Turan havası
Hüseyn Cavidin 100 illiyində
Əli bəy Turanın (Hüseynzadənin)
ruhuna ehtiramla!..
Ağca-ağca buludların o üzündən,
Uca-uca zirvələri cingildədib,
Süzülərək içimdəki göy üzündən,
Qoca-qoca çinarları dingildədib,
Oynadır özgə dünyanın allı-yaşıllı sevdası,
İçimdə Turan havası, dışımda Turan havası!
Şahbaz-şahbaz kəhərlərin nəfəsində,
Bəyaz-bəyaz səhərlərin çeşməsində,
Bir mələyin eşqi ilə bəzədilmiş
Qotaz-qotaz yəhərlərin həvəsində,
At səsinə, su səsinə, qız səsinə bayılası
Yaşımda Turan havası, başımda Turan havası!
Bayraq-bayraq torpaqların öygüsünü,
Yarpaq-yarpaq könüllərin sevgisini,
Durna köçlü çadırların qatarında,
Ocaq-ocaq yuvaların ülgüsünü
Pıçıldayır Bəzz qalası, Qız qalası, Az qalası,
Dağımda Turan havası, daşımda Turan havası!
Bir səs gəlir qayaların bitiyindən,
Alp Ər Tüngə, Mamay xanın dediyindən,
Qurd oxuyur köz-köz şaman duasını,
Aya baxıb Tanrıdağın gədiyindən...
Nağıl kimi sehirləyir səmanın Qızıl alması,
Yazımda Turan havası, qışımda Turan havası!
Arxasınca Qaspıralı arslanların,
Göyalpların, Cavidlərin, Toğanların,
Akpınarın heyrətinə heyrət qoşan
Buğraların, Çokayların, Çolpanların,
Yürüdükcə könül deyir, bizdən bu hava qalası,
Türkümdə Turan havası, marşımda Turan havası!
1982
Xilaskar nidası
"Öndərnamə" silsiləsindən
Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin yanvarında sabiq
SSRİ paytaxtındakı məşhur bəyanatı əsasında
Xalqımın göyləri tutan fəğanı
Ağır illərimin acısı oldu.
Bakıdan birinci şəhidin qanı,
Səbrimin sonuncu damcısı oldu.
Əlvida, yolunu azan səltənət,
Nahaq qan içində üzən səltənət!
Anlatmışdı bir vaxt şeytanlığını
Minlərlə nərlərə qurduğun tələ.
Gəncliyimdən sənin zindanlığını
Hamleti oynarkən sezmişdim hələ!
Əlvida, yolunu azan səltənət,
Mərdlərinə zəhər süzən səltənət!
Yalnız sığınıb bir yurd muradına,
Can atdım üzünü ağ etmək üçün.
Azadlıq eşqinə çatıb dadına,
Elimin bəxtinə bir yetmək üçün.
Əlvida, yolunu azan səltənət,
İçdiyi andları pozan səltənət!
Heyhat, sınaqlara gərdikcə sinə,
Səngimək bilmədi böhtan daşların.
Aldanmış qəlblərin son ümidinə
Son qoydu yelbeyin keçəl başların!
Əlvida, yolunu azan səltənət,
Yalanı gerçəyə yozan səltənət!
Gözümə görünər nə xof, nə hədə,
Nə şöhrət, nə mənsəb, nə də kabinet...
Daha yerim yoxdur belə firqədə,
Al, başına dəysin, bu da partbilet!
Əlvida, yolunu azan səltənət,
Öz qəbrini özü qazan səltənət!
Artıq yollarımız başqa-başqadır,
Sən biryolluq uydun şərə, şeytana.
Məni isə məslək eşqim aparır,
Son sığınacağım Azərbaycana!
Əlvida, yolunu azan səltənət,
Əcəlin Qafqazdan gəzən səltənət!
1990
Zərbə
Müəllimim Bəxtiyar Vahabzadəyə
Qara Yanvar günü məşum mənzərə,
Bakıda nahaq qan çıxanda dizə,
Nifrəti içini didən şairlə
İşğalçı general gəlir üz-üzə.
İzdiham dəhşətdən səksənir birdən,
Qalır generalın ağzında sözü.
Şairin bir lomba tüpürcəyindən
Əyilir sifəti, qıyılır gözü.
