İnqilab müəllimə Salam və Vida! - Əlimuxtar Muxtarov yazır

Yaxın günlərdə haqq dünyasına qovuşan İnqilab İsaqın yorulduğu, usandığı vaxtlarda onun həmsöhbəti, onun dostu illərdi qoruyub saxladığı kitabları idi. Kitabları öz balaları kimi sevər, əzizləyərdi. Şair deyirdi: "Bu kitabların hər birisi mənə candan əziz sevdiyim dostlarımdan yadigardır və oxumağı da çox sevirəm". Hərdən darıxanda min bir zəhməti, əməyi bahasına qurub-yaratdığı və dörd qız övladı böyüdüb köçürdüyü bu mənzilin eyvanından ətrafı seyr etmək də şairin hərgünkü adətlərindən imiş. Ailəsi deyir ki, İnqilabı ovunduran ətrafdakı mənzərə ona bir həkimin göstərişi, təbib məlhəmi idi, sanki. Təbiətin qışı da, yayı da ona doğma və gözəl görünürdü.

"Ömrümün gecəsi də, gündüzü də mənə verilən Allah payıdır". Həyatını ulu Yaradanına minnətdarlıq hissi ilə yaşayan şair "qismət Onundur", - deyirdi. Elə həyətindəki barlı-bəhərli, güllü-çiçəkli bu bağ-bağat da şairin ilahi paylarından biridir.

İnqilab İsaq təkcə öz evinə işığı düşməklə bəxti gətirən şair deyil, həm də işığı Azərbaycanımıza düşən ziyalı bir insan idi.

Bəzən İnqilab İsaqın yaradıcılığını özündən dinləmək də insana ayrıca bir poetik zövq verirdi. Çünki ürəyi ilə, özü ilə danışanda yaradıcılığının amalı özünü daha dolğun təzahür etdirirdi.

İnqilab müəllim deyirdi ki: "Yaradıcılıq işi əkinçi işidi. Kimin dəni harda sünbül tutursa, harda torpağı üzünə gülürsə, elə ora sözün Vətənidi...

...Əslində mən Gəncədə yox... Gəncənin yaxınlığında Göygöl rayonuna məxsus Üçtəpə kəndində yaşayıram. Şəhərdən qopub bir kəndə sığınmışam. Bu kəndə gəlişim də tale işidi. Qayalıqda narahat bir parça torpaq alıb balalarıma yuva qurmaq istədim. İşim daşa yamandı... Daşla əlləşə-əlləşə axır ki, torpağı ram etdim, nazını çəkdim, imtahanından üzüağ çıxdım. Ağac əkdim, bağ saldım, ev tikdim... İndi çox şükür, yer üzündə əkdiyim ağaclar, tikdiyim ev var...

 

Kim qoydu əlini çiynimə birdən?!

Nə sağda görünür, nə də solumda.

Dərdi daşa basan dostlarım kimi,

Əkdiyim ağaclar durur yolumda...

 

Bax, beləcə könlümün qızındığı bir məkanda - Üçtəpədə yaşayıram. Tikdiyim evin hər daşının xasiyyətinə bələdəm..."

Müasir ədəbi tənqidin görkəmli nümayəndələri İnqilab İsaqın yaradıcılığı haqqında fikir bildirmiş və onun ədəbi taleyinin əsas məqamlarını işıqlandırıb:

Nizaməddin Şəmsizadə (filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi): "İnqilab İsaqın şeirlərinin əsas bədii məziyyəti poetik dəqiqlikdir. O, təbiətdən, təbii həyatdan uçub qəlbində yuva bağlamış şairanə fikri, ülvi duyğunu hər yetən sözə təsəlli etmir".

Vaqif Yusifli (filologiya elmləri doktoru, professor): "İnqilab İsaq təbiətlə insan aləmi arasında sırf harmoniya axtaran şairlərdəndir. Elə bir şeiri yoxdur ki, o şeirdə təbiətdən bir parça olmasın".

Rüstəm Kamal (professor): "İnqilab İsaqın poeziyasında bəlağətli deklarasiyalar və yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir, sükutu intonasiyanın axarı üzə çıxarır".

Südabə Ağabalayeva (tənqidçi, "Azərbaycan" jurnalının redaktor müavini): "İnqilab İsaq imzası bugünkü Azərbaycan şeirini urvatda saxlayan bir ovuc imzanın arasındadır. Onun şeirləri - düşüncələri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mənzərəsində bu ədəbiyyatın nəfəsini, ruhunu təyin etməyə kömək edə biləcək yaradıcılıq nümunələridir". 

İnqilab İsaqın şəxsiyyəti, yaradıcılığı hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısında olmuş və müvafiq dövlət qurumları bu istiqamətdə mühüm, yaddaqalan fəaliyyətlər həyata keçirmişlər.

2023-cü ildə Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl Rayon Təşkilatının təşəbbüsü və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mədəniyyət evinin təşkilatçılığı ilə İnqilab İsaqın 70 illik yubileyi rayon səviyyəsində qeyd edilmiş və rayon rəhbərliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

İnqilab İsaq 2024-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli tərəfindən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.

O, AMEA Gəncə Bölməsinə, Nizami Gəncəvi Mərkəzinə də bağlayan mühüm mənəvi bağlar var idi. Demək olar ki, çapdan çıxan hər kitabını mərkəzə hədiyyə edər və zəngin təcrübəsini əməkdaşlarla bölüşərdi.

İnqilab müəllimin mənsub olduğu böyük Azərbaycan xalqının qəlbində, xatirəsində, ədəbiyyatında əbədi yaşayacağının ən böyük təminatçısı miras qoyduğu əsərləri, misraları və halal zəhmətlə yoğrulmuş ömür payıdır...

Ruhunuz şad olsun, unudulmaz İnqilab İsaq müəllim!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!