Şəxsiyyətin yaşamaq haqqı - Şirindil Alışanlının xatirəsinə. Sara OSMANLI

Düşünürəm ki, ölkəmizdə və xaricdəki müvafiq dairələrdə elmi-mədəni, insani-əxlaqi səviyyəsi və keyfiyyətlərinə görə tanınan Şirindil Alışanlını xüsusi təqdim etməyə ehtiyac yoxdur.

Şirindillə bağlı yazılarımı vərəqlədikcə, nədənsə məhz yubileyləri ilə bağlı (60, 70 illik) mətbuatda söylədiyim bəzi fikirlərimə, olduğu kimi müraciət etməyi lüzum bilirəm.

Ümumiyyətlə, Şirindil haqqındakı mətbuatda gedən əksər rəylərdə vərdiş etdiyimiz yubiley stereotiplərindən uzaq olan, ürəkdən gələn səmimi, həssas münasibət duyulur. Peşəkar yazılardakı verilən yüksək dəyərləndirmələri Şirindilin elmdə qazandığı yüksəklik hər bir məsələyə münasibətdə əsaslandırılmış müstəqil mövqeyi ilə şərtləndirir.

Şirindilin 60 illik yubileyi münasibətilə mətbuatda gedən bir çox yazılarda təbii sərbəstlik, hətta bəzən yumor səpkili ifadələr nəzəri çəkir: onların müəllifləri (ədəbi-elmi mühitimizdə mövqe və ad qazanmış Teymur Kərimli, Arif Əmrahoğlu, Vaqif Yusifli və b.) 50-cilər nəslinə mənsubdur, bir mühitin yetirmələri olanlardır ki, Şirindil haqqında etibarlı, səmimi, sərbəst söz deməyə səlahiyyətlidirlər. Bu söhbətlər həm də ona görə dəyərlidir ki, bunlarda bütöv bir ədəbi nəslin yaşantıları, qüruru, təəssübü, qədirbilənliyi və s. ilə bağlı fikirləri səslənir.

Təsadüfi deyil ki, T.Kərimli özünəməxsus fəlsəfi yumorlu yazısına "Biz bir qatar tutiyi-şirinsüxənlərik" təsirli ad qoyub, A.Əmrahoğlunun məqaləsi isə, demək olar ki, başdan-ayağa 50-cilər nəslinin leytmotivi əsasındadır, yaşadıqları yeni nəfəsli dövrə, ömürlərinə görə şükranlıq ruhundadır.

İndi isə mən, 50-cilərdən bir addım əvvəl gələn nəslin nümayəndəsi kimi və Şirindili 37 il, yəni Ədəbiyyat İnstitutuna gəldiyi vaxtdan tanıyan və onunla dostluğa müvəffəq olan insan kimi, özündən əvvəl deyilənlərə bəzi əlavələr etməyə ehtiyac duyuram.

Şirindilin həyatdakı mövqeyinin əsas ünvanlarını 65 illiyi ilə bağlı "Ədəbiyyat qəzeti"nə verdiyi müsahibəsində tam aydın sezmək olur. Həyat təcrübəmizin dəyərləndirilməsində çox sadə "düstur" ortaya qoyulur: "Ötənləri indinin müstəvisində dəyərləndirdiyimiz kimi, çağdaş günlərimizi də yaşadığımız ömrün təcrübəsi, dərsləri zəminində saf-çürük etmək gərəkdir". Qəribə olsa da, bu, ilk baxışda, binar məfhumlarda (çağdaş günlər - yaşadığımız ömür, ötənlər - indi) ağırlıq mərkəzi, sanki keçən ömrə və "keçən günlər"ə (məşhur mahnıdakı kimi) düşür ki, bu sadə həqiqətin izahına ehtiyac yoxdur.

Düşünürəm ki, Şirindilin həyatda qazandıqları mənəvi-əxlaqi keyfiyyətlərin əsasında iki aparıcı xətt keçir: qədirbilənlik və milli təəssübkeşlik. Kökdən, yurddan, torpaqdan, nəsildən başlayan, orta məktəbdə, universitet illərində bəxtinə düşən müəllimlərə, qazandığı dostlara münasibətdə inkişaf edən və sonra 37 il ərzində alim kimi yetişdiyi Ədəbiyyat İnstitutunun elmi-əxlaqi mühitində, xüsusən, 70-80-ci illərə aid, habelə bir müddət çalışdığı Dünya Ədəbiyyatı İnstitutunda keçdiyi təcrübədə formalaşan bu nəcib keyfiyyət - qədirbilənlik yalnız ata-babaya, dostlara, müəllimlərə və s. minnətdarlıq deyil. Şirindilin qədirbilənliyi qan yaddaşının daşıyıcısı kimi ona həyat seçimlərində daxili istiqamət və ilham verən immanent, üzvi qüvvədir ki, ətrafdakılara da əxlaqi təsir gücünə malikdir və paylaşanda belə tükənmir.

