Pərvanə oldum ki, işıq axtaram, Yandı qanadlarım çıraqlar üstə... - Hüseyn Kürdoğlunun şeirləri

Ellərin qəlbində

yuva quranda

 

Yadımdan çıxarmı yaşlı güneylər,

Ayağım yer tutmuş o dağlar üstə.

Bir gözəl ovcunda su vermiş mənə,

Alışıb yanmışam bulaqlar üstə.

 

Sənət beşiyində açıb gözümü,

Bəxtiyar sanmışam mən də özümü.

Yaza bilməyəndə ürək sözümü

Tökülüb göz yaşım varaqlar üstə.

 

İstərəm sel kimi kükrəyib-coşam,

Vətən gülzarına nəğmələr qoşam.

Pərvaza yetişən bala bir quşam,

Yuvamdan uçmuşam budaqlar üstə.

 

Şeriyyət yolçusu bir həvəskaram,

Hər sözün üstündə qan verir yaram.

Pərvanə oldum ki, işıq axtaram,

Yandı qanadlarım çıraqlar üstə.

 

Könlümün sazına mizrab vuranda,

Min dastan deməyə hazır duranda,

Ellərin qəlbində yuva quranda,

Qonar misralarım dodaqlar üstə.

 

1955

 

Bilməsin

 

I

 

Gözlərin sirrini gözaltı desin,

Qulaq eşitməsin, dodaq bilməsin.

Eşqin atəşini qəlbində gizlət,

Ocaq xəbər tutub, çıraq bilməsin.

 

Qurbanın olaram hamıdan əvvəl,

Şeir qədri bilən mehriban gözəl.

Elə məstanə gəl, elə nazlı gəl,

Hara getdiyini ayaq bilməsin.

 

Xəbərçi sözüylə bağrım teyləmə,

Mənə yer üzünü qürbət eyləmə.

Yazdığım nəğməni suya söyləmə,

Gələni çox olur, bulaq bilməsin.

 

Yerdən ot göyərib daşı dələndə,

Lalələr közərib, güllər güləndə,

Bülbül bağçanıza qonaq gələndə

Kövrəlib ah çəkmə, qonaq bilməsin.

 

Gün keçər, ömrümüz səraba dönər,

Eşqimiz bir yetim rübaba dönər.

Sirrimiz açılar, kitaba dönər,

Yazma kağıza da, varaq bilməsin.

 

II

 

Ürəyin sirrini gözlərin desin,

Kirpik də bilməsin, qaş da bilməsin.

Üstünə tökülsə ayrılıq qəmi,

Gözündən tökülən yaş da bilməsin.

 

Kim saldı çöllərə sevda şahını -

Məcnunu - Leylinin qibləgahını?

Daş-divar tanıyar eşqin ahını,

Ah çəkmə, divar da, daş da bilməsin.

 

İllərim sovruldu qara yellərə,

Yas tutub ağlaram ötən illərə.

Adımız tez düşər yaman dillərə,

Dodaq da bilməsin, diş də bilməsin.

 

İlahi nuru var incə gözəldə,

Gərək müşkül işi tanrı düzəldə.

Bağrında saralan ot da, xəzəl də,

Göydə karvan çəkən quş da bilməsin.

 

Odusan sinəsi dağlı şairin,

Gözləri eşqinlə bağlı şairin.

Gözəl qurbanıdır ağıl şairin,

Aqillər ağlımı başda bilməsin.

 

Yer-yer ağarsa da saçlarımda qar,

Qaragün olmasın bu ağ günahkar.

Hər yaşda eşqimdir ömrümə bahar,

Gözəllər sevgini yaşda bilməsin.

 

1993

 

Qoy dolanım bu dağların başına

 

Qoy dolanım bu dağların başına,

Quzey mənim, bulaq mənim, çay mənim.

Doğru sözün, düz ilqarın şahidi,

Bulud mənim, ulduz mənim, ay mənim.

 

Gül fəslində eşqə düşdüm çağladım,

Yandı bağrım yayda könül bağladım.

Payız gəldi ayrı düşdüm çağladım,

Xəzan mənim, bahar mənim, yay mənim.

 

Peyman tutub doğru yola getməsəm,

Yay bağında bülbül olub ötməsəm,

Həsrətini çəkdiyimə yetməsəm

Kədər mənim, qüssə mənim, vay mənim.

 

Gülüşü var çiçəklərin üzündə,

Yerişi var maralların izində.

Sinəsində, dodağında, gözündə

Bəxşiş mənim, sovqat mənim, pay mənim.

