Torpaqdan yaranıb, torpağa çevrilən insanın şəxsiyyət və xarakterinin doğulub boya-başa çatdığı torpağa, onun relyefinə, təbiətinə və bar-bəhərinə bənzəməsi haqqında çoxlu mülahizələr var. Bu mülahizələrin, təbii ki, daimi olaraq özünü doğruldanları da var, doğrultmayanları da. Uzun illər dostluq etdiyim, qələminə və şəxsiyyətinə böyük rəğbət bəslədiyim şair Rafiq Ələkbər, məncə, doğulduğu Yardımlı torpağının təpədən-dırnağa inikasıdır.
Ağlım kəsəndən Yardımlını doğulduğum Şuşa torpağı qədər özümə doğma bilmişəm. Təbii ki, burada əziz müəllimim və qardaşım, xalq şairi Sabir Rüstəmxanlının da Yardımlıda doğulmasının böyük təsiri olub. Şuşasızlığın xatirəyə çevrilmiş 28 ili boyu onun qoxusunu aldığım 4 rayondan biri də (Qax, Gədəbəy, Göygöl) məhz Yardımlı olub.
Başdan-başa Turan sevdası ilə yaşadığım ömrümdə ən çox gəzdiyim və gəzməkdən doymadığım müqəddəs ünvanım Turan Günəşinin doğduğu Tanrı Dağları - Ala-Too dağlarıdır (bu yerdə o müqəddəs məkanları dəfələrlə mənimlə bərabər dolaşmış əfsanəvi Çingiz Aytmatovun ruhunu şükranlıqla yad edirəm). Mənə görə Yardımlı dağları Ala-Too dağlarının daha cilvəli bir formasıdır. Rafiq Ələkbər isə öz kamil və zəngin poeziyası ilə Yardımlı dağlarından bərq vuran Turançılıq sehri ilə süslənmiş azman günəşin şüaları altında öz əzəmətli mavi bədöy atında əbədi yolçuluğa çıxmış bir Türk və Turan süvarisidir.
Rafiq Ələkbər qranit şəxsiyyəti ilə Yardımlı dağlarından qopub gəlmiş əsl Türk kişisidir. Əxlaqda, müdriklikdə, səxavətdə və savaşda əsl Türk kişisi obrazıdır. Keçmişimizi yüzdə-yüz yaşadan, bu günümüz və gələcəyimiz üçün etalonlaşa bilən əsl Türk kişisi!!!
Rafiq Ələkbərin Türkçülüq və Turançılıq ruhundan yoğrulmuş müdrik və rəngarəng poeziyası isə qutsal bir Turan yolçusunun sehrli Şaman dualarıdır. Bu dua-misralarda Türkçülük əbədiyyəti, Turançılıq möhtəşəmliyi, Vətən müqəddəsliyi, din və iman kamilliyi, sufilik, zərdüştilik, şamanlıq sehri, ən nəhayət, türkün klassik ailə institutunun təməl daşı olan yar, xatun, xanım, qadın sevgisinin ilahiləşdirilməsi və sevgi obyektinin mələkləşdirilməsi duyğuları böyük içdənliklə hakim kəsilib.
Rafiq Ələkbərin şeirlərində əsas ardıcıllıq qayəsi də məhz yuxarıda sadalanan mövzulardan ibarətdir.
Rafiq Ələkbərin Vətən sevgili və sevdalı misralarının əsas motivini Türkçülük və Turançılıq duyğuları süsləyir. Onun üçün Savalanla üz-üzə həsrətdən qovrulan Yardımlı torpağından başlayan Vətən coğrafiyası Türkün atlarının nallarının toxunduğu yovşan ətirli bütün torpaqlardan keçərək, Böyük Turanla hüdudlanır:
Bir ocağı itirmək
Min dərdimi ötəcək.
Dünyanı dərk edəntək,
Turan çıxdı dilimdən.
və ya:
Yadlara əzəldən gözdağı olub
Türkün düşmən bağrı yaran ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur - Turan ordusu...
və yaxud:
Qismətin acısıyam,
Dəryanın damcısıyam.
Mən Tanrı yolçusuyam,
Yolum Turandan keçir.
Təsadüfi deyildir ki, ikiyə bölünmüş Vətənimizin hər an birləşmək və bütövləşmək amalı yolunda cihad aparan Rafiq Ələkbər poeziyası bu ulu savaşda böyük söz ustadları Şah İsmayıl Xətaini və Məmməd Arazı totemləşdirir:
Çaxılıb sinənə Araz - qılınctək,
Arazın o tayı, bu tayı Vətən.
Kərkükdə, Dərbənddə izim itəcək,
Hanı o məmləkət Xətai-Vətən?
və yaxud:
Əsrlərdən qalan sönməz od payım,
Soylarımın közü məndə, odlayım.
Xətai ruhuyla Araz adlayım,
Qurtarım bu dərddən, bu dərd çox ağır,
Pozulsun alnıma yazılan axır.
