Prezidentin portreti - Adəm İsmayıl yazır

Bu il fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri tarixə düşdü! 

Ən yüksək vəzifə uğrunda mübarizə aparan yeddi namizəddən yalnız birinin - Əliyev İlham Heydər oğlunun mütləq üstünlüyünə heç kimin şübhəsi yox idi!

Bu seçkilərin nəticələrini oxucuya xatırlatmağa ehtiyac yoxdur, belə ki, seçicilər bütün dünyaya xalqın son iki onillikdə, həm daxili, həm də xarici siyasətdə saysız çətinliklərlə, toqquşmalarla sınanan liderinə olan ən yüksək güvənini açıq-aşkar sevinc, dərin minnətdarlıq hissi ilə nümayiş etdirdi...

Bununla yanaşı, seçkidə qalib gələn prezident İlham Əliyevin şəxsiyyətinə dönərkən, onun triumfual uğurunun təməl daşlarına diqqət yetirmək məqsədəuyğundur - uzun illərdən sonra Azərbaycan Respublikası ərazilərinin 20%-nin işğaldan azad edilməsi, ölkənin dövlət-ərazi kompleksinin bərpası üçün hərtərəfli zəmin yaradan şəxsin reputasiyası! Bir sözlə, öz xalqını möhtəşəm qələbələrə aparan, Ermənistanın təcavüzünə qarşı uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə mütləq Qalib.

Lakin qədim latın ifadəsində "Amat victoria curam", yəni "Qələbə hazırlığı (səyləri, qayğını) sevir" deyilir.

İlham Əliyev Azərbaycan xalqının məkrli, güzəştsiz, qəddar düşməni - erməni militarizmi üzərində, beynəlxalq aləmdə ən mürtəce siyasi qüvvələrin və hər cəhətdən cinayətkar xarici erməni diasporunun üzərində böyük Qələbəni təmin etmək yoluna haradan başlayıb?

XX-XXI əsrlərin kəsişməsində Azərbaycanda hərbi-siyasi və sosial-iqtisadi vəziyyət 90-cı illərin əvvəllərində yenidən yaradılmış Azərbaycan müstəqil dövlətçiliyinin hərtərəfli inkişafına mane olan ziddiyyətli amillərin konqlomeratı idi.

Demokratik sistemin və bazar iqtisadiyyatının formalaşdırılmasının bütün yükü, müasir tarixin ən böhranlı illərində, faktiki olaraq suveren dövlət anlayışının özünü bərpa edən, ona vətəndaş qarşıdurması uçurumuna düşməyə və etnosiyasi zəmində parçalanmağa imkan verməyən Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının öz çiyinləri üzərinə düşdü.

Unutmaq olmaz ki, dövlətçiliyimizin inkişafının o mərhələsi ciddi hərbi-siyasi toqquşmalar fonunda baş verirdi. Respublikanın ərazi bütövlüyünə, bir milyona yaxın qaçqına səbəb olan qəsd cəmiyyətdə müəyyən sosial gərginlik yaratmaya bilməzdi. Heydər Əliyevin, sonradan isə onun davamçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə sülh yolu seçmək üçün prinsipial arzusu ilə aşılanmış istənilən danışıqlar prosesi, ilk növbədə, güclü müdafiə qabiliyyətinə, Silahlı Qüvvələrimizin güclənməsinə dayanmalı idi.

Dövlətin siyasi sisteminin və sosial-iqtisadi modelinin islahatının embrional inkişafı vəziyyətində siyasət, diplomatiya və iqtisadiyyat sahəsində ən dərin nəzəri biliyə, o cümlədən, neft-qaz, nəqliyyat-enerji strategiyalarının, respublika üçün əhəmiyyətli xarici siyasət tədbirlərinin həyata keçirilməsində böyük təcrübəyə malik olan İlham Əliyev 2003-cü ildən müasir dövlətçiliyimizin böyük memarı Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın tərəqqisi və sivilizasiyanın intibahına aparan dahiyanə yolu davam etdirdi.

Kifayət qədər məntiqli və məqsədyönlü şəkildə Respublika Prezidenti kimi fəaliyyətə, siyasi və iqtisadi düşüncəsinin konstruktivliyini nümayiş etdirərək, Azərbaycan dövlətçiliyinin Heydər Əliyev tərəfindən yaradılmış optimal inkişaf ənənələrinin həyata keçirilməsinin innovativ formalarının işlənib hazırlanmasından başlayır.

Amerikalı esseist Edvard Abbey düzgün qeyd edirdi ki, "Siyasətdə olduğu kimi, tarixdə də "gələcək" dövlət adamlarının əməlləri ilə doldurulmasını gözləyən zaman boşluğudur". İlham Əliyevin uzun illər prezidentlik fəaliyyətinə nəzərən cəsarətlə deyə bilərik ki, o, bu boşluğu təkcə Azərbaycanın deyil, həm də beynəlxalq münasibətlər tarixinin salnaməsinə dərin iz buraxmış əməllərlə doldurur.