Biz bu qədirbilənliyi onun söhbətlərində, yazılarında, əməli işlərində, naşir kimi fəaliyyətində (mərhum Yaşar Qarayev, Azadə Rüstəmova və b. Bu dünyadan gedəndən sonra monoqrafiyalarının, onlara həsr olunmuş xatirə kitablarının təşəbbüskarı və naşiri) görməkdəyik.

Elmi tədqiqatlara, dissertasiya işlərinə olan əsas tələblərdən biri tədqiq tarixinin işıqlandırılması, öz sələflərinə istinad etməklə bağlıdır, amma, təəssüf ki, bir çox monoqrafiyalarda bunu görmürük. Bu, müəllifin elmi vicdanının göstəricisidir ki, Şirindilin araşdırmalarına xüsusi önəm verilir. Haqqında sözügedən qədirbilənlik əxlaqı, mənəvi vicdanla bağlı daha geniş ünvanları ehtiva edir ki, həyatımızın gedişatını təmin edən varislik əlaqələrinin qırılmamasını təmin edir.

Yurddan başlayan əsl qədirbilənlik millidə yetkinləşir. Ona daima qüvvət verən qan-gen yaddaşında yaşayan təbii milli təəssübkeşlik hissidir. Bunun bariz ifadəsini Şirindilin alim və naşir kimi fəaliyyətində, o cümlədən, yeni elmi istiqamətlərə təkan verməkdə göstərmək olar. Söhbət milli ədəbiyyatşünaslıqda tarixi poetika aspektində tədqiqatlara yol açmasından, mühacirət irsimizlə bağlı fəaliyyətindən, neçə ildir ki, təşəbbüsü və redaktorluğu ilə hazırlanan: "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" seriyasının (artıq 7 kitab çıxmışdır) nəşr edilməsindən gedir. Tarixi poetikaya gəldikdə, böyük ədəbiyyatşünaslıqda bu, ədəbiyyat haqqında elmin ən yüksək mərhələlərindən biri kimi qəbul olunur və bir çox xalqların ədəbiyyatşünaslığı bu mərhələyə hələ keçid qarşısındadır. Söhbət ədəbiyyat tarixinin yalnız ədəbi cərəyanların əvəzlənməsi müstəvisindəki kimi deyil, üslubiyyatın mündəricəli formasının hərəkatı kimi, ədəbi-tarixi prosesi ədəbi-estetik kateqoriyalarının təkamülü üzrə tədqiq etməkdən gedir. Və bu, olduqca çətin və məsuliyyətli işə bizim ədəbiyyatşünaslıqda bir neçə ildir ki, start verilib. Şirindilin təşəbbüsü ilə açılmış müvafiq yeni şöbə və müəllif, redaktor, naşir kimi bilavasitə iştirakı ilə başlamış "Tarixi poetika" seriyasından artıq bir neçə kitab işıq üzü görmüşdür ki, bu yazılarda klassik Azərbaycan ədəbiyyatının zəngin bədii-poetik özünəməxsusluğunun yeni tərəflərinin açılmasına cəhd edilir.

"Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" möhtəşəm layihənin həyata keçirilməsi də Şirindilin təşəbbüsü ilə bağlıdır. Türkiyə (Yavuz Akpınar və b.) alimləri ilə əməkdaşlığı, Almaniyaya ezamiyyətləri həm də elmi əlaqələrimizin genişləndirilməyinin faktlarıdır.

Ümumiyyətlə, Şirindilin elmi axtarışlarının maraq dairəsi çox genişdir və bu haqda kifayət qədər yazılıb. Bu yazımızda onun elmimizdə yeni istiqamət - layihələrin açılmasında rolunu qeyd etməklə kifayətlənməyi məqsədəuyğun sayırıq.

Qeyd olunan keyfiyyətlərlə mayalanmış, genişmiqyaslı fəaliyyətinin bütün sahələrində tarixi obyektivlik, ədalət prinsiplərinə mümkün qədər riayət etmək - Şirindili şirnikləndirici konyukturadan sığortalayır.

