Elmin sönməz ocağı - Sabir RÜSTƏMXANLI

Ədəbiyyat İnstitutu - 90

Süni intellekt və texnoloji inkişafın dünyada humanitar düşüncəni arxa plana keçirəcəyi və gələcəkdə bədii ədəbiyyata ehtiyac qalmayacağı söz-söhbəti güclənəndə jurnalistlərdən biri mənə belə bir sual vermişdi: "Ədəbiyyatsız dünyanı necə təsəvvür edirsiniz?" Cavabım qısa olmuşdu: "Ədəbiyyatsız dünya ruhsuz bədənə bənzəyər". Ədəbiyyat dünyanın ruhudur, atmosfer qatıdır; körpüdür, ötəriylə əbədiyyət arasında, insanla tarix arasında. Yazıçılar yaşayır, ölüb gedir, lakin onların vaxtın uçub gedən anlarından qoparılmış duyğuları, hissləri, bu duyğuların enerjisi söz abidələrində qorunub saxlanılır. Ədəbiyyat insanın elə bir əbədi yadigarıdır ki, onu tarix dilimlərinə ayırmaq, keçmiş, bu gün və gələcəyin hiss və mənəviyyat dünyası arasında sərhəd çəkmək çətindir. Tarix boyu nə qədər müharibələrin olduğunu, nə qədər haqsız qanların axdığını da hesablayanlar var. Lakin ədəbiyyat sahəsində belə bir statistika yoxdur və belə bir hesablama aparmaq mümkün deyil. Sözün mənəvi bəhrəsini, bədii ədəbiyyatın insanlığın taleyində oynadığı rolu qiymətləndirmək mümkün deyildir. Bir dəfə Markesin bir fikrinə münasibətimi soruşmuşdular. "Külək olmasaydı, dünyada çox şey dəyişilərdi, amma ədəbiyyat olmasaydı, heç nə". Bilmirəm, Markes bunu hansı kontekstdə deyib, ancaq ədəbiyyat da beyinlərdən əsib keçən rüzgardır. Söz və duyğu küləkləri tozlu yer küləklərindən az əhəmiyyətli deyil. Əslində, Markes ədəbiyyatı "möhtəşəm həyat utopiyası" adlandırır. Bu utopiyanın heç nəyi dəyişmədiyini düşünmək özü də bir utopiyadır.

Dünya sivilizasiyalarını ədəbiyyatsız düşünmək olmaz. Millətləri millət edən onların bədii sözüdür.

Ömrümün müəyyən bir dövründə siyasətlə də məşğul olduğuma görə dövlət və söz, siyasət və ədəbiyyat münasibətləri barədə çox suala cavab verməli oluram. Hətta ən kövrək lirika ustalarını da siyasətdən kənarda təsəvvür etmək mümkün deyil. Dövlətləri öz çağları üçün silahları və gücləri qoruyursa, gələcək üçün ədəbiyyat və tarix qoruyur. Təəssüf ki, siyasət söz adamlarını yetərincə qoruya bilmir.

İnsan ruhunun və mənəviyyatının quruculuğunda və qorunmasında ədəbiyyatın və siyasətin işi fərqlidir. Dövlət insanları qılınc, zor, qanun gücü ilə özünə bağlayır, eyni qanun çatısının altına yığır, yazıçı isə onu azadlığa, dövlətdən asılı olmamağa səsləyir. Siyasətçi adamları "özününkü" və "özgəninki" deyə bölür. Ədəbiyyat isə adamları ayırmır. Siyasətçi sərhəd çəkir, ədəbiyyat sərhəd və məhdudiyyət tanımır, sərhədləri dağıdır. Siyasətçi məqsədinə çatmaq üçün insanları qurban verməyə hazırdır, ədəbiyyatçı isə özü qurbanlıq doğulub. Siyasət öz hakimiyyətini kamil və ideal sayır, yazıçı ömrü boyu kamillik və yüksək ideallar axtarışındadır.

