Tovuzun İbrahimhacılı kəndinin etnoqrafik abidəsi - Doktor Fərman Həsənovun "İbrahimhacılı" kitabı haqqında. Murad KÖHNƏQALA

Bu yaxınlarda, ölkəmizin tanınmış cərrah-stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, əziz dostum Fərman Həsənovun "İbrahimhacılı" adlı etnoqrafik, ensiklopedik kitabı işıq üzü görüb. Kitabda Tovuzun qədim tarixə, möhtəşəm təbiətə malik, abad kəndlərindən biri -İbrahimhacılının yaxın keçmişi, bu günü, görkəmli şəxsiyyətləri, adət-ənənələri və folklor yaddaşı qələmə alınıb. Bu kitabı İbrahimhacılının sözlə çəkilən xəritəsi də adlandırmaq olar.

Türklərin klassik yaşam tərzi və oturuşmuş tərəkəmə ənənələri ilə müasir sivilizasiyanın qovuşduğu İbrahimhacılı kəndi, sadəcə, bir inzibati ərazi vahidliyi deyil. Bu kənd doğma Tovuzumuzun bir parçası olmaqla bərabər, həm də bərəkətli və əzəmətli türk torpaqlarının  qiymətli bir nişanəsi, simvoludur. İbrahimhacılı kəndi həmişə mənə qayğısız  uşaqlığımızın, dəlisov gəncliyimizin, həyatımızda hər zaman yeri görünən dostlarımızın unudulmaz xatirələrini yaşadıb. Mənə həmişə elə gəlib ki, İbrahimhacılı kəndi ilə Köhnəqala kəndi iki doğma qardaş kimi Mamırtı dağının ətəyində dirsəklənib söhbət edirlər. Ona görə bu kənd mənə öz kəndim Köhnəqala kimi doğma və əzizdir.

Əziz dostum Fərman Həsənov bu kitabda öz doğma kəndinə məxsus etnoqrafik məlumatları, toponimləri, el deyimlərini, məzəli əhvalatları, kəndin tarixi məkanları ilə bağlı rəvayətləri, tanınmış şəxsiyyətləri barədə bilgiləri toplayaraq, İbrahimhacılının bədii-publisistik mənzərəsini qələmə alıb. İrihəcmli, nəfis tərtibatlı bu kitabın ərsəyə gəlməsi tariximizin faktlarla öyrənilməsi, torpaq və gen yaddaşımızın bərpası baxımından olduqca vacib bir işdir. Fərman Həsənov bu kitabında bir kəndin dastanını yazmaqla  etnoqrafiya tariximizə də böyük töhfə vermiş olub.

Mən Fərmanı uşaqlıqdan tanıyıram, biz onunla orta məktəb illərindən dostuq. "İbrahimhacılı" kitabının redaktoru, tanınmış yazıçı-publisist, əziz dostum  Vaqif İsaqoğlunu da, məni də həmin vaxtlarda  İbrahimhacılıdan olan yaşıdlarımızla tanış edib dostlaşdıran hər birimizin sevimlisi Salman olmuşdu. Salman indi aramızda yoxdu, ancaq bilirəm ki, Fərman doktorun bu qiymətli kitabına görə Haqq dünyasında onun ruhu şaddır.

Çox maraqlıdır, Fərmanın ədəbiyyata, sənətə olan həssaslığını bilsəm də, özünün şeir yazdığı barədə məlumatım yox idi. Kitabı vərəqlədikcə, Fərmanın şair ruhundan xəbər verən ozan havalı, torpaq qoxulu, meşə yuxulu şeirləri ilə tanış oldum və bu mənim üçün xoş sürpriz oldu. Tələbəlik illərindən bəri Bakıda məskunlaşmış Fərman doktor imkan düşən kimi doğma kəndə gedib kənd camaatı ilə görüşməyi ömrün hədiyyəsi bilir. Kəndin başının üstündə əzəmətlə  dayanan Mamırtı dağına yazdığı bu şeirdə Fərmanın həssas qəlbini daha yaxından duymaq olur:

 

Gəldim görüşünə bir səhər çağı,

Sanki dilə gəldi Küllü bulağı,

Buluddan nəm çəkən Mamırtı dağı,

Sən həmin o dağsan, qocalan bizik.

