Sözün qüdrəti, sözün hikməti - Vahid MƏHƏRRƏMOV

 

Dünya binə olandan bütün millətlər, xalqlar söz danışır, söz anlayır, söz yazır, söz oxuyur, söz qoşur, sözdən qüvvət alırlar. Amma daim dolu olan, dolu qalan söz xəzinəsi nə azalır, nə tükənir, nə də boşalır. Çeşmə kimi qaynadıqca-qaynayır, sel kimi coşduqca-coşur, çaylar kimi kükrədikcə-kükrəyir. Rəvan-rəvan, həzin-həzin axdıqca-axıb ürəklərə sərinlik, qəlblərə sakitlik, könüllərə rahatlıq və dinclik gətirir. Söz əbədi-əzəli ritmini pozmadan, zamanın nəbzini tuta-tuta öz orbitində arın-arxayın dolanır. Baş ağrıdan çax-çaxa məhəl qoymadan öz işini davam etdirir, öz yolu ilə gedir. Ərşin tufanı, küləyi, zamanın seli, suyu söz dəyirmanının ağır daşını öz yerində, öz oxu ətrafında fırlatdıqca fırladır, dolandırdıqca dolandırır.

Hər sözdə bir qüdrət, bir hikmət, bir zinət var. Tanrı insanları yaradıb, insanlar isə zaman-zaman sözü yaradaraq dillərində yaşadıblar. Yaratdıqları sözləri gələcək nəsillərə çatdırmaq üçün onu daşlara həkk edib, qaya üzərinə cızıb, kağıza köçürüblər. Köçürüblər ki, əsrlərin dərinliklərində olan sözlər sabahlara gedib çatsın. Yolundan qalmadan, yorulmadan gələcək nəsillərə yetişsin.

Əvvəlcə yer, göy, planetlər, səma cisimləri, çaylar, dənizlər, okeanlar, bir sözlə, gözümüzə görünən və görünməyən ucsuz-bucaqsız uzanıb gedən çöllər, səhralar, başı ağlı-qaralı buludlara söykənən uca dağlar, hamısı var idi. Onlar keçmişdən bu günə gəlib çatan çox qiymətli, çox dəyərli yadigarlar idi. Onda hələ insanlar Yer üzünə gəlib bu gözəl yerləri görməmişdilər. Torpağa, daşa, qayaya izləri düşməmişdi. Yer kürəsi insanlarsız idi - yaraşıqsız və işıqsız idi. Torpağa, daşa, suya adam ayağı dəyməmişdi. Onda Yer üzü də bütöv idi, tam idi. Hələ ayrı-ayrı qitələrə, ölkələrə, bölgələrə bölünməmişdi. Nə tikanlı, nə də tikansız sərhədlər var idi.

Dünya özü də sözdən - Tanrının bircə "Ol" kəlməsindən yaranmışdı. Həmin anda Yer üzü ayın, günəşin, ulduzların üzünə baxıb sözlə daranmışdı. Bir göz qırpımındaca min, milyon rəngə boyanmışdı. Tanrının əmr etdiyi yerdəcə qərar tutub möhkəm-möhkəm dayanmışdı.

Amma Tanrı hələ insanları xəlq etməmişdi. Onda hələ sözün unu ələnməmişdi, xəmiri yoğrulmamışdı, od püskürən söz təndirinə yapılmamışdı. O vaxtlar hələ söz doğulmamışdı, həyata, dünyaya gözlərini tam açmamışdı, insanların dillərində qovrulmamışdı. Hələ yolları yora-yora, dayanmadan, yubanmadan insanlara tərəf yol gəlirdi, onların yanına tələsirdi. Onda hələ söz yerin, göyün bətnindəydi. Bəlkə də, Tanrının əlindəydi, ətəyindəydi, dilindəydi.

Yer kürəsi öz oxu ətrafında ləngimədən fırlandıqca illər ötdü, əsrlər keçdi, dövranlar dəyişdi. Bir zaman gəldi ki, ulu Yaradan insanları xəlq elədi. Hələ söz olmadığından, söz yaranmadığından, söz doğulmadığından dünyanın, yerin ilk sakinləri olan, uludan-ulu, ucadan-uca babalarımız bir-biri ilə danışa bilmirdilər. Söz olmadan bir-birinə isinişib alışa bilmirdilər. Fikirlərini bir-birinə əllərinin hərəkəti ilə, barmaqlarının işarəsi ilə başa salırdılar. Onların ürəklərindən, dillərindən, boğazlarından qarmaqarışıq, anlaşılmaz səslər çıxırdı. Belə anlarda sözə ehtiyac yaranırdı, onun yeri görünürdü. İnsanların beyni, ürəyi, qəlbi, sanki min illərin dərindən-dərin yuxusundan oyanırdı. Dünya, aləm yavaş-yavaş işığa, nura boyanırdı.