Lakin hər xalqın taleyinin elə ölüm-dirim anları var ki, orda yazıçının da səngərə atılmaqdan və milli mübarizəyə qatılmaqdan başqa yolu qalmır. Həyat göstərir ki, əsl ziyalıların siyasətlə məşğul olması siyasətin ümumi mədəni səviyyəsini yüksəldir. Təəssüf ki, bir sıra siyasət adamları ədəbiyyatın bu əbədi və əvəzsiz rolunu yetərincə dəyərləndirə bilmirlər.

Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra "sovetlərin yadigarıdır" deyə, çox şeylər dağıdıldı. Qurunun oduna yaş da yandı. Həmin çağlarda çoxları "Yaradıcılıq İttifaqları, Elmlər Akademiyası nəyə lazımdır?" dedilər. Hətta akademiyanın və onun institutlarının binalarına müştərilər də axtarırdılar. Əsas arqumentləri də bu idi ki, elmi axtarışlar universitetlərə verilməlidir. Təbii ki, universitetlərdə elmı laboratoriyalar olmalı, axtarışlar aparılmalıdır. Ancaq universitetlərin əsas işi təhsildir və bizim universitetlərdə elmi axtarışların səviyyəsini də yaxşı bilirik. Biz onda da akademiyanın qorunmasının tərəfdarıydıq, indi də bu qənaətdəyik. Akademiyaya dodaq büzənlər texniki institutlarımızın dünyadakı müvafiq qurumlardan geri qaldığını əsas götürürlər. Yəni dünyada kimya, fizika, astronomiya, riyaziyyat sahəsində elə böyük layihələr həyata keçirilir ki, bizim az imkanlı institutlarımızda qurdalanmağımıza ehtiyac yoxdur. Mən bu fikirdəyəm ki, hər kəs dünyaya öz gözü ilə baxmalıdır. Humanitar sahəyə gəlincə, bütün texniki institutlar bağlansa da, dil, ədəbiyyat, tarix, arxeologiya, etnoqrafiya, şərqşünaslıq, fəlsəfə və s. milli elmlərlə məşğul olan araşdırma institutları qat-qat gücləndirilməlidir. Çünki bu sahələrin bizdən başqa sahibi yoxdur. Bu sahələri biz öyrənməliyik, biz qorumalıyıq.

Bu baxımdan, yubileyini qeyd etdiyimiz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bu İnstitutun işi təkcə ədəbiyyat tarixini öyrənmək deyil, həm də milli taleyimizin keçdiyi yolu öyrənmək və onun gələcəyinə işıq salmaqdır və bu baxımdan Humanitar institutlar arasında həmişə lider rolu oynamışdır.

Çoxəsrlik ədəbiyyatımızın elmi şəkildə öyrənilmə təşəbbüsləri bu İnstitutun tarixindən çox-çox qədimdir. Lakin Firudin Köçərlinin "Azərbaycan ədəbiyyatının tarixi materialları" əsəri nəzərə alınmasa, bu təşəbbüslər epizodik xarakter daşıyırdı; təzkirələr, cünglər daha çox saxlanc işini görürdü və ancaq ayrı-ayrı Vətən aşiqlərinin şəxsi təşəbbüslərinin ifadəsi idi. O vaxtkı SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində yaradılan bu İnstitut ədəbiyyat tarixinin və çağdaş ədəbiyyatın sorunları ilə sistemli və elmi şəkildə məşğul olan ilk qurum idi. O vaxtdan bəri Azərbaycan ədəbiyyatşünaslığı, klassik ədəbiyyatın araşdırılması və nəşri, ədəbi əlaqələrin öyrənilməsi, ayrı-ayrı böyük qələm sahiblərinin irsinin incələnməsi, folklorşünaslıq, Güney Azərbaycan ədəbiyyatının nəşri, ədəbi tədqiq və ədəbiyyat nəzəriyyəsi sahəsində böyük işlər görülmüşdür; institut bütöv bir kitabxananı doldura biləcək sayda əsər nəşr etmişdir. Bu böyük xəzinə olmasa, Azərbaycanın Dədə Qorquddan üzü bəri bədii söz tariximizin dəyərini anlamaq olmazdı. Azərbaycanın qədim şifahi və yazılı ədəbiyyatının bir sıra parlaq nümunələrinin ortaya çıxması və dünyaya tanıtdırılması, ayrı-ayrı klassik sənətkarların əsərlərinin külliyyatlarının nəşri, onlar haqqında yazılan kitablar, əsərlərin müxtəlif dillərə tərcüməsi, xalqımızın mədəni keçmişinin işıqlandırılması və dünyaya tanıdılması baxımından İnstitut müstəsna işlər görmüşdür. Bir anlığa bu işləri bir kənara qoyaq. Onda belə təsəvvür yaranar ki, təxminən 2500 illik bir tarix boyu millətimiz lal olub. Onun ruhundan, düşüncəsindən və apardığı söz mübarizəsindən, Tanrıya və insana olan böyük sevgisindən xəbərsiz qalardıq. Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyət tarixinin öyrənilməsində, milli kimliyimizin dərkində və dünyaya tanıtdırılmasında bu İnstitutun xidmətlərini heç bir tərəzi ilə ölçmək olmaz.

