Qəhrəman şəhidlərimizə
Uşaqlıqdan arzun olub
Düşmənlərlə savaşmaq.
Qarabağı azad edib
Vətənə bağışlamaq.
Kimsəyə minnət qoydunmu
Vətəni qoruyanda?
Yağışda, yaralı halda
Ac-susuz, yorulanda?..
Sən ancaq irəli baxdın,
Baxmadın sağ-soluna.
Bir də baxdın, göyə qalxıb
Yerə düşən qoluna...
Yenə, yenə sarsılmadın
O dəhşətli ağrıdan.
Tək əlinlə silah tutdun,
Dişinlə bayrağından...
Son nəfəsdə bayrağını
Şuşayadək apardın.
Sən Şuşada Zəfər çalıb
Bizi bizə qaytardın.
Qanınla yazdın adını,
O sal daşa, qayaya.
Son anda da təbəssümlə
Vida etdin dünyaya.
Xocalı laləzarı
Burda qırmızı lalələr
Saya gəlməz, Xocalı...
Qırmızı köynək geysən də,
Dərd köhnəlməz, Xocalı!
Gözümüzün biri gülər,
Biri ağlar, Xocalı.
Bu lalələr min dərdimə
Məlhəm olar, Xocalı!
Bu laləzar qırğınlara,
Qadalara "Yox!" deyər.
Düşmənə meydan oxuyar,
"Gözəlliyə bax!" deyər...
Oxşar Şəhid ruhlarını,
Məzarları qucaqlar.
Bu laləli yurdda yenə
Gur yanacaq ocaqlar...
Biz qanadlı əsgərlərik
XTQ əsgərlərinə
Qayaları ram edərik,
Keçərik uçurumdan.
Qarşımızda dağ dayanmaz,
Enərik aşırımdan.
Düşmən bir də oyanar ki,
Biz artıq yanındayıq.
Hanı qurduğu istehkam?
Biz heç sədd tanımadıq.
Biz hər yandan yola çıxdıq -
Çaydan, dağdan, meşədən...
Düşməni saldıq tələyə,
Çaş-baş qaldı bu işdən.
Biz qanadlı əsgərlərik,
Göyümüz var uçmağa.
Düşmən bizə neyləyəcək,
Yol da tapmaz qaçmağa.
Aşdıq Murovu, Şişdağı,
Cıdır düzünə çatdıq.
Şuşada bayrağımızı
Uca zirvəyə taxdıq.
Biz qanadlı əsgərlərik,
Heç zaman yorulmarıq.
Gecə-gündüz yurdumuzun
Keşiyində durarıq.
Füzuli
Önünə min sədd çəkildi,
Hey tikdilər, hördülər.
Yolunda tələ qurdular,
Neçə tədbir gördülər.
Dəmir yumruq sədd tanımaz,
Aşdı bəndi, bərəni.
Ordumuz bir selə döndü,
Keçdi dağı, dərəni.
Şəhidim, qazim Füzuli,
Daha sil göz yaşını.
Gecəgözlüm, tufan bitdi,
Qaldır uca başını.
Sən Füzuli dühasısan,
Qəhrəmanlar oylağı.
Gör, sənə necə yaraşır
Azərbaycan bayrağı!
Mən azad Xocalıyam!
İllərdi dərd dağıydım,
Kədərdən yoğrulmuşam.
Bu gün Zəfər mənimdi,
Yenidən doğulmuşam.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göz yaşımı,
Duman, çən istəmirəm.
Mən azad Xocalıyam,
Dönəcəm gülüstana.
Yarama məlhəm olub
Görk olacam cahana.
Keçmişimdən min iz var,
Badara, Qarqaram mən.
Min bir sınaqdan keçib
Yenə yaşayıram mən.
Qoy, var olsun, ordumuz,
Şəhidimiz, qazimiz.
Yeni bir tarix yazdı
Müzəffər sərkərdəmiz.
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göz yaşımı,
Duman, çən istəmirəm.
Xarıbülbül
Sən güllər içində bir əfsanəsən,
Yurdun Qarabağdı, elin Şuşadı.
İllərdi kədərdən saraldın-soldun,
İndi zəfərimlə adın qoşadı.
