Ruhun şad olsun, ustad!.. - İFTİXAR

Vaqif Səmədoğlunun ruhuna ehtiramla

Gecə saat 03:07-də oyandım. Ərşə çəkilmiş yuxum yerinə Azərbaycanımızın əvəzsiz şairi Vaqif Səmədoğlunun ruhu hakim kəsilmişdi ruhuma. Belə hallar tez-tez baş verir mənim ömrümdə. Gah Bayronun ruhu, gah Nəsiminin, gah Yunus Əmrənin, ən çox da Vaqif Səmədoğlunun ruhu ərşə göndərir yuxumu. Yalnız Vaqifin ruhu ilə qovuşanda ruhum, mütləq şeir yazılır. Onu da deyim ki, şeirlərimin çoxu məhz Vaqifin ruhundan doğulub. Elə bil məhz şeir diktə etmək üçün hakim kəsilir Pirimin ruhu ruhuma. Bu gecə isə şeir deyil, məhz bu yazı hopdu ruhumdan bilgisayarımın ekranına...

Vaqif üzündəki təbəssümü ilə göylərdən elə boylanırdı ki, sanki yenə də hansısa məzəli əhvalatı danışacaqdı şirin-şirin, yastı-yastı, aram-aram, danışdığından özü ləzzət ala-ala və qəşş edib güləcəkdik. Sonra da yenisini başlayacaqdı. Vaqifin danışdıqları hər kəsin danışdığı lətifələrdən deyildi, məhz özünün başına gəlmiş çox maraqlı əhvalatlar, hadisələr idi. Hadisələr o qədər maraqlı idi ki, sanki duzlu-məzəli lətifə dinləyirdin... Bu gecə isə Vaqif susurdu, Vaqifin sükutu danışırdı, qıyılmış gözlərinin xoş təbəssümü ilə. Eynən nəşi Akademik Teatrın səhnəsində qoyulan günkü kimi. Həmin gün unudulmazdır. O gün Vaqifsevərlər axın-axın teatrın salonuna toplaşırdı. Salonda yer qalmamışdı. Foyedə, koridorlarda, giriş qapısının ətrafında, teatrın qarşısında - kim harda yer tapa bilmişdi, orda dayanmışdı. Hamı Vaqiflə vida mərasimini qaçırmamaq üçün tələsmişdi Akademik Teatra. Salondakılar səhnədə qoyulmuş Vaqifin nəşinin başı üstündə asılmış məhz həmin təbəssümlü anının fotosuna zilləmişdilər gözlərini, lakin digər məkandakılar, sanki ruhu ilə ünsiyyətdə idilər böyük şairin. Elə bil Vaqif hər kəsə bir mövzu danışırdı. Hərə Vaqifin ruhu ilə bir cür ünsiyyətdə idi. Bu ovqat hər kəsin üzündə əks olunurdu. Haqqında xoş xatirələr danışanlar da var idi. Mən fərqli olaraq özümə yer tapa bilmirdim. Gah salonda bir kənarda oturub təbəssüm dolu çöhrəsində onun yaddaşıma yazılmış xatirələrinin anılarını axtarır, tapır, elə bil canlı-canlı söhbət edirdim, gah foyeyə çıxır, gah koridora, gah bayırdakı ziyarətçilərin, daha doğrusu, Vaqifçilərin həndəvərində hərlənirdim. Bu, məndən asılı olmadan baş verirdi. Hər yerdə də Vaqifin ruhunun dolaşdığını, hər kəslə bir-bir ünsiyyət qurduğunu, sanki bir tamaşaçı olaraq onun əsərlərinin epizodlarına baxırmış kimi canlı-canlı görürdüm. Vaqiflə olan bütün görüşlərim bir-bir gözlərim önündə epizod-epizod canlanırdı. Bir anlıq ilk tanışlığımızın epizodu da gəlib dayandı gözlərim önündə. Səksəninci illər idi. Böyük şair Səməd Vurğunun "Vaqif" tamaşasının premyerasından sonra - mən həmin tamaşada Əli bəy rolunu oynayırdım - səhnə arxasında bizimlə görüşən Xavər xanım və Vaqif Səmədoğlunun aktyorları təbrik anları unudulmazdır. Xavər xanım mənim əlimi sıxarkən: "Çox gözəl oynadınız, kaş Səmədin özü görəydi sizin oyununuzu", - dedi. Vaqif məşhur təbəssümü ilə, zarafatlaşdı: "Biz gördük, bəsidi..." - dedi və boynumu qucaqladı. Mən sözün ləzzətini alana qədər ətrafdakıların ləzzətlə güldüyünü gördüm və mən də onlara qoşuldum. Sonralar Xavər xanımla təsadüf elə gətirdi ki, bir neçə dəfə də rastlaşdıq və bir kərə, məni növbəti dəfə təbrik edərkən - bu dəfə Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu" tamaşasının premyerasında - "ailəmizin Əli bəyi", - deyə əlimi sıxdıqda, bu kəlməni özümə ən qiymətli mükafat kimi qəbul etmişdim və Vaqif Səmədoğlu onda da öz zarafatı ilə hamımıza gülüş bəxş etdi. "Əli bəy köhnəlib, Niftalısı deyək", - dedi və yenə də boynumu qucaqladı. Həmin məqamda bir anlıq "Yayda qartopu oyunu" əsərinin ilk məşqini xatırladım. Məşqi görkəmli teatr rejissoru Hüseynağa Atakişiyev (ruhu şad olsun!) aparırdı. İlk cümləni oxuyarkən, Vaqif sözümü kəsmişdi. Həzzlə, "Eloğlu, (o, həmişə mənə eloğlu deyirdi!) elə bil, bu obrazı səni görüb yazmışam", -  demişdi. Əlbəttə ki, həmin gün deyilən bu xoş sözlər, sanki Vaqifin ruhundan qopub ruhuma hopan enerjiyə çevrildi və əbədilik ruhumda özünə yer tutdu. Məhz həmin enerji bu gün də mənimlədir və bütün varlığımda, ruhumda dolaşır; vaxtaşırı mənə şeirlər diktə edir. Sanki Allahla aramızda bir ünsiyyət dalğasıdır Vaqifin ruhu. "Ayrılıq bir dəniz imiş, sən uzaq, yaşıl ada" fəlsəfi hikməti Vaqifi sahilsiz dənizə bənzədir. Mənə həmişə elə gəlir ki, Vaqif sükutla kükrəyən dalğa kimi şahə qalxır və öz izini qum üstünə deyil, havaya həkk edir. Yəni, Vaqifin sahili göylərdir. Ona görə, Vaqifin "Mən burdayam, İlahi..." harayı ölməz bir hayqırtı kimi oxunur. Sanki könlü ilə sağ olarkən canlı şəkildə Allaha həmişə bağlı olduğunu və ulu Yaradana qovuşduqdan sonra, yəni indinin özündə bizləri Allahlı olmağa öyrədir Vaqifin ruhu...