Və əlbəttə ki, elmi-təşkilati işlərində peşəkarlıq və hər cür insanlarla müvafiq münasibət, ünsiyyət qurmaq bacarığı, hər kəsin çəkisini, məzhəbini belə bilmək...

Arif Əmrahoğlu yuxarıda qeyd etdiyimiz yazısında Şirindili maarifçi-filoloq adlandırır. Mən bunun ən bariz nümunəsini Şirindilin rəhbərlik etdiyi XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı kimi hər dəfə şöbənin iclaslarında əyani müşahidə edirəm. Şöbənin bilavasitə işlərinin gedişatına nəzarət etməklə yanaşı, şöbə müdiri İnstitutun problemləri, yenilikləri, respublikada, Rusiyada, Türkiyədə çıxan aidiyyatı nəşrlər, keçirilən elmi forumlar haqqında əməkdaşları daima məlumatlandırır, hətta bəzi ədəbiyyatları özü ilə gətirir və oxumağı tövsiyə edir. Və ümumiyyətlə ədəbi mühitimizdə baş verən hadisələrlə bağlı xəbərləri Şirindildən öyrənirik. Həvəsləndirir, istiqamətləndirir. Bütün bunları çox sərbəst, "oxunaqlı" üslubda nəzərimizə çatdırır. Bu sərbəstlik, azad fikirlilik, müstəqil mövqe müxtəlif tədbir, məclislərdə etdiyi çıxışları, davranışının fərdi keyfiyyəti olaraq bir çoxlarından fərqləndirilməklə nüfuzunu artırır.

Əlbəttə, Şirindilin fəaliyyətinin miqyası (respublikada və kənarda) daha geniş söhbət üçün material verir. Onu demək kifayətdir ki, 2010-cu ildə, indiki şəraitdə müasir humanitar təfəkkürün problemlərinə həsr olunmuş beynəlxalq konfrans təşkil etmək kimi çətin işin öhdəsindən gələ bildi və hətta konfransın əvvəlində onun materialları sanballı kitab şəklində xaricdən gələn alimlərə təqdim olunanda onlar təəccübünü gizlədə bilmədilər. Materiallar, adətən tədbirdən çox sonra çap olunur. Təkcə elə bu fakt bunaqədərki görülən hazırlıq işləri, onun xarici alimlərlə əlaqələri haqqında az şey demir.

Mən Şirindillə uzun illərdir ki, işləyən və dostluq edən insan kimi onu daima inkişafda olan və potensialı hələ tam açılmamış, istedadlı bir şəxsiyyət kimi görürəm. Bununla belə, onu ideallaşdırmaq, yubileyvarı pafoslu ifadələr işlətməkdən uzağam. Mən onun müəyyən romantikliyi ilə yanaşı, kifayət qədər sağlam praqmatizmini də görür və məmnuniyyətlə qəbul edirəm. Və onunla dostluqdan "fəxr edirəm" kimi ritorik ifadələrdən uzağam, sadəcə, onunla dostluq mənə mənəvi rahatlıq gətirir. Amma indi onun yoxluğunu yaşayan yaxın dostu kimi, o əlçatmaz, ünyetməz Şirindilli dövrlərə həsrətlə baxır və onunla dost olduğumla fəxr edirəm. Heç yadımdan çıxmaz: 2011-ci ildə ailəmizə üz verəcək ağır itki haqqında həkimdən acı hökmü eşidəndə sarsılmış vəziyyətdə dərdimi bölüşmək üçün qeyri-ixtiyari özümü Şirindilin kabinetinin qapısı qarşısında gördüm...

Yadımdadır, təxminən 15 il bundan əvvəl NTV-nın kanalında məşhur aparıcı Sergey Dorenko ilə müsahibə verilirdi. Suallardan biri kişiyə xas əsas keyfiyyətlə bağlı idi. Dorenkonun cavabı belə oldu: məsuliyyəti öz üzərinə götürmək bacarığı (məsuliyyətdən boyun qaçırmamaq). Məncə, Şirindil bunu bacarırdı.

Əlbəttə, hər şey nisbidir. Amma nisbilik var, nisbilik var. Mənim söylədiklərimdə (və söyləmədiklərimdə), zənnimcə, nisbilik əmsalı elə nisbi dərəcəsindədir. Və düşünürəm ki, bu nisbilik kontekstində söylədiyim ünvanlar lider tipli şəxsiyyəti formalaşdıran əsas dəyərlərdir.

