Mücərrəd yuxu
Uzaqlarda bir qızın yuxusu qapı kimi,
Ruhum döyür, açan yox, ay işığında təkdi.
Qurbağa nəğməsinə dartınan həsrətimi
Bir sərin meh aldatdı, yuxu tərəfə çəkdi.
Yenəmi həsrət qalım ətrinə, nəfəsinə?!
"Yasəmənim" dediyim, məni aprelsiz qoyma.
Yuxumda gəlib düşdüm yuxunun qəfəsinə,
Çətin yuxudan duram, sən də yuxudan doyma.
Yuxu da bir ömürdü, yaşayırıq, ay özüm,
Yuxu da evimizdi - gələn də var, gedən də.
Kimi nəsə gətirər özüylə, canım-gözüm,
Kimisi də eləcə bizdən alar gedəndə.
Mücərrəd duyğularım bəxtimdən diribaşdı,
Arzuma gün ağlayar, işıq gələnə çapar.
Yuxusunu döydüyüm, qara göz, qara qaşlı,
Bəxtimin əllərindən yapış, özünlə apar.
Mışıl-mışıl yatan qız, mən də təkəm, sən də tək,
Oyatmağa qıymadım şirin yuxundan səni.
Gedirəm, yuxusuzluq məni kor eləyəcək,
Amma gəlib tapacam, bir gün qoxundan səni.
Sərhədsiz Araz
Ərzurum-İqdır istiqamətində
yolboyu avtobusun pəncərəsindən
Araz çayını izləyərkən
Bu yerdə Arazın sərhədi yoxdu,
Toxunanda əl yandırmır suları.
Ağılardan, nəğmələrdən axmayır,
Qardaşları dayandırmır suları.
Bu yerdə Arazın sərhədi yoxdu,
Şeirlərdə nə sultandı, nə xandı.
İçimizdə od qalamır lallığı,
Öz kefində, asta-asta axandı.
Bu yerdə Arazın sərhədi yoxdu,
Nə Culfa böləndi, nə Biləsuvar.
Bir xalqı ikiyə parçalamağın
Ağrı-acısını nə bilər sular?!
Bu yerdə Arazın sərhədi yoxdu,
Suyu siyasətlə lillənməyibdir.
Burda tarix boyu kimsə kimsəyə
"Suda çimir", - deyə dillənməyibdir.
Bu yerdə Arazın sərhədi yoxdu,
Hardan istəyirsə, oradan axır.
Suyunda balıqlar, göyündə quşlar
Dünyanın ən azad canlılarıdır.
Bu yerdə Arazın sərhədi yoxdu,
Tikanlı məftillə yaralanmayıb.
Türkmənçay, Gülüstan sənədlərində
Adı möhürlənib qaralanmayıb.
Bu yerdə Arazın sərhədi yoxdu,
Coş, kükrə, Arazım, dağıt sədləri.
Alagözdən Kürə qədər keçdiyin
Axın boyu yox elə sərhədləri.
Hanı naz ömrün?!
Üstünə qar yağmış çiçək kimisən,
Çətindi bir daha yaz ömrün sənin.
O nakam sevginin sarı simisən,
Çoxdan kökdən düşüb saz ömrün sənin.
Əzablar çəkdirib gənclik yaşıma,
Min oyun açmışdın onda başıma.
İndi hansı üzlə çıxdın qarşıma,
Kimlərə xərcləndi qız ömrün sənin?!
Bəzəkli vədlərə aldanan, uyan,
Gənclik bir yuxuydu, yuxudan oyan.
Arada iyirmi il əvvələ boylan,
Yadına düşürmü öz ömrün sənin?!
Ay mənim bir vaxtlar imanım, dinim,
Səfası özgənin, cəfası mənim,
Mənə qırx dörd yaşda dərd gətirənim,
Hanı o cilvəli naz ömrün sənin!?
Bir dərin yaraya döndün içimdə,
Sağalda bilmədi heç bir həkim də.
