Mən o xoşbəxt insanlardanam ki, mənə Heydər Əliyev hakimiyyətdə olduğu bütün zamanlarda onun titanik fəaliyyətini izləmək və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu dahi şəxsiyyətin xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlərinin şahidi olmaq qismət olub.
Heydər Əliyev Azərbaycan tarixində böyük hadisə, epoxadır. Lakin yaxın keçmişə nəzər salmadan Heydər Əliyev epoxasını dərk etmək, Azərbaycan xalqının gələcəyi naminə həyata keçirdiyi möhtəşəm işləri təsəvvür etmək çətindir.
Ulu öndərin doğum günü bizə imkan verdi ki, ağır vaxtlarda ölkəmizin taleyinə cavabdehlik missiyasını şərəflə, sədaqətlə yerinə yetirən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli liderin gördüyü möhtəşəm işlərin miqyasına bir daha nəzər salaq.
Ziyalılar, qələm sahibləri, elm adamları, Ulu öndərin sədaqətli silahdaşları, rəhbərliyi altında işləmiş ağsaqqallar, bir daha bu dahi şəxsiyyət haqqında qədirşünaslıq əlaməti olaraq söz demək, çoxcildli kitablar və monoqrafiyalar, məqalələr yazmaq imkanı əldə etdilər.
Az adam bilir ki, Ulu öndər taleyimdə müstəsna rol oynayıb. Dillər İnstitutunda İngilis-Azərbaycan dilləri fakültəsində IV kursda oxuyanda xaricdə tərcüməçi işləmək üçün sənədlərimi hazırlamışdım. İkinci Dünya müharibəsi vaxtı atam neytral dövlət olan İsveçrədə mühacir ömrü yaşayırdı. Baxmayaraq ki, atam əsir düşməmişdi, bununla belə, sovet quruluşunun amansızlığını göz önünə gətirəndə şansımın az olduğunu düşünürdüm.
On iki il Ulu öndərin rəhbərliyi altında işləmiş general və gözəl yazıçı Yasif Nəsirli şahidlik edir ki, Heydər Əliyev sənədlərini diqqətlə oxuyub imza atdı və dedi: "Gəncdir, qoy getsin, inkişaf etsin!"
Ümummilli liderin şəxsiyyətinə və gördüyü möhtəşəm işlərinə dərin hörmət və sonsuz məhəbbətimi əvvəllər də, indi də etdiyim məruzələr, yazdığım çoxsaylı məqalələr və Heydər Əliyev epoxasına, İlham Əliyev erasına həsr etdiyim, akademik İsa Həbibbəylinin mükəmməl "Xilaskardan xilaskara" adlı ön sözü ilə çap olunan "Xilaskarlar" kitabımda göstərməyə çalışmışam.
Mətbuatda yüksək qiymətləndirilən, Milli Kitabxanada təqdimatı keçirilən "Xilaskarlar" kitabım 2022-ci ildə Tehranda "Naqus" nəşriyyatı tərəfindən 1000 nüsxə tirajla çap edilib.
Ulu öndər haqqında Tovuz rayon ziyalıları və fəalları qarşısında, AMEA-nın Ədəbiyyat İnstitutunda, BDU-nun ümummilli liderə həsr olunan yığıncağında, BDU-nun İnformasiya və Sənət Menecmenti fakültəsində, Azərbaycan Universitetində, Məhkəmə Ekspertiza Mərkəzində, Milli Kitabxanada, Yazıçılar Birliyində və başqa mötəbər müəssisələrdə məruzələrlə çıxış etmişəm. AMEA-da akademiyanın müxbir üzvü, professor Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür" kitabının təqdimatında məruzə etmişəm.
Son vaxtlar Ulu öndər haqqında aşağıdakı məqalələrim çıxıb: Yazıçılar Birliyinin hazırladığı, Azərbaycanda və Türkiyədə çap olunan "Ədəbi ömrün yüz ili" (Bakı, 2023) kitabında "Azərbaycan reallığında Heydər Əliyev epoxası" məqaləm (səh.81-86) çap olunub.
Eləcə də professor Misir Mərdanovun "Heydər Əliyev: Xalqa həsr olunmuş ömür" kitabın haqqında mətbuatda çox geniş "İbrətamiz və bənzərsiz əsər" adlı məqaləm çıxıb ("525-ci qəzet", 18.05.2023, s.12-13). Bundan başqa, "Heydər Əliyev və İlham Əliyev Nostradamusun görücülüyündə" məqaləm işıq üzü görüb ("525-ci qəzet", 18.02.2023).
