Yer kürəsi - bütün bəşəriyyətin vətənidir! - "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin müraciəti

Yer üzünün bütün şair və yazıçılarına müraciət edirəm!

Əziz şair və yazıçılar! Əziz dostlarım!

Yer kürəsi bizim ümumi evimizdir!

Dünyada müxtəlif müharibələrin, epidemiyaların tüğyan etdiyi, konfliktlərin gərginləşdiyi, əxlaqsızlığın dərinləşdiyi, ruhi düşkünlüyün davam etdiyi, bəzi insanların amansız olduqları bir zamanda, biz - şair və yazıçılar dinindən, irqindən, yaşından, peşəsindən və yaşayış yerindən asılı olmayaraq bütün insanlara çağırışla müraciət etməliyik ki, bizim Yer kürəsini - bizim evimizi qorusunlar ki, bizim ümumi evimizdə sülh bərqərar olsun, gələcək nəsillərə sakit və dinc səma, çiçəkli dünyanı əmanət qoyaq.

Biz müxtəlif müharibə və toqquşmalar zamanında böyümüşük, çox amansızlıqlar görmüşük, saya-hesaba gəlməyən müxtəlif xəstəlikləri, epidemiyaları yaşamışıq. Biz şəhərlərin dağıdıldığını, ölkələrin bombardmana məruz qaldığını görmüşük və ən qorxulusu odur ki, bütün bunlar hələ də davam edir. Hər gün bizim dinc gələcəyə, xoşbəxt sabaha olan inamımız itir, əriyir... Çünki bizim qonşularımızda fəlakətdir. Onların evləri yanır - və onlarda olan yanğının tüstüsü, faciələrinin əks-sədası bizə də gəlib çatır. Biz onların fəryadını, ah-vayını eşidirik. Öz övladlarını itirən anaların çığırtı və iniltilərini eşitmək bizim üçün dözülməz ağrıdı. Əgər dünyanın bütün anaları üsyan etsələr, onların qarşısında dayanmaq olmaz. İnanın ki, Dünya öz orbitindən çıxacaq!

Əziz dostlar, hörmətli şair və yazıçılar, mən bizim hamımızın bu ağrını hiss etdiyimizə, hər atəşin bizim ürəyimizi deşdiyinə inandığım üçün sizə müraciət edirəm. Artıq biz hamımız canlı meyitə çevrilirik. Sizdən xahiş edirəm, fikirləşin, biz hər şeyi olduğu kimi qalmasına razı ola bilmərik. Axı bizim hər şeydən uca Haqq-təala tərəfindən bəxş olunan öz silahımız - bütün dünyanı lərzəyə gətirəcək səsimiz var! Elə isə, nəyə görə biz susuruq?!

Əgər hər şey bu cür davam etsə, onda gələcək nəsillərin aqibəti necə olacaq, onlar harada yaşayacaqlar? Biz insanların qəlblərində mənəvi dəyərlərin dağıdıldığı, əxlaq anlayışının amansızcasına məhv edildiyi və mənəviyyatsızlığın aşılandığı dünyadan nə gözləyirik?

Mən sizin hər birinizə, dinc dünyada yaşamaq istəyən hər bir kəsə səslənirəm! Sadəcə, təsəvvür edin: işıq və xeyirxahlıq zülmətə və pisliyə qalib gəlir, ətrafda sevgi, sədaqət və xeyirxahlıqla dolu insanlar var... Başımızın üstündə bizə öldürücü mərmilər atmağa hazır olan təyyarələr deyil, xoşbəxt, azad quşlar dövrə vurur. Bizim övladlarımızın və nəvələrimizin gələcəyini hədələyən, onların xoşbəxtliyini, həyatlarını, işıqlı gələcəklərini əllərindən almaq istəyənlər olmayacaq. Və bütün dünyada, dünyanın hər guşəsində uşaqlar müharibənin nə olduğunu bilmədən, sevgi, hüzur içində, sakit, dinc səma altında böyüyürlər... Və hər yerdən uşaqların şaqraq gülüşləri eşidilir...

Gəlin, hamımız birlikdə fikirləşək və bu mövzu haqqında yazaq. Mən inanıram ki, bizim səsimizi bütün Dünya eşidəcək... Hətta biz pıçıltı ilə danışsaq da, inanın ki, bizi eşidəcəklər!

Dünyanı əxlaqi, mənəvi gözəlliklərin, mənəviyyatla dolu ədəbiyyatın xilas edəcəyinə inanan, bəşəriyyətin taleyinə biganə olmayan hər bir şair və yazıçı birləşsin! Əgər biz Yaradanın bizə bəxş etdiyi istedaddan istifadə edib, dünyanı əxlaqsızlıqdan, mənəviyyatsızlıqdan, qəddarlıqdan qoruya bilsək, dünyanın gələcəyinə arxayın ola bilərik! Çünki fədakar ədəbiyyat xadimlərinin həmrəyliyi ilə ucaldılan qayanı dağıdıb, yıxmaq mümkün deyil! Bu gün mən uzaqda, lakin hər birinizin qəlbinə yaxın olan Özbəkistanda olsam da, sizin qələminizin gücünə inanıram və həmçinin siz də mənim kimi gələcəyə biganə deyilsiniz və mən Sizin hamınıza müraciət edirəm: "Yer kürəsi - bütün bəşəriyyətin vətənidir!" marafonuna qoşulun, bədii-publisistik məqalə və şeirlərlə iştirak edin!

Mətnlərinizi öz sosial media hesablarınızda paylaşın, eyni zamanda bu elektron ünvana - bizə, "Kitab dünyası" qəzetinə göndərin:

[email protected]

Mətnlərinizin həcmi 1,5-3 səhifədən çox olmamalı, 1,5 intervalla, 14-lük Times New Roman şriftlə olmalıdır. Arzu edənlər mətnlərini öz fotoşəkilləri ilə birgə orijinal dildən başqa türk, ingilis və rus dilinə tərcümə edilmiş versiyada göndərə bilərlər.

Hörmətlə...

 

Özbəkistan, Daşkənd şəhəri

 

Tərcümə: Məlahət QƏNBƏROVA

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!