"O, yeməyi görəndə, onu yalnız azərbaycanlının bişirə biləcəyini söyləmişdir..." - Yasəmən MƏMMƏDLİ

Azərbaycanın XX əsrin ikinci yarısından XXI əsrdə də davam edən tarixinin 25 ilədək bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

...Məhz onun uzaqgörən siyasəti nəticəsində gələcəyə hesablanmış, ölkə iqtisadiyyatını gücləndirəcək unikal layihələrə imza atılmışdır. Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində canlanma, uğur baş vermişdi. Ümummilli liderin bu dərin zəkasından təkcə Azərbaycan deyil, o zamankı Sovetlər Birliyi də yararlanmışdır.

***

...Hələ ötən il mənə Rusiyanın Severomuysk tunelinin tikintisi zamanı, bu müdrik insanla, adını tarixin yaddaşına qızıl hərflərlə yazmış rəhbər şəxslə çox qeyri-adi tanışlıq, aralarında maraqlı dialoq baş vermiş BAM əməkçisi barədə məlumat verilmişdi. Onun "qatı açılmamış" xatirəsi ilə bağlı mənə ipucu verildikdən sonra axtarışlara başladım. Lakin onu tapmaq elə də asan olmadı. Çünki bildiyim bunlardı: Sumqayıt şəhəri, Rzayeva Minəxanım.

Uzunmüddətli axtarışlarım, keçmiş qonşularının kimliyini  araşdırmam da fayda vermirdi... Lakin bir gün, sanki möcüzə baş verdi və mən onun ünvanını əldə edə bildim. May ayının sonunda qeyd edilən ünvana baş çəkdim. Qapı bağlı idi. Qonşular bildirdi ki, axtardığım xanım səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Qapıbir qonşusunun telefon nömrəsini götürüb geri döndüm. Həmin şəxslə mütəmadi əlaqə saxlayırdım. Xəstənin vəziyyətinin yaxşılaşmasını gözləyirdim,  çünki onu həyəcanlandırmaq olmazdı! Bir müddət sonra öyrəndim ki, xəstəxanadan evə buraxılıb. Xəbərdarlıqsız yaşadığı ünvana getdim və məlum oldu ki, mənzilini dəyişib...

Artıq gec olduğu, hava da qaraldığı üçün Bakıya qayıtdım, lakin bu dəfə Minəxanım ananın şəxsi telefon nömrəsi ilə...

***

Günlər ötdü... Nəhayət, bir gün özü ilə əlaqə saxlayıb, razılığını aldım və yaşadığı yeni ünvana yollandım. Qapını nəvəsinin xanımı açdı. Gənc xanım nənəsinin bu yaxınlarda insult keçirdiyini söylədi. Mən onu yormayacağımı bildirdim.

 

***

...Ortaboylu, üzü nurlu Minəxanım ana məni ayaqda qarşıladı. Onu necə tapdığımla maraqlandı. Başıma gələnləri qısaca danışdım... Vaxtını alıb yormamaq üçün mətləbə keçdim. Köhnə bir albom gətirdi. Tayqa xatirələrini əks etdirən ağ-qara fotoları mənə göstərir və sanki yaddaşının həmin dövrünü vərəqləyirdi...

- Minəxanım ana, necə oldu ki, ailəlikcə uzaq və soyuq Sibirə getdiniz? Ora uyğunlaşmaq, yaşamaq çətin deyildimi?

- 1981-ci ilin yayında getdik Severomuyska. Buryatiya Muxtar Respublikasında Severomuysk qəsəbəsi salınmışdı ki, yol çəkilsin. Xüsusi olaraq dağın alt hissəsindən 15 kilometr uzunluğunda yeraltı tunel qazılırdı ki, qısa yol olsun, çünki dağların üstü ilə yol çəkmək mümkün deyildi. Tunel qazılan vaxtlarda dağın üstündə qaynar bulaq vardı, həm də yeraltı göllər ortaya çıxdı (həmin ərazidəki torpaqlarda tektonik toqquşmalar, yeraltı axınlar, qaz emissiyaları olub - red.). Ona görə də iş bir qədər ləngidi. Kənardan dağın arasını açıb, dəmir yolu xətti çəkdilər.

Həyat yoldaşım əvvəlcə meşədə, sonra isə tunel çəkilişində çalışdı. Özüm isə müvəqqəti olaraq yeməkxanada işə düzəldim. Heydər Əliyev ora gəldikdən sonra  başqa yerə işə keçdim. Ora kiçik yer idi, biz gedəndə cəmi 500-600 nəfər işçi vardı, hamı bir-birini tanıyırdı: beynəlmiləl kollektiv idi. Azərbaycanlılar çox zaman bir yerə yığışardılar.