O vaxtdan sevdalı şeirlərimdə
Soldu bər-bəzəkli söz ömrün sənin.
Sevə-sevə yaşayaq
Baxışımda yuyunan sulara bir söz düşər,
Görən, hansı balığa o sözdən pay az düşər?
İşıqlar gecələrin bağrına köz-köz düşər,
Səhərə neçə sevgi sozalar, külə dönər,
Amma bir sevgi də var, şehlənən gülə dönər.
Dağdan ağır dərdləri bircə gülüş məhv edər,
Sevməyi bacarmayan hər addımda səhv edər.
Tanrı da sevənlərin günahını əfv edər,
Sevməyənlər onsuz da, ömrün qədrini bilməz,
Həsrət, hicran dadını, vüsal ətrini bilməz.
Hər anımı rənglədim sevdalı baxışlarla,
Şeirlərim doludur butalı naxışlarla.
Bir gün köçsəm bu yerdən, hər aprel yağışlarla
Yasəmən qoxusuna qarışıb qayıdaram,
Yenidən sevmək üçün çalışıb qayıdaram.
Ömür birdəfəlikdir, doya-doya yaşayaq,
Sevə-sevə yaşayaq, duya-duya yaşayaq.
Xoşbəxtlik nəğmələri deyə-deyə yaşayaq,
Bilirsiz, istəyirəm elə bir zaman olsun,
Sözümüzün başı da, axırı da "can" olsun!
Hər kəs xoşbəxt olarmı?
Dost, səadət nədir ki?
Varmı, dövlətmi? Xeyr.
Sevirsən, sevilirsən -
Bax, budur qazanc, xeyir.
Qafar Qərib
Mənə bu xoşbəxtliyi
Yaşadanlar, var olun!
Hər kəs xoşbəxt olarmı?
Ümid varmı? Var... Olun!
Atın, içinizdəki
Həsədi, kin-nifrəti.
Bütün mənfi hissləri
Yaxın qoymayın, qəti!
Onda görəcəksiniz
Zövq verir hər şey hər an.
Ancaq bu yolla çatar
Xoşbəxtliyinə insan.
Gerçəkmiyəm,
yuxumuyam...
Mənim ömrüm bir günəşdir,
Hər gün dan-dan sökülürəm.
Yan-yörəmə çiçək açır,
Öz içimə bükülürəm.
İlmə-ilmə naxış kimi,
Könlə yatan baxış kimi,
Göydən söz-söz yağış kimi,
Bu dünyaya tökülürəm.
Bəzən qəliz olmağım var,
Susub, səssiz olmağım var.
Bəzən dəniz olmağım var,
Qabarıram, çəkilirəm.
Gerçəkmiyəm, yuxumuyam,
Bir kitabam - oxu, buyam.
Həyat eşqi toxumuyam,
Ürəklərə əkilirəm.
Dərd şıltaq uşaq kimidir
Yavaş-yavaş batır günəş,
Ağır-ağır enir qürub.
Dərd şıltaq uşaq kimidir,
Çıxıb başımda oturub.
Bir tərəfdən də içimdə
Qövr eləyir neçə yaram.
Yandırıb siqaret kimi
Fikri-fikrə calayıram.
Dağı-arana daşıyır,
Aranı-dağa çəkirəm.
Sağdan, soldan qoşun kimi
Hücum edir üstümə qəm.
Şeirimin dadı-duzudu,
Bu dərd qəmlər, nə xoş mənə.
Ay dərdin, qəmin böyüyü,
Hardasansa gəl tuş mənə.
Nağıl ömrü yaşayasan
Qoca müdrik dərviş gələ,
Qoluna girib gedəsən.
İnandıra ki, hər bir şey
Yoluna girib...gedəsən.
Qıpqırmızı alma verə,
Yeyəsən, dünya dəyişə.
Bütün sirləri biləsən -
Deyəsən, dünya dəyişə.
Simurq quşun ola, minib
Düz gedəsən Qaf dağına.