"Yayda qartopu oyunu" tamaşamız o qədər maraqla qarşılanmışdı ki, hər dəfə tamaşa oynanılanda anşlaqla keçirdi. Yadımdadır ki, teatrın rəhbərliyi, administratorları o tamaşanın hazırlandığına çox sevinirdilər. Tamaşa teatra açıq kassa ilə biletlər satılmaqla çoxlu tamaşaçı gətirirdi. Hətta Niftalıya təkrar baxmağa gələn xüsusi tamaşaçılar da var idi. Tamaşanın belə uğur qazanmasına reaksiya verən Azərbaycan Dövlət televiziyası "Yeni il şənliyi" verilişi üçün Niftalı ilə Aynaxanım duetini həmin verilişdə canlandırmağımızı xahiş etdilər. Aynaxanımı sevilən gənc aktroylarımız, mənim tələbəlik dostlarım - Zemfira Nərimanova və Zöhrə Şirinova oynayırdılar. Elə oldu ki, biz Vaqif müəllimdən televiziya üçün yeni səhnə yazmasını xahiş etdik. O da yazdı və məni evlərinə dəvət etdi. Xavər xanımla yenidən görüşdük. Onun "xoş gəldin"indəki istiqanlılıq,  mehribançılıq unudulmazdır. O gün belə bir epizod da baş verdi. Biz otaqda Vaqif müəllimlə oturmuşduq. Vaqif müəllim yazdığı səhnəni oxumağa başlamışdı. Həyat yoldaşı, hörmətli Nüşabə xanım sakitcə otağa daxil oldu, əlindəki podnosu stolun üstünə qoydu. Podnosda bir çaynik, iki fincan və qənddan var idi. Nüşabə xanım pıçıltı ilə, "Vaqif, çayınızı gətirdim, istəyəndə süzüb içərsiniz", - dedi və otaqdan çıxdı. Vaqif müəllim oxumağı dayandırdı, boynunu büküb, fağır-fağır Nüşabə xanımın arxasınca sakitcə dilləndi: "Niyə süzmürəm, şair deyiləmmi?" zarafatı ilə ortaya bir şirinlik gətirdi. Sonralar həmin dialoq bir remarkaya çevrildi və şairlər haqqında bir şeir yarandı, həmin şeir "Nə qəribə yuxuymuş" şeirlər kitabımda özünə yer tutdu...

