Gözlərinin mavi limanında
yaz zamanı yağır qar...
Nizar
Semester yekunlaşanda bəzi tələbələr ailəsinin yanına yollanırdı. Şəhərdə qalmağın mənasız olduğunu düşünüb üz tutdum rayona. Yaxşı yadımdadır, imtahanımın biri düşdü qışın lap tərs vaxtına. O gün ağıllı adam başını çölə çıxarmazdı...
Zəngli saatın səsinə yuxudan ayılıb gözlərimi ovuşdura-ovuşdura telefona baxdım. Altıya on dəqiqə işləyirdi. Dünən gecə yağan və get-gedə güclənən qar ovqatımı yaman korladı.
Pəncərədən qarda xizək kimi sürüşən maşınlara tamaşa edərək dərindən köks ötürdüm. Doğrusu, artıq nəyin dərdini çəkəcəyimi belə yadırğamışdım. Zəngli saatı söndürüb hazırlaşdım. Tezbazar Vüsalı yığdım:
- Salam, Vüsal, yollar buz bağlamamış tərpənək, bəlkə?
- Qaqa, narahat olma, mənlikdü. Özüm çıxmayacam, qardaşım Camal ağ "Şevrolet"lə götürəcək sizi.
- Təkcə qardaşın çıxacaq bu boyda rayondan?
- Nə bilmişdün bə, belə havada yola çıxmazlar, ta söz vermişəm sizə. Kişinin sözü bir olar... Beş-on dəyqəyə gəl, "Kruq"a.
Könülsüz-könülsüz bir-iki tikə çörək yedim. Atam maşını işə saldı. Elə təzəcə yola düşmüşdük, Camal zəng vurdu:
- Gecikmə ha, maşında qız uşaqları var, tələsginən.
- Yoldayam...
Dilucu "yoldayam" desəm də, görünür, bir az gecikəcəkdim. Necə tələsərdim, axı? Rayonun mərkəzindən də xeyli aralıda yaşayırdım. Maşınımızın da ki, maşallah, başı bir tərəfə, g.tü bir tərəfə axırdı.
"Bircə qızların gəlməyi çatışmırdı," - deyə öz-özümə fikirləşdim. Sözün düzü, Fatiməyə görə nigaran idim. Ayrılmışdıq. Onu bir də görmək, şübhəsiz, ürəyimcə olmayacaqdı. Qəlbimdə eyni təlatümlər, eyni hisslər keçirmək qorxusu vardı...
Atam güc-bəla, məni "Kruq"a çatdırdı. Maşından düşdüm, ancaq taksiyə minməyə cürət eləmirdim. Bəlkə, təsadüfən onun da bu gün imtahanı vardı? Bəlkə, elə bu taksidə əyləşmişdi?!
Doğrudan, qorxurdum. Necə qorxmayaydım? O an təhtəlşürum mənimlə məzələnir, yaşadığımız yaxşı günləri yadıma salırdı... Fəqət, çarə yox idi. Ya o taksiyə minəcək, ya da imtahandan kəsiləcəkdim. Çar-naçar, qabaqda əyləşdim. İçəri qaranlıq idi. Arxa oturacaqda əyləşən qızları görmürdüm.
Şüşəsilənlər şillə kimi şüşəyə çırpılan qar dənəciklərini ram etməkdə çətinlik çəkirdi. Taksi sürüşə-sürüşə yol alır, iz-cığır görünmürdü. Məşhur karfagenli sərkərdə Hannibalın sözünü xatırladım: "Bir yol bağlıdırsa, digərindən keçməlisiniz, o da yoxdursa, üçüncü yolu siz açmalısınız..."
Qanımın qara vaxtı gözünə döndüyüm Camal mənasız-mənasız söhbət edirdi. Guya güclü qar yağması təbiətin yox, hökumətin işiymiş...
Bir azdan nisbətən hava açıldı. Camal soruşdu ki, "İnstitutda oxuyursan?" - "Bəli", - dedim.
- Neçənci kurssan?
- 3.
- İxtisasun nədi?
- Filologiya...
- Tarix müəllimi olacaqsan?
- Yox, Azərbaycan dili və ədəbiyyatı müəllimi...
- "Filologiya"nın içində tarix müəllimliyi getmir ki?
Özümü eşitməməzliyə vurdum, xeyri olmadı, sualı yenidən təkrarladı, "Yox" - dedim.
- Mən orta məktəbi "iki"ylə bitirmişəm, amma Allahtərəfi, tarixi yaxşı bilmişəm. Kaş tarix müəllimliyini oxuyardın. Onda direktor ola bilərdin, - Camal dərindən ah çəkdi...
- Qismət belə imiş.
O, yol uzunu danışdı, mənimsə, fikrim tamam başqa yerdəydi. Bərk darıxırdım. Görəsən, Fatimə də taksidə idimi? Görəsən, bu üç-dörd ayda heç yadına düşmüşəm?
Götür-qoy edə-edə, iki saatlıq yolun haradan gəlib-hara getdiyini hiss eləmədim. Universitet binasına çatanda Camal dönə-dönə bizə tapşırdı ki, yubanmayaq.
Maşından düşməmiş, cəsarətimi toplayıb qızlara gözucu nəzər yetirdim. O, maşında yox idi. Bu dəm özümü tük kimi yüngül hiss elədim.
İmtahana on beş dəqiqə qalmışdı. Fürsətdən istifadə edib siqaret çəkdikdən sonra içəri daxil oldum.
İmtahandan çıxanda Camal universitetin önündə məni gözləyirdi. Gecikdiyimə görə gileyləndi. Daha qar da kəsmişdi.
Maşında yer olmadı, bu dəfə arxada oturdum. İndi ovqatım təlx deyildi. Üstəlik, öndə - Camalın yanında əyləşmədiyim üçün də başımı xarab edə bilməyəcəkdi.
Solumda sarışın, mavi gözlü, uzunsaçlı, gözəl bir qız əyləşmişdi. Deyəsən, bayaq onu imtahan zalında gördüm.
Fəqət, mən göz işlədikcə uzanan yola zillənmişdim. Yol səliqəylə təmizlənir, duz və qum səpilirdi. Evə çatar-çatmaz, içəcəyim limonlu çay haqqında düşünürdüm.
Bir qədər sonra gözləmədiyim bir şey baş verdi. Yanımdakı qız ehmalca başını çiynimə qoydu. Düzü, əvvəl bir az dilxor oldum. Lakin tədricən narahatlığımdan əsər-əlamət qalmadı. Sanki belə də olmalı imiş.
Yolboyu nə o çiynimdən başını götürdü, nə də mən onu kənara itələdim.
Deyəsən, elə ikimiz də bu anı gözləyirdik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!