Xatirələr işığında - İmamverdi Əbilov - Əliqismət LALAYEV

Bizim müəllimlər

Arada olub-keçənlərə vəfalı yol-yoldaşlığı edən, ötən günlərin ətrini qoxuyan arxivimə göz gəzdirirəm. Doğma ünvanlar, doğma səslər, tanış üzlər hücrəsidi bura... Bu səfər də belə oldu; vaxtilə görkəmli alim, unikal şəxsiyyət İmamverdi Əbilov haqqında yazdığım və çap etdirmədiyim məqaləmin əlyazması çəkdi diqqətimi. Götürüb tam yeni bir ovqatla oxudum. Fikirlərimdə yanılmadığımın fərqində oldum. Və bu səbəbdən də həmin məqaləni İmamverdi müəllimin anım günündə oxucu diqqətinə çatdırmağı zəruri hesab etdim.

 

Alim, tənqidçi, müəllim və bütün bu sözlərin yaraşığına çevrilən böyük hərflərlə yazılmış böyük insan İmamverdi Əbilovu təqdim etmək nə qədər çətindirsə, bir o qədər şərəflidir. Çətindir ona görə ki, İmamverdi müəllimi oxucuların əksəriyyəti, bəlkə də hamısı tanıyır və kiçik bir ehtiyatsız söz narazılıq doğura bilər. Şərəflidir ona görə ki, bu gün İmamverdi müəllimdən söhbət açmaq Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mehdi Hüseyn, Məmməd Rahim, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Qara Qarayev, Mehdi Məmmədov, Məmmədrza Şeyxzamanov və bir sıra başqa sənətkarların ömür tarixçəsinə səyahət etmək deməkdir. Bu adamların hər birinin taleyi onun ömür-günündən keçmiş, sıravi məktəb müəllimi bir neçə sənətkar nəslinin həyatına yaxın dost, qardaş, məsləkdaş kimi daxil olmuşdur. "Mən sıravi məktəb müəllimi" sözlərini təsadüfən işlətmədim. Çünki o, hər şeydən əvvəl, sözün tam mənasında müəllimdir və ülfət bağladığı dostların hər biri üçün onların yaşından asılı olmayaraq, bir müəllim kimi qalır. Bəxtiyar Vahabzadənin təbirincə desək, "dünəninə sədaqət, sabahına nikbin ümidlərlə bağlı olub, bu gün el ağsaqqalı kimi tanınan, ilhamla yazıb-yaradan bu gözəl insanın savadı, biliyi, qələmindəki qüdrət hamımıza məlumdur". Bax, ona görə də İmamverdi müəllimdən bu gün söhbət açmaq nə qədər çətin, çətin olduğu qədər də şərəflidir.

Özünün kiçik avtobioqrafik məlumatında oxuyuruq: "Yaradıcılığımla maraqlanan xeyirxah oxuculara minnətdarlıq hissilə bildirirəm ki, 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində balıqçı ailəsində anadan olmuşam. Altı yaşında ikən atadan yetim qalmış, anamın və əmimin himayəsində böyümüşəm".

Bu cümlələr ola bilsin ki, adi tərcümeyi-halın ilk sətirləri kimi oxucuda heç bir hiss, heç bir duyğu oyatmasın. Amma İmamverdi müəllimi yaxından tanıyanlar bilirlər ki, bu sətirlərdə doğmalara, yaxınlara nə qədər istilik, mehribanlıq, ülfət var. Bu sətirlərdə ana torpağa, onun bir parçası Muğana, Muğanın yaraşığı - Salyana nə böyük məhəbbət var. Mən "Salyan" sözünü də nahaqdan işlətmədim. Bəli, çoxlarına təəccüblü görünə bilər: İmamverdi müəllim neftçalalıdır axı... Lakin ədəbi məclislərdə iştirak edənlər, sənət adamları ilə yaxın təmasda olanlar, nəhayət, İmamverdi müəllimin yaradıcılığını izləyənlər yaxşı bilirlər ki, İmamverdi Əbilovun adı Salyanla qoşa çəkilir. Və hərdən mənə elə gəlir ki, İmamverdi müəllim üçün ünvan vermək sadədən sadədir: Salyan, ya da ki, Neftçala, İmamverdi Əbilova. Üstündə bu sözlər yazılan hər bir göndəriş öz sahibini asanca tapacaq. Bu isə vurğunu olduğu yerlərin İmamverdi müəllimə böyük məhəbbətidir.

