Şamil Xurşud-90: Mən kəndə gedəcəm - Turan Uğurdan esse

Ötən əsrin 60-cı illərindən etibarən mətbuatda oçerk, felyeton, publisistik yazılarla çıxış edən, bir qədər sonra hekayə, povest və pyesləri ilə ədəbiyyatımızda tanınmağa başlayan Şamil Xurşud "Özüm və özün" adlı felyetonlar kitabı ilə maraqlı imza sahibi kimi yaddaşlarda qalıb. "Azarkeş nənə", "Xəstələr", " Ağaclar kəsilmədi", "Naxırçı çörəyi", "Bahar yağışları", "Bəxtiyar deyil"  əsərləri ilə oxucuların rəğbət və sevgisini qazanan Şamil Xurşud (Fərzəliyev) maraqlı yazıçılardan sayılır. Şamil müəllimin vaxtilə oxuduğum "Ona deyin, kəndə gəlsin" hekayəsi mənə də müsbət təsir edib və bu təəssüratlardan çıxış edərək "Mən kəndə gedəcəm" adlı esse qələmə almışam.

Turan UĞUR

Mən kəndə gedəcəm

 

Ona deyin, kəndə gəlsin!

Elə indicə, bu saatca, şələ-şüləsini, bütün yükünü yığıb şəhərdən kəndə qayıtsın. Üzünü aylardır görmədiyi Tükəz cijisinin halını sormağa gəlsin.

Şair dostunuza deyin!

"Ona deyin, kəndə gəlsin".

Yazıçı, dramaturq Şamil Xurşudun hekayələrindən biri belə adlanır. Qafar Qaradağlı yadınızdadır? Əlindən bir iş gəlməyən, bekar-behtin Bakı küçələrində sərgərdan həyat yaşayan, kənddə qalan ağbirçək anasından aylarla xəbər tutmayan Qafarı deyirəm. Ona üz tutmuşdu Şamil Xurşud, ona tənə vurmuşdu ki, çıxdığın qını unutma, ara-sıra doğma yurdun yadına düşsün, kənddə qoyub gəldiyin nə varsa, bir gör yerindəmi? Naxırçı çörəyinin bərəkətinə xor baxmaq olar yeri gəlsə, lakin redaksiyalarda veyillənmək naminə yox.

 

Qafar dostunuza deyin ki, kəndə gəlsin!

Şamilin hələ tələbəlik illərində, yazdığı xırda pyesləri universitetin dram dərnəyində səhnəyə də qoyularmış. Bir teatr sevdalısının durub kənardan bu mənzərəyə baxacaq durumu yox idi. Şamil qıraqdan baxmağa alışmaz, özü də pyesdəki rolların birini oynayardı. Yəni ki, ofsaydda qalmazdı, ümumiyyətlə, "oyundankənar vəziyyət" ifadəsi ədibin 52 illik ömründə hərdaim ona yad olub. Cəmiyyətin xəstə təfəkkürlü insanları kimi, yəni "Xəstələr" kimi. Lakin birpərdəli, ikişəkilli bu pyes bizə çox doğmadır. Elə ona da məhrəm idi, axı 23 yaşında nəşr olunmuşdu bu kitabı.

Mühasib dostunuza deyin, kəndə gəlsin!

Ona deyin, kəndə gəlsin, amma tələsməsin, hələ fikrimiz, xatirələrimiz şəhərdədi. Şamil gənclik illərində Elmira Şamil dünyasının dövrəsində var-gəl edir. Gənc istəklilər küsüşüblər. Olur təzə sevənlər arasında. Ayrılıqlar, incikliklər, bu sayaq küsüşmələr sonucunda pəjmürdə olub, sevgiyə üsyan edən nə ilk sevənlər onlar olmuşlar, nə də sonuncu. Amma yarın vəslini arzulayan, hicrana "bəsdir!", "əl çək!", "itil!"deyib, vüsala "mərhaba" söyləyəcək birisi idi Şamil.

Fəhlə dostunuza deyin, kəndə gəlsin!

Asudə vaxtını mənalı keçirməyin məkanı haradır? Kimisi üçün stadion, kimisi üçün muzey, kimisi üçün teatr. Elə Şamil də teatrı seçərdi.

- Bu vədə əlində bilet yerin bələdləyə-bələdləyə keçib, oturacağını arasınmı gənc yazıçı?

- Arasın.

- Bəs yanında kimi görsün?

- İstəklisi Elmiranı.

Özü də tək yox, bacı-qardaşıyla gəlmiş qızcığaz, yanpörtü əyləşibmiş Şamilin sol cinahında. Sonra tamaşadan gözəl ovqatla çıxmaq, umu-küsünü bir kənara qoyub, nişanlanmaq, ailə qurmaq qalırdı gənclərə.