Mən də gənclik illərimdən bu İnstituta bağlıyam. Uzun müddət burda çalışan, ona rəhbərlik edən insanlarla ünsiyyətdə olmuş, onların kitablarını nəşr etmiş, xalqa və öz əməklərinə hansı sevgi ilə bağlı olduqlarını izləmişəm. Həmid Araslı, Məmməd Arif Dadaşzadə, Mirzəağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Kamran Məmmədov, Qasım Qasımzadə, Azadə Rüstəmova, Teymur Əhmədov... Bunların hər biri ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də ictimai fikrimizdə silinməz iz buraxmış insanlardır. Vaxtilə Ədəbiyyat İnstitutunda çalışan, ona başçılıq edən və bu gün də həyatları ora bağlı olan, orda işləyən insanları yada salanda, ilk növbədə, onların necə yüksək mənəviyyat sahibi olduqlarını düşünürəm. Əsl aydın, əsl ziyalı, təmənnasız, Vətən sevgisi ilə dolu, sözün və sözə xidmət edənlərin qədrini bilən, gördükləri işdən zövq alan və yorulmayan... Burda onlardan yalnız şəxsən tanıdığım bir neçəsinin adını çəkə bilərəm: Tehran Əlişanoğlu, Rəhim Əliyev, Vaqif Yusifli, Şirindil Alışanlı, İslam Qəribli, Qurban Bayramlı, Məmməd Əliyev, Nəzakət Qafqazlı, Salidə Şərifova, Vüqar Əhməd, Mərziyə Nəcəfova, Mənzər Niyarlı, Bahar Bərdəli... Mənim düşüncəmdə aşağı əməkhaqqına baxmayaraq taleyi İnstituta bağlı olan, bu gün də orada çalışan, adlarını çəkdiyim və çəkmədiyim fədakar alimlərin hamısı yüksək sayqıya və sevgiyə layiq insanlardır. Mən Ədəbiyyat İnstitutunun və bütövlükdə Humanitar institutlarımızın elmi əsərlərini göz önünə gətirəndə bu torpağın sərvətlərini geninə-boluna, bəzən də əyri yollarla mənimsəyən, bəzi elmdənuzaq adamların elmimizə və AMEA-nın fəaliyyətinə dodaq büzməsinin nə qədər ləyaqətsiz bir iş olduğunu düşünür və bu yubiley günündə bu fikrimi dilə gətirməyi özümə borc sayıram.

İnkişaf etmiş ölkələrin büdcəsində gələnəksəl olaraq elmə 3 faiz civarında vəsait ayrılır, bizdə təxminən sıfır tam onda üç faiz. Bu rəqəm ildən-ilə artır və şübhəsiz, Azərbaycan inkişaf etdikcə, müdafiə sorunlarını həll etdikcə daha da artacaq; ancaq indilikdə sıxıntılı imkanlarla Azərbaycanın humanitar elmlərinin bayrağını uca tutanların zəhmətinin xalqın milli varlığını qoruyan bir iş olduğunu unutmaq olmaz!

