Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla daha çox təmasda olan, mənim üçün bu daha çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş canlı simvoludur...
İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən bu ruhu daşıyan cismanilikdir. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır.
Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. "Tanrı" sözünü, "Türk", "Yer", "Oğuz" və "Bəy" sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları - Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.
Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti həmrəyliyə, birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır. Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin "Ömür kitabı"nı yazır - hər əsərində, hər şeirində, hər çıxışında. Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.
Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: "Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini məncə hamı bilir. O illər S.Rüstəmxanlının öz dilindən belə ifadə olunur: "Mən heç nə istəmirəm bu məmləkətdən" şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik..."
Sabir Rüstəmxanlı "sovet cəhənnəmində" doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. "Ruhumuz sərhədsiz olduğu üçün" deyə-deyə möhtəşəmliyə yüksəldi - gah poeziyada, gah publisistikada, gah da nəsrdə "qızıl qələm" işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən "mən türk oğlu türkəm, şah nəslindənəm" söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı "Ömür kitabı" milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu "Ömür kitabı". Onun yazdığı şeirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. "Sağ ol, ana dilim" şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi. O, Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət kimi boy göstərmişdi.
Sözün qiymətdən düşdüyü bir ortamda Söz sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. "Tanımaq istəsən"lə yola çıxdı, "Sevgim-sevincim" dedi, "Gəncə Qapısı"nda "Ölüm zirvəsi"ni gördü, "Xətai Yurdu"nda "Bu, sənin xalqındır", "Sağ ol, ana dilim" söylədi, "Difai Fədaisi" oldu, "Tanrının Elçisi" Oğuz xanla ucaldı, "Ömür kitabı"nda "Əbədi sevda"sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı kimi tanındı, sevildi.
Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir Rüstəmxanlı bu gün artıq ömrün 70-ci ilindədir. Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı Partiya təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir.
O, "Ömür kitabı" ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu "Bizim Sabir" deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, bu yolda mücadilə verir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu "kişi ömrü" adlandırır.
Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: "Qan yaddaşı". Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var... Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır.
Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. "İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!" deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, "bir çiçəyin mehrinə sıxılıb ağlamayan" kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin - bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.
Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yollar göydən düşməyib. Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedəndir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə "Bir adam yol gedir bizdən qabaqda" demək qalır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!