Dəniz mövzusuyla başlayan yazı... - Yeganə MƏMMƏDOVA

Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid

İllər öncə qələmə almışdım "Gəl, dərdləşək, dənizim..."i. Publisistik yazı yarışmasında ikinci yeri tutaraq mükafata da layiq görülmüşdü. Dənizlə dərdləşirdim orda; qəlbən inciyib-sıxıldığım sosial-ictimai, mənəvi ağrı-acılarımı bölüşürdüm onunla. Hərdən də könül-sularının niyə belə bulanıq, çirkli olmasını soruşurdum "qəlb-sirdaşım"dan. O isə nitqi qurumuş, həyəcandan dili tutulmuş uşaq kimi hey susurdu. Bilmirəm, bəlkə də dalğa-qanadlarıyla sahilə sakit-sakit sığal çəkən "dostum" "baxışları" ilə hər şeyi anlatmağa çalışırdı, sanki heç məni eşitmirdi;  mənəviyyatı zəlillərin əməlləri ucbatından öz ağrısında qovrulurdu - "qanı"na yeridilən çirkab, zəhər, "sinəsi"ni parçalayan çeşidli tullantılar, daha nələr, nələr... Təkcə bir toxunuş bəs idi "məni bu hala siz insanlar salmısınız", - pıçıltısıyla "hönkürsün". O zaman həqiqətən, çox da fərqinə varmamış, dərindən duymamışdım onun bu narahatlığını. Bu səbəbdən suallarım qarşılığında saatlarla susqunluğunu özümə biganəlik, laqeydlik kimi dəyərləndirmişdim həmdəm-dənizimin. Lap sonralar nə qədər yanıldığımın, səhv düşündüyümün fərqinə vardım... Çünki əslində dəniz mənim deyil, mən dənizin dərya dərdinə səssiz-sakit qalmışdım... Sonradansa sahilində dayanıb halına acımağım, onunla birgə ağrımağım, "bağışla", - deyə "arxadan atılan daş" effektli etirafım şütüyüb gözdən itən qatarın arxasınca yüyürməyə bənzəyirdi - yanılmışdım, çox gecikmişdim onu anlamaqda...

Dəniz də, yaşıllıqlar da, təbiətin bütün gözəllikləri də ulu Yaradanın bizə payıdır. Bu gözəlliyi isə normal yaşantımız, səhhətimiz, sağlam sabahımız naminə qoruyub saxlamalıyıq. Və sözsüz ki, möhtərəm prezidentimiz İlham Əliyevin elan etdiyi "Yaşıl dünya naminə həmrəylik ili"ni nümunəvi işimiz, təqdir olunacaq əməlimizlə dəstəkləməliyik ki, sonradan gecikmiş etirafa uğramayaq...

Haşiyə: Yazımı bu tərzdə başlamağım - "dənizin sözügedən mövzu ilə nə əlaqəsi?" - deyə mövzudan kənarlaşmam kimi də dəyərləndirilər bəlkə, bəzi oxucularımız tərəfindən. Amma məncə, seçdiyim istiqamətdə "ətraf mühitin qorunması" varsa, burada, təkcə nəqliyyat sektoru ilə kifayətlənmək düzgün olmazdı.  Ona görə düşündüm, istər nəqliyyat, istər yaşıllıq, istər digər sahələrin də insan sağlamlığı üçün ekoloji tərəflərinə dəniz mövzusunda olduğu kimi həssas yanaşmağımla doğru seçim etmiş olaram. Eyni zamanda bu yanaşmam ekoloji tarazlığın bütün sahələrdə qorunmasına bir çağırış kimi səslənər. Hər halda bu mənim qənaətim, bəhs etdiyim mövzuya baxışımdır.

Ulu Yaradanın bizə yetirdiyi gözəllikləri, bəxş etdiyi nemətləri hər zaman lazımınca dəyərləndirməli, bu gözəlliklərə əl qaldırıb qətlinə fərman verməməliyik. Yaşıllıqları, oksigen mənbəyimiz sayılan hər növ bitkiləri qırıb, əvəzində bina ucaltmaqla, həyatımız üçün nə qədər dəyərli olan ağacların dibini betonlayaraq yaşamına son verməklə, yerində özümüzə "şəhərcik" salmaqla nə əldə edib, nə qazanırıq? - Əlbəttə, ildən-ilə artıb çoxalan, mənşəyinin haradan, nədən qaynaqlandığı məlum olmayan ölümcül xəstəliklər...