 

Haqdan yaranmısan, sən özün haqsan,

Ulu bir keçmişdən gələn soraqsan.

Elimə, obama arxa-dayaqsan,

Sən həmin o dağsan, qocalan bizik.

 

Qeyrətdən yaranıb hər qaya, hər daş,

Sevincdən süzüldü gözlərimdən yaş.

Qoy, öpüm üzündən Mamırtı qardaş,

Sən həmin o dağsan, qocalan bizik.

 

Qoynunda bulaqlar coşub-çağlasın,

Bu gözəl diyarı Allah saxlasın.

Qoy, Fərman adına dastan bağlasın,

Sən həmin o dağsan, qocalan bizik.

 

Bu şeirdə doğma yurda övlad məhəbbəti, onun hər daşına, qayasına böyük sevgi, Mamırtı dağının timsalında doğma kəndin varlığına sevinc və heyranlıq, zərif lirika, sentimental şair duyğusu, bir sözlə, hər şey var.

Tovuzun bütün dağətəyi kəndləri kimi İbrahimhacılı kəndinin sakinləri də təbiətlə iç-içə yaşayıb, təbiətlə doğmalaşıblar. Torpağın bərəkətindən güc alıb, dağların təmiz havasında yenilənib, axar sularında mənən təmizlənib saflaşıblar.

Ümumiyyətlə, İbrahimhacılı camaatı istedadlı, yaradıcı, xoşsözlü, mərd, qutüzlü bir toplumdur. Qədim inancları - şamançılıqdan, Göy Tanrıçılıqdan gələn enerji, təbiətə,  göy üzünə inam, damarlarında coşan, döyüşkən qıpçaq qanı onları daim pozitiv və diri saxlayır.

Bu kitabı oxuduqca, İbrahimhacılını, sanki küçə-küçə, ev-ev gəzdim, sakinləri ilə görüşdüm, ocaqlarında isindim,  onlarla bir daha doğmalaşdım.

Bu kənddə saz duymayan, söz anlamayan, Dədə-Qorqud, Koroğlu dünyasından uzaq adama rast gəlməzsən. İbrahimhacılının bütün ziyalıları aşıq sənətini, sazı-sözü, ədəbiyyatı yüksək səviyyədə bilən, özləri də gözəl şeirlər yazmağı bacaran ozan ruhlu insanlardır.

İbrahimhacılıların ən çox sevdiyim özəlliklərindən biri də onların elmə, təhsilə olan münasibətidir. Bu türk obası  elmə, intellektə böyük dəyər verir, kəndin, rayonun, ümumən ölkəmizin gələcəyi üçün savadlı, ziyalı övladlar yetişdirir.

İbrahimhacılı camaatının canında, həm də bir baməzəlik var. Söz qoşmağı, əhvalat bəzəməyi də sevirlər. Kitabda kəndin dildən-dilə düşən məşhur əhvalatlarına, gülməli, məzəli söhbətlərinə də xüsusi yer ayrılıb.

Söz yox ki, tanınmış həkim, ziyalı Fərman Həsənovun bu etnoqrafik toplusu doğma İbrahimhacılı kəndinin çox dəyərli tarixi-mənəvi abidəsidir. Harada yaşamasından asılı olmayaraq, doğma el-obasını daim qəlbində gəzdirən əziz dostum Fərman doktoru bu  kitabının nəşr olunması münasibətilə ürəkdən təbrik edir, "mübarək olsun!"  deyirəm. Əzizim, qardaşım, Fərman, sənə müqəddəs həkimlik fəaliyyətində və yaradıcılıq işlərində yeni uğurlar arzulayıram! Heç vaxt sözün dəyərdən, qələmin kəsərdən düşməsin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!