Yazıçı dülgərdən azacıq fərqlənir: biri taxtanı rəndələyir, digəri sözü. Bu yazıda dünya nasirlərinin "necə yazmalı" sualına cavabları ümumiləşmiş şəkildə əksini tapacaq. Hələ dünya formasiyalarla tam dolğunlaşandan bəri müxtəlif peşə sahibləri nasirlik fəaliyyəti ilə məşğul olmağa cəhd göstəriblər. Əksəriyyəti uğursuzluqla üzləşsə də, bəziləri ortaya ciddi əsərlər qoymağı bacarıblar. Onların arasında həkimlər, polislər və hakimlər də var. Ancaq heç də hamısı özlərinə "necə yazmalı" sualını verib yazı masasının arxasına keçmir. Bəziləri nizamsızlıqla, bəziləri planlı şəkildə yazıb. "Necə yazmalı" sualına cavab yazıçılar üçün vacib məsələdir. Sıfırdan sona qədər bu yöndəki qeydlər əsəri vaxtında başa çatdırmağa, eləcə də mükəmməlliyə riayət etməyə gətirib çıxarıb. Əvvəlcə onu deyək ki, yaxşı yazmaq hər insana nəsib olan xüsusiyyət deyil. Çoxlu sayda uğursuz yazıçılara rast gəlinib ki, kitabları ilə ya qaz plitəsini yandırıblar, ya da palçıqlı ayaqqabı siliblər. Nasirlik bir istedad və bəzilərinin söylədiyi kimi, Tanrı vergisidir. Lakin o vergini nizamlı hala salmamaq maklatura işçiləri üçün sürpriz bəxş etmək deməkdir. Plansız yazılan əsəri başa düşmək olmur. Bu bir növ söz yığnağı təsiri bağışlayır. Bir sözlə, bu vergi hamıya verilməyib. Ən vacib səbəbi isə belədir: "Nasir lazımi texnologiyaya malik deyil. Sadəcə, hissiyyatı ilə yazır".
Həmişə deyilib: "Yazmazdan əvvəl mütaliə etmək lazımdır". Əlbəttə, dünyadakı on minlərlə nasirin yazı üslubu, hadisələrə yanaşma tərzi, nəyin əvvəl, nəyin sonra verilməsi texnologiyasını öyrənmək, oxuyub nümunə götürmək çox lazımdır. Amma bəzən elə hallar olur ki, nasir güclü əsəri oxuyandan sonra depressiyaya qapılır, bir müddət özünə gəlmir: "Mən belə yaza bilmərəm". Ola bilsin ki, kimsə Saramaqo kimi yaza bilməsin, yaxud Corc Oruell qədər kökaltı mənaları ifadə etməkdə çətinlik çəksin. Nəzərə alaq ki, adıçəkilən yazıçıların əsərlərini də hamı oxumur. Dahi yazıçılar hamının maraq dairəsində deyil. "Mən belə yaza bilmərəm" deyən nasir ümidsizliyə qapılmamalıdır: "Bəlkə sənin də ayrıca oxucu auditoriyan formalaşacaq". Ümidsizlik bütün yazıçıların başına gəlib: "Məni heç kim oxumayacaq". Vaxt keçib, hər bir qələm sahibinin xüsusi oxucu kabineti yaranıb. Bulvar ədəbiyyatını oxuyanların da, ciddi yazıları mütaliə edənlərin də maraq kabineti mövcuddur.
Beləliklə, dünya yazıçılarının "Necə yazmalı" sualına dair tövsiyələrindən ayrı-ayrı seçmələri təqdim edək. Ayn Rend, Qustav Vodiçka, Nora Qal, Stiven Kinq, Ditmar Rozental, Mario Varqas Lyos, Vladimir Mayakovskinin baxış bucaqları aşağıdakılardan ibarətdir.
Onların əksəriyyəti belə düşünür ki, yazıçı yaradıcılığa kiçik esse, yaxud hekayə ilə başlamalıdır. Bu kiçik ədəbi forma böyük romanın inşasına başlanğıcdır. Götürək, Erix Mariya Remarkın yazı texnologiyasını. Həmin texnologiyanın tətbiqini xüsusilə "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanından əxz etmək mümkündür. Əsər başdan-ayağa esselərdən ibarətdir. Qəhrəmanın səngərdə oturması yarım səhifəlik essedir. Sonra bombalanma barədə yarım səhifəlik esse. Belə 1-2 səhifəlik esselər böyük romanın ərsəyə gəlməsinə yardımçı olub. Esselərin mövzusu müxtəlif ola bilər: ağac tiri, evsiz köpək, ağzını yalayan pişik və sair. Onun həcmini 3-4 cümlədən bir səhifəyə qədər uzatmaq mümkündür. Yazıçı üçün esse, aktyor üçün etüd, musiqiçi üçün vokalizdir. "Necə yazmalı" sualının bəzi prinsipləri belədir.