Əgər desəm o, ədəbiyyat aləminə şeirlə gəlib, gərək təəccüb edən olmasın. Çünki dünyada ancaq şeirlə deyilə bilən sözlər məhz ilk gənclik illərində bu yaradıcı adamların heç birini kənarda qoymayıb, onu öz burulğanına salıb. Kimi bu burulğandan şair, kimi yazıçı, artist, rejissor...,  habelə müəllim və ya həkim olaraq çıxıb. İ.Əbilovun 1944-cü ildə "Bolşevik" qəzetində çap olunmuş "Anamın tələbi" adlı ilk mətbu şeiri isə onun gələcəkdə gözəl bir filoloq olmasına yol açıb. Elə bir filoloq ki, bu gün adları şeir, sənət məclislərinin şöhrət çələnginə çevrilən onlarla şair, yazıçı, bir sözlə, yaradıcılıqla məşğul olan neçə-neçə sənətçi bu gözəl sənət bilicisinin özünəməxsus isti, hərarətli duyğularından qida alıb. Böyük Səməd Vurğun özü yaradıcılığı haqqında onun gözəl məruzəsini dinləyəndən sonra minnətdarlıqla deyib: "Ay zalım, sən mənə lap anam Məhbubə kimi lay-lay çaldın, sağ ol!"

Bütün bunlar tarixdir və bu tarixi əzizləyə-əzizləyə qoruyaraq öz yaradıcılığı ilə bizim hər birimizin yaddaşına köçürən İmamverdi müəllimin belə ağır zəhməti qarşısında bu gün baş əyməliyik.

İmamverdi Əbilov müxtəlif mətbuat orqanlarında çap olunmuş 400-dən artıq ədəbi-tənqidi, elmi-pedaqoji və publisistik yazılarını, habelə "Rəsul Rza", "Azərbaycan Sovet ədəbiyyatında yeni insan", "Orta məktəbdə siyasi lirikanın tədrisi", "Könül dünyamıza səyahət" və "Xatirələr işığında" kitablarının müəllifidir. Bu kitabları və "Kommunist", "Ədəbiyyat və incəsənət", "Sovetskaya kultura", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Azərbaycan qadını", "Literaturnıy Azerbaycan", "Elm və həyat", "Qobustan", "Kənd həyatı" və başqa jurnallarda çap olunan yüzlərlə məqaləni oxuyarkən, adam inana bilmir ki, bu yazıların müəllifi rayonda məktəb müəllimidir və onun ömrü-günü hansısa dəbdəbəli kabinetdə keçmir, o, titullarına uyğun akademik həyat sürmür, sevimli şagirdləri arasında şam kimi yanır. Lakin bu şamın istiliyi, işığı o qədərdir ki, bu işıqdan neçə-neçə sabaha pay düşür, bu istilikdən üzümüzə açılacaq səhərlərin neçənci günəşi pay alacaq. Bax, budur, müəllim xoşbəxtliyi, budur, müqəddəs müəllim sənətinə İmamverdi vurğunluğu.

Mənə elə gəlir ki, İ.Əbilovun 63 illik həyatı müəllimliyə bir töhfə, 45 illik yaradıcılıq yolu isə müəllimlərə bir örnəkdir. O, bu gün neçə-neçə alimi, iqtisadçı və arxitektorun baş sındırıb tər tökdüyü çətin bir problemi - kəndi şəhərə çatdırmağın yolunu hər bir yazısında aydınca şərh edib göstərir. Özü də elə ustalıqla açıb göstərir ki, kəndin şəhərə yaxınlaşmasını bir xəyal kimi təsvir edənlər şəhərin kəndə qovuşması həqiqəti qarşısında aciz qalırlar. Bu həqiqət şəhərin kənddən mənəvi asılılığıdır. İmamverdi müəllimin Neftçalanın Puşkin küçəsindəki 12 nömrəli evi bu həqiqəti söyləyən ilk və çox təəssüf ki, son qaranquşdur. Axı, az adam tapılar ki, sonsuz ailə qayğılarını, işdəki çətinlikləri, elmi axtarışları neçə-neçə qonağın xidmətində əridə bilsin. Bəlkə də bu adamların xidmətində olduğu saatları elmi işə, ailə qayğılarına sərf etsəydi, İmamverdi müəllimin daha böyük imtiyazları, daha böyük imkanları olardı. Amma etiraf edək ki, o bizim hamımızın sevib pərəstiş etdiyi İmamverdi müəllim olmazdı. Axı, onun mənzilinin qapısını qonaq kimi açan bu adamların hər biri sadə müəllim ömrünə bir naxış vurmuş, bu müəllimin bir insan kimi sevilməsində mühüm rol oynamışdır. Şübhəsiz ki, həmin adamların özlərinin İmamverdi Əbilova böyük məhəbbətləri olmuşdur. "Xatirələr işığında" kitabını oxuyarkən, bunun bir daha şahidi olur, İmamverdi müəllimə qarşı olan bu məhəbbətə qibtə etməyə bilmirik.