Könlün çəkəndə girəsən
Padşahların gül bağına.
Bir pəri qızı sevəsən,
Qəlbindən nə keçir, duya.
Beləcə bir nağıl ömrü
Yaşayasan doya-doya.
Hamını tərk edəsən
Biri girə ömrünə,
Baş əyəsən əmrinə.
Ruhuna sığal çəkə,
Aldığın nəfəs ola.
Hamını tərk edəsən,
Tək onunla gedəsən.
Həyatında bunlara
Dəyəcək bir kəs ola.
Dənizlər atlayasan,
Dağları qatlayasan
Dizlərində div gücü,
Könlündə həvəs ola.
Sevgi və şeir dolu,
Hər bir anı sirr dolu
Bir gecə yaşayasan,
Min ömrə əvəz ola.
Sevinib bu qismətə,
Hər şeyə qoyub nöqtə,
Birdəfəlik susasan,
Sur gücündə səs ola.
Atam yaşamaq istəyir
Əlləriylə danışdı bir həftə,
Barmaq ucları pıçıldadı sözləri...
Bir az göz bəbəkləriylə
toxundu üzümüzə,
Baxışlarıyla sığalladı nəvələrini.
Duyğularını
Suyu qalmayan gözlərini
Möhkəmcə sıxıb-açmaqla
Hiss etdirdi -
Atam yaşamaq istəyir.
Həyatda ən çox
Özümüzünkülərdən zərbə aldıq -
Atamı da böyrəyi vurdu böyründən,
Sonra ürəyi könlünə dəydi,
Ardınca
Beyni başını apardı.
Ağrılar içində qıvrılanda da
Şux görünmək istədi anama,
Biz - üç oğluna təsəlli kimi
Dodaqlarını təbəssümlə bəzəməyə çalışdı.
Atam üçün bunlar
ən böyük savaşdı -
Atam yaşamaq istəyir!
Əllərimi sıxanda
Nəbzinin döyüntüsündən
Oxuyurdum sözləri.
Sistem iynələri qanını çəkmişdi deyə,
Qansız damarları
Ağartmışdı bədənini.
Soyumuş əllərində
Od tutub yanırdı ürəyim.
Həyatdakı arxam, dayağım, dirəyim -
Atam yaşamaq istəyir.
Gün keçdikcə doğmalaşırdı
Atamın səsində bütün sözlər.
"Hə"lər, "Yox"lar, "Yaxşı"lar,
"Ver"lər, "al"lar, "çox"lar, "azlar".
Yuxusuz gecələri azaldıqca
Yuxulu gecələrimiz artırdı bizim də.
Bizə söykənib, iki-üç addım atıb dururdu,
Deyir, - Taqət qalmayıb dizimdə.
Daha da möhkəm sıxırdı ayağını yerə,
Gözlərini uzağa,
Ümidlərini həyata -
Atam yaşamaq istəyir!
Görür ki, solub anamın yaşıl gözləri,
Görür ki, bir narahatlıq sarıb bizləri,
İzləyib nəvələrindəki təlaşlı üzləri,
Gülür, atam, deyir:
- Özünə gəlir dizlərim.
Onunla yaşamaq istədiyimizi duyur,
Bizə görə ümidini qoruyur -
Atam yaşamaq istəyir!
Dərmanlarla yaşayır atam,
Dualarla bir az,
Bir az da ümidlərlə.
Dərmanlar sağaldır atamı,
Dualar daha çox,
Lap çox da ümidlər.
İndi özü durur ayağa,
3-5 addım atır,
5-10 saniyə gülür,
10-15 cümlə qurur,
15-20 dəqiqə uzanır,
20-30 dəqiqə yatır.
Böyründəki ağrılara,
Könlündəki ağrılara,
Başındakı ağrılara
Savaş açıb.
Yaşatmaq istəyir
Böyrəyini,
Ürəyini,
Beynini -
Atam yaşamaq istəyir!
06.02.2023
Naxçıvan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!