Belə maraqlı epizodlar saysız-hesabsız dərəcədə xatirələrimdə yaşayır və həyatımda Vaqifin ruhu ilə birgə mənimlə bərabər ömür sürür.     

Vaqif müəllim təpədən-dırnağa kimi orijinal şəxsiyyət idi. Xasiyyəti də, yaradıcılığı da bənzərsiz idi. Vaqifi, sanki böyük şair Səməd Vurğun mistik şeir kimi yaratmışdı. Ona görə də Vaqif ətrafa mistik bir şeir təsiri bağışlayırdı. Hər halda bu, mənə görə belədir. Onun bütün yaradıcılığı başdan-ayağa mistika ilə doludur. Hətta adi söhbətlərində, ünsiyyətində, münasibətində və s. Vaqif özünəməxsus alicənab xasiyyəti ilə elə əhval, ovqat  yaradırdı ki, onu dinləyənlər özlərini sokral dünyada hiss edirdilər...

Onu da demək mütləqdir ki, Vaqif son dərəcə xeyirxah insan idi. Onun xeyirxahlığını isbat edən neçə-neçə hadisələrə şahid olmuşam. Ancaq önəmli olan odur ki, o dövr ədəbiyyatının görkəmli nümayəndələrinin çoxu xeyirxah idi. Sanki onlar xüsusi seçilmişlərdir. O xeyirxahlardan biri də görkəmli yazıçımız Anardır. Vaqif şair idi, yəni şeir yazanlardan deyil, şeir doğanlardan idi. Ona görə də öz şeirlərinin təbliğatı ilə məşğul olmaq onun ağlının ucundan belə keçmirdi. Şair yalnızca öz şeirlərini dünyaya gətirməklə işini bitmiş hesab edirdi. Ancaq Anar müəllim geniş ürəklə Vaqif Səmədoğlunun şeirlərinin ictimaiyyətə təqdim olunması üçün əlindən gələni etdi və bir də baxdıq ki, Azərbaycanın əvəzsiz, özünəməxsus, papaq altında yatan bir fundamental şairini Anar müəllim xalqımıza açıqladı. Şeirlərini oxuduqca yeni ruhlu qəribə şairin varlığına heyran qaldıq. Təkcə bu cəhətinə görə Anara da minnətdarlıq hissləri ilə münasibət göstərmək, hətta azdır...  

Xalqımızın sadə insanlarından tutmuş, "qaymaqları"na qədər dolu olan Akademik Teatrın salonunda son dəfə Vaqifin təbəssümlü fotosuna zillənən nəzərlərimin içinə Vaqifin ruhundan qopub dolan bir qərib şeir yavaş-yavaş dodaqlarımda pıçıldanmağa başladı:          

 

"Bir az Səmədə bənzəyirdin,

bir az Xavərə...