"Yazıçı" nəşriyyatının yüksək zövqlə çap etdiyi "Xatirələr işığında" kitabı ən böyük ədəbi məclislər üçün mövzu ola bilər. Xoşbəxt o kəsdir ki, yazılarında müəllifin özü görünür, oxucu başqa bir obyektin işığında qələm sahibinin özü ilə görüşüb dərdləşə bilir. "Xatirələr işığında" kitabında toplanmış portret oçerklər zəmanəmizin görkəmli adamları, tarixi şəxsiyyətlər və ədəbiyyat, incəsənət xadimləri barədə zəngin məlumat versə də, həmin kitabdan bizə yadigar qalanlardan ən əzizi İmamverdi müəllimin sakit, həlim təbiəti, ağrıları, nisgilləri, sevincləri, şadlıqları ilə birgə görünən gözəl simasıdır. İstər-istəməz, başqalarına qarşı bu qədər diqqətli olan bu adama qarşı sən də ehtiyatla, zərgər dəqiqliyi ilə yanaşmaq istəyirsən.

Mən İmamverdi müəllimin dərs dediyi şagirdlərə qibtə edirəm. Çünki inanmıram ki, respublikada elə bir müəllim tapılar ki, S.Vurğunu, R.Rzanı, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Məmməd Rahimi, habelə Mikayıl Rzaquluzadəni, Əliağa Kürçaylını, Adil Babayevi tədris edərkən bu adamları onun kimi şagirdlərə sevdirə bilsinlər. Axı onun evindəki xatirə kitabında saxlanan bu yazıçı və şagirdlərin yadigar ürək sözlərini oxumaq, maqnitofonun "qızıl fond"una çevrilən lent yazılarını - bu ustad sənətkarların səsini eşitmək, doğrudan da, böyük xoşbəxtlikdir. Lakin bir şeyə təəssüf edirəm ki, rayonumuzda dərs deyən ədəbiyyat müəllimlərindən biri deyə bilməz ki, mən o səsləri İmamverdi müəllimin arxivindən köçürərək öz dərslərimdə istifadə etmişəm. Bu, giley deyil. Sadəcə olaraq, müəllimlərin - onun həmkarlarının diqqətini öz yoldaşlarının yaradıcılığına yönəltməyi lazım bilirəm.

Yeri gəlmişkən, qeyd edim ki, İmamverdi müəllim təkcə rayonumuzun deyil, respublikanın bütün müəllimləri üçün bir örnəkdir. XX əsrin sonunda belə Mirzə Səməndərsayağı dərs deməklə kifayətlənən müəllimlər bu çətin sənətin sirlərini İmamaverdi Əbilovdan öyrənməyə səy etməlidirlər. O, 1970-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almış və ömrünün bu müdrik çağından doktorluq müdafiəsinə hazırlaşır. İ.Əbilovun əsas tədqiqat sahəsi ədəbiyyatda ənənə və novatorluq, şeirimizdə forma axtarışları, müasir nəsrimizdə mövzu və qəhrəman, uşaq təxəyyülünün poetik təcəssüm problemləridir.

İmamverdi Əbilov həm də yaddaqalan publisistik yazıların müəllifidir. "Şəxsi nüfuz, cəmiyyət, tərbiyə", "Ağsaqqal ləyaqəti", "Mənəviyyat əxlaqın güzgüsüdür" məqalələrinin geniş mətbu müzakirəsi, oxucuların bu məqalələrə məhrəm münasibətləri müəllifi yeni söz deməyə sövq edir.

A.Dante, V.Şekspir, Nəsimi, Vaqif, M.F.Axundov, T.Şevçenko, L.N.Tolstoy, Aşıq Ələsgər, N.Nekrasov, Cəlil Məmmədquluzadə, A.N.Ostrovski, N.Nərimanov, H.Cavid, Ə.Haqverdiyev, C.Cabbarlı, M.S.Ordubadi, S.Vurğun, M.Müşfiq haqqında dərc olunmuş məqalələrinin rəğbətlə qarşılanması alimin tədqiqat işinin miqyasını genişləndirməyə səbəb olan amillərdən biridir.

Onun tərcümeyi-halında oxuyuruq: "Bəllidir ki, qəyyumluq sevməyən yaradıcılıq, eyni dərəcədə qayğı və tələbkarlıq sevir. Bu cəhətdən ayrı-ayrı yazılarında, yaxud yaradıcılığım haqqında özlərinin kitablarında məqalə, məruzə və məktublarında xeyirxah fikirlər söyləmiş Səməd Vurğun, Məmməd Arif, Feyzulla Qasımzadə, Süleyman Rəhimov, Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, Rəsul Rza, İmran Qasımov, Həsən Seyidbəyli, Mirzəağa Quluzadə, Nigar Rəfibəyli, Mehdi Məmmədov, M.Mehdizadə, M.H.Təhmasib, Ə.Dəmirçizadə, Nodar Dumbadze, Xudu Məmmədov, Ənvər Əlibəyli, Mirmehdi Seyidzadə, Adil Babayev kimi elm-sənət xadimlərinin müqəddəs ruhuna borcluyam".