1.Yalan yazmamaq. Bunu izah etmək bir az çətindir. Əgər yazıçı özünü aldadırsa, oxucu bunu mütləq duyacaq, çünki heç də hamının qulağından əriştə asılmayıb. Birinci növbədə yazıçı özünü aldatmamalıdır, belə prinsipə əməl edilsə, oxucuların sayı artacaq. Bunun da həddi var. a) Striptiz. Bura daxildir şüuraltı neqativ. b) Həqiqəti yazmamaq qorxusu. Biz həyatda yalan danışırıqsa, sətirlərdə mütləq görünəcək. Cümlələrdə səmimiyyət duyulmalıdır. Hətta səmimiliyin özündə yalan olsa belə, oxucu bunu anlayışla qarşılayacaq. Bədii yalan oxucunu sizdən həmişəlik uzaqlaşdırar. Bir dəfə Amerika yazıçılarından birinin qəhrəmanı süni hərəkətə yol vermişdi. Məsələn, qəm-qüssə içində oturan qəhrəman birdən qalxıb qəhqəhə çəkmişdi. Düzdür, yazıçı insan xislətinin hər zaman sürpriz bəxş etməyə qadir olduğunu sübut etməyə çalışsa da, gec idi, oxucular daha ona inanmadılar. Həmin yazıçının əsərləri satılmadı, o zavodlardan birində çilingər işinə düzəldi.
2.İfadələrin qulağa yatımlı olması. Bəzən yazıçılar reklam mətnlərindəki ifadələr üslubunda yazıb oxucunu əsəbləşdirirlər. Məsələn, məşhur şokoladın reklamını misal çəkək. "Oyun, yoxsa iş - filan şokoladı cəsarətlə yeyin". Belə yazı üslubu gözdən və qulaqdan əlillər üçün çox idealdır. Yaxud, digər reklam mətninə fikir verək: "Dizayn - gözəllik onun funksionallığındadır. Bu ifadə necə də dəhşətli səslənir. Axıcılıq yox, qulağa yatımlılıq sıfır həddində. Deməli, başqa variantlar tapılmalıdır. Onlar var, sadəcə axtarmaq və axtarmaq lazımdır.
3.Mürəkkəb cümlələr. Bəzən yazıçılar elə düşünür ki, 2-3 sözdən ibarət cümləni yalnız orta məktəb şagirdləri yazır. Yazıçı isə onlardan fərqlənməlidir. Yanlış fikirdir. Qələm adamı sadədən mürəkkəbə doğru getməlidir. Əgər əsər mürəkkəb cümlə ilə başlasa, oxucular kitabı qatlayıb kənara qoyacaqlar. Deyilə bilər ki, "bizim xüsusi oxucu auditoriyamız var, biz onlar üçün yazırıq". Amma unutmaq olmaz ki, əsər hamı üçündür. Onu sadə adamlar da oxumaq istəyir. Əgər yazıçı oxucunun mürəkkəb cümlələrdən üşəndiyini görürsə, onda binanın inşasını sadə konstruksiyadan başlamalıdır. Əvvəlcə, bünövrə tökülür, kərpic qoyulur, sonda beton plitələr yerləşdirilir. Oxucuya əvvəldən beton plitə təqdim edilsə, çaş-baş qalacaq. Uzun cümlə yazılışı nasirin sənətkarlığıdır. 10 fikri bir cümlədə yerləşdirmək hər yazıçıya nəsib olmur. Ancaq uzun cümlədən bir şey anlaşılmırsa, axıcılıq yaranmırsa, bu yalnız söz yığnağıdır. İnanmıram ki, Tolstoyun "Hərb və sülh" əsərindəki uzun cümlələr kiminsə ürəyincədir. Uzun cümlənin başa düşülməsi üçün oxucunun bazası və səbri kifayət qədər yerində olmalıdır.
