diriliyimiz də. İndi Vətən tarixinin qarşımıza qoyduğu vəzifə iqtisadi, hərbi və siyasi diplomatik qüdrətinə arxalanıb bu "parçaları" birləşdirmək - Dərbənddən Göyçəyə, Borçalıdan Zəncana, Təbrizə qədər bütöv Azərbaycanın tarixi sərhədlərini bərpa etmək, babalarımızın səhvlərini təshih etməkdir. Sovet, bolşevik-daşnak kommunistlər bizim torpaqlarımızda Ermənistan dövləti yaradıb. Dilənçi ermənilər bu gün dünyanın hər yerində özlərini yazıqlığa qoyub yırtıcı əməllərlə məşğuldur. Fəqət, uzun illər boyu bu "yazıq" mənfur toplumu, bəşəriyyətin vücudundakı bu yad, zəhərli törəməni mühafizə və müdafiə etmiş Sovet imperiyası kimi kəsib tarixin arxivinə atmaq vaxtı çatıb...
Biz əzəmətli addımlarla tarixin şərəfli dövrlərinə - Böyük türk qövmünün - türk dövlətçiliyinin təşəkkül tapdığı - Qızıl almaya - Turana doğru gedirik. Türk Dövlətləri Təşkilatının ülgüsü - strategiyası məhz bu olmalıdır.
Mən də hamı kimi, bir gün Allahın əmri ilə (atam həmişə deyərdi: "oğlum, mən ölsəm darıxma, ölüm Allah əmridi") bu fani dünyadan köç edəcəyəm. Qoy, hələ fürsət var ikən deyim: dünya türklərin idarəsinə keçəcək, bunun əlamətləri artıq görünməkdədir. Bu ağılla idarəçilik olacaq, bütün xalqlar rahat - aclıqsız, müharibəsiz, sülh içində yaşayacaq, mən əminəm ki, tarixdə sülhü məhz türk fatehləri yaradıb. Bu idarəçiliyin şüarı "Hamımız bir günəşin zərrəsiyik" (Abdulla Şaiq) olacaq. Mənim "Turan: tarixi gerçəklik və müasirlik" kitabım çapdan çıxıb. Bir çox problemləri mən orada əks etdirmişəm. Turan xəyal deyil, ideal gerçəklikdir. Biz Turanın övladlarıyıq, təəssüf ki, yadlar hökm edib bunu illərlə bizə unutdurublar. Əcnəbi xislətli alimlərimiz bizə "Sovet xalqı" adı (damğası!) vurub, aldadıb. Bu, "Yad"ın "Yaddaş" üzərində hökmranlığı dövrü idi.
- Sizlərsiz, ey qövmi macar, bizlərə ixvan.
- Əcdadımızın müştərəkən mənşəyi Turan.
Əlibəy Hüseynzadə
Ə.Hüseynzadənin "Turan" şeirinin təsiri ilə Ziya Göyalp da bir "Turan" şeiri yazıb:
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və mübədd bir ölkədir: Turan.
Ziya Göyalp bundan əvvəl "Millət" şeirində isə belə yazıb:
Sorma ona oymağımı, boyumu,
Beş min ildir millət kimi yaşaram.
Demə bana, Oğuz, Qayı, Osmanlı,
Yoxdur özbək, noğay, qırğız, kazanlı,
Türk milləti bir bölünməz bütündür.
Böyük Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlı Turan eşqini belə bəyan edirdi:
İntizar gözlərdə Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu,
Turan ellərinə salamlar olsun!
Sovet dövrünün kəshakəs vaxtı 1920-30-cu illərdə belə şeir yazmaq diri-diri kəfəni boynuna keçirmək idi. Vaxtsız ölüm C.Cabbarlının 1937-nin qanlı repressiyalarından qurtardı. Bəs Turana nə lazımdır? Bu elə o illərdə böyük Hüseyn Cavid cavab verib:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Həp mədəniyyət, mədəniyyət, mədəniyyət.
H.Cavidin "mədəniyyət"i çox geniş məna kəsb edir.
Türkləri başqa millətlərdən fərqləndirən Vətən məhəbbəti, "vətən əxlaqı"dır (Z.Göyalp). Türklərin "vətən" anlayışı məhz Turanla bağlıdır". "Bir türk ayrılıqda bir xalq deməkdir" (ərəb alimi Bəhr əl Cahiz). Türklər bəşəriyyətə dövlətçilik və yüksək mədəniyyət veriblər.
Bəli, bəyan edirəm, bu mənim İlimdir, tarixdə qalacaq bir İldir. Mən Turan ideallı bir türkəm, qəlbi atəşlə dolu, məğrur bir türk, Azərbaycan türkü. Və bununla fəxr edirəm, ləyaqətlə dünya səhnəsinə çıxa bilirəm. Mən çox güclüyəm - türk güclü deməkdir. Arxamda Böyük Türk Dünyası var. Qoy, düşmənlərimiz bunu unutmasın, bizimlə torpaq davası edənlər bilsinlər ki, mənim "Dəmir yumruğ"um var!
24.04.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!