Günlərin gözəl bir günündə Tanrı sözü yaratdı. Yer üzünün ilk insanının dili açıldı. Sanki ətrafa gur işıq saçıldı. İnsanın ağılına, dilinə İlahidən söz gəldi, yavaş-yavaş fikir doğuldu, düşüncə gözlərini açdı. İlk dəfə olaraq dünyada söz deyildi, söz eşidildi. Dağlar, dərələr, okeanlar, dənizlər bu gur səsdən diksinib silkələndi. Elə bil ulduzlar da həmin an göylərdən yerə ələndi. Dünya bir göz qırpımındaca sözün gur işığına bələndi. Hələ Ay da, Günəş də hərəkətə gəlib yerindən bir az tərpəndi. Beləcə, söz Tanrının dilindən, ətəyindən sürüşdü, toxum kimi Yer üzünə səpələndi; insanların dilində, ağzında cücərib çiçək açdı. Beləcə, sözün sonsuz, həmişəyaşar, əbədiyaşar ömrü başlandı. O vaxtdan indiyə qədər söz yaşayır, söz yaşadır, söz yol gəlir, söz yol gedir. Sözün ömrü sonsuzluğa doğru uzandıqca uzanır. Köhnə sözlərdən yeni sözlər pöhrələyib qol-budaq atır, şaxələnir. Cücərir, qönçələyir, çiçəkləyir, ləçəkləyir. Hər gün dillərə, ürəklərə yeni söz toxumları əkilir. Sanki hər yer işıqlanır, nurlanır. Qaranlıq, zülmət yavaş-yavaş Yer üzündən geri çəkilir.

Günlər həftələrə, həftələr aylara, aylar illərə, illər qərinələrə, qərinələrsə, əsrlərə döndü. Elə bir vaxt gəldi, Yer kürəsi insanlara darlıq elədi. Belə olanda onlar göyə də əl uzatdılar, səmalara ayaq açdılar. Oralara da yiyə çıxmaq istədilər. Aya uçdular, Marsa "qarmaq" atdılar, ordan da Yupiterə barmaq uzatdılar, hələ Veneraya da tamah saldılar. Yavaş-yavaş dünyanın ahəngi qarışdı, rəngi bulandı, gərdişi dəyişdi. Elə bil həyatın ritmi bir az pozuldu. Əvvəlki gül kimi sözlər, fikirlər yüz yerə yozuldu. İnsanlar dünyanı uçurub, dağıdıb yenidən bölüb-bölüşmək istədilər. Düzdür, bəziləri bunu pislədilər. Buna baxmayaraq, torpaq və sərvət üstündə insanların sözləri də çəpləşdi, gözləri də çəpləşdi. Üz-üzə gəlib tutaşdılar, lap belə köpək kimi boğuşdular. Bir-birinə daş atdılar, baş yardılar, qan tökdülər. Uddular, uduzdular, qalib gəldilər, məğlub oldular. Boşaldılar, doldular, sonra da saraldılar, soldular. Bir-biri ilə sözlə danışa bilmədilər. Bir-birinə yumruq oynatdılar, oxa, kamana, nizəyə, qılınca, tüfəngə, avtomata, yaxın və uzaq mənzilli raketlərə əl atdılar. Qılınclar qınından çıxdı, qanlar töküldü, başlar bədəndən üzüldü, meyitlər yan-yana düzüldü. Silahlar od püskürdü, yer, göy alışıb-yandı. İnsanların başına güllələr ələndi, mərmilər, qəlpələr səpələndi. Dünya tüstüyə, qatı dumana büründü, sanki dağlar, dərələr qan içində dizin-dizin süründü. Deyəsən, yavaş-yavaş həyatın, dünyanın sonu göründü. Çox keçmədən insanlar qayaya, daşa çevrilib torpağa gömüldülər. Ocaq kimi yanıb-yanıb söndülər, yavaş-yavaş külə döndülər.

Qanlı-qadalı müharibələr uzundan-uzun çəkdi. Amansız döyüşlər, odlu güllələr, böyük raketlər torpağa çoxlu meyitlər əkdi, sonra onu qanla suvardı. İnsanlar döyüşdülər, vuruşdular, öldürdülər, öldülər. Min əzab-əziyyətlə tikdikləri evləri dağıdıb viran qoydular. Hər şeyi vəhşicəsinə sökdülər, dağıdıb alt-üst etdilər. Yalnız hər şeydən qüdrətli olan sözü uçura bilmədilər, yalnız sözü yandıra bilmədilər, yalnız sözü basdıra bilmədilər. Söz qərinələrə, əsrlərə sinə gərdi. Bütün güclülərə qalib gəldi, hökmdarlara, fatehlərə meydan oxudu. Hər şeydən uca olan söz zaman-zaman igidlikdən, qəhrəmanlıqdan bir-birindən maraqlı dastanlar toxudu. Ötüb-keçənlərdən bizlərə sözdən başqa yadigar heç nə qalmadı. İnsanlar üçün yer üzündə ondan başqa qiymətli heç nə olmadı. Ən uzunömürlü, ləyaqətli, dəyanətli söz oldu. Sönmədən yandı, öləziyən ocaqlara köz oldu. İlahi söz zaman-zaman qanana kəlam, qanmaza yaman oldu, misra-misra, sətir-sətir ürəyimizə axıb doldu. Günahkarları yamanca yandırıb-yaxdı.