4.Dayanmadan yazmaq. Bəzən yazıçılar əsəri yazarkən ayağa qalxıb çay içir, yaxud həyətdə gəzirlər. İnsan şüuru belə kiçik fasiləni bağışlamır. Siz onu yazıya, hadisələrin mahiyyətinə kökləyirsiz və birdən ürəyiniz qəhvə istəyir. Yenidən yazı masasına qayıdanda fikrinizi toplaya bilmirsiz. Toplayanda isə bayaqkı axıcılıq yaranmır, ardıcıllıq pozulur. Oxucu həmin yerdə nəyinsə yarımçıq qaldığını tez duyur. Nəfəs almadan oxumaq prosesi pozulur. Fasilə vermədən yazın. Pis-yaxşı yazın. Cümlələri redaktə zamanı da düzəltmək mümkündür. Dünya yazıçıları hesab edir ki, bəzən nasirlərin əsəri tam başa çatdırmadan oxumaları, bundan zövq almaları sonrakı gedişata təsir göstərir. "Mən necə də pis yazmışam" fikri onları işindən yarımçıq saxlayır. Klassik yazıçıların yazı tərzi müasirlərə nümunədir. Onların xatirələrini nəzərdən keçirməklə görmək olar ki, necə aramla yazıblar, qaralamalar üzərində necə işləyiblər, mətnə nə vaxt və necə qayıdıblar. Müasir dövrdə nasirlər yazdıqlarını kiməsə oxumağı xoşlayırlar. Bəzən dosta zəng edirsən ki, yazdığını oxuyub fikrini öyrənəsən. Amma dost dəstəyi götürmür. Pis olursan. Ertəsi gün yazdığına bir də nəzər salanda düşünürsən ki, "yaxşı ki, dəstəyi götürməyib". Çünki ilk təəssüratda şedevr görünən əsər, sonrakı ağılla ciddi redaktəyə məruz qalır.
5."Hər bir savaş ilk zərbədən başlanır". Məşhur yazıçılar hesab edir ki, ilk cümlə zərbə təsiri bağışlamalıdır. Oxucunu cəlb edəndən sonra həmin zərbə və savaşı rəngləyirsən, müəyyən çalar qatırsan. Belə əhatəli təsvir oxucunu yormur, çünki ilk cümlə onları sonrakı gedişata kökləyir. Joze Saramaqonun "Təxirə salınmış ölüm" əsərindəki ilk cümləyə nəzər salaq: "Ertəsi gün heç kim ölmədi". Məhz bu cümlə oxucunu daha yaxına çəkir. Necə yəni ertəsi gün heç kim ölmədi? Bu yazıçının cəlbetmə peşəkarlığıdır. Zərbə xarakteri daşıyan cümlə yazıçının işini asanlaşdırır və "nədən yazım", "nədən başlayım" suallarına cavab tapılır.
6.Hər bir əsərdə baxış bucağı, yanaşma tərzi fərqli olmalıdır. Əgər yeni ədəbi üslub yoxdursa, əsər banaldırsa, elə əvvəldən səbətə atılmalıdır.
7.Kağıza heyfiniz gəlsin. Müasir dövrdə kağız çox ucuzdur. Məhz bu baxımdan yazıçı kağızda yazıb-pozur, səbətə atır, cırıb tullayır. Təsəvvür edin ki, kağızı hər hansı ceyranın dərisindən hazırlayırlar və çox bahadır. Onda yazıçı daha yaxşı yazmağa çalışacaq. Yüz dəfə ölçüb bir dəfə biçəcək, bu da əsərin möhtəşəmliyini şərtləndirəcək. Yeri gəlmişkən, kağız məsələsində də fikirlər haçalanır. Məsələn, Stiven Kinq hesab edir ki, əsər əvvəlcə kağızda yazılmalı, sonra kompyüterə köçürülməldiir. Birbaşa kompyüter əsərlərə zəif quruluş verir. Primitiv yanaşma və köhnə adətin bərpası olsa da, bu variant işləyir. Yaxşı yazıçıların hər birinin öz fəlsəfəsi var. Onlar bu fəlsəfəni özləri yaratmırlar. Fəlsəfə əsəri ümumi mahiyyətindən anlaşılmalıdır. Hər bir nasirin yanında qeyd dəftərçəsi olmalıdır. Hətta məşhurlardan biri belə deyib: "Əgər ağlına gələn fikri tez yazmadınsa, heç vaxt yazmayacaqsan". Nasirlərin səhvi həm də ondadır ki, əsəri qələmə alıb bitirdikdən sonra nəşriyyata verməyə tələsirlər. Xarici ölkələrin yazıçıları bunun sadə yolunu tapıblar. Onlar əsəri redaksiyalara təqdim edirlər. Əgər babat məbləğ təklif olunursa, deməli yaxşı yazmısan. Təklif edilmirsə, deməli hələ çox yazmalısan.
Azər QİSMƏT
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!