Məni aspiranturaya Mirzəağa Quluzadə ilə Məmmədhüseyn Təhmasib dəvət etmişdilər. Məhz dəvət etmişdilər. Bu gün bu qəribə səslənə bilər. Məmməd Arif Dadaşzadə mənimlə birgə imtahan verən rəqibimin İnstituta rəhbərlik edənlərdən birinin qohumu olmasına baxmayaraq, ilk növbədə, mənim qəbulumu qərarlaşdırmışdı. Bunlar şahidi olduğum və İnstitutun o vaxtkı təmiz yaradıcı ab-havasını göstərən olaylardır. Ənənə bu gün də davam edir.

O illərədə mənim aspirant yoldaşım olmuş İsa Həbibbəyli İnstituta direktor gətiriləndə bir söz demişdim: "İsa Həbibbəylinin Bakıya gəlməsiylə Naxçıvan Universiteti uduzdu. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu qazandı". Şadam ki, sözüm təsdiqləndi - Ədəbiyyat İnstitutunun direktorluğundan sonra onun, həm də AMEA-nin prezidenti seçilməsiylə!         

İsa Həbibbəyli ömrünü yalnız kağızlar arasında keçirən alimlərdən deyil. O, yüksək elmi qabiliyyəti ilə yanaşı, həm də qurucudur. Bugünkü Naxçıvan Universitetini çəkinmədən İsa Həbibbəylinin əsəri hesab edirəm. Çünki onun işlədiyi dövrdə əsl universitet şəhərciyi qurulmuşdu. Mənim mərhum elmi rəhbərim Məmməd Hüseyn Təhmasibə, Məmməd Cəfərə, Abbas Zamanova ikimiz də böyük hörmət bəsləmişik. İndi görürəm ki, İsa Həbibbəyli özü də həmin ziyalılar nəslinin davamçısıdır, həm də daha məhsuldar davamçıdır.

Elm və yaradıcılıq fədakarlıq istəyir. Gərək bütün ömrünü xəsislik eləmədən bu işə həsr edəsən. İsa Həbibbəylinin xarakterindəki işgüzarlıq ayrıca qeyd olunmalıdır. Və mən bu cəhəti uzun illər əvvəl yazmışdım. İsa Həbibbəyli o ədəbiyyatşünas alimlərdəndir ki, onlar ilkin mənbələrə söykənmədən, araşdırdığı yazıçının bütün irsini öyrənmədən söz demirlər.

Bu mənada o, həm də ciddi mətnşünas və klassik ədəbiyyatımızın sirlərinə bələd olan, indi sayı xeyli azalmaqda olan nadir elm cəfakeşlərindən biridir. İsa bəyin elmi təfəkkürü universaldır: folklordan, yazılı ədəbiyyat tarixindən, ədəbiyyat nəzəriyyəsindən, ədəbi tənqiddən başlamış, çağdaş ədəbiyyatımızın canlı örnəklərinə qədər - geniş bir meydanda araşdırma aparır və yazır.

Dədə Qorquddan, Nizami Gəncəvidən üzü bəri bütün böyüklərimizin nəşri, tətbiqi və təbliği sahəsində xidmətləri var. Üstəlik, İnstitutun bu gün davam edən çağdaş ədəbi gedişata diqqətinin artması da onun xidməti sayılmalıdır. Bu cəhətdən onun təşəbbüsü ilə çap olunmuş ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ayrıca qeyd olunmalıdır.

İsa Həbibbəylinin bir cəhəti də onun elmi araşdırmalarla ictimai-siyasi fəaliyyəti, Milli Məclisdəki qanun yaradıcılığı işini birləşdirməsidir.