 

Sevgilimin tellərini sayalar,

Əllərinə qızıl həna qoyalar.

Aşıq çala, səsə düşə qayalar,

Sevgi mənim, vüsal mənim, toy mənim.

 

1958

 

Üzünü görsəm

 

Deyirlər sözlərim düşmür dilindən,

Min nəğmə yazaram üzünü görsəm.

Surətin qəlbimdə Leyliyə bənzər,

Bəlkə Məcnun ollam özünü görsəm.

 

Bir sona qaldımı eşqin gölündə,

Yanaram sazımın sarı telində.

Laçın bulaqları düşmən əlində,

Bir çeşmə taparam gözünü görsəm.

 

Dünya dərd evidir, hər arzuna çat,

Qovla qara günü, dalınca daş at.

Mənə bir gənclik də verərdi həyat,

Gözündə gizli bir sözünü görsəm.

 

Taleyim dönükdür, üzümə gülməz,

Sənəmlər gözümün yaşını silməz.

Hər gözəl könlümə iz sala bilməz,

Nə dərdim, könlümdə izini görsəm.

 

Hayıf, tez ağardı saçım qar kimi,

Mən xəzan kimiyəm, sən bahar kimi.

Köçərdim dünyadan bəxtiyar kimi,

Bir gün başım altda dizini görsəm.

 

1993

 

Çilə sən

 

Deyən varmı yazdığı bir yad eylə,

Gör neynədin, eyləməzdi yad eylə.

Ya sevginən, ya küsəndir, yad eylə,

Nolar bir gün oduna su çiləsən?

 

Mən Yusifi kor quyudan çəkənəm,

Qıyarammı qönçə könlün çəkə nəm.

Səndən ötrü müsibətlər çəkənəm,

Çəkməyəsən nalə, fəryad, çilə sən.

 

Könlüm quşu bağçanızda gecələr,

Ağ buludlar incisini gec ələr.

Ey gözəl ay, biz görüşən gecələr

Ulduzlar bulaqlara çilə sən.

 

Körpələnmişəm

 

Bu payız gecəsi xəzəllər kimi

Getdiyin yollara səpələnmişəm.

Dönmüşəm doluxan boz buludlara,

Dağların başında təpələnmişəm.

 

Tayından ayrılan yalqız əliyəm,

Mələyə-mələyə sənsiz ləliyəm.

Köksümdə az üzün, bir dağ gölüyəm,

Çalınıb-çalxanıb, ləpələnmişəm.

 

Bir quşam, yuvası tar-mar kimi,

Xəyalım inlədi bir ruzgar kimi.

Oyanıb döş gəzən cocuqlar kimi,

Bu gecə ağlayıb, körpələnmişəm.

 

1992

 

***

Cam dolu şərbətdir ömür,

Yar qaldı cam əlimdə.

Baxtımı gəzdim, tapmadım,

Geri döndüm şam əlimdə.

 

Niyə gəldik, niyə gedək,

Arzumuz çox, mənzil gödək.

Köç fərmanı yazdı fələk,

Budur, sərəncam əlimdə.

 

Bu fələk kimin babıdır,

Gah tutqun, gah da abırdır.

Dünyam şeir kitabıdır,

Ölürəm dünyam əlimdə.

 

1992

 

Nələr keçər dünyadan

 

Ümman üstən bir körpüdür bu dünya,

Aman Allah, nələr keçər dünyadan?!

İblis gələr, baxar çaşqın bəşərə,

Qəhqəh çəkər, gülər, keçər dünyadan.

 

Ümidizdir bu körpünün özülü,

Yollarına qəm karvanı düzülü.

Məzarından qalxsa dərdli Füzuli

Göz yaşını silər, keçər dünyadan.

 

Şad olaram əcəl məni uyutsa,

Yanğınımı torpaq altda soyutsa.

Yer üzünə min kərə də qayıtsa,

Mənim ruhum mələr keçər dünyadan.

 

1991

 

***

Mən önədə qəbrim üstə

əzizlərim az ağlasın.

Kəndimizin hər çeşməsi

olsun bir Araz, ağlasın.

Ala gözlü, qara qaşlı

bir gözəlin qucağında

Xan Kərəmin yadigarı

yanar telli saz ağlasın.

 

1980

 

Atamın xatirəsi

 

Gözümdə od olur yaş gilə-gilə,

Damıb göl olaydı kaş gilə-gilə.

Necə qucaqlayım soyuq məzarı,

Qorxuram əriyə daş gilə-gilə.

 

1963

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!