Bu əməllərin əhatə dairəsi dövlət idarəçiliyi anlayışının  genişliyinə dair heç bir təsəvvürlərə uymur. Transmilli, regionlararası yanacaq-energetika layihələrindən, Silahlı Qüvvələrin hərbi-texniki modernləşdirilməsindən tutmuş, cəmiyyətimizin müasir simasını simvolizə edən, Azərbaycan xalqının tarixi, mədəni və mənəvi-psixoloji ənənələrinə əsaslanan multikulturalizmin yetişdirilməsinədək.

Eyni zamanda Prezidentin dövlətçilik təfəkkürünün uzaqgörənliyi və miqyaslılığı respublikanın neft və qaz ixracından əldə etdiyi milli gəlir, o cümlədən, iqtisadiyyatın neft-qaz sənayesi ilə əlaqəli olmayan və Azərbaycan iqtisadiyyatı üçün çox vaxt qeyri-ənənəvi olan sənaye sahələrinin və yüksək texnologiyalı sektorların yaradılması vektorunda nəqliyyat və enerji layihələrinin fəaliyyətindən əldə etdiyi gəlirlər istiqamətində təcəssüm olundu.

İlham Əliyevin qeyd olunan maliyyə-sənaye strategiyası, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafı baxımından, əsaslarının fundamentallığının və diversifikasiyasının möhkəmləndirilməsinə töhfəsini verir, respublikanın enerji ehtiyatları tükəndiyi halda, onun neft-qaz kompleksindən asılılığını azaldır, gələcək tərəqqinin yüksək templərini təmin etmək imkanını saxlayırdı.

İlham Əliyevin ardıcıl diplomatik uğurları Amerika tarixində əfsanəvi prezident kimi tanınan Avraam Linkolnun çıxartdığı formulu xatırladır: "Mən düşmənlərimi dosta çevirməklə məğlub edirəm".

Bu isə dəyişməz həqiqətdir, Prezidentin rəhbərlik etdiyi illərdə misli görünməmiş bir zirvəyə yüksəlmiş Azərbaycan diplomatiyasının alfası və omeqasıdır! Axı bir vaxtlar Azərbaycanla informasiya-təbliğat qarşıdurmasında üstün olan erməni dezinformasiya fəaliyyəti dövlətlərarası münasibətlər və o vaxtkı başıbəlalı  Qarabağ probleminə baxışlar sferasında xalqımızın ətrafında mənfi ab-hava yaradırdı.

Müasir Azərbaycan Respublikasının əsl yaradıcısı Heydər Əliyevin Qarabağ erməni separatçılarının qondarma "dövlət müqəddəratını təyinetmə" və "Dənizdən-dənizə Böyük Ermənistan" ideyası tərəfdarlarının uydurmalarının ifşası üçün başladığı son dərəcə dəqiq iş prezident İlham Əliyev tərəfindən yaradıcılıqla təkmilləşmiş və səmərəli şəkildə davam etdirilmiş, Azərbaycan xalqının siması dünya ictimaiyyətinin şüurunda əvvəllər erməni informasiya təxribatının hiyləgərliyi nəticəsində yaranan irinli təbəqələrdən təmizlənməyə,  Qarabağ problemi isə öz həqiqi, obyektiv məzmununda aydınlaşmağa başladı.

Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzu gündən-günə artdı və digər dövlətlərin rəhbərlərinin əksəriyyəti tərəfindən həqiqi dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün davamlı şəkildə müdafiəsi, dünyanın bütün ölkələri ilə dövlətlərarası qarşılıqlı, faydalı əməkdaşlıq mövqeyi ilə şərtləndirilmiş nüfuzunun tanınması aydın şəkildə özünü göstərdi.

İlham Əliyev beynəlxalq aləmdə istənilən vəziyyətdə məzlum xalqların müdafiəsi, ərazisinin böyüklüyü və əhalisinin sayından, beynəlxalq siyasi və iqtisadi həyatdakı yerindən və rolundan asılı olmayaraq dünyanın bütün dövlətləri arasında ədalətli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövqeyində dayanan dövlət xadimi ruhunda çıxış edir. Bu onun Qoşulmama Hərəkatında aparıcı rolunu müəyyənləşdirdi.

Təbii ki, bütün bunlar bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsində Azərbaycanın xeyrinə olan köklü dəyişikliyə təsir etməyə bilməzdi.

Eyni zamanda İlham Əliyevin respublikanın dövlət-ərazi kompleksinin bərpası üçün seçdiyi strategiyanın konstruktivliyi, ona təkcə diplomatik münasibətlər sahəsində deyil, həm də hərbi-texniki və siyasi əməkdaşlıq sahəsində müttəfiqləri və strateji tərəfdaşları düzgün və dəqiq seçməyə imkan verirdi. Bu rakursda ikitərəfli əsasda səmərəli şəkildə qurulmuş əlaqələr qardaş Türkiyə, Rusiya, Çin, İsrail, Pakistan, BƏƏ  və Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi və strateji tərəfdaşlığı təmin etdi.