Görünür, özünü bu sənətkarların ruhu qarşısında borclu sayan qələm sahibi öz borcunu qismən də olsa, ödəmək üçün "Xatirələr işığında" kitabını yazıb. Bəlkə də həmin anlarda fikrindən keçməyib ki, bir zamanlar bu qeydlər oxucuları ən müqəddəs amallara səsləyəcək, dostluğa, səadətə, ülviyyətə, sadəlik və səmimiyyətə səsləyəcək. Anaya böyük və sonsuz ehtiramı, vətənə hüdudsuz məhəbbəti, doğulub boya-başa çatdığı torpağa qırılmaz tellərlə bağlılığı İmamverdi müəllimin özünü də müqəddəsləşdirir və sevinirsən ki, nə yaxşı ki, bu müqəddəsliyi ilə o, Bakıda deyil, məhz burada, Muğan torpağında, Kürün dənizə ülfət saldığı bir məkanda yaşayır.

Söhbətimə İmamverdi müəllimlə bağlı bir hadisə ilə yekun vurmaq istəyirəm: Bu yaxınlarda ünvanıma bir məktub daxil oldu. Məktubu olduğu kimi sizin diqqətinizə çatdırıram: "Hörmətli Əliqismət müəllim, Günaydın! Xalqın iztirab və zülmlə dolu günlərində bizim gəlişigözəl, məqamsız sözlər işlətməyə, şərik olarsınız ki, haqqımız yoxdur. Səmimiyyət isə bizə su kimi, nicat kimi vacibdir. Vaxtınızı alıb başınızı ağrıtmaq istəməzdim.

Böyük rəhmətliklərimiz haqqında bir neçə məqalə yazmışdım. Vaqif Mustafazadə, İslam İbrahimov, Mehdi Məmmədov, Məsud Əlioğlu, Xudu Məmmədov barədəki yazılar respublika mətbuatında dərc olunub. Şəhriyar üstünə yazdığım ağı isə bu günlərdə çap olundu.

Bizim unudulmaz varımız olan Qulu Əsgərovdan bəhs edən yazını sizə göndərirəm. Mümkün olarsa, onu "Qələbə"nin səhifələrinə çıxarmağınızı xahiş edirəm. Sizin Azər İmamverdi oğlu Əbilov".

Düzünü deyim ki, səmimi duyğularla dolu olan məktub da, məqalə də məni çox mütəəssir etdi. Məqaləni hazırlayıb çapa verdim. Sənətə, sənətkara məhəbbət ruhu gənc həmkarımın özünə xas olduğundan bu yazı o qədər oxunaqlı idi ki...

Az sonra isə "Gənclik" jurnalında Azərin bir neçə yazısını oxudum. Jurnalda eynilə mənim İmamverdi müəllim haqqında düşündüyüm və yuxarıda qeyd etdiyim sətirlər Azərin ünvanına deyilirdi: "Nə yaxşı ki, Azər Bakıda yox, məhz Neftçalada yaşayır". Düşündüm: "Deməli, İmamverdi müəllimin ata ömrü hədər getməyib". İstər-istəməz sənət, sənətkar vurğunu olan mərhum atamın söhbətlərindən qəlbimdə səmimi hisslər oyatmış İmamverdi Əbilovun ailəsinə qarşı da məndə dərin bir məhəbbət yarandı. İmamverdi müəllimin yaradıcılığını bir daha birər-birər nəzərdən keçirdim. Və bir şeyi kəşf etdim ki, neçə illər bundan əvvəl böyük Bəxtiyarın yazdığı "Göygöl" şeiri təkcə İmamverdi müəllimin özünə ithaf deyil. Bu şeir bütövlükdə Əbil soyunun nəcibliyi, gözəlliyi, istedadı özündə sehrlənmiş bir şairin səmimi etirafıdır. Şair Bəxtiyarın özü demişkən, "dərin, sakit, ləkəsiz Göygöl və kövrək, səmimi, pak, həssas İmamverdi" bir-birlərinə nə qədər yaxındırlar.

 

Əsir etdi gözəllik

İlhamı da, sözü də,

Dedim, bəlkə şeirdir,

Gözəlliyin önündə

Donmağımın özü də...

 

Bəli, həyat davam edir. Nə qədər ki, bu ocaqda İmamverdi müəllimin nəfəsi var, bu gözəllik öz önündə çoxlarını donduracaqdır.

 

Salyan,

fevral 1990

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!