Ulu öndərin silahdaşı, 1998-ci il Prezident seçkilərində onun səlahiyyətli nümayəndəsi seçilən, Mərkəzi Seçki Komissiyasının 1 saylı Şəhadətnaməsinə layiq görülən Vəliyəddin İsmayılovun "Nəsillərə örnək insan" kitabına ön söz yazmışam (Bakı, 2023, səh.6-9).
Ümummilli lider haqqında yazılarımı indi də davam etdirirəm. "Ulu öndər və unudulmaz xatirələr" məqaləm ("525-ci qəzet", 2.04.2024), eləcə də "Ulu öndərə sonsuz məhəbbətin bəhrəsi" ("525-ci qəzet", 25.04.2024) çap olunub.
Ulu öndərlə bağlı xatirələrim çoxdur. Əsasən də, doğma kəndim Düzqırıxlıda (Tovuz rayonu) keçən əsrin 70-ci illərində Ulu öndərin üç dəfə (1975, 1977, 1980) Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirərkən müşavirədə və üzüm sahələrində baş verən maraqlı hadisələr barədə "Xilaskarlar" kitabımda ətraflı söhbət açmışam.
Lakin onu deyim ki, Ulu öndər yeni üzüm sortunu bizim kənddə Xəlfəqulu oğlu Abbasın sahəsində əkdi. Ümummilli lider Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: "Ağsaqqal, biz Bakıdan gəlmişik, nə ehtiyacın, arzun var?"
Abbas kişi: "Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub".
Heydər Əliyev ürəkdən gülərək: "Bizim böyük olduğumuzu haradan bildin?" - deyə soruşur. "Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm" - deyir.
Ulu öndər yenə ürəkdən gülür və deyir: "İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum".
İbrətamiz bir məsələdən də danışmaq istərdim.
Ulu öndər yüksək vəzifədən istefa verdikdən sonra portretlərini hər yandan yığırdılar. Kiçik qardaşım Ələsgər müəllim Ulu öndərin portretlərini iki kənd orta məktəbindən, sovxoz və kənd soveti idarələrindən, xəstəxanadan, sənət məktəbindən, Heydər Əliyevin Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi klubdan yığaraq evinə gətirmişdi. Portretləri bir otağa yığmışdı. Özü də o otaqda yatırdı.
Maraqlıdır ki, Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gələndə həmin portretlər əvvəlki yerini bəzədi.
Nə gizlədim, nəslimizdə Ulu öndərə məhəbbət sahilsiz ümmana bənzəyir. Ələsgər müəllimin qızı, millət vəkili Qənirə Paşayeva belə bir mühitdə böyümüşdü. Təsadüfi deyil ki, Heydər Əliyev məktəbinin ən sədaqətli müdavimlərdən biri kimi tanındı.
Mənim də başıma heç vaxt unutmayacağım bir hadisə gəldi. BDU-nun tarix fakültəsində dərs deyirdim. Ağır vaxtlar idi. Ölkə çalxalanırdı. Milli-mənəvi dəyərlər tapdalanırdı. Bir gün iki gənc tələbəm - Müşfiq və Elnur sual verdilər: "Müəllim ölkədəki vəziyyətdən nicat yolunu nədə görürsünüz?"
Mən fikirləşmədən dedim: "Ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər" (O vaxt Ulu öndər hələ Naxçıvanda idi). Gözləmədiyim halda məni təhqir etdilər. Ünvanıma nalayiq sözlər yağdırdılar və düz bir ay dərsimi boykot etdilər.
Ulu öndər yenidən hakimiyyətə gələndən sonra Müşfiq gəlib üzr istədi. Həqiqəti dərk etmişdi.
Qəribədir ki, cəbhəçilər hakimiyyətə gələndə qardaşımı məktəb direktorluğundan, məni isə Ə.Vəzirovun vaxtında kafedra müdirliyindən kənarlaşdırdılar. Biz ruhdan düşmədik. Fəxr etdik ki, bizi dahi şəxsiyyət Heydər Əliyevin adamı hesab edirlər.
Fəxr edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev müdrik siyasəti ilə iki yüz ildən artıq torpaqlarımızda kök salmış yad ünsürləri kökündən kəsərək atdı və xalqa inanılmaz sevinc, xoşbəxtlik, gələcək nəsillərə dinc həyat bəxş etdi.
Ulu öndərimzin doğum gününə bu, ən böyük töhfədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!