***
Heçmi xatirələr oyatmır səni,
Heçmi daşa dönmür balınc gecələr?
Heçmi nəfəsində düyünlənməyir
Bu tanış axşamlar, tanış gecələr?
Üzülən əlinə təsəllin nədir,
Şirin yalanların zəhərmi dadır?
Səni özün qədər inandıran yox,
Səni özün qədər bəs kim aldadır?
Başın çiynin üstə şişirmi səsdən,
Beynində ucalan fəryad səsimi?
Kimə yas saxlayır göz qapaqların,
Kim səni itirib, yaxud sən kimi?
Ömrüm qucağında kətil gəzdirir,
Hər addım başında nəfəs dərəcək.
Dərdiyi sonuncu gül nəfəsini
Sənin saçlarına çələng hörəcək.
***
Sən bütün anlarımın yeganə həqiqəti,
Sən mənim harda olsam, üzümü tutduğumsan.
Mənə birinci şahid elə sənin özünsən,
Mən səndə hər gün, hər gün məni unutduğumsan.
Yolum yolundan keçər ünvanım hara olsa,
Əllərini axtarar, boylanaram payıza.
Gözlərinin sükutu üşüdər ürəyimi,
Boyanaram xəzana, boyanaram payıza.
Ömür iki hissədir: sənsiz olan, sən olan,
Bircə an da çəkilmə gözlərimin önündən.
Bilirəm, bu payızda sən də tənha deyilsən,
Sükutumla mən varam gözlərində sənin də.
***
Sənə bir sevgi var köksümün altda,
Gözləri düz sənin gözünə bənzər.
Hələ mən bir ayaq izi görmədim
Ruhumdan saldığın izinə bənzər.
Bu dəli baxışlar, bu dəli gözlər
Alır aldığını can yiyəsindən.
Bir nida yüksəlir, bir ah ucalır
Ömrün ən sonuncu saniyəsindən.
Qona saçlarıma bir yaz səhəri
O ağ kəpənəklə əkiz əllərin.
Oxşaya ruhumu, hey oxşadıqca
O doğma əllərin, əziz əllərin.
Qadın işıqdır
Dünən özün boyda həqiqət idin,
Bu gün özün boyda yalansan mənə.
İndi nə dəyişər, nə fərqi var ki,
İnanmasan mənə, inansan mənə?!
Gözüm günəşi yox, səni axtarıb,
Zamanın dumanlı, sual çağları.
Səndə itirdiyim səndən əzizdir,
Daha çox uzaqdır xəyal çağları.
Əlimdə buz kimi əriyir əlin,
Nəfəsim od tutur adından sənin.
Hər nəfəs aldıqca bir az közərir,
Göz-qulaq oluram odundan sənin.
Səndən nə gəlibsə, mənə xoş gəlib,
Yorğun yaddaşımda adın işıqdır.
Uzaq xəyalınla nəfəssənsə sən,
Qadın möcüzədir, qadın işıqdır.
***
Bir od kimi düşmüsən
Varlığımda yanmağa.
Gücüm çatarmı, söylə,
Bunu səndən danmağa?
Bu bir başqa sevdadır,
Bu bir başqa nəfəsdir.
Sənə can atan qəlbə
Bədən özü qəfəsdir.
Gecə keçir gecədən,
Adın dilimdə yenə.
Bilmirəm, nə susum ki,
Anında yetsin sənə...
***
Sən ömrün uzağından,
Nə vaxt gələrsən bizə?
Nə vaxtsa gələrikmi
Bu ünvanda üz-üzə?
Nəfəs-nəfəs saçında
Gəzişməyim olarmı?
Yorulmağım olarmı,
Ya düşməyim olarmı?
Bu dünyanı bir anlıq,
Unuda bilərəmmi?
Unutsam, nə olar ki,
Unutsam, ölərəmmi?
Saxla yadında, saxla,
Adımı yaxşı saxla.
Səni heç unutmayan,
Adamı yaxşı saxla.
***
İllərimin uzağında sənə uzanan əllərim,
Köksümə sığmayan ürəyim...
Saçlarının dalğasında silkələnirdi
göz qapaqlarım,
Sən fərqində deyildin.
Səsindəki məni yaxşı bilirdim...
Odur ki, səsini unutmadım...
Gözlərindəki günəşə
hər gün boylanmaq arzum...
Nəfəsindəki mehdən saçlarıma nəvaziş...
Hər gün sükuta söykəndim...
Hər gün adını ürəyimdə oxudum...
İllərin dördnala çapan atları...
Ünvansız yollar...
Ünvansız adam...
Ünvansız ümid...
Bəli...bir ünvan olmadı səni sormağa...
Bir ünvan olmadı
sinəmin sol küncündən qeyri...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!