İlk iki dövlətlə qarşılıqlı münasibətlər "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi və "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" 2022-ci il 22 fevral tarixli Bəyannamənin imzalanması yolu ilə sonradan hərbi-texniki və siyasi müttəfiqliyə çevrildi.

Otuz ilə yaxın qədim əzəli Azərbaycan torpaqlarını əlində saxlayan təkəbbürlü, işğalçı, çoxəsrlik sivilizasiyasının bütün irsini məhv edən ölümcül qasırğa üzərində İlham Əliyevin titanik səyləri ilə Azərbaycan xalqının parlaq, dönməz, mütləq qələbəsində təcəssüm etdiyinə heç kəs şübhə edə bilməz.

Eyni zamanda İkinci Qarabağ savaşında liderimizin dövlət xadimi üçün əvəzsiz xarakter keyfiyyəti üzə çıxdı: xalqa verilən vədləri dəqiq və sarsılmaz bir şəkildə yerinə yetirmək! Axı hələ böyük Napoleon Bonapart qeyd etmişdi ki: "Döyüşü yaxşı məsləhət verən yox, onun yerinə yetirilməsinin məsuliyyətini öz üzərinə götürən və yerinə yetirən udur".

2003-cü ildə, prezidentlik karyerasının hələ lap əvvəlində dövlətin ərazi bütövlüyünü bərpa edəcəyinə söz verən Azərbaycan Prezidenti İlham Əliyev, 2021-ci ilin noyabrında verdiyi sözün nəticələrini xülasə etdi: "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu."

Dünyada sivilizasiyanın mövcudluğunun ən yüksək məqsədlərini müəyyən edən dəyərlər var. Onların məzmunu cəmiyyətin normal fəaliyyəti və inkişafı üçün ayrılmaz şərt olan əsas insan ehtiyacları meyarı ilə qiymətləndirilir. Siyasi dəyərlərin dəyər piramidasının zirvəsində humanizm dayanır. Respublika Prezidenti dünyanın, humanizmi incəliklə, ardıcıl və dönməz şəkildə siyasətə daxil edən, nadir dövlət başçılarındandır.

Rəhbərlik etdiyi dövlətin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı apardığı siyasətin sərtliyi və barışmazlığı, sosial-mədəni sahədə, insan və vətəndaş hüquqları ilə bağlı məsələlərdə çoxşaxəli şəraitin yaradılması humanizmin harmoniyasını qoruyur.

Prezident İlham Əliyevin illərlə işləyib hazırladığı və təkmilləşdirdiyi sosial siyasətin mahiyyətini, motivasiyasını və əldə etdiyi nailiyyətləri üzə çıxaran statistik rəqəmləri təkrarlamadan qeyd edim ki, ölkəmizə gələn hər bir qonağın Azərbaycan cəmiyyətinin rifah səviyyəsinin sistematik şəkildə yaxşılaşdığına əmin olmaq üçün real imkanları var. Xarici qəzet, jurnal və elektron nəşrlərin səhifələri bu məlumatlarla doludur.

Şübhəsiz ki, Lion Feyxtvangerin məşhur "İstedadlı insan hər şeydə istedadlıdır" aforizminin mənbəyi ona insan intellektinin, ağlının və üfüqlərinin tam gücünün dərk edilməsindən gələn ilham olub!  İstedad - Allah vergisidir! İlahi bəxşişdir! 

Bəli, Respublika Prezidenti İlham Əliyev bu ilahi bəxşişi qazananların  ən parlaq təcəssümüdür! Çünki onun siyasət üfüqlərində görünməsi Azərbaycan tarixində son iki onillikdə əldə edilmiş bütün nailiyyətlərin əsasını təşkil etmişdir.

Respublika Prezidenti təbii ki, Azərbaycanın dinamik, münaqişəsiz, hərtərəfli ahəngdar inkişafının əsas təminatçısıdır.

Bunun təminatı Azərbaycan dövlətinin həqiqi müstəqilliyi haqqında milli ideyaların maddi təcəssümündə onun mükəmməl təcrübəsi Heydər Əliyev şəxsiyyətindən və ana babası Əziz Əliyevin irsindən qaynaqlanır.

Bu kontekstdə hindistanlı görkəmli ictimai xadim, milyarder Adi Qodreyin "Dünyada olduqca çox siyasətçi və olduqca az dövlət xadimi var" fikri maraq doğurur. Xalqımızın isə fəxr etməyə haqqı var ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev, eyni sağlam düşüncəni dünya siyasətinə gətirən, bəşər cəmiyyətinin deqradasiyasına yol verməyən və müasir sivilizasiyanın gələcək inkişafının ümidverici perspektivi ilə vəd verən əsl dövlət xadimləri sırasındadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!