Sağ əllə əsgərə "əl saxla" deyə,
Sol əllə kor-peşman üzünü silir.
Adi güllələrin belə zərbəyə
Cavab olmadığın o, yaxşı bilir.
Şair üz çevirib sabaha doğru,
Gedir irəliyə, qalxır qülləyə.
General, canında üşütmə, qorxu,
Şairin dalınca baxır zirvəyə...
Yadına acılar düşür nə ki var,
Hindquşdan belə, Qafqazdan belə.
Yolunmuş paqonlar, kəsilmiş başlar,
Ancaq beləsini görməyib hələ!..
General, xeyiri yoxdur neyləsin,
İstərsən, çıxardıb at əlcəyini!
Tarixindən silə bilməyəcəksən
Yenilməz bir xalqın tüpürcəyini!
General, dönəndə Kremlə bildir,
Silahla ölçülmür odun qüdrəti!
De ki, diz çökdürmək mümkün deyildir
Belə şairləri olan milləti!
1990
Dantesin "yubiley"i
Biləndə heyrətdən dondum yerimdə,
Heç demə, seçməklə 37-ni,
Şeytan dəstəsi qeyd edirmiş həm də,
Dantes gülləsinin yüz illiyini!
Bəli, bəli, yanlış eşitmədiniz...
Güllə yağışına tuş edilirdi
İlahi qüdrətin məğrur başları:
Hər yurddan Puşkinin mütərcimləri,
Hər xalqdan Puşkinin taledaşları...
Dəm idilər məxfi üçlər bəzmində,
İosif, Lavrenti, Anastas - Ponti!
Vələdüzzinalar vəfa əzmində
Sələf zəfərini bayram edirdi.
Qatil şərəfinə səslənən tostlar,
Havalanırdı kin burulğanından.
Baş cəllad coşurdu: "Qaldırın dostlar,
Gözəl şərab yoxdur şair qanından!.."
"İşverən"lər ilə yağan böhtanlar
Öz "iş"in görürdü hər gecəyarı.
Atəşfəşanlıqla gülləbaranlar
"İrs" qoyub kütləvi məzarlıqları...
Gələcəyə qarşı qurulan qurğu,
Qoyurdu qaçılmaz süqutun himin.
Rusiya susurdu, xalqlar susurdu,
"Boris Qodunov"da susduğu kimi...
1987
Gəlsən, özün gəlmə!
Gəlsən, özün gəlmə!
Mənə yaddaşımın yadını gətir,
Bir də baxışımın odunu gətir,
Bir də dodağımın dadını gətir!
Gəlsən, yalqız gəlmə!
Mənə təkliyimin röyasın gətir,
Bir də o dənizin havasın gətir,
Heç olmasa, bir cüt dalğasın gətir!
Gəlsən, təkcə gəlmə!
Sənsiz illərimin qədrini gətir,
Bir də o baharın ətrini gətir,
Şeirimin bir yanar sətrini gətir!
Gəlsən, elə gəlmə!
Onlar da sənin tək düşəndən uzaq,
Yovuşmaz oldular heç kimə heç vaxt,
Gəlsələr, səninlə gələrlər ancaq!
Gəlsən, özün gəlmə!..
1979
Bir bayatıya son söz yerinə
Bir sütül oğlanın lal baxışından
Ay üzündə qalan o izlər haqqı!
Göydən müjdə alan bir bakirənin
Bətninə əkilən o sözlər haqqı!
Dünyanı yaradan sevgidir ancaq,
Dünyanı yaşatsa, o yaşadacaq!
Sürünə-sürünə bir kam yolunda
Qançır-qançır olan o dizlər haqqı!
Ümidin sonundan bir qaraltıya
Baxa-baxa dolan o gözlər haqqı!
Dünyanı yaşadan sevgidir ancaq,
Dünyaya nə qalsa, ondan qalacaq!
2017
Oljas Süleymenova
Bəs deyilmiş kimi dillərdə dastan,
"Kız ku!" şiddətitək şux təranələr!
Bəs deyilmiş sanki Dəşti-qıpçaqdan
Aləmə səs salan şah türkanələr!
Nurun saçan kimi mümtaz "Az i Ya",
Açıldı tarixin ən sərt düyünü!
İndi sizə baxıb qoy görsün dünya
Asiyanın necə böyüklüyünü!
1979
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!