Mifik ağacın oyanış bəyannaməsi. Orxon-Yenisey əlifbasının ətrini verən adam - Xanəmir Telmanoğlu Xalq yazıçısı Anar haqqında yazır

Yazıçı Anar bəyin 86 illiyinə ərkyanə və sevgilərlə...

Ey dili qafil fil faili məchul fani f....

Derlər,

Bəzən xatırlandıqca gecəylə gündüzün bərabər olduğuna inanan, Unudulmuş oxucu,

Mən onun haqqında yazı yazmıram. Mən onun haqqında bütün məlum qaydaları pozuram ki, yerlə göyün arasında yorğunluğunu çıxarmaq istəyən yazıçımızın əzalarında oturuşmuş milli azarımızdan əsər-əlamət qalmasın. Çünki yazının azar-bezarı çəkib aparacağı inancının ən təmiz güzgülərin boşluğunda hakim qıldığı, məhkum etdiyi cəmiyyətin qurtuluşa aşina yerini nişan verə bilər. ancaq.

Derlər,

Canı sıxıntı gətirəndə yatıb yuxular aləmində qurdla canavarı ayrıd edən,  Unudulmuş oxucu,

Nazim Hikmətin "ceviz ağacı" mətnini hər dəfə oxuyanda, ya xatırlayanda, onun kimliyi yaddaşımda işıq yandırır, zülməti qovur, uzaqda-yaxında arabir görünüb-itən və itib görünən qaraltıları daha net olaraq şübhələrimdən çıxarır. Bütün bu prosesləri o, yalnız bir yazar kimliyi ilə kifayət qədər, tale üslubunda sıralayır. İstər-istəməz Nazimin o məşhur şeiri ilə onun kimlik obrazındakı simsarlıq mənim varlığıma nədən, nə üçün, necə olub ki, doğmalıq ağırlığı ilə təmas məsuliyyətini boynuna qoya bilmişdir? Bəli, ceviz ağacından danışırdım. Sanki nağıllardan, əfsanələrdən çıxıb gələn bu ağacın mifik hikməti yaşadığım dönəmin ictimai-siyasi-ideoloji hikmətinə fürsət verməz özəllik sərgiləyən ictihadıyla daxilimdə yanğı oyadır, məni bir az da ətrafımda baş verənlərə qarşı oyaq saxlayır. Ceviz ağacının ölümsaçan, yatmışları oyadaraq ətrafında cərəyan edən oyunların gedişatına Tanrısal xeyir-bərəkətini bəyəndirən hərarəti şüuraltı aləmimizdə daima səngimək bilməyən alov dilləriylə qamçıdan betərdir. Bu ağac, dövranı qırmaclama çabasıyla yaxasını ələ vermir ki, vermir. Onun tanış olduğum bütün yazılarında oxucusuna sunduğu, üz tutduğu bir mesajı var: "Əsla, uyumayacaqsan! Bu coğrafiyada, daha geniş anlamda bu dünyada heç vaxt uyumayacaqsan! Çünki bu fanilikdə sənin hər an başına hörüləsi böyük corablar vardır. O corabları başında görmək istəməyən insan, yaşadığı ömür sürəcində etinasız bir ədayla baş verən ictimai-siyasi-sosial və fərdi münasibətlər kontekstində ayıqlığını şah elan etməli, ağlını, zəkasını, dünyagörüşünü, duyğularını qurban verməməlidir. Əks təqdirdə, səni ölüm gözləyəcəkdir. O ölüm ki, bu dünyada min il də yaşasan, haqqında danışdığımız köləliyin caynağında əsir-yesir olub itəcəksən." Mənim anladığım yazıçı Anarın mətnlərinin şüuraltı işarətləri, bu agahetmə manevrlərilə milli heysiyyat atmosferində səni, məni, onu qurtarmağa çalışır.

Bizdə dəyərli böyüklər hörmət və sayğı, üstəlik, sevgi əlaməti olaraq palıda, çinara bənzədərək, həm obyektin, həm də ifadənin məsuliyyətindən necə rahatlıqla qurtulma ədası sərgiləmək dəbinə yoluxmaları aşkar və məlumdur. Ancaq o, sizin də diksinəcəyiniz (bir) ağacın obrazında mənim şüuraltıma, dünyagörüşümə keçid törənini çoxlarının ağılalmaz məziyyətindən uzaq, hələ də hıçqırıqlarını içindən tam çıxarmamış ötkəmliklə gerçəkləşdirə bilmişdir.

Derlər,

Urmu gölündə süzən sonaları yadına saldıqca gözləri dolub-daşan, Unudulmuş oxucu,

Hərdən mənə elə gəlir ki, Anar adı "yazıçı" sözünə daha xoş gəlir, daha çox uyğunluq yaradır. Anar adının "yazmaq" feilində oturuşmuş klassik kimlik yaradan səriştəsindən ilhamlanaraq, cəsarət qazanaraq çoxlarımız hələ də ağzımızın isti yerdə olduğunun fərqinə varmadıq, varamadıq. Onun, Anarın yazıçılığa, yazmaq əyləminə yaraşması çoxlarının simasında maskalarının cırılmadan necə naşılıq sərgilədiklərini üzə çıxardı. Ancaq bu əskik kəm-kümlər himayədarlarını Anar heç vaxtı sındırmadı, onların daha da ənginliklərdə, səmanın şeytani qatında pərvazlanmasına imkan verdi. Bax, onun ən dözülməz, ən çəkilməz, ən məharətli yazı manerasının, bəlkə də tərkib hissəsini oluşduran ustalığı, həm də hər nəslə mənsub ədiblərin idbar burjua ayamasından çəkinərək məkrli kəmfürsətçilliklərini dilə gətirmələrinə imkan verdi.

