Vida dəmində - Şirindil Alışanlıya vida sözü - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

Şirindil Alışanlını itirdik. Şirindil Alışanlı ilə birgə ədəbiyyatşünaslığımızın böyük bir qatını, potensialını, sabahını əvəzsiz olaraq itirdik. Filoloji doktoru, professor Şirindil Alışanlı çağdaş Azərbaycan ədəbiyyatşünaslığının sütunlarından biri, ədəbiyyatşünaslığımızın yüz illik bilik və təcrübəsini özündə cəmləmiş, bu xəzinəyə sahib çıxan, onu daim sabahkı nəslə, tələbələrinə, doktorantlarına ötürməyə can atan, ədəbiyyatşünaslığımızın təkcə bugün deyil, sabah qayğıları ilə yaşayan nadir alim və şəxsiyyət idi.

Hələ iki il öncə 70 yaşını böyük sevinclə, şadyanalıqla, qədirbilənliklə bayram edirkən, necə də qürurlu, əzəmətli, alim ömrünün zirvəsində xoşbəxt görünür, işıq saçırdı. Şirindil Alışanlının ədəbiyyatşünaslığımızın son və ən çətin mərhələsində xidmətlərini heç vəch unutmaq olmaz. "Sözün estetik yaddaşı" (1994), "Romantizm: mübahisələr, həqiqətlər" (2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), "Ədəbi-tarixi fikrin tarixiliyi və müasirliyi" (2013), "Sözün yaşamaq haqqı" (2022) kitab və monoqrafiyaları alim ömrünün bəhrələrini göstərməklə yanaşı, yeni ədəbiyyatşünaslıq yolunda aramsız mücadilələri, müstəqillik dövründə klassik ədəbiyyatşünaslıq irsinə sahib çıxmaq, onu davam etdirmək qayğılarını, çağdaş ədəbiyyat elminin metodoloji problemləri, dəyərləri və meyarlarını da üzə çıxarmağa xidmət edirdi. Şirindil Alışanlı ədəbiyyat və elm fədaisi idi və bu haqqı yazıları, elmi əsərləri, çıxışları , fəal alim mövqeyi, bütünlükdə filoloji fəaliyyəti ilə qazanmışdı.

Şirindil Alışanlı bütün alim ömrünü, yetişdiyi və axıracan sadiq qaldığı AMEA sistemində, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirmiş və yalnız elmi yaradıcılığı ilə deyil, akademiyanın "Elm" nəşriyyatı və "Elm" qəzetində, Ədəbiyyat İnstitutunda elmi katib və şöbə müdiri kimi görəvlərdə ardıcıl, prinsipial, usanmaz fəaliyyəti ilə də elmin intişarına xidmətlər göstərmişdir. Şirindil Alışanlını bu sarıdan yalnız humanitar və ictimai elm sahəsinin adamları deyil, bütün akademiya kollektivi, dəqiq və digər elmlərin nümayəndələri də yaxşı tanıyır, nəşr işlərində təmənnasız yardımına görə minnətdarlıqla anırlar.

Şirindil Alışanlı Azərbaycan filologiyasının dünya miqyasında inkişafı və tanınması qayğıları ilə yaşayır, bu sarıdan elmi-ədəbi əlaqələrin yaradılması və intişarı yolunda səylərini əsrigəmirdi. O, Rusiya Estetika və Azad sənətlər Akademiyasının akademiki, nüfuzlu "Akademiçeskiye tetradi", "Nauçnaya kniqa" jurnallarının beynəlxalq redaksiya heyətinin üzvü idi, məhz Şirindil Alışanlının gərgin əməyi sayəsində M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaxın və uzunsürən əməkdaşlığı başlamış, bugünə qədər də davam edir.

Şirindil Alışanlı böyük bir ədəbiyyatşünaslıq məktəbinin davamçısı idi; müəllimləri Yaşar Qarayevə, Yuri Borevə, o cümlədən dərs aldığı, çiyin-çiyinə çalışdığı ustad ədəbiyyatşünaslara qarşı olduqca həssas, diqqətli, qədirbilən idi. Ağır xəstə ikən, şair-ədəbiyyatşünas Qasım Qasımzadənin yüz illiyinə yazdığı,  "Ədəbiyyat qəzeti"ndə dərc olunan geniş məqaləsində bu əvəzsiz insani keyfiyyəti bir daha gördük, duyduq. "Məqaləni dizlərim üstə yazmışam, - deyirdi, - birdən gedərəm, Qasım müəllimin boynumda haqqı qalar. Məndən yaxşı onun xidmətlərini kim bilir ki?"

Şirindil Alışanlı qədirbilən idi, özü də qədirbilənlik qazanmışdı. Həmkarlarının, dostlarının, tələbələrinin hədsiz sevgisi halal qazancı idi. Elmdə prinsipial olduğu qədər də, həyatda həlim, qayğıkeş idi, ona üz tutan hər kəsə yardımını əsrgəmirdi. Mənə kiçik qardaşı kimi yanaşır, onu özümə böyük qardaş bilirdim. Elmdə tutduğu yolu getməyə çalışır, mövqeyinə şərik olur, dəyərlərini bölüşürdüm. Xəstə yatırkən, tez-tez narahat etməkdən çəkinsəm də arabir zəngləşirdik. Son əməliyyata getməzdən əvvəl özü telefon açmışdı. Ağrıdığını desə də, içi həyat eşqi ilə dolu idi; əvvəlcə səsi xəstəhal olsa da, Ədəbiyyat İnstitutundan, bugünü və sabahından söz açdıqca getdikcə gümrahlaşırdı. Yenə prinsipial danışır, gərəklərdən, edəsilərdən bəhs edirdi. Bəzi yaradıcılıq planlarını da açıqladı; nigaran qaldığı tələbələrinin taleyini, yarımçıq işlərinə yol göstərməyi xüsusi olaraq mənə tapşırdı. Belə bir dəmdə bu necə qayğıkeşlik idi, necə bir ali insan keyfiyyəti idi! Heyrət ediləsidir. Bugün acı göz yaşı içində bunun son vida söhbətimiz olduğunu yada salır, qəti, inamlı, hardasa həmişə hökmlü səsini əbədi yaddaşıma yazmağa çalışıram.

Şirindil Alışanlı bugün bizdən cismən ayrılsa da, örnək alim və şəxsiyyət timsalını bizə qoyub getdi. Bu örnəyə sahib çıxmamağa haqqımız yoxdur.

Ruhun şad, yerin cənnət olsun, əziz Şirindil müəllim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!