Qəsəbə Muyakan çayının sahilində yerləşirdi. Hər tərəfi də Tayqa meşələri... Biz çox yüksəklikdəydik, səhər tezdən, sanki hava donurdu, sonra açılırdı. Ailəli insanlar ümumi "barak"larda yaşayırdılar.

Sonradan torpaq sahəsi aldıq və taxtadan ev tikdik. İlin cəmi üç ayı hava isti keçərdi. Hətta içməli su maşınla gətirilirdi qəsəbəyə. İnsan hər şəraitə öyrəşə, uyğunlaşa bilir. Orada istixana qurub, müxtəlif tərəvəzlər də yetişdirirdik... Toxumları Azərbaycandan qohumlarımız göndərirdi. İlk getdiyimiz vaxtlarda qarğalardan başqa quş görməzdik, sonradan sərçələr də uçub gəlməyə başladı. Sanki illər ötdükcə, insan nəfəsi dəydikcə, iqlim də dəyişirdi, yumşalırdı... Ətrafda yırtıcı heyvanlar görünürdü. Ona görə də çoxlu itlər gətirilmişdi ki, canavarlar, ayılar qəsəbəyə yaxın gəlməsinlər. Evlərin qapısı bayıra açılardı ki, yırtıcılar qapını itələyib içəri girə bilməsin...

***

Xatırlatma: Baykal-Amur Magistralı Şərqi Sibir və Rusiyanın Uzaq Şərqindən keçən, uzunluğu 4324 km olan - dünyanın ən böyük dəmir yolu xətlərindən biridir. BAM 11 dərin çaydan və 7 böyük dağ silsiləsindən keçirdi.

Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı əsasında 1974-cü ildə başlanan tikintinin Böyük Oktyabr inqilabının 67-ci ildönümünə, daha doğrusu, 1984-cü il noyabrın 7-dək başa çatdırılması nəzərdə tutulmuşdu. Amma müəyyən zamanın boşa getdiyinin fərqində olanda, tikintiyə nəzarət SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə həvalə olunur. Və hansı ki, həmin layihə ulu öndər Heydər Əliyev əlini bu ağır "daş"ın altına qoyduqdan sonra tam sürətlə həyata keçirildi və gerçəkləşdirildi.

Tarix elmləri namizədi, "Tavolqa" Fondunun layihə rəhbəri Vasili Novikov Rusiya mətbuatına verdiyi müsahibəsində deyir: "Heydər Əliyev, necə deyərlər, çox səmərəli idarəçi idi. Orada qarşıda duran vəzifə məhz yüksək keyfiyyətli rəhbərlik sistemi qurmaq idi. Onun ən böyük nailiyyəti, mənim fikrimcə, yerlərdə tikinti ilə birbaşa məşğul olan insanlarla şaquli münasibət yaratması oldu. O qədər səriştəli işləyirdi ki, adi işçilərlə də isti, şəxsi münasibətlər qururdu. Onların bir çox problemlərini dərhal başa düşürdü. Və bu, effektiv tikinti nəticəsinə gətirib çıxartdı. Bununla əlaqədar olaraq o, BAM-ın təhvil müddətini iki ilə yaxın qısaltdı".

Beləliklə də, məhz Heydər Əliyevin qətiyyəti, əzmi, əməkçi insanlara qayğısı nəticəsində ən böyük sovet tikinti layihəsi vaxtından əvvəl başa çatdırılıb ki, bu da SSRİ-yə əhəmiyyətli miqdarda resurslara qənaət etməyə imkan verib.

Novikov qeyd edirdi ki, BAM-da işlədiyi müddətdə Heydər Əliyev öz kabinetində oturmayıb, relslərin çəkilişini şəxsən yoxlamaq üçün fəal şəkildə əraziyə gedib, hətta tikilməkdə olan yolun bütün obyektlərini gəzib, magistralın ən çətin hissəsi olan Severomuysk tunelinə də baş çəkib.

"Əliyev yolun qızıl, son halqasında çəkiclərin vurulmasında da şəxsən iştirak edib", - Novikov xatırladıb.

Tarixçi vurğulayıb ki, H.Əliyev həmişə işçilərin qayğıları ilə maraqlanıb və onlara kömək edib: müavinətlərin yubandırıldığı barədə şikayətləri dinlədikdə, dərhal həll edib, texnikanın çatışmazlığını bildirdikdə, tez bir zamanda əraziyə çatdırılmasına nail olub. Hansı ki, həmin illərdə yarımçıq magistral yol ilə ora texnika-maşın çatdırmaq qat-qat çətinmiş.

