Paşa Kərimovun xatirəsinə
Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı, yazılı abidələrimizin yorulmaz araşdırıcısı, ədəbiyyatşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov haqqında keçmişdə danışmaq çox çətindir. Amansız xəstəlik onu elm aləmindən tez apardı, imkan vermədi ki, 65 yaşı tamam olsun.
Yaradıcılığa şeir yazmaqla başlayan Paşa müəllimin mətbuatda bir çox şeirləri, dünya ədəbiyyatından tərcümələri nəşr edilmişdir. O, 1982-ci ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divanı"nın tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1998-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış Paşa müəllim, bu müəssisənin elmi katibi, elmi işlər üzrə direktor müavini olmuş, iki ildən artıq bir müddətdə direktor vəzifəsini icra etmiş, son illər direktor müavini idi.
Paşa müəllim dünyanın müxtəlif kitabxanalarından, əlyazma xəzinələrindən tariximizə, elm, ədəbiyyat, mədəniyyət, dil tariximizə dair yüzlərlə əlyazmanın surətlərini ölkəmizə gətirərək onların müəyyən hissəsini tədqiqata cəlb etmişdr. Onun mətbuat səhifələrində, radio və televiziya kanallarında yazılı abidələrimizi, qədim tarix və mədəniyyətimizi yorulmadan təbliğ etməsi danılmazdır. Paşa müəllim Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilməsi haqqında hər vaxt danışır və mətbuatda çıxış edirdi: "Yaxşı yadımdadır, sovet dövründə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zamanlarda ulu öndər respublikamızda elmin inkişafına əlindən gələn köməyi əsirgəmirdi. Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərarı ilə müəssisənin bazası möhkəmləndirilərək maddi-texniki təchizatı yüksəldilmişdi. 1982-ci ildə müəssisə Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalardan birində yerləşdirildi. Ümummilli lider alimlərlə görüşlərində dəfələrlə bildirib ki, həmin binada bir neçə müəssisə yerləşmək istəyirdi. Lakin o, milli mədəniyyətimizin öyrənilməsində əlyazma irsimizin əhəmiyyətini nəzərə alaraq binanı Əlyazmalar Fonduna vermək qərarına gəlib.
Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu, sözün həqiqi mənasında, elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərirdi. Lakin Tiflis və İrəvandakı əlyazmaları tədqiq edən müəssisələrə institut statusu verən Moskva bu statusu Bakıdakı əlyazma mərkəzinə vermək istəmirdi. Alimlərimiz ən yüksək instansiyalara dəfələrlə müraciət etsələr də, müsbət cavab ala bilmirdilər. Onlar yeganə çıxış yolunu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevə müraciət etməkdə gördülər. Heydər Əliyevin yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162R nömrəli sərəncamı, bir qədər sonra Azərbaycan SSRİ Nazirlər Sovetinin 1986-cı il 11 noyabr tarixli 398R nömrəli qərarı və Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 1982-ci il 4 dekabr tarixli 223 nömrəli qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edildi. İndi bir neçə postsovet respublikasında əlyazmalar institutları yaradılıb. Hazırda bu, o qədər də çətin məsələ deyil. Müstəqil ölkələrdə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsinin, institutun təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə Azərbaycanda Əlyazmalar İnstitutunun təsis edilməsi çox böyük hadisə, hünər idi və bu hünərin sahibi ümummilli liderimiz idi. O zaman Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli idi. Belə ki, bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində israr edirdi. Sonralar hamı görkəmli dövlət xadimi Heydər Əliyevin qərarının nə qədər məntiqli olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adını daşımalıdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə AMEA-nın Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi. Ümummilli lider Heydər Əliyev işinin çoxluğundan asılı olmayaraq həmişə yazılı abidələrimizi, əlyazmalarımızı, çoxəsrlik elmi və ədəbi irsimizi düşünürdü. Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ziyalılarımız ulu öndərin bu müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edirlər".
O, dünyanın müxtəlif şəhərlərində keçirilən elmi tədbir və konfranslarda iştirak etmişdir: 2011-ci ilin noyabr-dekabr aylarında İtaliyanın paytaxtı Romada və Vatikanda keçirilən Azərbaycan mədəniyyəti günlərində Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil etmiş, 2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı"na layiq görülmüşdür.
Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Paşa müəllimin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilmiş: 2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü, 3 noyabr 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 2013-cü ildə isə İstanbuldakı Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Türk ədəbiyyatına xidmət baratı"na layiq görülmüşdür. Yuxarıda sadalanan bu fəxri adlar Paşa müəllimi heç dəyişmədi, onun sadəliyi, səmimiliyi, insanpərvərliyi ömrünün son günlərinə qədər olduğu kimi qaldı.
Onun başçılıq etdiyi Əlyazmalar İnstitutunun "Multidissiplinar əlyazma və çap kitabları" şöbəsində elm tariximizə, orta əsrlər elminin müxtəlif sahələrinə dair müxtəlif əlyazmalar araşdırılmaqdadır. Son vaxtlar onun rəhbərliyi və elmi redaktorluğu ilə çap edilmiş, Əlyazmalar İnstitutunda saxlanan "Tibbə dair əlyazmalar kataloqu" və "Tarixə dair türkdilli əlyazmalar kataloqu" elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.
Paşa müəllimin ən böyük xidmətlərindən biri - yazılı abidələrimizi öyrənən əlyazmaşünas mütəxəssislərin yetişməsidir. Vaxtilə onun rəhbərlik etdiyi "Multidissiplinar əlyazma və çap kitabları şöbəsi"nə hazırda onun yetirməsi olan filologiya üzrə fəlsəfə doktoru Elnurə Babayeva rəhbərlik edir. Məncə, alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Görkəmli alim Xudu Məmmədovun təbirincə desək: "Tikmədim özüm qalam, tikdim ki, izim qala". Bəli, görkəmli alimimiz, ədəbiyyat tariximizin, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru Paşa müəllimin izi bu gün də və sabah da bu müqəddəs ocaqda daim qalacaq. Allah rəhmət eləsin, ruhu şad olsun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!