Söz həmişə dildən-dilə gəzəcək, yaşayacaq, var olacaq. Ümidsiz olan, inamsız qalan insanlara daim yar olacaq. Adamların ürəklərinə, qəlblərinə cığır açacaq, yol tapacaq. Heç vaxt dillərdən düşməyəcək, könüllərdən silinməyəcək. Əbədi, əzəli olacaq söz, bu dünyada həmişəlik yaşayacaq söz. Zamanla, vaxtla ayaqlaşacaq söz. Sözün yolu, cığırı həmişə gəlimli-gedimlidir. Onun yolunu, cığırını heç vaxt ot basmayacaq, zamanın alovu qarsmayacaq. Çünki daim diridir, işıqlıdır, təzə-tərdir, təravətlidir, canlı və oyaqdır. Söz dar məqamda, çətin anda hamımıza, hər birimizə mənəvi dayaqdır.

Dünyada sözdən gözəl, ülfətli, qüvvətli, əzəmətli, hikmətli nə var ki? Bəşərin bütün dahi insanları ülvi hisslərini, qiymətli və dəyərli fikirlərini, işıqlı düşüncələrini, insanlıq üçün çox gərəkli olan əsərlərini sözlə danışıblar, sözlə yazıblar. Sözdən alışıblar, sözlə alovlanıblar, sözlə yanıblar, sözdə yanıblar. Sözün ətəyindən möhkəm tutublar, dar məqamlarda ona güvəniblər, ona tapınıblar. Söz, ona tapınanları heç vaxt darda qoymayıb, yarı yolda tərk etməyib. Onları qolları üstünə alaraq zirvələrə qaldırıb. Söz həmişə insanlara vəfalı, sədaqətli olub, yarı yolda qoymayıb.

Əsrlərdir bütün olanlar, qalanlar Sözün qüdrətilə yaşayır. Söz sətir-sətir, misra-misra, cümlə-cümlə boy atır. Pöhrələyib yarpaqlayır, tumurcuqlayıb çiçək açır. Əlahəzrət söz bu günümüzə çatmaq üçün ulu keçmişlərdən keşməkeşli, enişli-yoxuşlu, çala-çökəkli yolları ayaqlaya-ayaqlaya gəlir. Bu yerişlə, bu gedişlə, sabahlarımıza da gedib çıxacaq. Ən uca zirvələrə qalxacaq. Oradan da aram-aram ürəklərə, qəlblərə axacaq. Göydən Günəş kimi doğacaq, şimşək kimi çaxacaq, yağış kimi yağacaq. Yer üzünün ən uca zirvəsinə qalibiyyət bayrağı taxacaq...

Əsrlərdir sözlə yol gedirik, sözə sirdaşıq, ona ən doğma qardaşıq. Söz bizi yaşadır, biz də sözü. Söz ən yaxşı, ən inamlı, ən etibarlı yol yoldaşımızdır. Dünyaya göz açdığımız gündən söz canımıza hopub ürək sirdaşımıza, qəlb yoldaşımıza çevrilib. Sözlə başlanan səfərimiz bitib-tükənmir, sonu görünmür. Üzü sonsuzluğa, zirvələrə doğru hey uzandıqca, uzanıb gedir. Sanki hər gün yenidən doğulur, yenidən yaranır, yenidən sığallanıb daranır. Hamımız bu günə söz körpüsündən keçib gəlmişik. İndi də sözlə birgə yol gedirik. Amma arada yorulub dayanırıq, yavaş-yavaş üzü gələcəyə doğru addımlayırıq. Bizdən sonrakılar, yəqin ki, izimizə düşəcək, arxamızca gələcəklər. Yenə də bu keçilməz körpüdən, bu əzablı yollardan keçəcəklər. Təzə-tər, indiyə qədər eşidilməyən, deyilməyən sözlər deyəcəklər. Söz yolunda, söz cığırında, sözün çəmənzarında həmişə rəngbərəng güllər, çiçəklər açacaq. Söz ölümsüzdür, əbədi-əzəlidir, həmişəyaşardır. Deməli, bu dünyada yalnız söz yadigar qalacaq, yalnız söz. Başqa heç nə...

Yadigar qalası bir sözüm, bir izim olacaqmı, görəsən?!.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!