Bir az Aybənizə,

bir az Yusifə,

bir az da özünə - Vaqifə...

Bir az sevincə bənzəyirdin,

bir az kədərə...

Sən bir az gecəyə,

bir az səhərə,

bir az sözə,

bir az musiqiyə,

bir az muğama,

bir az caza,

bir az kamana,

bir az saza,

bir az qışa,

bir az yaza,

bir az yaya,

bir az payıza bənzəyirdin...

Bir az günəşə bənzəyirdin,

bir az da aya...

Bir az dənizə,

bir az çaya,

bir az insana...

Çalışırdın, bənzəyəsən

bir az da Allaha...

Heç özün də bilmirdin

            nə vaxt gəlmişdin bu dünyaya...

Elə hey baxırdın yüz ilmi,

            min ilmi bundan sonraya...

Bir az bu dünyaya bənzəyirdin,

bir az o dünyaya...

Yaman sevirdin Allahı,

həm də bu dünyanı.

Ömrü uzatmaq üçün dua edirdin Allaha...

Ömür bahaymış sən demə, baha...

Bu dünyadan doymamış,

qovuşdun o dünyaya -

Çox sevdiyin Allaha...

Sən getdin, şeirlərin işıq tutur sabaha...

Yolun açıq olsun,

işıqlı olsun,

Sənə uğur olsun, qağa!"... bir də gördüm ki, Fəxri Xiyabandayıq. Vaqifi son mənzilinə uğurlama mərhələsinin son anlarını yaşayırıq... Bir anlıq bütün ətraf gözlərimdə donmuş kadra çevrildi. Sanki Vaqif Səmədoğlunun çəkdiyi fotolardan biri kimi. Axı, Vaqif ömrün anlarını öz fotoaparatının yaddaşına həkk etməyi sevirdi... Ətrafda nə qədər nəhəng Azərbaycan sənətkarlarının məzarları var idi. Sanki onlar bir məhlənin sakinləri kimi donmuş kadrlarda öz ruhsal dünyalarını yaşamaqda idilər. Həmin məzarlar arasından məğrur-məğrur boylanan Səməd Vurğunun ruhu da ətrafındakılar kimi Vaqifin ruhunu sükutla qarşılamaqda idi. Əlbəttə ki, bu ovqat mənim bütün varlığıma hakim kəsilmişdi. Qəribədir, mənə elə gəlirdi ki, Səməd Vurğun öz mistik şeirini özünəməxsus pafosla "Fəxri Xiyaban"a sükut harayı ilə səsləndirirdi. O mistik şeir isə Vaqif Səmədoğlu idi... Həmin anda, Vaqifin nəşini səhnədən qaldırarkən salonu bürüyən alqışlar qulaqlarımda cingildəməyə başladı və o cingiltinin qulaqlarıma dolan sədası ilə əvəzsiz şairin torpağın ağuşunda özünə necə yer tutduğunu anbaan görür, ölümdən heç vaxt qorxmadığını, ölümün gözlərinin içinə dik baxaraq ölümün özünü belə sevimli insanlara necə sevdirdiyini, vaxtilə apardığı söhbətlərində təlqin edərkən o sevgiyə hər kəsi inandırdığını xatırlayırdım. Və düşünürdüm, yəqin ki, Vaqif o məkanda artıq daha azad, daha ruhsal yaşayacaq və ruhu ilə həmişə yenə də insanlara "həyat-ölüm" sevgisini öyrədəcək...

Saata baxdım, 05:10-nu göstərirdi. Bu mistik, mənə görə sokral yazının nöqtəsini qoymuşdum. Ancaq hələ də Vaqifin ruhu ilə həmsöhbət idim. Deyəsən, yeni şeir diktə etməyə hazırlaşırdı Vaqifin ruhu ruhuma... Məkanın cənnət olsun, dərdiş!.. Ruhun şad olsun, ustad!.. Ehtiyacımız tükənməzdir ruhuna!..

 

30.05.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!