Şirindilin 70 illik yubileyi ilə bağlı mətbuatda gedən çoxsaylı (30-a qədər) müxtəlif səpkili, səciyyəli yazılarda yubilyara səmimi münasibət, yüksək dəyərləndirmələr açıq müşahidə edilirdi. Mənim "Həqiqi elmilik səlahiyyətiylə...." adlı yazımda əsas məqsəd, müəllifin yenicə işıq üzü görmüş "Sözün yaşamaq haqqı" kitabında toplanmış 40-dan çox məqaləsinə (əlbəttə, reprezentativ seçim əsasında) dəyər vermək idi, o cümlədən, kitabın adına istinadən və əsas diqqəti klassiklərimizin məşhur tədqiqatçıların (Həmid Araslı, Məmməd Cəfər, Mir Cəlal, Yaşar Qarayev və b.) dəyərləndirmə meyarlarına yönəltməklə bağlı idi.

Şirindilin seçdiyi tədqiqat obyekti, onun araşdırma üsulunda və yazının adında, bir qayda olaraq, məntiqi tamlıq özünü göstərir: "Sözün yaşamaq haqqı" həm klassiklərin əsərlərini (sözlərini), həm bu əsərləri tədqiq edən korifeylərin "söz"ünü ehtiva edir. Amma biz müəllifin özünün də (özündən asılı olmayaraq) "sözünün yaşamaq haqqı"nı kitabda müşahidə edə bilirik.

Mövqeyimi izah edə bilərəm. Şirindilin kitabı onun müxtəlif zamanlarda işıq üzü görmüş məqalələrindən ibarətdir. Təbii ki, yazılar xronoloji prinsipə uyğun təqdim edilir. Amma son yazının tarixi 1977-ci ildir: 25 yaşlı müəllifin Ədəbiyyat İnstitutunda, Yazıçılar İttifaqının və "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasının iştirakı ilə keçirilən nüfuzlu seminarda etdiyi "Poema janrı" haqqında məruzəsi və bu məruzənin ətrafında gedən geniş müzakirəsinin stenoqramıdır.

Bu ilk yazısının sonda verilməsinin səbəbini Şirindildən soruşmaq istədim. Amma soruşmadım. Materialı diqqətlə oxuyandan sonra, deyəsən, səbəbini tapdım.

45 il əvvəl 25 yaşlı cavanın etdiyi məruzənin səviyyəsi, qoyulan məsələlər, nüfuzlu alimlərin verdiyi sualları və rəyləri... 45 ildən sonra da aktuallığını, əhəmiyyətini saxlayır. Üstəlik, o əlçatmaz ədəbi-elmi mühitin mənzərəsi, sanki göz önündə canlandırılır.

60 illik, 70 illik yubileylərlə bağlı xatirələrimizə toxunduq. Bəs 65 illik yubileyi necə? O dövrə aid yazıların içində ən təsirlisi yadıma düşür. "Ədəbiyyat qəzeti"ndə yubilyarla keçirilən böyük müsahibə dərc olunmuşdu. Müsahibənin sonunda müxbir belə bir sual verir: "Sizin həyatda ən böyük arzunuz?"

Şirindilin cavabı: "Bir onu bilirəm ki, doğma Laçının Əhmədli kəndinin qəbiristanlığında Alışan babamın məzarının yanında mənim qazılmamış qəbrim qalıb..."

P.S. Son günlər Şirindilin yoxluğu ilə bağlı mətbuatda, internetdə arası kəsilməyən yazılar, başsağlıqları səngimir. Bunlarda xalqımıza məxsus iki kod - ifadələrin işlənməsi diqqəti çəkir: "əvəzsiz itki" və "yeri görünür". Qeyri-ixtiyari fikrimdə, nədənsə rus dilində bunların analoji frazemlərini axtardım. "Əvəzsiz itki"nin qarşılığı - "svəto mesto pusto ne bıvaet" (müqəddəs yer heç vaxt boş qalmır), "yeri görünür"ün isə korrelyatını tapmadım. Atalar sözləri, frazeoloji birləşmələr xalqın dünyaduyumunun güzgüsüdür. İnsan ömründə ən məsuliyyətli, mütləq, sakral səciyyəli ölüm hadisəsinə münasibət gətirdiyimiz ifadələrdə dilimizdə bu cür həkk olunması haqq dünyasına qovuşan şəxsiyyətin dəyərinə ehtiramın etirafıdır. Şirindilin də ölümə münasibəti müxbirin son sualına verdiyi cavabında səslənir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!