Əli bəy Hüseynzadə – 160

Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş bir fövqəlbəşərdir.

 

Yusuf Akçura

 

...Ədibi-xəluq Əli bəy Hüseynzadə...

Düha...

...Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən...

 

Məhəmməd Hadi

 

Əli bəy, sakit, mütəfəkkir haliylə, əsrarəngiz vəzi-uzlətpərvəranəsiylə (rahatlıq və sükun dolu öyudləriylə) üzərimizdə bir rəsul təsiri icra edərdi. Əvət o rəsul-Allah deyildi, fəqət bir rəsulül-həqq idi. Haqqa, həqiqətə pərəstiş və mərbutiyət hissi-büləndi (uca, ali duyğuları) onu Türkiyəyə mürsəl qılmışdı.

 

Abdulla Cövdət

 

Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı...

 

Ziya Gökalp

 

Məlum olur ki, bu cür asan "Molla Nəsrəddin" dilini də yazmağı bacarmalıdır. Necə ki, bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əli bəy Hüseynzadədən eşitdim. Əli bəy Bakıdan axırıncı dəfə Türkiyəyə köçüb gedən vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə idarəmizə də təşrif gətirdi. Xoş-beş... Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: "Yaxşı yazırsınız". Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bu sözü mən "havayı" danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi, başını aşağı salıb guya öz-özünə genə dedi: "Açıq yazmağı da bacarmaq lazımdır".

 

Cəlil Məmmədquluzadə

 

Əli bəy o vaxta qədər bir beyt belə yazmamış olan Hadini dilləndirdi.

 

Abdulla Şaiq

 

Sabir kimi nəhəng şairin də ilk müəllimi Əli bəy Hüseynzadə olmuşdur.

 

Mehdi bəy Hacinski

 

Hüseynzadə girmədiyi, qarışmadığı, fikir işi yapmadığı hürriyət qovgası qalmamışdır. Renessansın büyük mütəfəkkirləri kibi o da hər düşüncəyə uyğun erudit bir kafa, orkestral bir ruhdur: Doktor, ihtilalçı, rəssam, ədib, qəzetəçi, dilçi, türkçü, cildiyəçi, cərrah, qəzetə müdürü, professor, şair, riyaziyyatçı, mühərrir, mütərcim... hər şey, hər şey...  O doğrudan-doğruya bir İsadır. Dadlılıq, yumşaqlıq üçün yaradılmış bir İsa. Fəqət mistik İsa deyil, layiq bir İsa, bir renessans İsası qədər açıq üzlü bir İsa...

 

İsmayıl Haqqı Baltaçıoğlu

 

İttihadçılar zamanında, onlara yol göstərən fikir cərəyanları, sonrakı dövrlərə nisbətən daha çox, daha ahəngli idi. Bu adamlar nə etmək istədiklərini, nələr edəcəklərini yaxşı bilirdilər. Bu baxımdan birinci səfin arxasında fikir və düşüncə aşılayan elə insanlar vardı, günün birində bunların tarixi hizmətləri bəlkə meydana çıxa bilər; fəqət üzləri insan olaraq, dost və arkadaş olaraq həmən həp məchul qalacaqdır! İştə bu insanlardan biri də babamın, bu bəyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü, şair, rəssam, musiqişünas, filosof, qəzetəçi... professor, doktor, qafqazlı arkadaşıydı... Xeyr, xeyr, mübaliğə etmirəm; babamın bu arkadaşı bütün bir dövrün həqiqətən gizli həyat qaynaqlarından biri olmuşdur.

 

***

Dövrünün böyük mürşidi Ziya Gökalpa "İslam ümmətindən, qərb mədəniyyətindən, türk millətindən olmaq" tezini Əli bəy Hüseynzadə ilham etdi.

 

Səməd Ağaoğlu 

 

Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun türkləşmək, islamlaşmaq, avropalaşmaq" - düsturunun   rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır... Nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Gökalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır.

 

Yaşar Qarayev

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!