"BAM, prinsipcə, mürəkkəbliyinə görə Aya enişlə müqayisə edilə bilər", - deyə alim bu layihənin həyata keçirilməsinin nə qədər çətin olmasına diqqət çəkib.

Rusiya iqtisadiyyatına BAM-ın verdiyi töhfə kifayət qədər böyükdür. Bu işdə Heydər Əliyevin əməyi danılmaz, orada çalışan çoxsaylı xalqların nümayəndələri arasında azərbaycanlıların zəhməti inkaredilməzdir. BAM-ın Ulkan və Anqoya qəsəbələrini də məhz azərbaycanlılar tikmişdilər. Qeyd edək ki, 2008-ci ildə BAM-ın Anqoya stansiyasında Heydər Əliyevin adını daşıyan vağzalın açılışı da olub.

 

***

Söhbətimizi davam etdiririk:

- Bəs hansı kuryoz hadisə baş verdi ki, sizi Heydər Əliyevin yanına apardılar?

- Neçənci il olduğunu dəqiq xatırlamıram, amma o yadımdadır ki, Severomuyska getdiyimiz cəmi bir neçə il idi. Heydər Əliyev Severomuyksda görülən işlərə baş çəkməyə gələndə isə mən yeməkxanada çalışırdım. Dedilər ki, banket zalında kimlərləsə görüş olacaq, deyəsən, xaricilərlə. Mənə Azərbaycan yeməklərinin hazırlanma qaydasını bilmədiklərini və əldə olan ərzaqlardan nə hazırlamaq mümkün olduğunu soruşdular. Xüsusi olaraq ərzaq gətirilmişdi: diri qoyun, üzüm yarpağı və s. Onlar qoyunun quyruğunu "sala" bilirdilər. Mən isə bunun quyruq olduğunu və yarpaq dolması hazırlamaq lazım olduğunu dedim. Sonra azərbaycanlıları çağırdılar ki, kabab bişirsinlər. Piti qabları olmadığı üçün qazanda xaşlama kimi yemək hazırladım. Yarpaq dolması bükəndə isə, boşqaba çəkən zaman dağılmaması, səliqəli olması üçün dədə-baba üsulu ilə hamısını sapa düzdüm... Axşam saat 16:00 radələri idi. İşlərimi bitirib evə gedəsi oldum. Lakin hardan biləydim ki, yarpaq dolması süfrəyə veriləndə, sapdan çıxarmaq lazım olduğunu mənimlə birgə çalışanlar başa düşməyəcək... Beləcə evdə uşaqlara düşbərə bişirmək istəyirdim. Bir də gördüm yeməkxananın rəisi başılovlu içəri girdi. Üz-gözündən zəhər yağırdı... Mənə onunla təcili getməli olduğumu dedi. Səbəbini soruşdum, amma o, izah belə etmədi və dedi ki, orada biləcəyəm... Əllərimin xəmirini yumağa belə imkan vermədi. Çox əl-ayağa düşmüşdü...  Məni elə əli xəmirli, yaxası önlüklü maşına əyləşdirib apardılar. Lap "Bəxtiyar" filmində nənənin dəmiryolu vağzalına aparıldığı kimi (gülür). Ora çatdıqda dedilər ki, sən bəzi suallara cavab verəcəksən... Lakin kimə cavab verəcəm, nə barədə sual veriləcək, bilmirdim... Banket zalında kiril əlifbasının "p" hərfi formasında stullar düzülmüşdü. Ortada Heydər Əliyev əyləşmişdi. Düzü, əvvəlcə onu tanımadım, sadəcə, bənzətdim. O, əli ilə yaxın getməyimi işarə etdi, eyni zamanda Azərbaycan dilində "Ay qızım, gəl bura", - dedi. Stola yaxınlaşdım. Mənə bir söz demədən çəngəl ilə yarpaq dolmasını yuxarı qaldırdı. Gözlərimə inana bilmirdim - sap üstündə idi... Sanki başıma qaynar su tökdülər. Heydər Əliyev çəngəldəki sapa düzülmüş dolmaları mənə göstərərək: "Ay qızım, sən özün çoxbilmişlik edib deməmisən sapı çıxartmaq lazımdır, yoxsa, bunlar anlamayıblar ki, sapları kəsib çıxartmaq lazımdır?" -  deyərək, özünəməxsus tərzdə mehribanlıqla gülümsündü. Ətrafdakılar donub qalmışdı. Heydər Əliyev isə mənimlə Azərbaycan dilində danışırdı... Sən demə, yeməkləri kimin bişirdiyini soruşduqda ona bildiriblər ki, özlərinin çox yaxşı aşpazları var və həmin yeməkləri 6-cı, 7-ci dərəcəli aşpazları bişiribdir... O isə bu dolmanı məhz azərbaycanlının bişirdiyini və hətta Azərbaycanın bütün bölgələrində bu üsuldan istifadə olunmadığını dəqiq bildiyini də onlara deyib. Bütün bunları isə həmin söhbəti eşitmiş ofisiant sonradan mənə söylədi... Mən ofisiantın dil-dodağının quruduğunu gördüm və gözucu işarə etdim ki, yeməkləri mətbəxə aparsınlar (Heydər Əliyevlə söhbətdən sonra mən özüm yeməyi süfrəyə veriləcək qaydada hazırladım).