Ətraf mühit, salınan yaşıllıq zolaqları, meşələr məlum məsələdir ki, hər zaman, mütəmadi olaraq diqqətdə olmalı, qorunmalıdır. Neqativ hallara, çatışmazlıqlara qarşı ciddi mübarizə  aparmaq, həmçinin təbliğatı gücləndirmək, layihələr həyata keçirmək... məncə, çatmaq istədiyimiz şəffaf məqsədə yalnız bu yollarla daha çox yaxınlaşmış olarıq. Çünki sağlamlığımız, normal yaşamımız tarazlığını qoyurub saxlaya biləcəyimiz ekologiydan asılıdır.

Ekologiyanın, atmosferin çirklənməsinin qarşısını almaq, zərərli, zəhərli maddələri kənarlaşdırmaqdan ötrü söz yox, bəzi sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də, sözün müsbət anlamında, yeniliklərə, uğurlara imza atılıb. Lakin buna baxmayaraq adıçəkilən sahədə də hələ çatışmazlıqlar qalmaqdadır. Bu mənada, yararsız, istehsal tarixi köhnə, istismar müddətini artıq çoxdan başa vurmuş avtomobillər, sərnişin avtobusları ətraf mühitin çirklənməsinə, atmosferin korlanmasına real şərait yaradır; avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr havanın zəhərlənməsinə səbəb olur, bu da öz növbəsində, insan sağlamlığına, təbiətə mənfi təsir göstərir. Bəs bunun üçün hansı sərt tədbirləri görmək olar? Məsələn, utilizasiya sadalanan çatışmazlıqların qarşısını almaq üçün məncə, ən zəruri tədbirlərdən biridir; xəttə yararsız olan nəqliyyat vasitələrinin utilizasiyası mütləq şəkildə vacibdir. Özü də bu, xarici ölkələrdə olduğu kimi, bizdə də məcburi xarakter daşımalıdır, yəni köhnə avtomobillərin utilizasiyası gündəm olmalı və könüllülük prinsipi əsasında deyil, dediyim kimi, məcburi qaydada aparılmalıdır. Çünki bu prosesin kökündə insan sağlamlığının qorunması amili dayanırsa, artıq utilizasiya könüllü olmamalıdır.

Bəzi avtomobillər hərəkətdə olarkən xoşagəlməz səsi ilə narahatlıq yaradır, insanın birbaşa əsəbinə toxunur, onun ovqatına, səhhətinə təsir edir. Bütün bunların fonunda isə haqlı narazılıqlar yaranır. Avtomobildəki sözügedən problemin nədən qaynaqlandığını araşdırmaq məqsədilə həmsöhbət olduğum sürücülərin bəzisi bunu nəqliyyat vasitəsinə tökülən benzinin, ya keyfiyyətsizliyi, ya da benzin uyğunsuzluğu ilə, bir qismi isə səsboğucunun yararsız hala düşən kimi, onu yeniləmək əvəzinə, əksinə, ləğv edilməsi ilə əlaqələndirdilər.

 

***

Paytaxtda nəqliyyat parkının yenidən salınaraq müasir hala gətirilməsi, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsini təşkil etmək məqsədilə bir neçə layihələr həyata keçirilib. İctimai nəqliyyatda infrastruktur yenilənib, xəttə iritutumlu avtobuslar buraxılıb. Bu mənada,  günün tələblərinə cavab verən elektrik mühərrikli nəqliyyat vasitələrinin xəttə buraxılmasını, zənnimcə, həm büdcə, həm də ekoloji baxımdan nəqliyyyat sektorunun uğuru kimi dəyərləndirmək olar. Bu tipli avtobuslar ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınması baxımından mühüm rol oynayır. Lakin bu prosesin davamlı olması, özü də elektriklə işləyən marşrut avtobuslarının çoxaldılması daha uyğun olardı. Çünki uzun məsafə qət edən bəzi avtobuslar hələ də azdır. Yəni onların xəttə məhdud sayda buraxılması əksər hallarda sərnişinlərin haqlı narazılığına səbəb olur; sürücü-sərnişin münasibətləri korlanır, saatlarla dayanacaqlarda gözləmək, gediləcək yerə (iş, tədbir, məclis və s.) vaxtında yetişə bilməmək xoşagəlməz nəticələr doğurur. Üstəlik də, bir yandan yaranan yol tıxacları... Əgər hər şey insanın fiziki, ruhi sağlamlığına hesablanırsa, bu nüanslar da nəzərə alınmalıdır.