Ulusuna, torpağına, soy-kökünə və Vətəninə böyük vətəndaş-oğul olan şair ali əxlaqi dəyərlərə söykənərək mənsub olduğu dinin yücəliyinə bərraq misraları ilə işıq tutur. İslam dininin aliliyi, mükəmməlliyi və bəşəriliyi onun söz gülşənində oxucu qəlbini daim rayihələndirir:
Xoş gələr pak, dürr Tanrıya,
Agahdır hər sirr Tanrıya,
Gecə-gündüz bir Tanrıya
Baxıb səcdə qılan mənəm.
Atasına həsr etdiyi "Mələklər və ruhlar" poemasında, "Şəhidlik məktəbi", "Tanrıdan iki alanlar" və s. şeirlərində şairin bu ilahi din sevdasının və sevgisinin mükəmməl sayğılı misralarına rast gəlirik.
Rafiq Ələkbər poeziyasının təməl köklərindən biri də sufilik, zərdüştilik və şamanlığa bağlı poetik genetikadır. Rafiqin şeirlərini oxuduqca bu bağlılığın dəb üçün, gündəm üçün, zahiri cazibə üçün yox, çox doğal olaraq, təbii şəkildə, içtənliklə öz milli geninə bağlılığın təzahürü kimi qarşımıza çıxır.
Türksüz dünya ədalətsiz yuvadır,
Baxsan, hər yer nahaq qandır, davadır.
Yurdum Altay, Yeniseydir, Tuvadır,
Zühur edər qədim şumer görürəm.
Tanrınınmı nəzarəti azalıb,
Dünyamızın tarazlığı pozulub?!
Nizamlamaq türk alnına yazılıb,
Tanrı türkə nurun səpər görürəm.
və yaxud:
Məni müdrik saydın, hər vaxt elə bil,
Vurğunam bu yurda, bir də elə, bil.
Eşqim od püskürür, indi elə bil,
Hörmüzlü, Odərli, Şumerli, Bağlı.
Şairin ümumi poeziyasında rast gəldiyimiz poetik tapıntılardan biri də onun sevgi şeirləridir. Bu aspektdə elə ilk tanışlıq üçün şairin "Gözümdən düşərsən, gözəl" adlı şeirini tam olaraq diqqətinizə çatdırmaq istəyirəm.
Yelləmə o yan-bu yana
gül kimi saçı, sevdiyim.
Baxmağı da günah bildin,
olma xırdaçı, sevdiyim.
Deyəsən, gözüm açıldı
çəkən tək ona tətiyi.
Gəl, gir gözümə, indi də
qorusun səni kirpiyim.
Qorxma gözümün odundan,
uzağı bişərsən, gözəl.
Sözümü yerə salma, ha…
gözümdən düşərsən, gözəl.
R.Ələkbər poeziyasında onun sevgi şeirlərini sinifləşdirərək təsnif etsək, oxucu qənaətimiz aşağıdakı kimi olar:
1) sevginin ümumi mahiyyəti və fəlsəfəsini təsvir edən şeirlər.
2) sevginin konkret obyektlərini - ilahiləşdirilmiş gözəlləri vəsf edən şeirlər.
3) sevginin xanımlaşmış, xatunlaşmış obyektinin əsl Türk kişisi gözündə təsvir olunduğu şeirlər.
Bütün hallarda R.Ələkbərin bu mövzuda yazdığı bütün şeirlərində sevgi obyektini sonsuz sevgi ilə tərənnüm edir:
Ürəklər fəth etmək asan deyildir,
Yetən eşq yazısı yazan deyildir.
Qollarım üstündə insan deyildir,
Qollarım üstündə mələk utanır.
və ya:
İndiki sevginə ehtiyacım var,
İstəsən, qına sən sonra da məni.
Əlimyandıdayam təmiz sevgiyə,
Sən sevsən, sevəcək Tanrı da məni.
və yaxud da:
Saxta sevgiləri adlamaq asan,
Həyatda saxtalıq deyil qismətim.
Məni ilk baxışla odlamaq asan,
Məni ilk baxışdan tanımaq çətin.
Rafiq Ələkbərin yaradıcılığında yer almış xüsusi diqqətçəkən məqamlardan biri də onun bir-birindən mükəmməl və maraqlı təcnisləridir. Şairin ilkinliyimizdən bu günümüzə yol gəlib formalaşan milli Türk mentalitetinə dərin köklərlə bağlılığı haqqında bəhs etmişdik. Onun dərin fəlsəfi məna yükünə və leksikonumuzun zənginliyinə kamilcəsinə söykənən təcnislərini oxuduqda şairin romantik erudisiyasına və poetik məharətinə heyran olmaya bilmirsən:
Söz üstə söz durmur, söz də yan aşır,
İndi söz də sözə düşmən yanaşır,
Özüm öz sözümlə qaldım yanaşı,
Sözüm də özümtək ucalıqdadı.
Əziz oxucular, mən Rafiq Ələkbərin sadiq oxucusu olaraq, bu qısa ürək sözlərimdə onun çoxşaxəli poeziyasını təhlil etməkdən uzağam. Əslində görünən dağa nə bələdçi?! Mayası və qayəsi Yardımlı və Ala-Too dağlarından yoğrulmuş əbədi Turan yolçusunun dilindən qopan bu qutsal Şaman duaları ilə ona 60 illik yubiley yaşında daha böyük yaradıcılıq uğurları arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!