Bu dünyaya Qazan köşkü deyilən uca bir dağın ətəyində gəldim. Hələ mən üç aylıq körpə olanda bu dünyadan bir şair köçdü, Çərkəz Məcid. Üstündən 35 il keçsə də bizim yollarımızı poeziya birləşdirdi. Neçə gündür Çərkəz Məcidin həyatını araşdırıram, şeirlərini oxuyuram. Ən çox diqqətimi çəkən məqam bir şairin haqq yolundan dönməyib şəhidlik zirvəsinə qədər ucalmasıdır. Çərkəz Məcid 1937-ci ildə, Hüseyn Cavidin sürgün edildiyi ildə dünyaya gəlib, Mikayıl Müşfiqin güllələndiyi ayda isə bu dünyadan köçüb gedib. Hüseyn Cavidi, Mikayıl Müşfiqi odlu silahla, Çərkəz Məcidi isə mənəvi təzyiqlərlə güllələdilər.
Əhməd Cavad 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib. Çərkəz Məcid isə həmin ilin 19 martında doğulub. Mikayıl Müşfiq də 38-ci ilin yanvarında qətlə yetirilib. Necə ki, mən körpə uşaq olanda Çərkəz Məcid cismani olaraq bu dünyadan köç edib, Çərkəz Məcid də körpə olanda Mikayıl Müşfiqi güllələyiblər. Bir şairi güllələmək nə deməkdir, ilahi? Bu cümlənin altında nələr yatmır ki... Əhməd Cavadın, Mikayıl Müşfiqin və digər qurbanların ailələri, yaxınları nə qədər əziyyətlər çəkiblər. Milli dəyərlərə bağlı olan Çərkəz Məcid də haqq yolundan dönmədiyi üçün mənəvi güllələnməyə məruz qalıb. Bu yerdə bədahətən bir-iki bənd şeir deyəcəyəm:
Kim bilir, hansı ruh, hansı bədəndə,
Dövr edib, yenidən həyata gəlib?
Mikayıl Müşfiqin ruhudur bəlkə,
Çərkəz Məcid olub, Barata gəlib.
Oxuyub şeirini Çərkəz Məcidin,
Doğma bir hislərə yüksəlirəm mən.
Hər dəfə Müşfiqin adı gələndə,
Ruhum sızıldayır, kövrəlirəm mən.
Biraz Çərkəz Məcid, biraz Müşfiqəm,
Hamımız onların nəsilləriyik.
Məni də vurdular sol tərəfimdən,
Biz eyni taleyin şairləriyik.
Bir-iki bənd dedim, üç bənd oldu, bütün misraları, bütün sözləri yazarkən sanki qələmimi mürəkkəbə yox, ürəyimin qanına batırdım yazdım, barmaqlarımı klavyaturanın hərflərinə yox, yanağımdan süzülən göz yaşlarıma toxundurdum. Mənə elə gəldi ki, Mikayıl Müşfiqin yerinə məni güllələyiblər, Çərkəz Məcidin yerinə mənə təzyiqlər ediblər və beyin qanamasından dünyamı dəyişmişəm. Onsuz da həyat belədir, insan bir ömürdə min dəfə ölüb-ölüb dirilir, necə ki, Çərkəz Məcid bir şeirində deyir:
Bir zəngin kitabam, varaqla, tanı,
Misralar açılmış yolumdu belə.
Ürəkdən sevmişəm bu gülüstanı,
Oylağımdı belə, elimdi belə.
Çəkdim əməlləri məhək daşına,
Baxdım insanına, baxdım quşuna,
Kimi dəmə həmdəm, kimi yaşına,
Dünyanın işləri zülümdü belə.
Hər şeyin yanında bir kölgəsi var,
Lal duran daşların sükut səsi var,
Səhərin axşama dönəlgəsi var,
Bu gərdiş nə isə zalımdı belə.
Açılan yolların yönünə baxdım,
Doğuldu kədərim, qapandı bəxtim,
Ötüşdü həyatım, çevrildi taxtım,
Bu necə həyatdı, ölümdü belə.
Vermədi xoş günü səhərim mənə,
Yaşadım, güc gəldi qəhərim mənə,
Çərkəzəm, şerimdi zəhərim mənə,
Ölümdən sonra da ömrümdü belə.