Düşünürəm ki, marşrut avtobuslarının say artımı bəhsikeçən mövzuda bəzi problemlərin həllinə töhfə vermiş olardı (məsələn, xəttə buraxılan 205 saylı marşrut avtobusunun çoxaldılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət etmişəm, nəzərə alınacağını söyləyiblər...)

Təqdirəlayiq addımlardan biridir ki, Bakımızda, eləcə də bölgələrimizdə müasir üslublu avtovağzal kompleksləri inşa olunub və beynəlxalq marşrutlarda yeni avtobus xətləri açılıb. Bu isə sərnişinlərin təhlükəsiz mənzil başına çatdırılması baxımından çox önəmlidir.

 

***

Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 günlük döyüşlə torpaqlarımızı işğaldan azad edərək böyük şanlı zəfərə, tarixi qalibiyyətə imza atdı. İndi artıq həmin ərazilərimizdə yaşayış üçün zəruri olan lazımi infrastruktur qurulur, yurdundan illərdir didərgin düşmüş soydaşlarımızın doğma ocaqlarında yenidən məskunlaşması və işgüzar fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu isə dövlət siyasətinin başlıca  prioritet məsələlərindəndir.

Bəli, məqsəd həmin ərazilərdə insanlarımızın öz yurd yerlərinə köçürülməsinin qısa zaman kəsiyində təmin edilməsidir. Bu istiqamətdə görülən işlərdən biri də işğaldan azad olunmuş ərazilərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus marşrutlarının açılmasıdır. Artıq Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları ötən ildən (24.1.2022) istismara verilib.

Xatırladaq ki, Bakı - Şuşa, Bakı - Ağdam, Bərdə - Ağdam, Əhmədbəyli (Füzuli) - Şuşa, Tərtər şəhəri - Talış kəndi, Horadiz (Füzuli) - Ağalı (Zəngilan), Horadiz - Laçın, Horadiz - Əhmədbəyli - Hadrut istiqamətlərində avtobus marşrutları fəaliyyətdədir.

Bütün bu uğurların fonunda söyləyə bilərik ki, Azərbaycanın nəqliyyat sektoru durmadan inkişaf edir, yaranan çatışmazlıqların aradan qaldırılması baxımından səy və səfərbərliyini əsirgəmir. Ən başlıcası isə "Yaşıl dünya naminə həmrəylik ili"nə öz dəyərli töhfəsini verir.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioriteti 2030-cu ilədək Azərbaycan üçün əsas istiqamətlərdən biri olaraq təsdiqini tapıb. Həmçinin "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması, elektrik enerjisi istehsalının qoyuluş gücündə  bərpa edilən enerji mənbələrinin payının artırılması (2026-cı ilədək 24%-ə çatdırılması) ilə bağlı hədəflər də əsas məsələ olaraq nəzərdə tutulur.

P.S. Bir daha xatırladım ki, yazımın əvvəlinə dəniz mövzusu ilə giriş verməyim heç də təsadüfi deyildi. Çünki istər nəqliyyat sektorundan, istərsə də, hər hansı bir sahədən bəhs ediriksə, həmin mövzunun daxilində mütləq şəkildə ətraf mühit, ekologiya ilə bağlı amilləri axtarıb üzə çıxarmalıyıq. Bu mənada tam məsuliyyətimizlə bu günümüzün, gələcəyimizin sağlamlığı naminə əlimizdən gələni, əlbəttə ki, əsirgəməməliyik.

 

 

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının

kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim

təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!