- Buna nə adını verəsən?

- "Təsadüf" sözündən başqa, nə istəsəniz, deyə bilərsiniz.

Alim dostunuza deyin, kəndə gəlsin!

Ona deyin, kəndə gəlsin.

Hələ Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır Şamil. Zimistan gecikib Bakıya, fəqət, əlin-qolun çırmayıb yaman gəlib paytaxta. Üşüdəcək hər kəsi, sazaq dişinizi kəsəcək, soyuq isti ürəklərə buz qonaqlığı verəcək, bir qarın ac, bir qarın tox tələbələrin halı pərişan olacaq. Avazımış yataqxana otaqlarında hər şey donacaq. İsti əyin-başa həsrət tələbələrin gününü göy əskiyə bükəcək soyuq qış fəsli. Tələbələrdən biri üşüyərsə, kim qızdıracaq onu?

- Şamilin səxavətli ürəyinin gücü yetəcəkmi?

- İsti geyimi olmayan dostuna əynindən çıxarıb paltosunu verəcəkmi?

- Özü 20 gün kostyumla gedəcək universitetə?

- Düz tapdınız, eynən bu cür olacaqdı. Sonralar məsul vəzifələrdə işləyərkən də, çox kostyumlar geyəcəkdi gənc yazıçı, ancaq naəlacları unutmadan, fəqir-füqəranı yaddan çıxarmadan.

Nazir dostunuza deyin, kəndə gəlsin!

"Xəstələr" pyesi ilə dramaturgiyaya gələn Şamil müəllimə öz canındakı xəstəlik aman vermədi. Vaxtsız deyildi ölümü, ancaq üzücü idi.

İdbar xəstəliyin əlində girinc olan yazıçının "Montin qəsəbəsi"ndəki kafelərin birində 50 illik yubiley məclisində artıq ürəyinə xal düşmüşdü. Deyilən sağlıqlar 1986-cı ildə, onun 2 il sonrakı ölümü şərəfinə idi, həyatı şərəfinə yox. Ömrünün həyat hissəsi bitmək, ölüm dövrü gəlmək üzrəydi sanki. Arıqlamış, sısqa-mərəz qalmışdı. "Kommunist" nəşriyyatının girəcəyində Tofiq Mütəllibovla qarşılaşır, Tiflisə yola düşəcəyindən bəhs edir. Bir andaca duruxub qalırlar, kövrəlirlər, hər ikisinin gözləri yaşa qərq olur, getmək vardı şəfaxanaya, fəqət, Gürcüstandan dönmək yox.

Şairin gənclik dostları təəssüflənəcəkdilər bu hadisədən: Məmməd Araz, Vahid Əziz, Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Cəmil Əlibəyov, Yusif Kərimov, Hidayət Orucov, Qulu Xəlilov Şamil müəllimin ölümündən pərişan olacaqdılar.

Ona deyin, kəndə gəlsin!

"Şamil Fərzəliyev yalnız bir ömür yaşadı" deyənlərə - bu saat sadalayacağım adlar cavab verəcəklər. Bunlar ədibin nəvələridir. "Babadan hikmət, nəvədən xidmət", - deyib atalarımız.

Şamil, Cavad, Səmin, Nuray, Fidan, Nigar, Xəzər, Orxan, Cavid, Nərgiz, Oqtay:

Görün, neçə ömür Şamil Xurşud həyatında davam etməkdə israrlıdır, həm israrlı, həm də iddialı. Övladları - Həqiqət, Sədaqət, Azər və Arazla bu gün nə sayaq danışır Şamil Xurşud?

- Bu kiçicik yazımda Şamil müəllim onlarla öz dilində, öz təbiri ilə, özü bildiyi kimi danışır. Hələ bu dialoqumuza 1961-ci ildə nəşr etdirdiyi hekayəsinin adını verir: "Sizi unutmaram" - deyir.

Jurnalist dostunuza deyin, kəndə gəlsin!

Həəə, bir də belə söyləyir: Ona deyin, kəndə gəlsin. Deyəcəksiz ki, Qafar Kərim oğlu Kazımovdan - Qaradağlıdan söhbət gedir? Yox, mürgüyə qalmış Şamil Xurşud personajını dəngəsər etməyək, şirin yuxusundan ayırmayaq. Elə sıradan bir hekayə obrazı kimi ömrünə davam etmiş olsun. Amma sizə bu sözləri ünvanlaya bilərəm. Yəni sizə - hörmətli oxucu, sizə - hörmətli nazir, sizə - hörmətli fəhlə, sizə - hörmətli redaktor, sizə - hörmətli deputat, sizə - hörmətli həkim, sizə - hörmətli hakim - sizin hamınıza səslənirəm:

- Kəndə gedin!

- Bəs mən?..

Mən kəndə gedəcəm.

Mütləq!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!