Şair necə də gözəl deyib: “Ölümdən sonra da ömürdü”, yəni Çərkəz Məcid ölümdən sonra da yaşayacağını hiss edirdi, hiss edirdi ki, o bir sadə insan ömrü yaşamır, onun yaşadığı ömür tarix və xalq qarşısında uzun bir yolun yolçusu olmaqdır. Həqiqətən də belədir, yoxsa Çərkəz Məcid dünyadan köçəndə nə bilirdi ki, bu dünyada üç aylıq bir körpə var, bir gün böyüyəcək, məni oxuyacaq, şeirlərimlə məni tanıyacaq, düşüncələrimlə tanış olub getdiyim yola baş əyəcək. Bəli, nənəm həmişə deyərdi, bala, haqq nazilər, amma qırılmaz, Çərkəz Məcid boşuna ölmədi, o, öz ölümü ilə tarixləşdi, əyilməz vüqarıyla, düz ilqarıyla və sınmaz qüruruyla əbədiləşdi. Əgər bu gün sıradan bir gənc şair olaraq mən onun həyatını, yaradıcılığını oxuyub bu qədər təsirlənirəmsə, deməli, gələcək nəsillər onu araşdıracaq, onun haqqında silsilə kitablar yazılacaq, onun yaradıcılığı və həyatı haqqında elmi işlər müdafiə olunacaq, necə ki, ölümündən əlli il sonra Mikayıl Müşfiq xatırlandı, “yenə o bağ olaydı” adlı bircə şeiri ilə yaddaşlara həkk olundu, xalq olaraq bir şeirdən yapışıb onun güllələndiyi dövrə qədər gedib çıxdıq, ona ürəyimizdə yer ayırdıq, sabah hamı biləcək, biləcək ki, Çərkəz Məcid nə boyda bir cəsarət sahibi idi, ürək sahibi idi. Özün sıradan bir kəndin müəllimi olub nəhəng addımlar ata bilirsənsə, deməli, sənin nəhəng ürəyin var, sənin zaman qarşısında bir məsuliyyətin və yolun var.
Bir məşhur misal var, deyir, danış görüm kimsən. Bunu çevirib şair üçün belə demək olar, bir şeirini oxu görüm kimsən. Çərkəz Məcid sadə dil ilə yazdığı bir şeirində bütün kainatın sirlərindən hali kimi insanlara yol göstərir, bir şair iç dünyasında hansısa həqiqətə çata bilməsə onu şeir formasına sala bilməz.
Kainat sirli bir kitab,
Həm hikmətdi, həm də hesab.
Kəlmə-kəlmə anlayaraq,
Oxu onu vərəq-vərəq.
İstəyirsən tez-tez oxu,
İstəyirsən yavaş-yavaş.
Fərq eyləməz azı-çoxu,
Amma oxu, oxu qardaş!..
Oxu, yarışa-yarışa,
Birgə çıxaq axtarışa.
Hər mətləbə nəzər salaq.
Hikmətindən hali olaq.
Vərəqlərində göylərin,
Hikmət yatır dərin-dərin.
Bu göylərin, bu yerlərin,
Çox əsrarı gözdən iraq.
Çox mənası hələ uzaq.
Tanıtmayıb bu kainat,
Hələ bizə öz səsini.
Tanıtmayıb hələ bizə,
Öz ruhunu, nəfəsini.
Həm də sirrini açmadan,
Qoyub sözün nöqtəsini.
Sənsə tələs oxumağa,
Sətir-sətir oxu, qardaş.
Vərəq-vərəq oxu, qardaş.
İstəyirsən tez-tez oxu.
İstəyirsən yavaş-yavaş.
Amma oxu, oxu, qardaş.
Göründüyü kimi, Çərkəz Məcid tərəqqinin, böyüməyin, inkişafın yolunu elmdə, təhsildə, oxumaqda görürdü. Şair var ki, sevgi şairidir, şair var ki, irfan şairidir, şair də var ki, təbiət şairidir, Çərkəz Məcid isə dünyəvi şairdir. Onun yaradıcılığı bütün mövzuları əhatə edir. Bu da Çərkəz Məcidin geniş təfəkkür sahibi olmasından, uzaqgörənliyindən və azad ruh halından doğur. Burada onun irfan qatında yazdığı “Kaman” şeirini misal çəkə bilərəm:
Sinəsində düymə-düymə düyünü,
Görən fələk əldən alıb nəyini?
Naləsində ayrılığın neyini,
Niyə belə yandırırdı bu Kaman?
Nədir onda bu duyğunu doğuran,
Mayasını iniltidən yoğuran?
Uzaqlardan “vətən-vətən” çağıran,
Bir qəribi andırıdı bu Kaman.
Qədimlərdən gələn soraq qəmidi.
Baladan gen düşən ana kimidi.
Bəlkə elə itkin düşən gəmidi,
Sorağını dindirirdi bu Kaman.
Dəryaların səmasından adlayıb,
Üfüqləri qatım-qatım qatlayıb,
Kərəmləri, Əsliləri odlayıb,
Özü oddan yan dururdu bu Kaman.
Dərdlərimi hislərimdən tanıdı,
Ürəyimdə ocağını qaladı,
Kösöv kimi bulam-bulam buladı,
Yandırırdı, söndürürdü bu Kaman.
Qəmi göydən yağış kimi tökürdü.
Torpağımı şumlayırdı, əkirdi.
Hərdən məni göy üzünə çəkirdi,
Hərdən göydən endirirdi bu Kaman.
Soyuq qışdan bar-bəhərli yay umma,
O səs yanır gözünü yum, ya yumma.
Çərkəz Məcid qismətindən yayınma,
Sənə hikmət andırıdı bu Kaman.