Həsrətim, sonra da mübarizəmin
Nişanına dönən ay qızılgülüm.
Sən türk əsgərinin xatirəsisən,
Sən şəhid yarısan, xarıbülbülüm.
Həmişə mənimlə bir olacaqsan
Yadlara uymayan vəfalı gülüm.
Sinəmə qonmusan bir ulduz kimi,
Zəfər simvolumsan, xarıbülbülüm.
Qubadlı
Səni xəyalımda yaşatmışam mən,
Ay daşı-qayası xınalı yurdum.
Qoynunda ölsəm də, daha nə dərdim,
Yaşasın, var olsun, müzəffər ordum.
Qoca çinarına od vurulsa da,
Yenə əyilmədi, kökü dərində.
Düşmən evimizi viran qoysa da,
Həkəri, Bərgüşad, Araz yerində.
Yeni tarix yazdı ər oğulların,
Əliyar yurdusan, Nail oylağı,
Sənsən Zəngəzurun qala qapısı,
Laləzar körpüsü, Mədət bulağı.
Elə bil, yenidən doğulmuşuq biz,
Ay təmiz, təptəzə həyatım mənim.
Sən Qaçaq Nəbinin yurdusan, axı,
Nağılım, dastanım, bayatım mənim.
Xudafərin körpüsü
Xudafərin körpüsü,
Söylə, yaşın neçədi?
O əyyamlar nə cürə,
O zamanlar necəydi?
Cəbrayıl - qızıl üzük,
O üzüyün qaşısan.
Qədim Azərbaycanın
Sən birlik nişanısan.
Arazımdan güc alıb,
Aləmə can atmısan.
Anam Azərbaycanı
Dünyaya tanıtmısan.
Üstündən yellər əsdi,
Əyilmədin düşmənə.
Yenə üçrəngli bayraq
Dalğalandı köksündə.
Qar da Qarabağda
sevinir indi
Bu il qarın başqa gözəlliyi var,
Azad Qarabağa nur yağır indi.
Qar, sanki çiçəktək qonur torpağa,
Qar da Qarabağda sevinir indi.
Bu qədər sevimli olmamışdı qar,
Qar adam düzəltmək istəyirəm mən.
Düşüb uşaq kimi oymaqlarına,
Qartopu oynamaq keçir könlümdən.
Yurduma yağan bu qar da gözəldi,
Qarabağda payız, yaz da gözəldi.
Dağları, bağları, çölü tamaşa,
Burda çal-çağır da, söz də gözəldi.
Bu il qarın başqa gözəlliyi var,
Azad Qarabağa nur yağır indi.
Qar, sanki çiçəktək qonur torpağa,
Qar da Qarabağda sevinir indi.
Ağdərə
Duman-çənə bürünən
Ağ dərələr, necəsiz?
Ağ dağlar, ağ oymaqlar,
Ağ bərələr, necəsiz?
Xoş gördük, Ballıqaya,
Qozlukörpü, necəsən?
Burda üzüm bal dadır,
Taxıl tel-tel, biçəsən.
Bura necə gözəldi,
Havası can dərmanı.
Bulaqları şipşirin,
İnsanları mərdanə.
Ağdərəm, ağ günlərin
Yaxındadı, çox yaxın.
Sənsiz çox darıxmışam,
Oxu, bülbülüm, oxu.
Xankəndiyə gedirəm
Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!
Yadındamı, uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Sevinmişdik, gülmüşdük.
...Sonra anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa,
Ömrümüzü qar aldı...
Səni heç unutmadım
Nələr çəkdim, can yurdum...
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum...
İndi anam sevinir,
Ruhu şaddı, görürəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm...
Cıdır düzü
Sən xınalı əlləri,
Xonçalı gəlinlərim.
Cıdır düzü, qoynunda
At çapıb igidlərim.
Üzüyün halqasından
Ox keçirib ərənlər.
Sən elə möcüzəsən,
Heyrət edir görənlər.
Yallı gedib oğul-qız,
Ellərin sırasında.
Cıdır düzü, ucasan
Dağların arasında.
Səninlə vüqarlıdır
Cıdır düzü, can Şuşa.
Səni bizə gətirən
Oğullar min yaşasın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!