-  Heydər Əliyevin gəlişi sizin üçün münasibət baxımından nəyisə dəyişdimi? Çünki ulu öndər hər bir xalqın nümayəndəsinə qarşı diqqətcil idi və ayrı-seçkiliyə yol verilməsini də sevməzdi.

-  O, əvvəlcə mənim qəsəbəyə necə gedib çıxmağımla maraqlandı. Mən ora ailəmlə - üç uşağımla gəldiyimi söylədim. Təəccübləndi, çünki o zaman çox gənc idim. Mənə talon verilib-verilmədiyi ilə də maraqlandı. Talon məsələsini rus dilində soruşdu. Mənim təəccübləndiyimi gördükdə bildi ki, mənə heç bir talon verilməyib. Sən demə, orada çalışanlara "defisit" mallar əldə etmək üçün talon verilirmiş. Heydər Əliyev dönüb rəisin üzünə baxdı və dedi: "Bəs deyirdiniz, hamıya talon paylamısınız... Mən dedim ki, bunu azərbaycanlı bişirib, dediniz ki, öz aşpazlarımız ən bacarıqlılardır... Nə oldu bəs?! Aşpazınız başqası çıxdı" (müsahibim gülümsünür). Söhbət zamanı Azərbaycanın hansı bölgəsindən gəldiyimlə maraqlandı. Bildirdim ki, Sumqayıtdan gəlmişəm. Lakin o, mənim əslən haralı olduğumu soruşdu. Babalarımın köklərinin əmircanlı olduğunu, lakin rayonda doğulduğumu söylədim. O dəqiqə: "Qızım, sən onda Xilədənsən", - dedi.  Düzü, xiləlilərin keçmişini bilməsi mənim üçün təəccüblü olsa da, Heydər Əliyevin hərtərəfli məlumata, hafizəyə malik olması heç kəsə sirr deyildir... O, yaşayışımızla, qayğılarımızla maraqlandı. Hər hansı problemimiz olarsa, ona çatdırmağımızı, müraciət etməyimizi tapşırdı. Mən ulu öndərdən ata qayğısı, nəvazişi hiss etdim. O, xalqını, millətini sevən, dəyər verən dövlət xadimi idi. Heydər Əliyev bənzərsiz şəxsiyyət idi: qətiyyətli danışığı, səs tembri, insanlara münasibəti. Sözünü dedikdə belə, onun səs tonu hər şeyi həll edirdi... Onu da deyim ki, oradan ayrılıb evimə çatana qədər artıq qapımın kandarına 2-3 metr ölçüdə Monqolustan istehsalı olan yun xalça qoyulmuşdu, çünki bilirdilər ki, Heydər Əliyev çox diqqətcil və tələbkardır. Həmin xalçanı uzun illər sonra Azərbaycana gətirdim və gəlin köçən qızıma cehiz verdim (gözləri dolur). M.S.Qorbaçov Sov. İKP MK-nın Baş katibi təyin olunduqdan və Heydər Əliyev tutduğu vəzifədən azad edildikdən sonra milliyyətindən asılı olmayaraq, bütün işçilər narazılıq etdilər - işləmək istəmirdilər, çünki ulu öndəri hamı sevirdi, hörmət edirdi. Ondan yalnız qayğı görmüşdülər! Elə biz də 20 Yanvar hadisələrindən sonra vətənimizə dönməyi özümüzə borc bildik.

***

...Vaxt keçir, o, şövqlə Tayqa xatirələrini nəql edir: Heydər Əliyevlə qeyri-adi tanışlıq zamanı baş verən ən kiçik nüansları belə qaçırmamağa çalışır. Xudahafizləşərkən məni daha gümrah, daha rahat addımlarla yola salır... Mən isə bir qucaq xatirə və məmnunluqla Bakıya dönürəm.

P.S. Onu da qeyd edim ki, bu unudulmaz xatirəsini bölüşən Minəxanım ana ilə xəstəliyi səbəbindən şəkil çəkdirmək mənə müyəssər olmadı. Onu heç cür buna razı sala bilmədim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!