Bir kamanın tellərindən yapışıb, səsinin izinə düşüb nə qədər yol getmək olar? Yaxud da bir yayşəkilli ağac çubuq səninlə daha nə danışa bilər? Demək ki, o kamanı dilə gətirən Çərkəz Məciddir. Kamanın səs dalğaları arasına bütün kainatı sığışdıra bilib. Sadə dildə yazılsa da məna yükü dərin olan digər bir şeirində isə Çərkəz Məcid belə deyir:
Cığır dolana-dolana,
Çıxar zirvəyə-zirvəyə.
Bulud sulana-sulana,
Axar zirvəyə-zirvəyə.
Dağlar dünyanın barmağı,
Qayalar iti dırnağı.
Göyün ildırım şallağı,
Çaxar zirvəyə-zirvəyə.
Duman döşdə sürü-sürü,
Zirvələrdi arxac yeri,
Əsər nazlı küləkləri,
Baxar zirvəyə-zirvəyə.
Ayna sandım göllərini,
Mehi oxşar güllərini,
Qürub vaxtı xəzan kimi,
Günəş sarı tellərini,
Yığar zirvəyə-zirvəyə.
Bu dünyada dağ boyunca,
Çərkəz, başın olsun uca.
Hikmətə bax: - qoşa-qoşa,
Günəş də nur saça-saça,
Doğar zirvəyə-zirvəyə.
Bəli, böyük addımların, böyük uğurların bədəli də böyük olur. Fikir verin, hər bəndin incə detalı və mesajı vardır. Hədəf isə eynidir. Adi bir cığırın zirvəyə gedib çıxması yola çevrilir, dərə olmağa nə var ki? Zirvə olub ildırım şallağına da dözməkdir böyük yol yolçusu olmaq. Üçüncü bənddən bir saat danışmaq olar, təsəvvür edin dərələr həmişə ayağımızın altında olur, zirvələr isə başımızın üstündə. Duman da birinci zirvələrə sarılır, küləklər də birinci zirvələrin döşünə çırpılır. Möhtəşəmliyə baxın ki, sonuncu bəndlərdə günəş şüaları ilk zirvəyə düşür və burada şair demək istəyir ki, ey insan, haqq yolun yolçusu olmaqdan qorxma, sənə ildırım şallağı da dəyəcək, başının üstünü qara buludlar alacaq, küləklər də ilk sənə çırpılacaq, amma narahat olma, sonunda günəş çıxacaq və ilk şəfəqlərini sənin üzərinə salacaq.
Çərkəz Məcidin yaradıcılığında qəribə və dəqiq bir nizam da var, ədəbiyyatda ikinin üzərinə iki gəlib beş ala bilərsən, amma riyaziyyatda ikinin iki ilə cəmi dörddür, Çərkəz Məcidin riyazi dəqiqliklə poetik dil arasında bu qədər məna yüklü şeirlər yazması bir daha onu deməyə əsas verir ki, onun zəngin təfəkkür və düşünmə qabiliyyəti olub. Elə bu dəqiqlikdən yola çıxaraq “Durna qatarı” şeirini misal çəkmək olar:
Haça qatarına baxın durnanın,
Sanki düyünlənib bircə durnada.
Sarvanı bircədir iki karvanın,
Çəkib uzaqlara aparır o da.
Gedirlər, bizlərlə vidalaşaraq,
Həsrət nəğməsini söyləyib bizə,
Nəmli gözlər ilə sağollaşaraq,
Gedirlər, əl edib dərəyə, düzə.
Ah, necə nizamla uçub getdilər.
Qaldı sədaları qulaqlarımda,
Sevdalı könlümü alıb getdilər,
Süzdükcə göylərin yanaqlarında.
Dünya nə dünyadır hikməti yoxsa,
Onların sədası necə xoş idi.
Hansı bir qəzaya uğramışdısa,
Ortada birinin yeri boş idi.
Misal çəkdiyimiz bu şeirlərin hamısında böyük enerji var, elə bir enerji ki, adamı götürüb lap uzaqlara aparır, insanı düşünməyə vadar edir, təkrar-təkrar bu şeirləri oxumaq istəyirsən. Təəssüf edirəm ki, bu günə qədər Çərkəz Məcidin yaradıcılığı haqqında geniş araşdırma yazılar yazılmayıb, sovet dövründə mənəvi təzyiqlərlə ölüm həddinə çatdırılmış Ç. Məcidi bu günün və sabahın gəncliyi öyrənməli, bilməli ki, belə cəsarətli, böyük ürək sahibi və zəngin yaradıcılığı olan bir şairim, bir ziyalım olub. Kimsə tarixi aldada bilməz və ya tarixin yaddaşından nəyisə silə bilməz, sadəcə tarixi gecikdirmək olar, Mikayıl Müşfiqi ölümündən sonra 50 il unutmaq kimi gecikdirmək, amma zaman əmindir ki, su axıb öz çuxurunu tapacaq, Çərkəz Məcid kimin üçün, hansı ideyalar üçün həyatını qurban verib? Həqiqət bu sualın cavabında yatır, inanıram ki, ölməz sözü və ruhunda həqiqətin özü olan Çərkəz Məcid Azərbaycan ədəbiyyatında layiq olduğu zirvəni tutacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!