Bütün bunları mən obyektivlik xətrinə deyirəm və burda bizim şəxsi münasibətlərimiz rol oynamır.

Millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin, həm də AMEA-nın prezidenti olduğunu nəzərə alaraq bir neçə arzumu da bildirmək istəyirəm. Bunların biri gənc alimlərin elm yolunun başlanğıcında üzləşdikləri çoxmərtəbəli bürokratiyadır; magistratura, aspirantura, doktorantura, xarici jurnallarda çox vaxt rüsum ödəməklə məqalə çap etdirmək, müdafiə sənədlərinin Ali Attestasiya Komissiyasına verilməsi vaxtı tələb olunan və elmi işdən qat-qat artıq zəhmət istəyən onlarla yazı... Bunların çoxu gənc alimə əziyyətdən və vaxt itkisindən başqa bir şey vermir. Bunların əvəzinə, gənc alimlərin dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə keçmələrinə şərait yaratmaq daha sərfəli olardı. Rəhmətlik Məmməd Cəfər deyirdi: "Namizədlik işi elmə daxil olmaq üçün bir vəsiqədir, əsas iş ondan sonra başlanır, vəsiqə üçün bu qədər əziyyət çəkməyə dəyməz!"

Bu baxımdan biz də beynəlxaq təcrübəyə uyğunlaşmalıyıq.

Başqa bir mühüm məsələ Elm və Təhsil Nazirliyi ilə birgə qədim dilləri bilən gənclərin yetişdirilməsi və onların elmi institutlara cəlb edilməsidir. Böyük yazıçımız Mirzə İbrahimovun dediyi bir sözü xatırlayıram: "Sən bilirsənmi, Hindistan fondlarında bizim nə qədər əlyazmamız var?!" Söz yox, təkcə Hindistan deyil, dünyaya səpələnmiş irsimizin aşkarlanıb üzə çıxarılması, qədim mətnlərin oxunması üçün öz alimlərimiz olmalıdır. Bu söz, həm də türkşünaslığa aiddir.

Akademiyanın elmi şuralarından yox, xalqın sevgi və etimad şuralarından keçmiş ayrı-ayrı layiqli söz ustalarının da elmi xidmətləri dəyərləndirilməlidir. Vaxtilə tanınmış qələm sahibləri-Səməd Vurğun, Mirzə İbrahimov məhz bu yolla akademik seçilmişdilər.

Ədəbiyyat İnstitutunun yubileyi humanitar elmlərimizin keçdiyi yola bir daha göz yetirməyə və qürur duymağımıza şərait yaradır.

Sonda onu deyim ki, tarixən belə bir ənənə formalaşıb ki, guya Akademiyanın prezidenti hökmən dəqiq elmlərin nümayəndəsi olmalıdır; yəni neft mütəxəssisi, geoloq, həkim ola bilər, ədəbiyyatçı, arxeoloq, dilçi və ya tarixçı ola bilməz. Söz yox, bu, kökündən yanlış fikirdir. İsa Həbibbəylinin prezidentliyi həmin köhnəlmiş ənənəni Akademiya tarixindən sildi. İsa Həbibbəyli elmi Akademik institutların əzəmətli divarları arasından milli quruculuğun, bu günün dövlət siyasətinin ön cəbhəsinə çıxartdı. Elmi araşdırmalarla canlı həyatın əlaqələri möhkəmləndirildi. Elmi-tədqiqat institutları, həm də günümüzün ictimai-siyasi problemlərinin müzakirə yerinə çevrildi. Elmimizin qayğıları, həm də Milli Məclisin qayğısı oldu. Akademiyanın beynəlxalq əlaqələri, Türk dünyasının elm mərkəzləri ilə əməkdaşlığı genişləndi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yubileyi ilə onun direktorunun anadan olmasının 75 illiyi eyni vaxta düşür. Nizami Gəncəvinin adını daşıyan doğma elm ocağının bütün əməkdaşlarını, o cümlədən, akademik İsa Həbibbəylini ürəkdən təbrik edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!