Belə bir müşahidə mövcuddur ki, xarakter insanın öz üzərində, istedad isə - başqaları üzərində hakim olmasıdır. Onun illərdir Azərbaycan ədəbi mühitində hakim rol oynaya bilməsindəki gerçəkliyin kökü istedadıyla bağlıdır. Bu istedad ona mükəmməl əsərlər yazdırıb. Bu istedadın nəticəsində o qiymətli əsərlərin saysız-hesabsız oxucuları yetişdi, bu əsərlər oxucu ünvanına ulaşa bildi. Bu istedad əsasında o öz oxucularını seçib yetişdirməklə birgə, həm də xalqın əsas hissəsinə: -  oxuma-yazma bilən, düşünməyi bacaran kəsimi üzərində hakim kəsildi. "Dədə Qorqud" filmi bəs edir ki, bu hakimlik bu günün çərçivəsindən çıxıb gələcək zamanların "biz" olma varlığımızın zehinsəl, ruhsal, mədəniyyət üzərindəki hakimlik ehkamına metafiziksəl nəzakətən təminatını vermiş olsun. Çoxları hələ çox "dədə qorqudlar" yazacaq. Ancaq Anarın milli mədəniyyət bəyanlı Qorqud Ata muradından hasil olan andı kimliyimizə daha uyğun olaraq heç vaxt pozulmayacaq.

Derlər,

Zərərdən fayda əldə etməyin xülyasına qapılan, Unudulmuş oxucu,

Aşkara çıxardıqları ədəbi-bədii-obraz tutumlu mətnləri sonsuz daxili dialoq və müzakirəsindən doğan "sənə verilən ömrünə muğayat ol" səsiylə, sanki təkbaşına icra edilən bir ayinə dönüşdü. Aşkara çıxarılmayanlarının gizlilik haqqına da xilaf çıxmayan bir yazıçı kübarlığını çağın qırğınlarından, qarşıdurmalarından, çarpışmalarından qoruyub yazıya vermədiklərini öz şəxsində, varlığının tale harmoniyasının həyati təlatümlərində hər kəsin gözü önündəcə, uğurla sınaqdan çıxardı. Onun yaradıcılığının yazmadığı, mətnə çevirmədiyi ballistik raketlərinin sınaq gedişatı onu sevənlərin və anlayanların bir daha "mənimsən, bizimsən, bizimləsən" nidasıyla sahiblənmə yetənəyini də üzə çıxardı. Bu son zaman kəsimi çoxlarına, elə mənim özümə də Anarı anlamağın fürsətini və dəyərləndirməyin cəsarətini verdi.

Məncə, Anar müəllim bir yazar kimliyinə güvənib yazdıqlarının yazılmamış tərəflərini öz varlığında, hər günkü həyatında, Allahın ona bəxş elədiyi kamillik qovşağında (şifahi mətn iearxiyasında, şifahi mətnsəl hesabında) şüuraltı təlqinlə yaddaşımıza pərçimlədi. Bu ərkyana ağsaqqal və aristokratik düşüncə sifarişinin şifahi mətn dediyim (ədəbi plastakı) ehkam kəsmə, şərt qoyma heysiyyatına vaqif olmaq istəyirəm.

Derlər,

Yanıldığını heç vaxt qəbul etməyənin, ən çox yanılanlardan olduğuna səbirlə yanaşan, ey Unudulmuş oxucu,

Onun yazdığı bütöv obrazlarının getmədiyi yerlərdən nişanə, o obrazların yaşamadığı ömürdən əmanət nə varsa və yaxud bütün kəsintilərin bir aradakı vəhdaniyyət təşkil edən tənhalığını müəyyən edən vaxtın tələbatındakı təmkinlə insiativimə dəvət edirəm.

Ancaq bu sakitlik və səssizliyin də tufan öncəsinə yönəlik təlqinlərindən doğan titrəşimlərini görmədən keçmək də özgür bir yurdda özgür bir insanolma qədərinə nəğmələr sunur, türkülər ərməğan edir, nəfəsləmələr bağışlayır.

 

***

Anar mənə həmişə Orxon-Yenisey yazılarının ifadə olunduğu əlifbanı xatırladır. Hər dəfə onu görəndə mənə elə gəlirdi ki, bu əlifba ilə Anarın spirtual bir bağlantısı olmasa idi, bizim mədəni gerçəkliyimizin gizlinləri açılmayıb, yoxluğa məruz qalacaqdı. Əlbəttə, bu mənim duyğularım və gerçəkliyimdir. Bizim mədəniyyətlə bağlı gerçəkliyimizi məzlumların ahından bulunan, əldə edilən qut kimi tanımlamaq gərəkir. Bir az da sözlərimə sədd qoyaraq demək istəyirəm ki, yaxşı ki, varsan, ey bütün səsləri və notlarıyla Orxon-Yenisey əlifbasının qoxusunu verən adam.

Nə vaxtsa, ədəbiyyatımız bir sözün, bir bayatının ümidinə qalsa belə, o sözün, o bayatının Orxon-Yenisey əlifbası ilə sağdan-sola yazılma bərəkətinə əcdadlarımın ruhuyla bir salavat çevirərdim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!