"Yadigarımı qoruyun..." - Zemfira Məhərrəmlinin hekayəsi

"Nə yaxşı ki, kənddən rayon mərkəzinə cəmi iyirmi dəqiqəlik yoldur. Dərmanları alıb tez də geri qayıdaram." Əczaxanaya çatanadək bu fikirləri öz-özünə dönə-dönə pıçıldamışdı. İti sürətlə gəldiyindən qan-tər içindəydi. Anasının xəstəliyi son günlər şiddətlənmişdi. Yazıq arvad ağrı-acıdan büzüşüb balacalaşmış, qaradinməz olmuşdu. Uzun illərdən bəri həm şəkər xəstəliyindən, bir də yüksək qan təzyiqindən əziyyət çəkirdi. İndi də virusa yoluxmuşdu. Yaxın qonşularında da bu virusa yoluxma halı aşkar edilmişdi. Kənd həkimi, necə deyərlər, həyəcan təbili çalmış, xəstə ananın rayondakı yeni klinikaya yerləşdirilməsini istəmişdi. Ana isə "mən xəstəxanaya getmirəm, evdə dava-dərmanla sağalacam" deyib durmuşdu. Oğlu da anasının sözünü tutub, xəstəliyinin əlacını axtarırdı.

Yolboyu ailəsi, qoca ata-anası, özündən yaşca böyük olan bacıları barədə düşünürdü. Valideynləri beş qız övladının ardınca bircə oğul arzulamışdı. Yaxşı ki, uzun illərdən sonra Allahın şirin payına - körpə oğlancığaza sahib olmuşdular. O üzdən  qızlar bir yanaydı, dua-sana ilə, özü də gec tapılan oğul bir yana. Bütün ümidlərini bu oğula bağlamışdılar. Allah ürəklərinin arzusunu vermişdi. "Yaxşı ki, oğul payı, gec də olsa, qismətimizdə varmış", - deyə uca Yaradana daim şükranlarını yetirirdilər.

Nə yaxşı ki, xeyli gec tapdıqları, aman-zaman oğul ağıllıydı, ata-ana qədri bilən idi, soy-kökünə ehtiramı varıydı. Ahıllıq çağlarını yaşayan ata-anasına qırılmaz tellərlə bağlıydı.  Atasının bircə oğlunun toy məclisində həyəcanını, anasının sevincdən yaşarmış gözlərini heç vaxt unutmurdu. "Onlar mənlə nəfəs alırlar, ömrümün sonunadək ata-anamın nazını çəkməliyəm. Gəlinlərini də məndən az istəmirlər. Sevgimizə hörmətlə yanaşıb izdivacımıza razı oldular. İndi isə bir neçə aydan sonra doğulacaq nəvələrinin yolunu intizarla gözləyirlər. İnşallah, bu körpə nəslimizin daha bir davamçısı olacaq, ömrümüzə ömür qatacaq".

Bu düşüncələrin təsiri ilə köksü qabarır, içini xoş duyğular bürüyürdü. Rayon mərkəzindəki yeni əczaxanaya getmək üçün dairəvi yola keçməliydi. İş saatı yenicə bitdiyindən bu yolda sıxlıq yaranmışdı. 

Minik maşınları ara vermədən şütüyürdü. İşıqforun bu arada sıradan çıxması vəziyyəti çətinləşdirmiş, sürücüləri də, piyadaları da çaşbaş salmışdı. "Axı niyə məhz bu yolda belə xoşagəlməz vəziyyət yaranır?! Hər şey vaxta bağlıdır," - deyə düşünürdü. Artıq səbri çatmayıb səkidən şose yoluna çıxdı və qarşı tərəfə adlayanda, sanki güclü bir dalğa onu göyə qaldırıb, yerə çırpdı. Başına dəyən ağır zərbədən gözləri qaraldı. Bir neçə dəqiqədən sonra qəza baş verən asfalt yolda qan gölməçəsi yaranmışdı...

Ağır avtomobil qəzasında həlak olan gəncin faciəsi ildırım sürətiylə yayılmış, kənddə hamını ayağa qaldırmışdı. Yas yerinə qonşu kəndlərin camaatı da axışmışdı. Xəstəliyinə əlac istəyən ananın dərdinə dərd calanmışdı. Uzun illərdən sonra tapdığı əziz-xələf oğlunun qəfil ölümünə dözməyən ananın qəddi bükülmüş, ağlamaqdan az qala kor olmuşdu. Yeganə təsəllisi vardı: həyatdan nakam getmiş oğlunun yadigarının doğulacağı günü intizarla gözləyirdi. Biçarə qadın oğlunun tez-tez yuxularına gəldiyini, "yadigarımı qoruyun, ana" kəlmələriylə qeyb olduğunu söyləyirdi.

Gəlinin valideynləri isə qızlarını dilə tutub, ana bətnindəki dölün tələf edilməsini istəyirdilər. "Atasız körpəni necə böyüdəcəksən, qızım, ayağına buxov bağlama. Sənə təkbaşına çox çətin olacaq. Ən yaxşısı, bu hamiləlikdən qurtulmaqdır. Belə olsa, yenidən ailə qurarsan", - deyirdi anası. Doğulacaq körpənin, uzun çək-çevirdən sonra, necə deyərlər, qətlinə fərman verilmişdi. Təhlükəli risklər nəzərə alınmadan, xeyli böyük olsa belə, döl ana bətnində tələf edilmişdi.

Gəlin bunu gizli saxlasa da, bir gün həqiqət üzə çıxmış, nakam gəncin taleyinə yanan ananın ahu-zarı ürəkləri titrətmişdi. Amma çox gec idi. Acı etiraf, təəssüf hissi, umu-küsü, peşmançılıq indi heçə bərabərdi və "arxadan atılan daş topuğa dəyər" misalındaydı. Vaxtilə "can" deyib,  "can" eşidən iki ailə arasında dərin ixtilaf yaranmışdı.

Bir gün qəbiristana gəlib gəncin məzarını  ziyarət edən yaxınları, dostları gördükləri mənzərədən donub qalmış, sarsılmışdı. Ata olmaq arzusuna yetməyən nakam cavanın qəbrinə kiçik bir məzar sığınmışdı. Bu, dünyaya gəlməkdən, yaşamaq haqqından  məhrum edilmiş, ana bətnindəcə məhv olmuş çağanın bapbalaca, rəmzi məzarıydı. Baş verənləri eşidənlər, təfərrüatı ilə bilənlər daha çox təsirlənmişdi. Sonrakı çətinlikləri göz altına alan, ana olmağı özünə rəva dolanıb acı göz yaşları axıdır, bətnindəki  kiçicik məxluq doğum evində tələf edilən gün eşitdiyi  fikirləri yaddaşında dönə-dönə çözələyirdi. Palatada gördüyü bir hamilə gəlinin - Vətən savaşında  canından keçən şəhidin dul qadınının əlini ürəyinin üstünə qoyaraq "ömür-gün dostumun yadigarını, tezliklə doğulacaq əkiz oğul payımızı göz bəbəyim kimi qoruyuram" deməsini unuda bilmirdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!