Tək uçarsa göyərçin, darıxar göy üzündə... - Ələsgər Əlioğludan uşaq şeirləri

Dəmir yumruq

 

Turqut deyir:

- Ay baba,

Mənim sənə sözüm var.

"Dəmir yumruq" deyirlər,

Dəmirdən yumruq olar?!

 

Deyirəm:

- Olar, bala,

Gəl, unutma bir an da,

Dəmirdən yumruq olar,

Düşmən azğınlaşanda!..

 

Şuşa yolları

 

Bizim Şuşa yolları,

Çox qan-qadadan keçib.

Məğrur ərənlərimiz

Bu yollara and içib...

 

Bu yollar

Möhürlənmiş

Tarixin yollarıdır.

Vətənin

Qələbəyə

Uzanan qollarıdır!

 

Döyüşdən gələn əsgər

 

Döyüşdən gəlib əsgər,

Alnıaçıq, üzüağ.

Yığışıb ətrafına

Neçə qoca, gənc, uşaq...

Düşməni yurdumuzdan

İlim-ilim itirib.

Əliboş gəlməyib ki, -

O, Qələbə gətirib!

 

Azıx mağarası

 

Bu mağara tarixin

Nəhəng daş beşiyidir.

Uluların

Dünyada

İlk evi-eşiyidir...

 

Burdakı hər bir əşya

Tutur keçmişə çıraq.

Daş nizə, daş dəyənək,

Daş toxmaq, daş çapacaq...

 

Neçə cür alət görər

Bura yolu düşənlər.

Hələ bir çoxunu da

Çırpışdırıb düşmənlər...

 

Toxunsan hər daşına,

Dil açıb dinəsidir,

Mənim Azıx mağaram

Tarix xəzinəsidir.

 

Qələbə paytaxtı

 

Şuşa gözmuncuğudur,

Düşmən bağrını yarır.

Yurda göz dikənlərin

Gözünü o, qaytarır...

 

Şır-şır bulaqlarında

Tariximin səsi var.

Onun hər qarışında

Bir ərən nəfəsi var.

 

Sonsuz qürurumuzun

Şuşa - qızıl taxtıdır.

Bizim Odlar yurdunun

Qələbə paytaxtıdır.

 

Əsgəran qalası

 

Bu qalanın hər daşı

Bu yurdun bir zəridir.

Bu qala

Qarqar çayın

Sehrli kəməridir.

 

Durub bələdçi kimi,

O, Şuşa yolundadır.

Yarısı çayın sağı,

Yarısı solundadır...

 

Hər bürcü bir əsgərdir,

Köksü el üçün yanır.

Tarixın keşiyində

Məğrur-məğrur dayanır.

 

Bayram tonqalında

 

Balaca Aylin deyir:

- Uşaqlar, dünən axşam

Mən bayram tonqalından

On kərə tullanmışam.

 

Hamı gülüşür ona:

- Qorxmurdunmu, yanarsan?..

Çox balacasan hələ,

Get, böyü...tullanarsan!..

 

Qız deyir:

- Görərdiniz,

Olsaydınız yaxında,

Tonqaldan tullanırdım

Atamın qucağında!..

 

Yel baba

 

Ay yel baba, yel baba,

Gözləyirik, gəl, baba!

Durulubdu kef-əhval,

Qalanmalıdı tonqal.

Sənə deyirik ərklə:

- Gəl, tonqalı yelpiklə!

 

Zirvə

 

Kiçik bacım Narınla

Gəzirik biz dağları.

Dolanırıq həvəslə

Çayları, bulaqları...

 

Narından soruşuram:

- Sən bilirsənsə, əgər;

Dağların zirvəsini,

Ay bacı, mənə göstər.

 

Baxıb mənim üzümə,

Tez gülümsəyir Narın:

- Göyə ən yaxın yeri

Zirvəsidir dağların.

 

Tək uçarsa göyərçin...

 

Göyərçinlər çox zaman,

Havada uçur qoşa.

Həvəslə qanad çalır,

Verir onlar baş-başa....

Tək uçarsa göyərçin,

Darıxar göy üzündə...

Çaşar...

Bilməz yuvası

Arxadadır, ya öndə...

Düşər dumana-çənə,

Sağa-sola boylanar.

Heç özü də bilmədən,

Özgə həyətə qonar...

 

Çəkməsini yudu şeh

 

Səhər arxdan keçərkən,

Talehin işi artdı...

Axı onun çəkməsi,

Arxda palçığa batdı...

 

Üz tutdu çəmənliyə,

Bir az hərləndi Taleh.

Oğlanın çəkməsini,

Yuyub təmizlədi şeh.

 

Tapdanmış tağ

 

Dirrikdə tapdamışdı,

Xiyar tağını Hacı.                   

Elə buna görə də,

Xiyar dadırdı acı!..

 

Parabüzən

 

Yazdır, ay parabüzən,

Durma, di bəzən-düzən.

Təbiətin qoynunda,

Qırmızı donla gəzən...

 

Ağacları, kolları,

Gəz dolan yarpaq-yarpaq.

Yenə də gözümüzə,

İşıq sal çıraq-çıraq...

 

Saymaq da öyrənmişəm,

Qoy özümü sınayım.

Neçə qara xalın var,-

Üstümə qon, mən sayım...

 

El arasında adın,

Nənəmuçdur, nənəmuç.

Könlündən nağıl keçsə,,

Durma, nənəmgilə uç!..

 

Nigarın saçı

 

Elə ki səhər olur,

Nigar cumur darağa.

Başlayır çox həvəslə,

Saçını daramağa.

Daraqlanır o qədər,

Axır özünü yorur.

Güzgünün qabağında,

Durub boynunu burur...

Axı bapbalacadır,

Hələ bilmir ki Nigar;

Saçını hansı yana,

Darasa yaxşı durar!..

 

Köynək

   

Yuyub ağ köynəyimi,

Anam asdı kəndirdən.

Aradan keçdi bir az,

Külək başladı birdən...

 

Köynəyimdən sallaşıb,

Əyninə taxdı külək.

Tez bir vaxtda qurudu,

Onun əynində köynək!..

 

Sarımsaq

 

Soğana oxşasa da, -

Sarımsaq diş-diş olur.

Bir dişini çıxar ək,

Artıb on-on beş olur...

 

Hazırcavab

 

- Səninləyəm, ay Turqut,

Bağdakı o quşu tut.

- Qanad tap gətir, qağa,

Nə var onu tutmağa!..

 

Aydınlıq gecələrdə

 

Bayaqdan axşam düşüb,

Çox aydınlıqdır hər yan.

Aylin deyir:

Yəqin yer,

İşıq çəkdirib Aydan!..

 

Qaytan

 

Bizim həyətimizdə,

Keçirilib bir yarış.

Uşaqlar arasında

Başlanıb möhkəm qaçış...

 

Sultanın ayağına,

Yolda nəsə ilişib.

 Burnunu sallayıb o,

 Kef-əhvalı dəyişib...

 

Sultanın çəkməsinin

Açılıbmış qaytanı.

Qalıb ayağı altda -

Qaytan

Yıxıb Sultanı...

           

Koğa

 

Qapımızda bir koğa var, -

Ucu qarmaq kimi olur.

Onunla çaydan balıq yox,

Təndirdən

Çörək tutulur.

 

Ördək

 

Ölçür-biçir arxı sanki

Ördək öyünə-öyünə.

Özü də qurd tapır arxdan,

Ötürsün bu gün bir öynə...

Önünə tülkü çıxsa da,

Ördək durmur öddək-öddək.

Özünü qanad çalmaqla

Ölümdən ötürür ördək...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!